XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Bakı diplomatik dillə danışmaqdan yorulub... - GƏLİŞMƏ

Bakı diplomatik dillə danışmaqdan yorulub... - GƏLİŞMƏ

Bakı diplomatik dillə danışmaqdan yorulub... - GƏLİŞMƏ
4-09-2020, 09:42

Dövlət başçısı İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən toxunduğu məsələlər gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycan prezidenti üç vacib məsələyə xüsusi diqqət ayırıb.

İlk olaraq, İ.Əliyev qaz nəqli ilə bağlı məsələdən söz açaraq, ölkələr arasında son illərdə soyuqlaşan münasibətlərin səbəblərindən danışıb.

Ölkə başçısı deyib ki, qaz şirkəti “DESFA”nı almaq üçün yunan hökumətinin çağırışına SOCAR da qoşuldu. Açıq tender proseduru nəticəsində SOCAR “DESFA”ya sahib olmaq hüququnu qazandı. Lakin Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi edib: “Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən bu legitim hüquqdan məhrum olduq. Mən bu məsələni bir neçə dəfə Brüsseldə Avropa İttifaqının iki sabiq lideri ilə - cənab Barrozu və cənab Tuskla qaldırdım. Mən bu məsələni qaldırdım, çünki bu, 4 il davam etdi. Mən dedim ki, baxın, biz etimaddan danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan arasında Avropa İttifaqının fəal şəkildə təbliğ etdiyi yeni saziş barədə danışırıq. Biz etimadı necə gücləndirə bilərik, əgər bizim şirkətimiz tenderdə qalib gələrək Avropa İttifaqına üzv ölkənin, Yunanıstanın şirkətini satın alır, sonra Yunanıstan hökuməti addımlar atır. Bu addım sizin parlamentdə yeni qanunun qəbulu sayəsində atıldı. Bu da həmin məsələni mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni təsdiq etmədi. Mən dedim, bizə ”yox" deyin, bizə “sizi istəmirik” deyin. Lakin bizi 4 il müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq əlaməti deyil".

Dövlət başçısının toxunduğu ikinci vacib məsələ Ermənistanla Yunanıstan arasındakı hərbi əməkdaşlıq olub. Prezident deyib ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmiş, Xocalıda soyqırımı aktı törətmiş ölkədir: “Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim”.

İ.Əliyev sonuncu məsələ kimi Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdən söz açaraq, ölkəsinin mövqeyini qəti açıqlayıb: “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Göründüyü kimi, Azərbaycan tərəfindən əvvəllər diplomatik dillə, üstüörtülü şəkildə verilən mesajlar indi kifayət qədər aydın və açıq mətnlə dilə gətirilir. Bu da heç şübhəsiz ki, ölkəmizin həm də özgüvəninin artdığını göstərir. Ekspertlər burada Türkiyə ilə Azərbaycanın xarici siyasətində ciddi bir uzlaşmanın göründüyünü xüsusi olaraq vurğulayırlar.

YAP-çı deputat, politoloq Elman Nəsirov məsələləri bu cür şərh etdi: “Cənab Prezident Azərbaycan-Yunanıstan münasibətlərinə dair açıq bir söhbət etdi. Öncədən vurğuladı ki, münasibətlərimizin səviyyəsi son illər xeyli dərəcədə aşağı düşüb, demək olar ki, təmaslarımız dayanıb. Baxmayaraq ki, bir dəfə cənab Prezidentin rəsmi səfəri olub, bundan başqa Yunanıstan prezidentləri ölkəmizdə rəsmi səfərlərdə olublar. Lakin əvvəlki Tsipras hökumətinin hakimiyyətdə olduğu illərdə münasibətlərimiz xeyli gərginləşdi. Bir il bundan öncə yeni hökumət gəlib. Cənab Prezident vurğuladı ki, biz ümid edirik ki, yeni hökumətin dövründə münasibətlərimizdə olan xoşagəlməyən tendensiyalar aradan qalxsın. Təbii ki, SOCAR-la bağlı problem Azərbaycan-Yunanıstan münasibətlərində mövcud soyuqlaşmanın əsasını qoyan əsas hadisə oldu. İkinci hadisə cənab Prezidentin söylədiyi kimi, işğalçı Ermənistanla Yunanıstan, Kipr arasında hərbi əməkdaşlıq məsələləridir. Ölkə başçısı vurğuladı ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirir, eyni zamanda bizim tarixi, mədəni, dini abidələrimizi yerlə-yeksan edib. Xocalı soyqırımını həyata keçirib. Belə olan vəziyyətdə işğalçı ilə Yunanıstan və Kiprin hərbi əməkdaşlığı təbii ki, bizi narahat edir. Xüsusilə cənab Prezident qeyd etdi ki, iyul ayında Ermənistan hərbi təxribata da əl atdı. Eyni zamanda bugünlərdə terror aktı həyata keçirmək üçün cəhdlər etdi. Erməni kəşfiyyatçısı, zabiti əsgərlərimiz tərəfindən saxlanıldı. O etiraf edib ki, Azərbaycan əsgərlərinə və mülki əhaliyə qarşı terror aktı həyata keçirmək planlarında idi. Bütün bu söylənilənlər onu göstərir ki, biz haqlı olaraq bu məsələlərdən narahatıq. Dövlət başçısı onu da qeyd etdi ki, iyulun 16-da Tovuz istiqamətində hərbi əməliyyatlar dayandırıldı. İyulun 17-dən başlayaraq, sentyabrın 1-nə qədər hərbi yüklər Ermənistana daşınıb, bu bizi çox narahat edir. Bu məsələlərlə bağlı mövqeyimizi açıq şəkildə Rusiya tərəfə çatdırdığımızı da ölkə başçısı bildirdi. Belə bir vəziyyətdə işğalçı dövlətlə hərbi sahədə əməkdaşlıq təbii ki, Bakı ilə Afina arasında münasibətlərə öz mənfi təsirini göstərməyə bilməz”.

Deputat Prezidentin toxunduğu üçüncü vacib məsələdən də söz açdı: “Cənab Prezident Şərqi Aralıq dənizi zonasında Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə də münasibət bildirdi. Ölkə başçısı birmənalı şəkildə söylədi ki, bunu hər kəs bilsin, bütün dünya bilir ki, Türkiyə bizim üçün təkcə dost və tərəfdaş ölkə deyil, Türkiyə bizim üçün qardaş dövlətdir. Bütün məsələlərdə qardaş ölkənin mövqeyini müdafiə etdiyimizi dövlət başçısı açıq vurğuladı. Bu məsələdə də Türkiyənin mövqeyini müdafiə etdiyimizi cənab Prezident diqqətə çatdırdı. Cənab Prezident bildirdi ki. Türkiyə də istənilən məsələdə bizim yanımızdadır, biz qardaş dövlətlərik, demək istəyirəm ki, siz də biləsiniz ki, burada hər şey gün kimi aydındır. Dövlət başçısı ümidvar olduğunu bildirdi ki, bir il bundan öncə Yunanıstanda hakimiyyətə gəlmiş yeni hökumət ikitərəfli münasibətlərdə qarşı tərəfdən buraxılmış səhvləri bir daha nəzərdən keçirəcək və düzgün addımlarını atacaqdır”.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.