XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » "İşğalçı Ermənistan növbəti təxribata hazırlaşır" - Çingiz Qənizadə

"İşğalçı Ermənistan növbəti təxribata hazırlaşır" - Çingiz Qənizadə

"İşğalçı Ermənistan növbəti təxribata hazırlaşır" - Çingiz Qənizadə
1-09-2020, 20:47

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri göstərir ki, təcavüzkar ölkənin hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur. Bu, açıq-aydın işğalçı ölkənin hərbi əməliyyatların yenidən bərpası, növbəti təxribat fəaliyyətinə başlaması niyyətinin göstəricisidir.

Onun Qarabağa səfəri zamanı əsasən hərbi obyektlərdə olması, oradakı vəziyyətlə maraqlanması Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişidir. Bundan başqa, Paşinyanın Tovuz rayonu istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbiçilərini mükafatlandırması, hətta onlardan birinə “Milli qəhrəman” adını təqdim etməsi İyul döyüşlərindən sonra Ermənistan ordusundakı ruh düşkünlüyünü aradan qaldırmağa hesablanıb.

Ermənistan baş nazirinin Qarabağa intensiv səfərlərini şərtləndirən amillərdən biri də onun ailə biznesini genişləndirmək istəyi ilə bağlıdır. Bu səfərlərlə, həmçinin Ermənistanın sabiq rəhbərliyinə və onların Qarabağdakı əlaltılarına təzyiqləri artırmaqla Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qanunsuz istismarından öz payını götürmək istəyir. Paşinyanın və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub.

Bu gün Ermənistanda faşizm ideologiyası dövlət siyasətinə çevrilib. Njde, Dro kimi faşistlər Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Nikol Paşinyan da öz sələflərinin siyasətini davam etdirərək faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Ermənistan hakimiyyətində təmsil olunan bir çox yüksək vəzifəli şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, bu xislətləri ilə fəxr edirlər. Paşinyanın babası da faşist olub, onun irqi amilə görə yəhudilərin kütləvi şəkildə məhv edilməsində iştirak etməsinə dair əsaslı faktlar var. Paşinyan məhz sələflərinin xəttini davam etdirərək cəbhə bölgələrində azərbaycanlı mülki əhalinin, yaşayış məntəqələrinin davamlı olaraq atəşə tutulmasında xüsusi fəallıq göstərir. İyul döyüşləri bir daha bunu sübut edir.

Hazırda narahatlıq doğuran əsas məqamlardan biri də Ermənistan tərəfindən işğal altında olan Azərbaycan ərazilərinin qeyri-qanuni məskunlaşdırılması məsələsidir. Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır. Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının “tarixi torpaqlarına” geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşıb. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası məsələsi gündəmdədir. Dağlıq Qarabağda köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə və tarixin saxtalaşdırılması kontekstində aparılır. Ümumiyyətlə, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi erməni əhalisinin heç vaxt yaşamadığı ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi Livandan işğal olunmuş bölgələrə süni köçlər vasitəsilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır. ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Təəssüf ki, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlı yenə də susqunluq nümayiş etdirirlər. Halbuki onlar bu məsələnin ciddiliyini nəzərə alaraq dərhal reaksiya verməli idilər.


Çingiz Qənizadə,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.