XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Əli Nağıyev Türkiyə ilə əməkdaşlığı müzakirə etdi

Əli Nağıyev Türkiyə ilə əməkdaşlığı müzakirə etdi

Əli Nağıyev Türkiyə ilə əməkdaşlığı müzakirə etdi
2-12-2019, 20:41

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin dəvəti ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi Mehmet Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, türkiyəli qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.

Qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı “Əbədi məşəl” kompleksini və Türk şəhidliyini də ziyarət ediblər.

Sonra keçirilən ikitərəfli görüşdə general-leytenant Əli Nağıyev qonaqları səmimi salamlayaraq Mehmet Aktaşın Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin rəisi kimi ilk xarici səfərini Azərbaycana etməsinin ölkələrimizin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin yüksəlməsinə və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Xidmət rəisi Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində Türkiyə ilə əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, dahi şəxsiyyətin “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü çatdıran qonaq qardaş Azərbaycana səfərindən xoş təəs­sürat aldığını qeyd edib. Mehmet Aktaş bu cür görüşlərin transmilli cinayətkarlıqla mübarizə işində və hər iki dövlətin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləyib. Türkiyəli qonaq öz ölkəsi tərəfindən beynəlxalq terrorçuluq, ekstremizm və mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizə üzrə görülən işlərə dair məlumat verib. O, ölkələrimizin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, tərəfdaşlıq əlaqələrinin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət etdiyini vurğulayıb.

Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.