XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Türk birliyinin əhəmiyyəti və zərurəti günbəgün artmaqdadı

Türk birliyinin əhəmiyyəti və zərurəti günbəgün artmaqdadı

Türk birliyinin əhəmiyyəti və zərurəti günbəgün artmaqdadı
4-09-2020, 17:55

Pandemiya ilə bağlı dünya miqyasında siyasi mübarizənin və hərbi qarşıdurmaların səngiməsinin gözlənildiyi bir vaxtda dövlətlərarası münasibətlərdə siyasi gərginliyin artması dövlətimizi yeni vəziyyətə uyğun daha çevik siyasət aparmağa vadar edir. Ermənistanın təcavüzü nəticəsində son 30 il ərzində hərbi-siyasi gərginliyin episentrində yer alan Azərbaycan ölkə vətəndaşlarının həyatının xilas olunması üçün çalışdığı bir zamanda Ermənistanın sərhəd zolağında törətdiyi növbəti təxribat bu siyasətin daha kəskin və daha təsirli aparılmasını şərtləndirir. Təsadüfi deyil ki, 12-16 iyul erməni təxribatından dərhal sonra düşmən ölkəyə silah satışı həyata keçirmiş Serbiya və Rusiyadan izahat tələb olunması, hətta Rusiyanın verdiyi izahın qəbul olunmaması Azərbaycan xarici siyasətinin müdafiə mövqeyindən hücum mövqeyinə kökləndiyini göstərir.

Bu günlərdə xarici ölkə səfirlərinin etimadnamələrinin ölkə başçısına təqdim edilməsi ilə bağlı baş tutmuş qəbulda Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər də Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin başlanğıcından xəbər verir. Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi üçün keçirilən görüşdə Prezident Azərbaycan-Yunanıstan münasibətlərinin son illərdə arzu olunmayan istiqamətdə inkişafını vurğulayaraq Yunanıstan hökümətinin Azərbaycanın əməkdaşlıq təkliflərinə qeyri-adekvat münasibətini tənqid etdi və bunun beynəlxalq ticarət qanunları ilə yanaşı həm də beynəlxalq əməkdaşlıq ruhuna zidd olduğunu bildirdi. Bununla yanaşı, Yunanıstan-Kipr-Ermənistan formatında hərbi-siyasi əməkdaşlığın ölkəmizin maraqlarına birbaşa zidd olduğunu qeyd edən ölkə başçısı heç gözlənilmədən Azərbaycan-Türkiyə münasibətlərinin şərhinə də xüsusi yer ayırdı. Son aylarda Yunanıstanın bir sıra Avropa dövlətləri ilə birləşərək Türkiyəyə qarşı sıxışdırıcı siyasət aparmasını sərt tənqid edən prezident bu təzyiqlərə qarşı Türkiyə tərəfindən atılan bütün addımların Azərbaycan tərəfindən birmənalı olaraq dəstəkləndiyini bəyan etdi. Azərbaycan-Türkiyə münasibətlərini dogma qardaş münasibətləri kimi xarakterizə edən ölkə başçısı Şərqi Ağdəniz akvatoriyasında Türkiyənin iqtisadi fəaliyyətinin onun doğal haqqı olduğunu bildirdi və Türkiyənin hüquqlarının və milli maraqlarının müdafiəsi üçün dövlətimizin daim onun yanında olacağını bir daha rəsmən bəyan etdi. Əlbəttə, prezidentin çıxışında biz türklər üçün yeni bir anlayış və ya yeni bir yanaşma yoxdur, çünki iki qardaş ölkə arasında münasibətlər Heydər Əliyev tərəfindən irəli sürülmüş “Bir millət, iki dövlət” prinsiplərinə əsaslanır. Lakin bu bəyanatların məhz Yunanıstan səfiri ilə ictimaiyyətə və mediaya açıq bir görüşdə səsləndirilməsi öz-özlüyündə bölgəmizdə yaranmış mövcud durumla bağlı dövlətimizin mövqeyi haqqında bir sıra vacib mesajlar daşıyır və ona görə də siyasi-diplomatik baxımdan çox mühüm əhəmiyyətə malikdir.

Əslində bu bəyanatların sadəcə Yunanıstan hökümətinə deyil, Türkiyəni beynəlxalq və regional siyasət səhnəsində təkləməyə cəhd göstərən bütün Avropa dövlətlərinə və Yunanıstanın üzv olduğu bütün beynəlxalq təşkilat və qurumlara ünvanlandığını siyasətçilər yaxşı başa düşür. Bu bütün hallarda Azərbaycan-Türkiyə qardaşlığının digər maraqlara güzəştə gedilməyəcəyi haqqında Azərbaycan dövlətinin siyasi doktrinal mövqeyinin qətiyyətli ifadəsidir və prezident İlham Əliyev tərəfindən dünya birliyinə ünvanlanmış birinci mesajdır. Bu mesaj Türkiyənin suveren hüquqlarının dünya birliyi tərəfindən müdafiə olunması zərurətini vurğulamaqla yanaşı həm də Azərbaycanın hər zaman Türkiyə milli maraqlarının keşiyində yer alacağını ifadə edir.

İkinci mesaj isə bilavasitə işğal olunmuş torpaqlarımızın azad olunması perspektivləri ilə bağlıdır.

12-16 iyul hadisələrindən dərhal sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin başlanması, Türkiyə dövlətinin yüksək səviyyəli siyasi-hərbi rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana gəlişi və Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin istənilən addımı atmağa hazır olduğunun bəyan edilməsi də bu gün Azərbaycan xarici siyasətinə güc verən, onun daha kəsərli olmasını təmin edən amillərdəndir. Təkcə bölgəmizdə deyil, ümumiyyətlə dünyada baş verən hadisələrin fonunda türk birliyinin əhəmiyyəti və zərurəti günbəgün artmaqdadır. Burada da bəyanatın bizə çoxdan məlum və aydın olan məzmunu yox, daha çox bu bəyanatın Türkiyə dövləti adından harada, hansı kanallarla və hansı formada səsləndirilməsi xüsusilə diqqəti cəlb edir.

Beləliklə, hər iki ölkənin milli maraqlarının həyati vacib məqamları ilə bağlı həm Türkiyə və həm də Azərbaycan tərəfindən səsləndirilmiş sonuncu Bəyanatlara türk dövləti quruculuğunun tarixi xüsusiyyətləri kontekstində baxdıqda görünən odur ki, iki qardaş dövlət arasında hərbi dəstəyi də özündə ehtiva edən hərtərəfli qarşılıqlı dəstək iradəsi bu gün deklarativ müstəvidən praktik fəaliyyət müstəvisinə keçid ərəfəsindədir. Məhz bu səbəbdən Türkiyə rəsmiləri tərəfindən Qarabağın azad olunması ilə bağlı səsləndirilən hər bir bəyanatın Ermənistanda və onun havadarlarında narahatçılıq yaratdığı da diqqətdən yayınmır.

Müharibə şəraitində keçən son 30 ilin təcrübəsi də onu göstərir ki, torpaqlarımızın işğalına nə BMT, nə ATƏT, nə də ayrı-ayrı dövlətlər son qoymaq arzusunda və iqtidarındadır. Buradan gəlinən son nəticə isə odur ki, işğal olunmuş bütün torpaqlarımız Azərbaycan və Türkiyə arasındakı möhtəşəm türk birliyinin ortaq siyasi iradəsi əsasında ortaq türk ordusu tərəfindən azad olunacaqdır.

Türkiyə rəhbərliyinin Bəyanatları və Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni səfiri ilə görüşdə səsləndirdiyi fikirlər də məhz bu vacib mesajın dünya birliyinə bəyan edilməsi idi.

Cavanşir Feyziyev,
Millət vəkili, fəlsəfə doktoru
3 sentyabr 2020

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.