XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Qanun ədaləti təmin etmədikdə görüntü - imitasiya təsirini bağışlayır

Qanun ədaləti təmin etmədikdə görüntü - imitasiya təsirini bağışlayır

Qanun ədaləti təmin etmədikdə görüntü - imitasiya təsirini bağışlayır
4-09-2020, 17:36

Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı və verdiyi bəyanatlar tərəddüdsüz siyasi iradənin və seçimin nümayişi idi. Yalnız Yunanıstana deyil, bütövlükdə dünya birliyinə, o cümlədən Avropa və MDB məkanına göndərilən siyasi ismarıc bundan ibarət oldu:

"Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Ölkəmizin son 29 il ərzində keçdiyi yol-müasir müstəqillik tariximiz əyani şəkildə onu sübut edir ki, beynəlxalq hüquq normaları geosiyasi maraqlarla üz-üzə qaldıqda,bəzən təsirsiz hala düşür və imperativlik gücünü itirir. Ən mötəbər instansiya kimi dünya birliyinin tanıyıb qəbul etdiyi BMT-nin qətnamələri belə, bu cür “üzləşmələr” nəticəsində qeyri-işlək vəziyyətə düşür. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri 27 il ərzində icra edilmədiyindən, təəssüf ki, onların da imperativ mahiyyətinə Ermənistanın kölgə salmaq cəhdləri artır, işğalçı daha da şirniklənir. BMT bu qətnamələrinin dərhal icra olunmasını tələb etdiyi halda, Ermənistanın sayğısızlığı ucbatından reallıqda bu, baş vermir. Səbəblərindən biri isə odur ki, beynəlxalq səviyyəli məcburi icra mexanizmi ya yoxdur, ya da mövcud imkanlar hər zaman yetərli olmur. Təəssüf ki, ”veto” tipli hüquqi prosedurlar da bu cür mexanizmlərin formalaşdırılmasında pozitiv rol oynamır. Münaqişələrə, onların həllinə və çözülmə prinsiplərinə münasibətdə dünya birliyinin sərgilədiyi fəallığın səviyyəsində də, əfsuslar olsun ki, bəzən fərqli mənzərələr müşahidə olunur...

Torpaqlarımızın 20%-i az qala 30 ilə yaxındır ki, işğal altındadır. ATƏT-in Minsk qrupunun üç həmsədri-ABŞ,Fransa və Rusiya kimi nüfuzlu dünya dövlətləri işğalçı Ermənistanı beynəlxalq hüquqa əməl etməyə sövq edə bilmədikcə, vəzifələrini yalnız münaqişə tərəflərinin görüşünün təşkilində gördükcə, öz siyasi reputasiya və səylərinə olan inamı haqlı sual və iradlarla üz-üzə qoymuş olurlar. Cinayət-hərbi işğal faktı qeydə alındığı, cinayətkarın ünvanı beynəlxalq sənədlərdə dəqiq göstərilib bilindiyi halda, Ermənistan cəzalandırılmır, nəticədə ədalət bərpa olunmur. Qanun, beynəlxalq hüquq, onların imperativ tələbi və tarixi ədalət açıq-aydın ortada ikən, işğalçıya qarşı cəza tətbiqinə şahidlik edə bilmirik. Belə vəziyyətdə isə, haqqa və ədalətə, onun bərpasına sərf edilən beynəlxalq səylərə istər-istəməz kölgə düşür, baş verənlər görüntü təsirini bağışlayır. Bu, ona xidmət edir ki, görüntü sözünün beynəlxaq sinonimi də gündəmi zəbt edir. İmitasiya adlı bu sinonim Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində beynəlxalq leksikonda özünə yer alır, danışıqlar prosesi isə yalnız status-kvo vəziyyətinin davamlılığına-işğalçının maraqlarına xidmət edir, onu yeni təxribatlara həvəsləndirir. Ermənistanın hərbi doktirinasında yer alan “yeni müharibə-yeni ərazilər” çağırışı, onun siyasi-hərbi rəhbərliyinin Azərbaycan ərazilərinə-Qarabağa müntəzəm hərbi və kef-işrət məqsədli səfərləri, dırnaqarası “inaqurasiya” tədbirləri, bunun üçün məkan qismində qədim Şuşamızın seçilməsi,ermənilərin Tovuz rayonu istiqamətindəki növbəti təxribatı məhz bu cür şirniklənmənin və ya şirnikləndirilmənin nəticəsidir. Ermənistan tərəfindən Qarabağımızda aparılan qanunsuz məskunlaşdırma, Suriya və Livandan olan etnik ermənilərin bu ərazilərə köçürülməsi bir daha onu göstərir ki,təcavüzkar işğal və ilhaq siyasətindən,”dənizdən-dənizə” kimi sərsəm xülyasından əl çəkmək fikrində deyil...

Covid-19 pandemiyası rəsmən elan edildikdən sonra dünyanın nüfuzlu beyin mərkəzləri,beynəlxalq institutlar və ekspertlər belə bir proqnoz da verdilər ki, geosiyasi düzəndə əhəmiyyətli dəyişikliklər baş verə bilər. Yaxın və Uzaq Şərqdə, Latın Amerikasında, MDB məkanında, o cümlədən Cənubi Qafqazda baş verənlər bu proqnozun gözlə görünə biləcək işartılarıdır. Şübhəsiz ki, dəyişiklik heç də həmişə rəvan olmur, geosiyasi anlamda isə ağrısız-acısız ötüşmür. Onun səviyyəsini minimuma endirməyin yolu doğru və ədalətli seçimdən keçir. Ermənistan-Azərbaycan münaqişəsinin həllində üzləşdiyimiz real mənzərə, müşahidə etdiyimiz yanaşma tərzi və davranış nümunələri də bunu bir daha təsdiq edir. Pərdəarxası siyasi gediş və oyunlar isə, şübhəsiz ki, ölkə rəhbərliyinə daha yaxşı məlumdur...

Qanun ədaləti təmin edə bilmədikdə, görüntü-imitasiya təsirini bağışlayır. O, yalnız haqq və ədaləti təmin edə bilirsə, qansız-qadasız, sivil güc anlamına gəlir. Əks təqdirdə, nə qədər paradoksal səslənsə də, qanunun özünün müdafiəyə, arxasında real gücün dayanmasına ehtiyacı yaranır. Dövran və zaman, gördüklərimiz və görmək istəmədiklərimiz, təəssüf ki, bunu diqtə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Yunanıstan səfirinin etimadnaməsini qəbul edərkən Zamanın diqtəsinə belə cavab verdi:

"Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik”.

Tərəfimizdə olan beynəlxalq hüquq normalarının, qanunların tarixi ədaləti bərpa edə bilməsi üçün, bu gün onların bizim müdafiəmizə, arxasında real gücün dayanmasına ehtiyacı var. Həmin gücün düsturunu cənab Prezident öz bəyanatında aydın şəkildə açıqladı. Yeni axtarışlara,əlavə kəşflərə,mənasız vaxt itkisinə yer qalmır.

Ülvi Quliyev,

Milli Məclisin deputatı

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.