XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını uğurla davam etdirir

Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını uğurla davam etdirir

Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını uğurla davam etdirir
28-02-2020, 09:07

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Belə ki, cari il fevralın 24-dən 26-dək Qətərin paytaxtı Doha şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Qlobal Məhkəmə Dürüstlüyü Şəbəkəsinin növbəti iclası baş tutmuşdur. “Keçmiş, bu gün, gələcək” mövzusunda keçirilmiş iclasda 100-dən çox ölkəni təmsil edən 650-dən artıq məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak etmişlər.
Tədbirdə prokurorluq və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi prosesində mühüm rol oynayan, eyni zamanda prokurorların dürüstlüyünü təşviq edən Beynəlxalq Prokurorlar Assosiasiyasını (BPA) qurumun Vitse-prezidenti, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Tədbir çərçivəsində 2018-2019-cu illərin iş planına uyğun olaraq prioritet istiqamətlər üzrə görülən işlər nəzərdən keçirilmiş, eyni zamanda məhkəmə sistemində dürüstlüyün təmin edilməsində ortaya çıxan çətinliklər və korrupsiya hallarının qarşısının alınması kimi mövzular ətrafında geniş müzakirələr aparılmışdır.
“Korrupsiyaya qarşı mübarizə prioritet istiqamət kimi: Məhkəmə hakimiyyətinin şəffaflığı və hesabatlılığı” mövzusuna həsr olunmuş sessiyada çıxış edən K.Əliyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edərək həyata keçirilən mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat vermiş, ölkəmizin antikorrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulamışdır. Bundan başqa, K.Əliyev çıxışında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutan 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra K.Əliyev BPA-nın məhkəmə-hüquq sahəsində rolu və bu istiqamətdə həyata keçirilən işləri qeyd etmişdir. Bundan başqa, qurumun Vitse-prezidenti BPA-nın prokurorluq və digər korrupsiyaya qarşı mübarizə aparan təşkilatların əməkdaşlarını bir araya gətirərək təcrübə mübadiləsi üçün səmərəli platforma yaradan, eyni zamanda korrupsiyaya qarşı mübarizədə qabaqcıl alətləri təqdim edən Antikorrupsiya Prokurorları Şəbəkəsinin (NACP) fəaliyyəti barədə məlumat vermiş, Qlobal Məhkəmə Dürüstlüyü Şəbəkəsi ilə ayrı-ayrı dövlətlərin prokurorları arasında əlaqələndirici körpünün yaradılmasını təklif etmişdir. Həmin təklif iclasın tövsiyələrinə daxil edilərək gələcəkdə Şəbəkənin fəaliyyətində prokurorların iştirakının təmin olunacağı qeyd edilmişdir.
Göstərilənlərlə yanaşı, nümayəndə heyətinin üzvləri tədbir çərçivəsində təşkil edilmiş müxtəlif iclas və sessiyalara qatılaraq müzakirələrdə fəal və səmərəli iştirak etmişlər.
Tədbir çərçivəsində ölkəmizin nümayəndə heyəti ilə Qətər Dövlətinin Məhkəmə-Hüquq Şurası, Türkiyə Respublikasının Ali Məhkəməsinin sədrləri, eləcə də bir sıra beynəlxalq təşkilatların rəhbərləri arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilərək səmərəli fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov iştirak etmişdir.
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını uğurla davam etdirir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.