XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » İrəvan Qarabağın işğalını legitimləşdirə bilməyəcək... - GƏLİŞMƏ

İrəvan Qarabağın işğalını legitimləşdirə bilməyəcək... - GƏLİŞMƏ

İrəvan Qarabağın işğalını legitimləşdirə bilməyəcək... - GƏLİŞMƏ
27-11-2019, 11:30

Ermənistanın baş naziri Nikol Paşinyan da, deyəsən, nifrət etdiyi sələfləri kimi, möcüzələrə inanır. İnqilab öncəsi verdiyi vədləri unudan Paşinyan belə görünür, ac-yalavac erməni xalqının başını qatmaq, diqqətini məşğul eləmək üçün yenə “Türkiyə mövzusu”na, digər ənənəvi və çeynənmiş mövzulara ehtiyac duyub.

“Suriyadakı türk istilası bizi narahat edir. Biz onu qınadıq”. Bu sözləri o, İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində deyib (Publika.az). Türkiyənin “Barış pınarı” antiterror əməliyyatını “işğal” adlandıran Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət Suriyadakı türk ordusunun yenidən Türkiyə ərazisinə qaytarılması üçün hərəkətə keçməlidir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasından danışan erməni baş nazir qeyd edib ki, bu addım onlar üçün çox əhəmiyyətlidir. Sitat: “Bu qərar mümkün gələcək soyqırımıların qarşısını almağa kömək edir. Bundan əlavə, bu tip qərar bölgəmizdəki atmosferi dəyişdirir. ”Soyqırımı"ndan bir əsrdən çox keçməsinə baxmayaraq, Türkiyə hələ də ermənilər tərəfindən mümkün təhlükə kimi qəbul olunur. Və 30 ilə yaxındır ki, sərhədimiz biz deyil, Türkiyə tərəfindən bağlanıb. Ermənistan tərəfi açıqdır".

Jurnalistin “Ankara ilə diplomatik münasibətlər bərpa edilə bilərmi” sualına Paşinyan belə cavab verib: “Biz daha əvvəl də demişdik, yenə təkrar edirəm ki, heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə hazırıq. ”Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasını Türkiyə ilə münasibətlərimiz üçün şərt hesab etmirik. Bu, onlarla münasibətlərimizlə deyil, dediyim kimi, qlobal soyqırımların qarşısının alınması ilə bağlıdır".

*****

Beləcə, Ermənistanın rəsmi dairələri Azərbaycan kimi, qardaş Türkiyəyə münasibətdə də həyasız bəyanatlar və açıqlamalar verməkdə, Ankaranı cümlə cinayətlərdə suçlu çıxarmaqda davam edirlər. Özləri on illərdir işğalçı siyasət apardıqları, türklərə, azərbaycanlılara qarşı soyqırım törətdikləri halda (Xocalı) başqalarını təcavüzkarlıqda və mifik “genosid”də ittiham edirlər.

Belə çıxır, “əzabkeş xalq” Türkiyə tərəfdən “soyqırım”a məruz qaldığı üçün başqa əraziləri işğal edə bilər, amma qardaş ölkə öz sərhədi boyu terrorçuları zərərsizləşdirə bilməz?

Paşinyanın son açıqlamasında ən absurd məqam da elə odur ki, qonşu Azərbaycanın 20% ərazisini illərdir işğal altında saxlayan bir ölkənin - Ermənistanın rəhbəri Türkiyəni işğalçılıqda ittiham edir, beynəlxalq birliyi Türk ordusunun öz ölkəsinin daxilinə çəkməyə məcbur etməyə çağırır. Yəni Türkiyəyə təzyiqə, sanksiya tətbiqinə səsləyir.

Burada deyiblər, “Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”. Pardon, bəs Ermənistan on illərdir zəbt elədiyi Azərbaycan torpaqlarından nə vaxt çəkiləcək?..

*****

Türkiyənin Suriyaya antiterror əməliyyatı aparmaq üçün, həm də müvəqqəti girdiyi məlumdur. BMT Təhlükəsizlik Şurasının (TŞ) da bununla bağlı hansısa qətnaməsi yoxdur. Ermənistanla, Dağlıq Qarabağla bağlı isə 4 qətnamə var. Paşinyan öncə qoy bu sənədlərin niyə 26 ildir yerinə yetirilməməsindən danışsın, sonra Türkiyəni həm də sərhədləri qapalı saxladığına görə ittiham eləsin, onu işğalçı, istilaçı damğası vurmağa çalışsın.

Ən qəribəsi də odur ki, Paşinyan sələfləri kimi, Türkiyəni həm də işğalçılıqda, soyqırımda suçlayır, həm də ardınca abırsızcasına “Türkiyə ilə sərhədlərin qeyd-şərtsiz açılmasına hazırıq” deyir. Köhnə bayatıdır. Ankara da artıq çoxdan bunun mümkünsüzlüyünü bəyan edib və sərhədlərin açılması üçün 2 ədalətli şərt irəli sürüb: 1. Erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması; 2. Saxta soyqırım iddiasından imtina.

Düzdür, Paşinyan iddia edir ki, sərhədlərin açılması üçün İrəvan Türkiyənin “genosid”i tanımasında israr eləmir. Demək, qalır Qarabağ şərti. Aydındır ki, Ermənistan Qarabağ problemi, işğal faktı dura-dura Türkiyə ilə sərhədlərin açılmasından ilk növbədə öz iqtisadi potensialını artırmaq, daxili sosial durumu yaxşılaşdırmaq, blokadadan çıxmaq, qısası, güclənmək niyyəti güdür. O halda, onun Qarabağ məsələsində konstruktiv mövqe tutacağına kim zəmanət verə bilər?

Məsələ də ondadır ki, Ermənistanda “məxməri inqilab”dan sonra guya demokratik idarəçilik bərqərar olsa da, işğalçı ölkənin iqtisadi göstəriciləri yaxşılaşmayıb, ölkədən kütləvi köç davam edir, borclanma artır. Çünki blokada rejimi, sərhədlərin bağlı olması, təbii resursların kasadlığı, Azərbaycanla silahlanma yarışında ayaqlaşma zərurəti, xarici sərmayədarların işğalçı ölkəyə maraq göstərməməsi, nəhayət, Qarabağ məsələsinə görə Rusiyadan total asılılıq Ermənistanı inkişafdan saxlayır.

*****

“Ermənistan daim beynəlxalq hüquqa istinad etməyə cəhd göstərib Azərbaycanın ünvanına tənqidlər söyləyir, gəl ki, qonşu respublikanın ərazisinin işğalı faktı bu mövqeyi ciddi şəkildə sarsıdır. Erməni diplomatiyasının Türkiyə və Azərbaycanla münasibətlərdəki böhranı aradan qaldırmaq bacarığının olmaması ondan xəbər verir ki, xarici siyasətdəki indiki paradiqma artıq köhnəlib”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni siyasi şərhçi Mamikon Babayanın “Vestnik Kavkaza”dakı müəllif məqaləsində yazıb.

Babayanın sözlərinə görə, erməni siyasi elitasının xaricə intensivləşən səfərləri ilk növbədə Ermənistanın az cəlbedici iqtisadiyyatına maliyyə resursları cəlb eləməyə yönəlib: “Hansı iqtisadiyyatın inkişafına ki, ölkənin yarım-blokada vəziyyəti ilı yanaşı, həm də biznes sahəsində bərabər şərtlərin olmaması, korrupsiyanın yüksək səviyyəsi və yerlərdəki qohumbazlıq da mane olur”.

Məqalədə həmçinin deyilir: “Nikol Paşinyanın Avropaya səfərlərində hədəflərindən biri də orada yaşayan ermənilərə lokal erməni separatizmini dəstəkləməyin vacibliyini təlqin eləməkdir. Halbuki müasir xarici ermənilik ”azadlıq mübarizə"sində iştirakın vacibliyinə elə də həvəslə inanmır və Cənubi Qafqazdakı Azərbaycan dövlətçiliyini öz düşməni qismində görmür".

Müəllifə görə, Paşinyanın son Milan səfərinin gedişində erməni siyasi elitası növbəti dəfə Qarabağ müharibəsi zamanı törədilən hərbi cinayətlərə görə məsuliyyətdən qaçmağa cəhd edib. “Xocalıdakı faciəvi hadisələrlə bağlı xarici ictimaiyyətini çaşdırmaqla Paşinyan Qarabağa hərbi təcavüzə görə erməni tərəfinin məsuliyyətini heçə endirməyə, işğalçı rejimi qanuni və cəlbedici göstərməyə çalışır. Ancaq Ermənistan hakimiyyəti işğalı legitimləşdirə bilməyəcək...”

Kaş ki, erməni şərhçinin bu xəbərdarlığı toplum olaraq, ermənilərin hamısının şüuruna hakim kəsiləydi. Həm də tezliklə. Çünki erməni xalqının xoşbəxtliyi hər şeydən öncə bu etirafdan, yad torpaqları işğalda saxlamağın ən əvvəl özlərinə fəlakət gətirdiyinin dərkindən keçir...
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.