XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Bakı-Moskva münasibətlərindəki dinamizm düşmən ölkədə təlaşı artırıb - GƏLİŞMƏ

Bakı-Moskva münasibətlərindəki dinamizm düşmən ölkədə təlaşı artırıb - GƏLİŞMƏ

Bakı-Moskva münasibətlərindəki dinamizm düşmən ölkədə təlaşı artırıb - GƏLİŞMƏ
28-11-2019, 10:07

Ötən həftə Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva bu postda Rusiyaya ilk rəsmi səfər elədi. Siyasi şərhçilərə görə, bu səfər gözlənildiyindən də uğurlu və məhsuldar olmaqla, iki ölkə arasında əlaqələrə əlavə dinamizm gətirəcək.

1-ci vitse-prezident Moskvada ən yüksək səviyyədə - həm baş nazir Dmitri Medvedyev və Federasiya Şurasının sədri Valentina Matviyenko, həm də prezident Vladimir Putin tərəfindən qəbul edildi, ona Ermənistanın baş naziri Nikol Paşinyana belə göstərilməyən xüsusi diqqət və sayğı oldu. Bundan əlavə, Mehriban Əliyeva Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edildi ki, bu da Bakı-Moskva əlaqələrinin yüksəlişdə olduğunun daha bir təzahürü sayıla bilər.

Belə rəylər də səsləndi ki, artıq Azərbaycan-Rusiya münasibətləri geniş miqyaslı “təzədən formatlanma” mərhələsi başlayıb ki, bu da enində-sonunda iki ölkə arasında təkcə iqtisadi-ticari, humanitar və hərbi-siyasi münasibətlərin deyil, həm də qarşılıqlı etimad və inamın yeni mərhələyə qalxmasına tıkan verəcək. Bu isə öz növbəsində bizim əsas problemimiz olan Dağlıq Qarabağ probleminin həllində Rusiya tərəfdən pozitiv gəlişmələrə səbəb ola bilər.

Səfərin ardınca Ermənistanı təlaşlandıran daha bir olay yasandı: Bakı Rusiya və NATO generallarının növbəti - 5-ci görüşünə ev sahibliyi elədi. Bu da sözsüz ki, ölkəmizin iki güc mərkəzi üçün məxsusi önəminin, Azərbaycanın regiondakı yerinə və roluna verilən qiymətin, nəhayət, ölkəmizin Rusiya ilə yanaşı Qərb (NATO) üçün də artan avtoritetinin və söz sahibliyinin daha bir təzahürü idi.

Üstəgəl, dünyanın ən böyük, ən güclü hərbi-siyasi bloku olan NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç Azərbaycanda bəyan elədi ki, Alyans Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu kimi gəlişmələr düşmən Ermənistanda qıcıq yaratmaya bilməzdi və yaratdı da.

*****

Bəzi təhlilçilərin isə Bakıdakı NATO-Rusiya görüşü ilə bağlı özəl gözləntiləri də var. Məsələn, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya və NATO arasında artan böhranı aradan qaldırmaq üçün Bakı yenidən körpü rolunu oynayır. Onun fikrincə, Azərbaycan Alyans və Rusiya arasında siyasi xəttin kəsişdiyi, hər iki tərəflə yüksək əlaqələrə malik bir ölkədir: “Şərqi Avropa ölkələri NATO-nun təsiri altındadır, Gürcüstanın mövqeyi də bəllidir, Ermənistan isə Rusiyanın forpostudur. Buna görə də bitərəf Bakı tərəflərin maraqlarına uyğundur”.

Ekspert Rusiya-NATO geosiyasi qarşıdurmasının regionumuzda yeni dəyişikliklərə gətirib çıxara biləcəyini düşünür: “Qənaətimə görə, Gürcüstanda baş verən son olaylar bu qarşıdurmanın nəticəsidir. NATO Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi Asiyaya açılmağı hədəfləyib. Bu baxımdan Xəzər regionu alyans üçün hərbi-siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Bu bölgə həm də Çinin genişlənmə siyasətinə qarşı baryer rolunu oynamalıdır. Böyük dövlətlərin maraqlarının toqquşduğu bölgənin mərkəzində yerləşən Azərbaycan bu baxımdan hər iki tərəf üçün kifayət qədər önəmlidir. Hesab edirəm ki, NATO regiondakı nüfuzunu gücləndirsə, Qarabağ münaqişəsində Azərbaycana açıq dəstək verə bilər. Bu dəstək indi NATO-nun Ukrayna və Gürcüstana verdiyi dəstəkdən daha artıq olacaq. Bu baxımdan, bu geosiyasi qarşıdurmanın yeni işartıları görünməyə başlayıb”.

Yəni əsas hədəf yaxşı mənada Azərbaycandır. Qalır, bu özəllik və üstünlükdən zərgər kimi dəqiq yararlanmaq. Söhbət özəlliklə də Rusiya amilindən gedir...

*****

“Bizə ”strateji müttəfiq" qismində belə Rusiya lazımdırmı? Cavab aydındır - xeyr. O mənada ki, Moskvanın Azərbaycana həddən artıq meyllənməsi artıq açıq-aydındır".

“Yeni Müsavat”ın məlumatına görə, bu sözlər erməni şərhçi Razmik Akopcanyanın Armenianreport.com-dakı məqaləsində yer alıb.

Bakı-Moskva əlaqələrinin dərinləşməsini heç cür həzm etməyən müəllif daha sonra yazır: “Rusiyada artıq belə bir şeyə görə utanmağı tərgidiblər ki, onların guya strateji müttəfiqi olan ölkə ilə (Ermənistanla - ”YM") müharibə vəziyyətində olan bir ölkəyə (Azərbaycana - “YM”) o, ən müasir silahlar satır. Hələ üstəlik, bizi qınayırlar ki, niyə bu məsələ ilə bağlı hay-küy qaldırırıq, axı bu, sadəcə, bir biznesdir!"

Məqalədə ardınca qeyd edilir ki, paralel surətdə Kreml KİV-ləri “məxməri inqilab”a və Nikol Paşinyana çamur atmaqda davam edir. “Üstəgəl, bugünlərdə Moskvada Azərbaycan siyasətçilərindən ibarət böyük nümayəndə heyəti səfərdə olub. Artıq açıq şəkildə iki ölkə arasında münasibətlərin ”təzədən format edilməsi"ndən danışılır. Bəs kimin hesabına bu, baş verəcək? Şübhə var ki, məhz Ermənistanın və “artsax”ın hesabına. İstisna deyil ki, biz bu tandem tərəfindən xalqımıza qarşı yeni “təcavüzün” şahidi olacağıq (dırnaqlar bizimdir - “YM”). Biz buna hazır olmalıyıq", - deyə müəllif panik şəkildə əlavə edib.

Bu şərhdən də göründüyü kimi, Ermənistanın 1 nömrəli müttəfiqi Rusiya ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafı İrəvanda güclü qıcıq yaratmaqdadır. Yəqin düşmən ölkədə hələ də gözləyirlər ki, Azərbaycanın əsas müttəfiqi Türkiyə işğalçı ölkə ilə sərhədləri bağladığı kimi, Rusiya da Ermənistanın 1 nömrəli müttəfiq olaraq, Azərbaycanla sərhədləri bağlamalıdır. Daha unudurlar ki, Rusiya ilə strateji müttəfiqliyi ermənilər özləri, könüllü şəkildə seçiblər və ən əsası, işğalçı olan Ermənistandır, Azərbaycan yox. Bu mənada daha məntiqli o olar və beynəlxalq hüquqa da düz gələr ki, Rusiya Azərbaycanla deyil, təcavüzkar ölkə ilə əlaqələri kəssin...
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.