SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Vaxtilə Heydər Əliyev Eldar Həsənov haqda BUNLARI DEMİŞDİ: - “Xəyanətdən başqa bir söz deyə bilmərəm...”

Vaxtilə Heydər Əliyev Eldar Həsənov haqda BUNLARI DEMİŞDİ: - “Xəyanətdən başqa bir söz deyə bilmərəm...”

Tarix:

14-08-2020, 10:02

/ 894 dəfə oxundu.
Vaxtilə Heydər Əliyev Eldar Həsənov haqda BUNLARI DEMİŞDİ: - “Xəyanətdən başqa bir söz deyə bilmərəm...”

Eldar Həsənovun DTX tərəfindən həbs olunması onun siyasi keçmişi ilə bağlı məsələləri yenidən gündəmə gətirib.

“Yeni Sabah” bildirir ki, uzun müddət Azərbaycanda yüksək vəzifələrdə olan Həsənov siyasi iddiaları böyük olan şəxs kimi tanınıb. O, 22 mart 1995-ci ildən 21 aprel 2000-ci ilə kimi Azərbaycanın baş prokuroru olub. Onun bu vəzifədən getməsi də həmin vaxt böyük qalmaqallarla müşahidə olunmuşdu.

E. Həsənov vəzifədən azad olunduqdan sonra o ölkə prezidenti Heydər Əliyev 26 aprel 2000-ci ildə prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüş keçirmiş, bu sistemdə olan problemləri sadalamış və E. Həsənovu sərt təbnqid etmişdi.

“Yeni Sabah” həmin tarixi görüşdə Heydər Əliyevin etdiyi çıxışı təqdim edir. Nitq “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” çoxcildliyində dərc olunub. Çıxış kifayət qədər böyük olsa da, bu günlə səsləşdiyi onun tam versiyasını təqdim edirik.

***

Hörmətli toplantı iştirakçıları! Bilirsiniz ki, respublika prokurorluğunun rəhbərliyində dəyişiklik edilibdir. Eldar Həsənov baş prokuror vəzifəsindən azad olunub, İsa Nəcəfov baş prokurorun birinci müavini vəzifəsindən, Xanlar Vəliyev baş prokurorun müavini vəzifəsindən azad edilibdir. Baş prokuror vəzifəsinə Zakir Qaralov təyin olunubdur.

Mən sizi bizim qəbul etdiyimiz bu qərarların səbəbi haqqında və Azərbaycanda prokurorluq orqanlarının gələcək vəzifələri haqqında bəzi fikirlərimi və mülahizələrimi sizə bildirmək üçün dəvət etmişəm.

Azərbaycan prokurorluğu rəhbərliyinin, demək olar ki, əksəriyyətinin birdən-birə işdən azad edilməsi qeyriadi haldır. Sual olunur: Səbəbləri nədən ibarətdir? Güman edirəm ki, siz bunun səbəblərini bilirsiniz, bəlkə də təxmini olaraq bilirsiniz. Ancaq mən də öz fikrimi demək istəyirəm.

Səbəblər ondan ibarətdir ki, Azərbaycanın prokurorluğunda, onun rəhbərliyində qeyri-normal vəziyyət yaranmışdır və prokurorluqda ümumən qeyri-sağlam bir mühit mövcuddur. Təbiidir ki, müstəqil dövlətimizin məhkəmə sisteminin mühüm bir sahəsi olan prokurorluqdakı belə bir vəziyyət bizim işlərimizə uğur gətirə bilməz. Əksinə, işlərimizə zərər gətirir və özü də çox zərərlər gətirir.

Prokurorluğun rəhbərliyində yaranmış bu qeyri-normal vəziyyət, qeyri-normal münasibətlər birinci növbədə baş prokuror Eldar Həsənovla baş prokurorun birinci müavini İsa Nəcəfov arasında olan münasibətlərdir. Ancaq bu, başqa sahələrə də öz təsirini göstəribdir.

Son iki-üç ildir Eldar Həsənov dəfələrlə məsələ qaldırıbdır ki, birinci müavin İsa Nəcəfov öz vəzifəsinin öhdəsindən gələ bilmir, işi yaxşı apara bilmir, işlə məşğul olmur, işə aid olmayan başqa müxtəlif məsələlərlə məşğul olur. Buna görə də prokurorluqda gedən bir çox işlərə rəhbərlik etmək, yaxud da onlarda iştirak etmək barədə ona tapşırıqlar verilmir, verilərkən də bunların icrasını təmin edə bilmir. Xanlar Vəliyev haqqında da hələ 1996-ci ildə təklif irəli sürmüşdü ki, o da tutduğu vəzifənin öhdəsindən gələ bilmir və azad olunmalıdır. Təbiidir, mən baş prokurora inanmışam və başqa cür də ola bilməz. Çünki Azərbaycanın prezidenti kimi mən yüksək vəzifələrə təyin etdiyim şəxslərin hamısına inanıram. Xüsusən hüquq-mühafizə orqanlarının başçılarına, güc nazirliklərinin rəhbərlərinə inanıram və etibar edirəm. Əgər belə olmasa, birincisi, mən onları təyin etmərəm, yaxud da ki, təyinetmə zamanı ola bilər səhvlər olsun, - o səhvləri aradan qaldıraram.

Buna görə də mən Eldar Həsənovun verdiyi məlumatlara, təbiidir ki, inanaraq yanaşırdım. Amma eyni zamanda, o birisi tərəfdən də əks məlumatlar gəlirdi. Doğrudur, onlar bilavasitə mənim özümə gəlmirdi. Çünki bu da mənim işimin, iş üslubumun bir xüsusiyyətidir ki, hər bir nazirlikdə, yaxud respublika miqyaslı təşkilatda təyin olunmuş birinci şəxs etimad qazandığına görə, yəni ona etimad göstərildiyinə görə, təbiidir ki, president bilavasitə onunla əlaqədə olmalıdır. Uzun illik təcrübəm onu göstəribdir ki, əgər belə olmasa, birinci şəxslə də, ikinci şəxslə də, üçüncü, dördüncü şəxslə də əlaqə saxlasam, bu, adətən rəhbərlikdə müəyyən qeyri-normal vəziyyət yaradar.

Ona görə də mən nə İsa Nəcəfovu, nə Xanlar Vəliyevi bu müddətdə bir dəfə də qəbul etməmişəm. Baxmayaraq ki, onlar da müraciət ediblər. Tapşırmışam ki, onları aparatda dinləsinlər. Aparatda onların verdiyi məlumat da, təbiidir ki, bir az başqa istiqamətdə olubdur. Bir neçə vaxtdır ki, belə vəziyyət davam edir. Mən baş prokuror Eldar Həsənova dəfələrlə göstəriş vermişəm ki, baş prokuror kimi siz çalışın, prokurorluğun işlərini özünüz tənzimləyin, bu məsələləri bizim üzərimizə qoymayın. Baş prokurora etimad göstərilib və baş prokuror da işləri ədalətli qurmalıdır. Əgər kimsə hansı bir səhvi, qüsuru göstərirsə, bunu araşdırmaq lazımdır. Əgər o səhv buraxılıbsa, düzəldilməlidir, əgər deyilən söz əsassızdırsa, ona sübut etmək lazımdır ki, bu əsassızdır, sən bu məsələni doğru qaldırmırsan, yaxud da ki, səhv edirsən.

Bax, bu prinsipə görə mən Eldar Həsənova dəfələrlə göstərişlər vermişəm ki, baş prokuror prokurorluq sistemində olan bütün məsələləri özü həll etməli, özü tənzimləməlidir. Ancaq bu da ədalət prinsipi əsasında olmalı, ədalətsizliyə yol verilməməlidir. Xüsusən prokurorluq orqanının gördüyü işlərin məna və məzmununu nəzərə alaraq, təbiidir ki, hər bir məsələ ədalətli yoxlanılmalıdır. Əgər başqa bir nazirlikdə nazirlə nazir müavini arasında hansısa münaqişə varsa, orada olan problemlər, əlbəttə ki, bu nazirliyin və ya təşkilatın işinə mane olur. Ancaq bunlar bizim ümumi işə bəlkə də zərbə vura bilmir. Amma bizim hüquq-mühafizə orqanlarında, o cümlədən xüsusən də prokurorluqda hər bir xırda və ya böyük iş, məsələ düzgün həll olunmursa, ya ədalətsizliyə, ya da qanun pozğunluğuna yol verilirsə, yaxud kimsə öz vəzifəsindən sui-istifadə edərək ümumdövlət mənafeyinə zərər gətirirsə, bunlar hər bir halda ayrıayrılıqda araşdırılmalı və son nəticəyə gəlinməlidir.

Bu araşdırma da ədalətli olarkən, təbiidir ki, o tərəf də, bu tərəf də anlaya bilər - kim düzdür, kim əyridir. Bu faktlar və bir çox siqnallar respublika prokurorluğunda işlərdə çox ciddi nöqsanların, qüsurların olduğunu artıq göstərdi. Buna görə də mən bu qərarları qəbul etməyə məcbur oldum.

Ancaq onu da qeyd etmək istəyirəm ki, 1993-cü ildən başlayaraq Azərbaycanın hüquq-mühafizə orqanları Azərbaycanda vaxtilə mövcud olan cəzasızlığın, hərc-mərcliyin, qanunsuzluğun qarşısını almaq üçün çox işlər görmüşlər. Azərbaycanda 1992-ci ildə yaranmış ağır, gərgin vəziyyətdən çıxmaq üçün, vətəndaş müharibəsinin qarşısını almaq üçün, qanunsuz silahlı dəstələrin aşkar edilib ləğv olunması üçün, çox qatı, təhlükəli cinayətlər törətmiş insanların, qrupların aşkara çıxarılması, onların yaxalanması və cinayətlərini sübut etməkdən ötrü istintaqların aparılması üçün və son olaraq bu adamların məhkəmə tərəfindən ədalətli cəza almaları üçün hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan prokurorluğu çox iş görmüşlər. 1994-cü ildə, 1995-ci ildə Azərbaycanda dövlət çevrilişinə cəhdlər olmuşdur. Buna cəhd edən insanlar Azərbaycanı dağıtmaq, Azərbaycanda konstitusion hakimiyyəti ələ keçirmək məqsədi daşıyırdılar. Biz onların qarşısını aldıq. Təbiidir ki, mən bunda hüquqmühafizə orqanlarının xidmətlərini də qiymətləndirirəm və keçmişdə də qiymətləndirmişəm.

Sonra başqa təhlükəli cinayətlər, bəzi terror aktlarına cəhdlər olubdur, bu xarakterli başqa cəhdlər olubdur. Bunların da qarşısı alınıbdır. Dövlət çevrilişi cəhdləri göstərənlərin və yaxud Azərbaycanda böyük cinayət əməlləri etmiş insanların və qrupların bir qismi qaçıb, gizlənibdir, uzun müddət müxtəlif ölkələrdə yaşayıbdır. Onların axtarılması, tapılması, aşkar edilməsi və Azərbaycana gətirilməsi sahəsində, sonra isə cinayət əməllərinin araşdırılması və məhkəməyə verilib cəzalandırılması sahəsində də hüquq-mühafizə orqanları, o cümlədən xüsusən prokurorluq orqanları, Azərbaycanın prokurorluğu çox işlər görmüşlər.

Bunları və prokurorluğun başqa nailiyyətlərini mən yüksək qiymətləndirmişəm. Bilirsiniz ki, prokurorluğun yubileyi mərasimində mən öz nitqimdə Azərbaycan prokurorluğunun işinə yüksək qiymət vermişəm, təşəkkür etmişəm. Demişəm ki, mən sizə güvənirəm, etibar edirəm. Bu sözlər adi sözlər deyildir. Bunları mən bir tərəfdən, təbiidir ki, sizin xidmətlərinizi nəzərə alaraq demişəm.

İkinci tərəfdən də bu sözləri deyərək mən sizing məsuliyyətinizi artırmaq məqsədi daşımışam ki, siz həmin yüksək mənalı sözlərin səviyyəsində olasınız, sizə verilmiş yüksək qiymətin səviyyəsində olasınız. Demək, prokurorluğun fəaliyyətinin bax, bu müsbət tərəfləri var və mən bunu bu gün də inkar etmirəm.

Ancaq bununla bərabər, bununla yanaşı çox ciddi nöqsanlar, qüsurlar, ayrı-ayrı prokurorluq işçilərinin vəzifədən sui-istifadə etməsi, qanun pozuntularına yol verilməsi, cinayətkarların cinayətkar olduğunu araşdırmaq üçün istintaq zamanı ədalətsiz hərəkətlər, - bunlar da şəxsi məqsədlər naminə olubdur, - belə hallar da çoxdur.

Mən baş prokuror Eldar Həsənova prokurorluğun işində bu cür qüsurların, bu cür nöqsanların olmasını dəfələrlə demişəm. Tələb etmişəm ki, mənim bu sözlərimdən nəticə çıxarılsın və prokurorluğun rəhbərliyi daha da çox işlə məşğul olsun, dedi-qodu ilə, şəxsi münasibətlərin toqquşması ilə, intriqalarla və başqa şeylərlə məşğul olmasın. Bir də deyirəm, belə vəziyyət təkcə bu gün deyildir. Siz bilirsiniz ki, neçə vaxtdır belə vəziyyət davam edir.

Onda soruşulur: bəs nə üçün vaxtında ölçü götürülməyibdir? Ölçü götürmək çətin deyil, görürsünüz, ölçü götürüldü. Ancaq əgər vaxtında belə ciddi qərar qəbul olunmayıbsa, bu da yenə prokurorluğa göstərilən qayğının təzahürüdür. Mənim tərəfimdən qayğıdır ki, siz özünüz öz problemlərinizi içinizdə həll edin. Ancaq dövlətçilik prinsipləri əsasında, qanunçuluq prinsipləri əsasında, ədalət əsasında. Əgər bir prokurorluq işçisi qanunu pozursa, yaxud cinayət edirsə və ya o tərəf, ya bu tərəf bunun üstünü basdırırsa, onlar da bu cinayətə qoşulurlar. Amma indi belə çıxır ki, bir qism işçilər, əksəriyyəti baş prokurorun himayəsi altında olub və onların bəzi nöqsanlarına, hətta cinayət xarakterli hərəkətlərinə qiymət verilməyib və lazımi tədbirlər görülməyibdir. Bir qismi də birinci müavinin, yaxud da o biri müavinin himayəsi altında olubdur. O tərəfdən də ədalətsizlik olub, bu tərəfdən də. Yenə də deyirəm, bu məsələləri səbrlə müşahidə etməyimin məqsədi ondan ibarət olubdur ki, yüksək vəzifə tutan adamlar, yüksək rütbə daşıyanlar anlasınlar ki, bu gün Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, sağlam mühit, sağlam əhval-ruhiyyə şəraitində dövlətin mühüm orqanı olan prokurorluqda belə vəziyyətə dözmək olmaz.

Buna da birinci növbədə sizin özünüz dözməməli idiniz. Ancaq mən artıq gördüm ki, heç bir nəticə çıxmır və bu qərarları qəbul etdim. Bu qərarları qəbul etməkdən qabaq mən, təbiidir ki, hər iki tərəfi çox diqqətlə dinlədim. Mən buna beş saat vaxt sərf etdim. Beş saat! Eldar Həsənovu dinlədim ki, o, öz iradlarını bildirsin. İsa Nəcəfovu dinlədim, yəni hamısını birlikdə. Orada bir neçə başqa şəxslər də iştirak edirdilər - hüquq-mühafizə orqanlarının başçıları Usubov, Namiq Abbasov, aparatın başçısı Ramiz Mehdiyev, aparatın işçisi Fuad Ələsgərov – bunlar da iştirak edirdilər (yerdə n – Baş nazir).

Bəli, Baş nazir də iştirak edirdi. Yəni bunların iştirakı ilə dinlədim. Doğrudur, bunların iştirakı, sadəcə, belə xarakter daşıyırdı ki, bu mənzərəni görsünlər, tək mən yox. Ancaq təbiidir ki, mən müzakirə aparmırdım, sadəcə, o tərəfi də, bu tərəfi də dinləyib son nəticəyə gəlmək istəyirdim ki, bu nəticə düzgün, ədalətli olsun.

Ona görə də təbiidir ki, mən birinci olaraq baş prokuror Eldar Həsənovu dinlədim. O dedi ki, İsa Nəcəfov onun əleyhinə iş aparır. 1995- ci ildən başlayaraq Rəsul Quliyev ona göstəriş verib ki, sən tezliklə baş prokuror olacaqsan. O vaxtdan baş prokurorun əleyhinə iş aparır və məqsədi də ondan ibarətdir ki, baş prokuror olsun. Ümumi sözlər dedi - yəni işə laqeyd yanaşır, verilən tapşırıqları yerinə yetirmir, baş prokurorla hesablaşmır və sair və sair. İsa Nəcəfovu dinlədik. İsa Nəcəfov isə prokurorluqda ayrı-ayrı işlərə aid ciddi faktlar irəli sürdü. Yəni çoxlu qanun pozuntuları, ədalətsiz qərarlar, cinayətkarlara havadarlıq edilməsi, bəzən isə ədalətsiz qərarlar qəbul olunması haqqında çoxsaylı faktlar irəli sürdü.

Xanlar Vəliyev də, - bəlkə sayca o qədər də yox, - bir neçə çox ciddi faktlar irəli sürdü. Mən Nazim Allahverdiyevi də dinlədim. Doğrudur, o, nə o tərəfdən, nə də bu tərəfdən heç bir fakt haqqında bir şey demədi. Ancaq onun fikri bundan ibarət oldu ki, prokurorluqda çox qeyri-normal vəziyyət yaranıb, ona görə bu vəziyyət dəyişilməlidir.

Bunun üçün də, təbiidir ki, həm Eldar Həsənov məsuliyyət daşıyır, həm də İsa Nəcəfov məsuliyyət daşıyır. Hərbi prokuroru dinlədim. O da bir neçə konkret faktlar irəli sürdü ki, bunlar da baş prokurorun fəaliyyətindəki ciddi nöqsanlara dəlalət edir. Bütün bunların nəticəsində mən sizə məlum olan qərarı qəbul etdim. Hesab edirəm ki, düzgün etmişəm, ədalətli qərardır. Hesab edirəm ki, bu qərar təkcə işdən azad olunanlar üçün yox, bütün prokurorluq sisteminin işçiləri üçün - həm yüksək vəzifəli, həm də adi işçilər üçün - xəbərdarlıq olmalıdır, hərə özü üçün nəticə çıxarmalıdır.

Eyni zamanda bu qərar Azərbaycanın hüquq-mühafizə orqanlarının hamısı üçün bir xəbərdarlıq qərarı kimi olmalıdır. Mən indi deyə bilmərəm ki, Daxili İşlər Nazirliyində, yaxud Milli Təhlükəsizlik Nazirliyində, ya da bizim məhkəmə sistemlərində rəhbərlikdə belə qeyri-normal vəziyyət var. Bu, mənə məlum deyil, belə deyildir. Ancaq bu nöqsanlar, bu çatışmazlıqlar bu və ya başqa şəkildə, yaxud da başqa həcmdə bizim bütün hüquqmühafizə orqanlarında var. Ona görə də hər bir kəs, xüsusən hüquq-mühafizə orqanlarının başçıları, rəhbərlikdə olan şəxslər özləri üçün nəticə çıxarmalıdırlar. Hərə bu qərardan nəticə çıxararaq özü öz sahəsinə bir də diqqətlə yanaşmalıdır.

Diqqətlə yanaşmağın məqsədi də ondan ibarət olmalıdır ki, bizim hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür. Mən burada prokurorluq orqanının konkret işlərini təhlil etmək istəmirəm.

Mən dünən baş prokuror təyin etmişəm və ona tapşırıram ki, aşkara çıxmış və aşkara çıxmamış bütün məsələlərin hamısını yoxlasın, araşdırsın, lazımi tədbirlər görsün və mənə də məruzə etsin. Kimə aid olub-olmamağından asılı deyil. Bu, Eldar Həsənovun səhvidir, yaxud İsa Nəcəfovun, Xanlar Vəliyevin, yaxud indi işləyən adamların günahıdır, - fərqi yoxdur. Azərbaycan prokurorluğunda ciddi təmizləmə işi getməlidir. Azərbaycan prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir.

Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir. Keçmiş zamanlarda, sovet hakimiyyəti vaxtı biz sağlam mənəviyyat haqqında danışırdıq və bunu təmin etmək üçün çox işlər görürdük. Amma o vaxt bunu təmin etmək üçün qanuni əsaslar yox idi. Burada ancaq partiya prinsipləri, partiya ideologiyası var idi. İndi isə qanun, Azərbaycanın Konstitusiyası, müvafiq qanunları vardır. Bu qanunlar hər şeydən üstün olmalıdır. Heç kəs öz şəxsi məqsədinə, mənafeyinə, yaxud dostunun, qardaşının, qohumunun xahişinə, mənafeyinə görə qanunu poza bilməz.

Amma təəssüf ki, bunlar prokurorluqda, o cümlədən baş prokuror Eldar Həsənovun fəaliyyətində var. Mən onları beş saat dinlədiyim zaman bunların çoxunu müşahidə etdim. Prokurorluğun rəhbərliyində yaranmış bu qeyri-normal vəziyyətin ən eybəcər cəhəti də ondan ibarətdir ki, prokurorluğun rəhbərliyi Eldar Həsənov, İsa Nəcəfov, mən dəfələrlə dediyim kimi, aralarında olan münasibətləri prinsipial nöqteyi-nəzərdən araşdırmaq, kimin hansı səhvi varsa, onu sübut etmək və aradan qaldırmaq üçün lazımi tədbirlər görmək əvəzinə, bir-biri ilə respublikada olan qəzetlər vasitəsilə mübarizəyə keçmişlər.

Bilirsiniz, bu, son illər Azərbaycanın dövlət işində olan bəzi şəxslər tərəfindən istifadə edilən bir üsuldur. Amma bu üsul da o insanları fəlakətə gətirir, uğurlara gətirmir. Xatirinizdədir, mən Azərbaycanın maliyyə naziri Fikrət Yusifovu işdən kənarlaşdırdım və geniş bir müzakirə keçirdim. Orada hüquq-mühafizə orqanları rəhbərlərinin hamısı iştirak edirdi. Onun səhvləri, günahları çox idi. Amma mən yenə də qayğı göstərərək onu tərbiyə etmək istəyirdim, səhvlərini islah etməyə çalışırdım ki, gəncdir, işləsin. Lakin görünür ki, bizim bəzi yüksək vəzifəli şəxslərimiz vəzifə alandan, bu vəzifənin dadını bir az görəndən, bu vəzifəyə görə özünü bir balaca yüksək səviyyədə görəndən sonra onlarda başgicəllənmə xəstəliyi əmələ gəlir, bu çox kobud söz olsa da, mən bunu deyəcəyəm, - qudurma əmələ gəlir.

Bu söz rus dilində daha incədir, ona «zaznaystvo» deyirlər, amma mən Azərbaycan dilində bu sözün «qudurma»dan savayı əvəzini tapa bilmirəm. İnsanlar qudururlar. O dərəcədə qudururlar ki, onlar artıq hesab edirlər ki, qanunu da poza bilərlər, müxtəlif çirkin üsullardan da istifadə edə bilərlər. Həmin maliyyə naziri Fikrət Yusifov gəlib belə bir vəziyyətə düşdü. O, «Femida» qəzetinin iki nömrəsində bizim Müdafiə Nazirliyinin işinə dair böyük-böyük məqalələr dərc etdirdi. Sən maliyyə nazirisən, Müdafiə Nazirliyinin işində hansı nöqsanlar varsa, sən rəsmi qaydada prezidentə yaz, gəlib de, amma bunu küçədə, ayrı-ayrı otaqlarda danışma. Əsasın varsa, yaz gətir, sübut elə. Dövlətin prinsipi bundan ibarətdir. Dövlət işində işləyən adamın prinsipi bundan ibarətdir. Mən qəzetlər haqqında bir şey demək istəmirəm. Ancaq «Femida» qəzeti bu sahədə çox fərqlənən bir qəzetdir. Çoxları da deyirlər ki, bu qəzet prokurorluğun, xüsusən baş prokuror Eldar Həsənovun himayəsi altındadır. Fikrət Yusifov işdən çıxdı, demək, bundan nəticə çıxarmaq lazım idi. Amma Eldar Həsənovla İsa Nəcəfov qəzetlər vasitəsilə mübarizə aparırdılar.

Bir qrup qəzet – yəqin ki, İsa Nəcəfovun təsiri altında, yaxud nə cür, - Eldar Həsənovu ifşaedici məqalələr yazır. O birisi qrup qəzet – sayca bundan bir neçə dəfə çox qəzet – İsa Nəcəfovu ifşaedici məqalələr yazır, amma bununla bərabər, burada Eldar Həsənovu tərifləmək, onun fəaliyyətinə yüksək qiymət vermək və onun müsbət cəhətləri haqqında məqalələr yazır. İndi o tərəf də, bu tərəf də bundan nəyə nail olmaq istəyir? Buna nail oldular- ikisi də yüksək vəzifələrdən getdilər.

Bu qədər yüksək vəzifədə olan şəxslər aralarındakı mübahisəni, münaqişəni gəlib qanun çərçivəsində, dövlət orqanlarında həll etmək lazım olduğunu anlamırlar, bunun əvəzinə qəzetlərə çıxırlar və özləriözlərini biabır edirlər. Oxuyanların əksəriyyəti bunu belə qiymətləndirir. Əgər məqalələr Eldar Həsənovun əleyhinədirsə, deyirlər ki, bunu İsa Nəcəfov təşkil edib. Əgər İsa Nəcəfovun əleyhinədirsə və Eldar Həsənovun tərifinə böyükböyük məqalələr yazırlarsa, təbiidir, deyirlər ki, bunu Eldar Həsənov təşkil edibdir. Bunlar adi bir insana yaramayan şeydir. Bizdə indi mətbuat azadlığıdır, qəzetlər tamamilə sərbəstdir. Ancaq təəssüf ki, bəzi müxbirlər də bundan çox sui-istifadə edirlər, qəzetlər yalan, uydurma, böhtan xarakterli məqalələr dərc edirlər. Qəzetlərin bu əhval-ruhiyyəsini görən dövlət adamları anlamalıdırlar ki, bu üsuldan istifadə etmək onlara xeyir gətirməz.

Mən bu barədə fikirlərimi deyərək, təkcə hüquq-mühafizə orqanlarına, prokurorluğa yox, Azərbaycanın bütün dövlət, hökumət orqanlarına – aşağıdan yuxarıya qədər – bir daha xəbərdarlıq edirəm: kim gələcəkdə bu yolla gedəcəksə, onlar Fikrət Yusifovun, Eldar Həsənovun, İsa Nəcəfovun gününə düşəcəklər. Bunu bilsinlər! Bizim də səbrimizin həddi var. Bu, o tərəfə keçəndən sonra artıq mümkün deyildir. Çox səbrlilik də ondan ibarətdir, ona görədir ki, biz insanlara qayğı göstəririk. Biz insanları tərbiyələndirmək istəyrik. Biz insanları mənəviyyatca təmizləmək istəyirik. Ancaq bəziləri yüksək vəzifə alandan sonra – mən bunu da xüsusi qeyd edirəm – bu vəzifədən bir müddət sui-istifadə etməyə, ondan sonra daha da başqa hərəkətlər etməyə başlayır. Bunların da sonu bu olur.

Mən bildirdim ki, İsa Nəcəfov və Xanlar Vəliyev çox konkret faktlar gətirdilər. Ancaq Eldar Həsənov isə İsa Nəcəfovun və Xanlar Vəliyevin haqqında konkret bir fakt yox, sadəcə, İsa Nəcəfovun onun yerini tutmaq üçün apardığı intriqalar barədə danışdı. Axırda, nəhayət, Eldar Həsənov anladı ki, birinci məsuliyyəti o daşıyır. O, məndən bir daha söz istədi, dedi ki, bəli, bilirəm, baş prokuror kimi bütün məsuliyyəti mən daşıyıram. Ona görə də nə cəza varsa, mənə verin, xahiş edirəm, nə İsa Nəcəfova, nə də Xanlar Vəliyevə heç bir cəza verməyin, cəzanı mən çəkməliyəm. Bilmirəm, bu sözlər nə qədər səmimi idi. Amma bu sözlər həqiqətən səmimi idisə, bu sözləri əvvəlcədən deyib, işi heç bu dərəcəyə gətirmək lazım deyildi.

Müavinlərlə münasibətləri araşdırmaq lazım idi, hərə də öz yerində oturmalı idi. Təbiidir ki, mən onun İsa Nəcəfov və Xanlar Vəliyev haqqında xahişini yerinə yetirə bilmədim və onları da vəzifədən azad etdim. Başqa cür ola bilməz. Onların üçü də məhz bu səbəblərə görə tutduqları vəzifədən azad olundular. Burada Eldar Həsənovun ünvanına bir çox konkret faktlar deyildi. Mən yenə də deyirəm, bunların nə qədər düz olduğunu, nə qədər düz olmadığını siz araşdırmalısınız.

Mən istəmirəm bu işlərə müdaxilə edəm. Amma bir fakt mənə məlumdur. Ona görə də mən bu barədə öz fikrimi deyə bilərəm. O da ondan ibarətdir ki, 1996-cı ildə mənə gəlib dedilər ki, bir şikayətçi var, neçə gündür burada o qədər şikayət edir, ağlayır, ancaq sizə öz sözünü demək istəyir. Mən onu qəbul etdim. Onu dinləyəndə mən həqiqətən çox həyəcanlandım, dəhşətə gəldim ki, əcəba, düzmü deyir, belədirmi?

Amma onun danışığından hiss etdim ki, o aldatmır, dediklərində əsas var. Həmin adam şikayət edirdi ki, gərək ki, onun oğlunu günahsız yerə həbs ediblər və öldürüblər. Soyuducular zavodunda «Çinar» şirkəti var. Bilirsiniz ki, bir neçə dəfə həmin zavodun rəhbərlərinə gah suiqəsd olunmuşdu, gah xəsarət yetirilmişdi, gah da kimisə öldürmüşdülər. Son dəfə soyuducular zavodunun direktoru vəzifəsini icra edən...

Fuad Ələsgərov (Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri): Onun adı Nicat Süleymanzadədir.

Heydər Əliyev: Nicat Süleymanzadəni yaralamışdılar. Guya günahkarları tapıblar və onlardan biri də orada həmkarlar təşkilatının sədri Camal Əliyevdir. Süleymanzadəni yaralamışdılar, guya həmin işi bu təşkil edibdir. Onu həbs ediblər, 17-ci polis bölməsinə aparıblar. Polis işçiləri və Bakı Şəhər Prokurorluğu orada istintaq aparıblar.

Təbiidir ki, bu adam deyibdir ki, günahım yoxdur, bu işləri mən etməmişəm. Ancaq onu döyüblər, ona işgəncə veriblər. Onu o qədər döyüblər, axırda orada döyüb öldürüblər. Bilavasitə mən bu məlumatı alandan sonra, 1996-cı ildə baş prokuror Eldar Həsənovu, daxili işlər naziri Ramil Usubovu yanıma çağırdım.

Ramil Usubov: Cənab prezident, xüsusi idarənin rəisi və milli təhlükəsizlik naziri də orada idilər.

Heydər Əliyev: Bəli, o da, milli təhlükəsizlik naziri də orada idilər. Deyəsən, Bakı şəhər prokuroru da orada idi. Çünki istintaq Bakı Şəhər Prokurorluğunda getmişdi. O vaxt bizim aparatın işçilərini də yanıma dəvət etmişdim. Mən onları dinlədim. Dinləmə zamanı mənə tamam aydın oldu ki, burada cinayətkar kənarda qalıb, gedib cinayət etməmiş, günahsız adamı tutublar, döyüblər. O qədər döyüblər, işgəncə veriblər ki, ölübdür. Ondan sonra da «sübut ediblər» ki, guya bu adam günahkardır. Bununla da bu işi qurtarıblar, bağlayıblar.

Mən əmr verdim, Ramiz Mehdiyevin rəhbərliyi ilə komissiya yaratdıq ki, bu komissiya bu işi araşdırsın. Araşdırdılar, uzun müddət araşdırdılar, amma son nəticə ondan ibarət oldu ki, siz gəlib etiraf etdiniz ki, həmin o Camal Əliyev günahkar deyil. Elədirmi?

Yerdən səs: Bəli.

Heydər Əliyev: Dediniz ki, günahkar başqalarıdır. Əliyev Camalın cəsədini də çıxarıb eksqumasiya etmişdilər, yoxlamışdılar ki, onu qandallayıblar, dişlərini vurub sındırıblar, bədəninə 30 xəsarət yetiriblər. Yəni bu qədər vəhşilik təsəvvür ediləsi deyil. Bunu nə üçün ediblər?

Ona görə ki, cinayətkarı gizlətsinlər, məsuliyyətdən xilas etsinlər. Təbiidir ki, bu da asan deyil. Yəqin, ondan çox miqdarda, müəyyən rüşvət alıblar və bu adamı döyüböldürüb «günahkar» ediblər. Bunu gəlib məruzə edəndə, təbiidir ki, mən daha da çox dəhşətləndim.

Daxili işlər naziri Ramil Usubova, baş prokuror Eldar Həsənova əmr verdim ki, bu işləri görmüş adamlar cəzalanmalıdırlar, yenidən istintaq aparılıb günahkarlar müəyyən olunmalıdır. Prokurorluq sonra bu məsələni yenə də uzatdı. Nəhayət, günahkarlardan üç nəfər polis işçisi həbs olundu, amma iki nəfəri qaçdı. Onlar indiyə qədər də tapılmır. Amma üç nəfər həbs edildi. Bakı Şəhər Prokurorluğunda bu işi aparan adam vaxtilə bu işi aparıb, yəni başa çatdırdığına görə Eldar Həsənov tərəfindən təltif olunmuşdur. O müstəntiqdir, ya da...

Nazim Allahverdiyev (Respublika baş prokurorunun müavini): İstintaq şöbəsinin rəisi Vidadi Səmədov.

Heydər Əliyev: Demək, istintaq şöbəsinin rəisi Vidadi Səmədov bu işin «uğurla» həyata keçirilməsi üçün təltif olunmuşdu. Mən dedim ki, bu adamlar cinayət ediblər. Demək, cinayət etdiklərinə görə məsuliyyət daşımalıdırlar. İndi sonra nə olub, nə aşkar edilib? Bir-iki dəfə mənə dedilər. Mən Eldar Həsənova vaxtilə bu barədə çox ciddi sözlər demişəm. Ancaq mən bu məsələnin dərinliyini bir o qədər bilmirdim. O gün bizim o danışığımız zamanı bu dərinlik mənim üçün məlum oldu. Bu barədə istintaq aparan respublika prokurorluğunun işçiləri təklif veriblər ki, həmin o şəxs - Vidadi Səmədov bu işə görə məsuliyyətə cəlb olunmalıdır, həbs edilməlidir.

Eldar Həsənov 7 ay buna razılıq verməyibdir, ondan sonra onu işdən azad edibdir, o da qaçıbdır. Mən bu hadisəni bilirdim. O vaxt gəlib mənə dedilər ki, bu adamı qaçırtdılar. Eldar Həsənovla mənim çox ciddi danışığım oldu. Mən ona çox ciddi surətdə öz narazılığımı bildirdim və əmr etdim ki, harada olursa-olsun həmin adamı axtarın, tapın, gətirin, cinayət məsuliyyətinə cəlb edin.

Ancaq nəticəsi nə oldu? Cinayət edib qaçmış bütün adamlar tapılır, cinayət edərək qaçıb Rusiyada gizlənən adamlardan 500 nəfəri keçən il tapılıb gətirilibdir, amma bu adam tapılmır. Mən Eldar Həsənova bunu əvvəl demişdim. Amma o gün məcbur olub dedim, bilirsiniz, səhv ola bilər, nəyi isə bilmədiyinə görə insan qanunsuz bir iş görə bilər. Amma bu, o qədər aşkar işdir ki, mən bu məsələni müzakirə etmişəm, komissiya yaratmışam, nəzarət altına götürmüşəm və tələb etmişəm ki, həqiqət ortaya çıxsın, o cür cinayət etmiş insanlar cəzalansınlar.

Belə halda Eldar Həsənov o adama havadarlıq edir, onun məsuliyyətə cəlb olunmasına 7 ay icazə vermir, o adam da qaçıb gizlənir, tapılmır. Mən o gün də dedim, bu gün də deyirəm,- buna xəyanətdən başqa bir söz deyə bilmərəm. Gərək insan bu səviyyəyə düşməsin. Bir nəfər dostun da, qardaşın da, qohumun da ola bilər. Onu müdafiə edərək dövlətə bu qədər zərbə vurmaq olmaz.

Yaxşı olardı ki, Eldar Həsənov həmin dostunu özü cəzalandıraydı, onda o göstərərdi ki, doğrudan da dövlətçilik mövqeyindədir. Mən bir faktı deyirəm. Çünki bu, şəxsən mənim nəzarətim altında olan işdir. İndi mən təsəvvür edirəm, fikirləşirəm,- əcəba, əgər mənim müdaxilə etdiyim, xüsusi komissiya yaratdığım, nəzarətim altında olan işdə də xəyanət edirlərsə, onda bəs nə etməli? Mən dedim ki, respublikanın prokurorluq orqanlarında ciddi təmizləmə işi getməlidir.

Birincisi, ona görə ki, biz «Prokurorluq haqqında» qanun qəbul etmişik. Bu qanuna görə prokurorluğun səlahiyyətləri indiyə qədər olduğundan xeyli azalıbdır, ixtisar edilibdir. Ona görə də bir çox şöbələr, bölmələr, filanlar, təbiidir ki, ləğv olunur. Belə halda işin öhdəsindən gələ bilməyənlər, yaxud qanun pozuntusuna yol verənlər, başqaları, təbiidir ki, prokurorluq orqanlarından azad olunmalıdır. Baş prokuror bu işlə ciddi məşğul olmalıdır. «Prokurorluq haqqında» qanun çox böyük əhəmiyyətə malikdir. Mən bildirdim ki, 1995-ci ildə bizim qəbul etdiyimiz Konstitusiyaya görə prokurorluq məhkəmə hakimiyyətinin daxilindədir. İndi hüquqi, demokratik dövlətdə hakimiyyətin üç qolu vardır: icra hakimiyyəti, qanunvericilik hakimiyyəti, məhkəmə hakimiyyəti. Prokurorluq da bu məhkəmə hakimiyyətinin bir hissəsidir.

Ancaq hələ indiyə qədər Azərbaycanda prokurorluq Sovet İttifaqının prokurorluq sistemi çərçivəsində və o prinsiplər əsasında işləyir. Təbiidir ki, bu da artıq mümkün deyildir. Çünki biz hüquqi, demokratik dövlət qururuq. Demək, hər şey hüququn, qanunun əsasında olmalıdır. Artıq burada da beynəlxalq təcrübə, beynəlxalq standartlar var. Yəni bunlar ondan ibarətdir ki, demokratik ölkələrdə, hüquqi dövlət olan ölkələrdə hər bir məhkəmə hakimiyyətinin öz yeri, prokurorluğun da öz yeri vardır. Amma bu yer Sovet İttifaqının yaratdığı prokurorluq sistemindən çox fərqlidir.

Sovet İttifaqında prokurorluq çox böyük səlahiyyətlərə malik idi. Bu da təbiidir və o quruluşun tələblərindən irəli gəlirdi. Çünki Sovet İttifaqı dövləti hüquqi dövlət, qanunlar çərçivəsində fəaliyyət göstərən dövlət deyildi. Ona görə də o öz hakimiyyətini təmin etmək üçün belə bir prokurorluq sistemi yaratmışdı və ona da böyük səlahiyyətlər vermişdi. Ancaq inkişaf etmiş bütün demokratik, hüquqi dövlətlərdə bu yoxdur. Biz də hüquqi dövlət quraraq, təbiidir ki, hüquqi islahatlar aparırıq. Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamalıyıq ki, «hüquqi, demokratik dövlət qururuq» elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər. Bilirsiniz ki, son vaxtlar, xüsusən son il biz bu barədə bir çox qanunlar qəbul etmişik.

Ancaq təəssüflər olsun ki, bizim məhkəmə orqanlarından, Daxili İşlər Nazirliyindən fərqli olaraq, burada prokurorluq mühafizəkar mövqe tutubdur, Sovet İttifaqı dövründə yaranmış prokurorluq sistemini saxlamağa və əlində olan səlahiyyətləri saxlamağa çalışıbdır. İndi, ola bilər, burada bu mühafizəkarların bir hissəsi də sizsiniz. Mən sizin üzünüzə deyirəm. Amma mən sizin heç birinizlə nə danışmışam, nə də sizin fikirlərinizi soruşmuşam.

Ancaq Eldar Həsənovla bu barədə dəfələrlə danışmışıq. Məsələn, «Polis haqqında» qanun. Mən 1999-cu ilin fevral ayında bu qanunun layihəsinə baxdım, onu imzaladım, qəbul olunmaq üçün Milli Məclisə göndərdim. Qanun birinci oxunuşda qəbul olundu. Ondan sonar onu saxladılar. Nə üçün? Baş prokuror Eldar Həsənov buna etiraz edib. Niyə etiraz edibdir? Həmin qanuna görə polis orqanları hansısa bir vətəndaşı saxlayırlarsa, 48 saat müddətində onun saxlanması üçün məhkəmənin qərarını almalıdırlar. Polis də, Daxili İşlər Nazirliyi də belə bir layihə verib və hüquqi prinsiplərlə razıdır. Ancaq Eldar Həsənov bunun əksinə gedir. Deyir ki, bu səlahiyyət prokurorluqda saxlanılmalıdır. Nə üçün?

Milli məclisdə bunun müzakirəsini dayandırıblar. Deyibdir ki, gərək mən prezidentə bu barədə fikirlərimi deyim. Gəlib mənə fikirlərini deyib ki, bəs belə olmaz, onda dövlət dağılacaq, biz cinayətkarlarla mübarizə apara bilməyəcəyik və sair, bu səlahiyyətləri prokurorluqda saxlamaq lazımdır. Mən demişəm ki, bilirsən, bu olmaz, get düşün. Ancaq o, Milli Məclisə təsir etmişdir. Milli Məclisdə də fikirləşiblər ki, prokuror bununla razı deyil, saxlayıblar.

Beləliklə, bu qanun 7-8 ay orada yatıb, ondan sonra mən bunu bilmişəm və öz mövqeyimi ciddi olaraq bildirmişəm, bu qanun qəbul edilibdir. «Prokurorluq haqqında» qanun bir il əvvəl qəbul olunmalı idi. Təbiidir ki, «Polis haqqında» qanun layihəsini Daxili İşlər Nazirliyi verdi, «Prokurorluq haqqında» qanun layihəsini prokurorluq, baş prokuror verməli idi. Təqdim etdi, bizim hüquqçular, aparatda və ekspertlər müzakirə etdilər və məlumat verdilər ki, bu, köhnə sovet prokurorluq səlahiyyətlərinin hamısını özündə əks etdirən bir qanun layihəsidir. Mən dedim ki, bu, ola bilməz, gedin danışın və qanun layihəsini qanun tələblərinə, Konstitusiya tələblərinə, beynəlxalq hüquq normalarının tələblərinə uyğunlaşdırıb gətirin, təqdim edin.

Ancaq bilin, vaxt gedir, yenə də Eldar Həsənov müqavimət göstərir. Mənə hətta sonra dedilər ki, bir gün 20 nəfəri, öz idarə rəislərini və sairi yığıb bizim aparata gətirib, bizim 2-3 nəfərlə – hüquq işləri ilə məşğul olan Ramiz Mehdiyevdir, Fuad Ələgərovdur, Şahin Əliyevdir – onlarla mübahisə aparıblar. Onlar çox, bunlar az. Gəlib hətta dedilər ki, bizi qorxudurlar, bizə təzyiq göstərmək istəyirlər. Mən bu işə müdaxilə etdim, onun qarşısını aldım. Amma bu qanunun qəbul olunması bir il gecikdi.

Bu, Eldar Həsənovun günahıdır. Mən ona da, sizə də deyirəm: Prokurorluq prokuror işçilərinə mənsubdur, yaxud prokurorluq dövlətə mənsubdur? Əgər prokurorluq dövlətə mənsubdursa, dövlət prokurorluğu bu cür görmək istəyir. Siz isə icraçısınız. Sizə hansı sistem veriləcək, o sistemlə işləyə bilərsiniz – işləyin, işləyə bilməzsiniz – çıxın gedin. Amma belə çıxır ki, prokurorluq artıq özəlləşdirilibdir, prokurorluq prokurorluqda işləyənlərə və xüsusən baş prokurora məxsusdur. O da deyir ki, «mən bu səlahiyyətlərimi saxlamaq istəyirəm». Görürsünüz, nə qədər əcaib bir vəziyyət yaranıbdır.

Mən Eldar Həsənova dedim, - başa düş ki, sən bu gün prokurorsan, sabah olmayacaqsan. Eləcə də hər biriniz. Heç kəs daimi deyildir. Amma hüquqi dövlət daimidir. Biz bu hüquqi dövləti, demokratik dövləti yaradırıq və onu pillə-pillə yüksəklərə qaldırırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır. Biz bir tərəfdən beynəlxalq hüquq normalarına uyğun olmaq, demokratik dövlət qurmaq, demokratik təşkilatlara, Avropa Şurasına daxil olmaq istəyirik.

O biri tərəfdən də keçmiş Sovet İttifaqının prokurorluq sistemini özümüzdə saxlamaq istəyirik. Onun mənə olan izahatı budur ki, bilirsiniz, onda biz cinayətkarlığa qarşı mübarizə apara bilməyəcəyik. Deyirəm ki, axı niyə mübarizə apara bilməyəcəksiniz? İndi bu sanksiya işi qanunla məhkəməyə həvalə olunur. Bu, indiyə qədər prokurorluqda olubdur. Məhkəmədə işləyən də, prokurorluqda işləyən də bizim vətəndaşımızdır. Mən nə üçün düşünməliyəm ki, prokurorluqda işləyən adam sanksiyanı düz verəcək, amma məhkəmədə işləyən adam düz verməyəcəkdir?

Mən hətta dedim ki, əgər istəyirsinizsə, sanksiya vermək təcrübəsi olan, təbiidir ki, təmiz adamların bəzilərini gəlin prokurorluqdan məhkəməyə keçirək, gedib orada məhkəmə sədri olsunlar. Demək, burada məqsəd dövlətçilik prinsipini yox, öz sisteminin prinsipini deyil, öz şəxsi mənafeyini, öz səlahiyyətlərini əlində saxlamaqdır. Beləliklə, siz bilin, bu gün məcburam bunu sizə deyim, ona görə yox ki, belə bir informasiyanı sizə verməyə ehtiyacım vardır. Ona görə ki, siz biləsiniz, bizim bütün məhkəmə sistemində işləyən işçilər, hüquqmühafizə orqanlarında işləyənlər bilsinlər ki, bəli, biz hüquqi dövlət qururuq. Hüquqi dövlət qurmaq üçün müvafiq qanunlar qəbul etmişik və bundan sonra da edəcəyik. Bunun qarşısını almaq üçün deyil. Kim bunun qarşısını alacaqsa, biz onu yolumuzdan kənarlaşdıracağıq.

Amma ikinci vəzifə ondan ibarətdir ki, bu qanunları düzgün icra etmək lazımdır. Ona görə də mən bu gün sizdən tələb edirəm: «Prokurorluq haqqında» qanun qəbul olunubdur, o qanun necə var, o cür də yerinə yetirilməlidir. Yoxsa, yenə də bu Eldar Həsənov əhvalruhiyyəsi sizlərdə yaşayırsa, - bəlkə də yaşayır, - çünki 20 nəfər adamı yığıb Prezident Aparatına gətirmişdisə ki, həmin o keçmiş sovet sisteminə mənsub olan qanun layihəsini müdafiə etsinlər, demək, siz də onlardansınız. Yaxud, bəlkə də sizi sadəcə, məcbur edib gətirib, - bilmirəm. Bilirsiniz, mən bunları sizin üzünüzə deyirəm. Əvvəl də dedim, mən sizin işlərinizi qiymətləndirirəm. Ancaq mənim xüsusiyyətim bir də ondan ibarətdir ki, kimi çox qiymətləndirirəm, onun səhvini, günahını da üzünə deyirəm.

Üzünə deyirəm, ona görə yox ki, onun üçün acı olsun. Ona görə ki, o anlasın. Anlasın ki, düz işləmək lazımdır. Anlasın ki, ədalətli işləmək lazımdır. Anlasın ki, qanunla işləmək lazımdır. Anlasın ki, bizim bu demokratik, hüquqi dövlət quruculuğumuzun yolu ilə getmək lazımdır, şəxsi mənafeləri kənara qoymaq lazımdır. Mən ümidvaram ki, «Prokurorluq haqqında» qanun, məhkəmə sistemi haqqında qəbul olunmuş qanun ardıcıl surətdə yerinə yetiriləcəkdir. Əminəm ki, bunlar hamısı, birincisi, Azərbaycanda qanunun aliliyini təmin edəcək, ikincisi, vətəndaşların hüquqlarının qorunmasını təmin edəcək, üçüncüsü də cinayətkarlıqla mübarizəni daha da səmərəli edəcəkdir. Mən buna inanıram. Hüquq-mühafizə orqanlarının işində, o cümlədən xüsusən prokurorluğun fəaliyyətində işimizə böyük zərər vuran bir nöqsan da hələ ki, aradan götürülməyibdir. Bu da müxtəlif yoxlamalar və bu yoxlamalar vasitəsilə xüsusən özəl sektorun inkişaf etməsinə maneçilikdir.

Bilirsiniz ki, mən əsassız yoxlamaların qadağan edilməsi və bu barədə hüquq-mühafizə orqanlarının vəzifələri haqqında 1997-ci ildə və 1999-cu ildə iki fərman vermişəm. Doğrudur, o fərmanlardan sonar yoxlamaların sayı azalıbdır. Ancaq bu yoxlamalar davam edir. İkincisi də, hüquqmühafizə orqanlarında, xüsusən prokurorluqda bu yoxlamalar üçün başqa variantlar tapırlar. Bu variantlar da ondan ibarətdir ki, guya haradasa bir şirkətdə nəsə bir şey var, onu bəhanə tutub beş, on, on beş şirkəti başlayırlar yoxlamağa ki, bəlkə bu cinayət onlarla da əlaqədardır. İctimaiyyətdə belə bir fikir var ki, rayonlarda bizim prokurorlar, polis rəisləri həm dövlət müəssisələrinin bəzilərinə, həm də şirkətlərə, filanlara haqq qoyublar – «Haqqımı verməlisən!». Hansı haqdan söhbət gedir, nə haqqınız var! İşlədiyinizə görə sizin haqqınızı dövlət verir, maaş alırsınız və böyük imtiyazlarınız var. İctimaiyyətdə bu fikir formalaşıbdır. Ona görə mən sizdən tələb edirəm ki, bu əməllərdən əl çəkəsiniz. İkincisi, yoxlamalardan əl çəkəsiniz, müxtəlif yollardan istifadə edib yenə də bu yoxlamaları davam etməyəsiniz. Mən sizdən tələb edirəm!

Sizin bu yoxlamalarınız dövlətə lazım deyil, bilin! Çünki onların heç birisindən bizim dövlətimizə bir xeyir gəldiyini bu illərdə görməmişəm. Ancaq zərəri böyükdür. Nədir zərəri? Zərəri də odur ki, siz iş adamlarını artıq boğaza yığmısınız. Bunların bəziləri çevikdir, dözürlər, yoxlamalarda ona da, buna da rüşvət verir, birtəhər işləyirlər. Amma bəziləri buna dözmürlər, işlərini bağlayırlar.

Bilirsiniz, belə yoxlamalar həm xarici investisiyaların Azərbaycana gəlməsinə böyük maneçilik törədir, həm də Azərbaycanda özəl sektorun yaranmasına. Bilin, başa düşün, Azərbaycanın iqtisadiyyatı daha başqa yolla gedə bilməz. Özəl sektor inkişaf etməlidir və iş adamlarına imkan vermək lazımdır. Mən bunu demişəm, bir daha deyirəm ki, qoy o iş adamı hansısa qanunu pozubsa, hansısa iş görübsə, iş görübdür. Nəinki siz xırda qanun pozuntusuna görə gedib onun yaxasından tutasınız, qanunu pozduğuna görə də bir şeyi olmasa, amma onun əlində olanı tutub alasınız. Firmalar haqqında cürbəcür istintaqlar gedir. Bu istintaqları kəsmək lazımdır. Bizdə bu işlərə vergi xidməti nəzarət edir, Vergilər Nazirliyi var. Vergilər Nazirliyi hər bir firmanın, hər bir iş adamının vergini verməsini təmin etməlidir. Bizə başqa bir şey lazım deyildir- işləsin, vergisini versin. O biri tərəfdən də bizim gömrük orqanlarımız var- onlar da təmin etməlidir ki, gömrük rüsumları verilsin.

Ondan sonra bu iş adamları ilə bizim işimiz olmamalıdır. Ancaq siz qaşınmayan yerdən qan çıxarırsınız. Təbiidir ki, mən bunu hamınıza aid etmirəm, məni düzgün başa düşün. Mən «siz, siz» deyəndə belə işlə məşğul olan adamlara deyirəm - həm burada oturanlara, həm də hüquqmühafizə orqanlarındakılara deyirəm. Bunlardan əl çəkin! Ümumiyyətlə, iş adamları ilə nə istintaq aparırsınız? Bizim Vergilər Nazirliyi də düzgün iş görməlidir. Yoxlayırlar, yoxlamanın nəticəsini göndərirlər prokurorluğa. Elədir?

Fazil Məmmədov (vergilər naziri): Bəli.

Heydər Əliyev: Sən oraya niyə göndərirsən? Göndərirsən ki, orada onu soysun?

Fazil Məmmədov: Nəticəsi olmur.

Heydər Əliyev: Nəticəsi olmur, elədirmi? Sənin yoxlamanın nəticəsi odur ki, ondan vergini alasan. Vergini al. Sən onun işini dayandır, vergini al. Amma vergini verməyib, sən onu yoxlamısan, göndərirsən prokurorluğa, o da bir il bunu uzadacaqdır. Nə o, vergini verəcək, nə də dövlətin büdcəsinə bir şey gələcəkdir. Amma o, daha da çox əziyyət çəkəcəkdir. Ona görə bir təklif var idi ki, Vergilər Nazirliyində istintaq qurumu yaransın. Mən bu təklifi əvvəldən də bəyənmişəm. Fikirləşin, bu barədə təklifinizi verin.

Nə üçün mən bunu bəyənirəm? Çünki Vergilər Nazirliyinə lazımdır ki, ona vergi versinlər. Amma hüquqmühafizə orqanları isə, təbiidir ki, əgər iş onlara göndərilirsə, onların da məqsədi bundan ibarət olmalıdır ki, vergi verilsin. Bəlkə də vergisini versin, heç cəzalanmasın. Axı bu insanlar nə qədər cəzalana bilər? Bilirsiniz, biz qatı cinayət etmiş adamları cəzalandırmalıyıq. Amma vergini verməyən adamdan vergini alandan sonra onu niyə cəzalandırasan? Onun cəzası elə o olacaq ki, Vergi Müfəttişliyi üzərinə daha da nəzarət qoyacaq, vergisini vaxtlıvaxtında tələb edəcəkdir. Yoxlamaları qadağan edəndən sonra prokurorluq bir üsuldan da istifadə edir. Bəli, hansısa materiallar əldə edir, göndərir Maliyyə Nazirliyinə. Maliyyə Nazirliyi yoxlama aparır, müəyyən nöqsanlar, yaxud da qanunsuzluqlar üzə çıxarır, göndərir prokurorluğa. Nəticəsi nə olur?

Əvəz Ələkbərov (maliyyə naziri): Çox azdır.

Heydər Əliyev: Çox azdır. Bilirsiniz, gərək hər bir şeyin səmərəsi olsun. Əgər səmərəsi yoxdursa, yaxşı olar ki, bunu eləməyəsən. Ona görə mən sizə - Maliyyə Nazirliyinə də xəbərdarlıq edirəm: mənim bu sözlərimdən nəticə çıxarın və yoxlamalar məsələsi ilə ciddi məşğul olun. Maliyyə naziri kimi siz maliyyə işlərinə nəzarət edirsiniz, xüsusən dövlət orqanlarında. Maliyyə pozuntularının qarşısını almalısınız, bunlara qarşı mübarizə etməlisiniz. Nazirsiniz, böyük səlahiyyətli nazirsiniz, siz bilməlisiniz ki, hansı iş dövlətə nə xeyir verir, hansı iş isə formal olaraq guya qanun nöqteyinəzərindəndir, amma faktiki olaraq ayrı-ayrı insanların ciblərinə xeyir verir, dövlətə xeyir vermir. Ona görə siz fikirləşin. Bir sözlə, mən bütün hüquq-mühafizə orqanlarına deyirəm, bütün yoxlama orqanlarına deyirəm - əsassız, qanunsuz yox-lamaların qarşısı alınmalıdır və özəl sektorun inkişafına şərait yaradılmalıdır.

Bizim başqa orqanlarda da iş adamlarını incidənlər çoxdur. Gəlib hansısa qeydiyyatdan keçməlidir – onu incidirlər, başqa bir yerdən lisenziya almalıdır - onu incidirlər. Yəni nə cür incidirlər? Onu çimdikləmirlər, yaxud da yaralamırlar, ona deyirlər ki, ver. Verməsən, get, yenə də gəl. Beş gündən sonra, on gündən sonra gəl. Mən bunu bir dəfə demişəm, - xarici investorlar buraya iş görməyə gəlirlər. Bizim dövlət orqanlarındakı bəzi adamlar deyirlər ki, bunda mənim payım nədir? O da görür ki, bunun tələb elədiyi payı burada əldə edəcəyi qazanc heç ödəməyəcək, ona görə də çıxıb gedir. Mən investisiyalar üzrə xüsusi agentlik yaratmışam. Yaxın vaxtlarda bu orqan təşkil olunacaq, fəaliyyətə başlayacaqdır ki, xarici investorlar o qapıya, bu qapıya, onun yanına, bunun yanına getməsinlər. Allah eləsin ki, o adamlar da orada düz işləsinlər. Hər halda, görürsünüz, özəl sektorun yaranması, inkişaf etdirilməsi üçün, xarici investisiyanın Azərbaycana cəlb olunması üçün biz bütün imkanlarımızdan istifadə edirik. Qanunlar qəbul edirik, fərmanlar verirəm, müəyyən təşkilatlar yaradırıq. Demək, indi bu məsələlərin icra olunması bizim icra orqanlarının üzərinə düşür.

Təkcə sizin yox, Azərbaycanın bütün icra orqanlarının üzərindədir. Siz də bu məsuliyyətinizi anlamalısınız. Hər biriniz bilməlisiniz ki, əgər Azərbaycanda yaxşı yaşamalısınızsa, yaxşı yaşamaq istəyirsinizsə, uşaqlarınızın, nəvələrinizin gələcəkdə firavan yaşamasını istəyirsinizsə, arzulayırsınızsa, gəlin, bu dövləti, hüquqi dövləti birlikdə quraq. Gəlin, iqtisadi siyasətimizi birlikdə həyata keçirək, özəl sektoru yaradaq. Gəlin, bunları birlikdə edək. Ola bilər, indi bəzi hüquq-mühafizə orqanları işçilərinin başqalarına nisbətən elə bir ehtiyacları yoxdur. Başqa çox ehtiyaclı adamlar var. Birincisi, onları da düşünmək lazımdır. İkincisi, siz gələcək övladlarınızı, nəvələrinizi də düşünməlisiniz ki, onlar necə yaşayacaqlar.

Əgər biz bu dövləti, demokratik, hüquqi dövləti, bazar iqtisadiyyatı yolu ilə gedən dövləti qursaq - və bunu qurmalıyıq - Azərbaycanın iqtisadi potensialı o qədər böyükdür ki, onu beləliklə hərəkətə gətirib Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəyik və ölkəmizin hər bir vətəndaşına normal, firavan həyat sürməyi təmin edə biləcəyik. Bu, bizim hamımızın vəzifəsidir. Təkcə prezidentin yox, hər bir vəzifəli şəxsin vəzifəsidir, hər bir vətəndaşın vəzifəsidir. Çünki bu ölkə bizimkidir, bu xalq, bu dövlət bizimkidir. Gəlin əl-ələ verək, bunları həyata keçirək. Beləliklə, bu gün siz prokurorluqda yaranmış vəziyyət haqqında mənim fikirlərimi dinlədiniz və mən sizing qarşınızda duran vəzifələri də dedim. Təbiidir ki, mən burada bu vəzifələrin hamısını sizə izah etmək məqsədini qarşıma qoymamışam. Bu da mümkün deyildir. Bunu siz etməlisiniz.

Baş prokuror Qaralov işə başlayarkən dediyim bu prinsiplər əsasında başlamalıdır. Baş prokuror özü, gələcəkdə onun müavinləri və başqa rəhbər işçilər bu prinsiplər əsasında işləməlidirlər. Pəncərələri açın, açın pəncərələri, keçmişdə prokurorluqda olan bütün qeyri-sağlam abhavanı təmizləyin. Orada yaxşı bir hava olsun, sağlam hava, sağlam mühit olsun, işləyin. Yenə də deyirəm, mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır və bunlarsız iş gedə bilməz. Amma eyni zamanda kimsə bizim bu işlərimizə mane olursa, qanunları pozursa...

O gün orada aparılan söhbətdə deyilən qanun pozuntusu halları hamısı təhlil olunmalıdır və bunu siz etməlisiniz. Xüsusən gərək rəhbərlikdə səmimi münasibətlər olsun. Gələcəkdə baş prokurorun müavinləri olacaqdır. İndi biz müavinləri də bir az ixtisar edirik, yeni qanunla müavinlər ixtisar olunur. Gərək ki, iki, yaxud üç müavin olacaqdır (yerdən – üç). Üç müavin olacaqdır. Ona görə gərək müavinlər də düzgün seçilsin, idarə rəisləri də.

Kim bu tələblərə cavab verirsə – işləsin, amma kim ki, bu tələblərə cavab vermir, demək, dəyişilməlidir. Başqa işlər də görülməlidir. Ancaq yenə də deyirəm, siz bilin, dövlətçilik prinsipi, qanunun aliliyi bizim hamımız üçün hər şeydən üstün olmalıdır: prezident üçün də, hər bir prokuror üçün də, hər bir polis üçün də, hər bir vətəndaş üçün də! Mən bu gün bu tənqidi sözləri sizə deyərək, eyni zamanda ümid edirəm və çox ümid edirəm ki, sizə ünvanlanmış sözlərimdən nəticə çıxaracaqsınız və prokurorluğun işində ciddi dönüş yaradacaqsınız, öz nailiyyətlərinizlə həm kollektivinizdə sağlam əhval-ruhiyyə yaradacaqsınız, sağlam mənəviyyat mühiti yaradacaqsınız, həm də respbulikada prokurorluğun hörmətini qaldıracaq, dövlət qarşısında öz vəzifələrinizi yerinə yetirə biləcəksiniz. Sizə uğurlar arzulayıram. Sağ olun.

Şərhlər

XƏBƏR LENTİ