XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Kremlin Qarabağ klanına stavka etməsinin tək səbəbi - işğalçı hərbi seçir?

Kremlin Qarabağ klanına stavka etməsinin tək səbəbi - işğalçı hərbi seçir?

Kremlin Qarabağ klanına stavka etməsinin tək səbəbi - işğalçı hərbi seçir?
27-03-2017, 09:23

Ermənistanda 2 aprel parlament seçkilərinə sayılı günlər qalır. Gözlənildiyi kimi, səsvermə günü yaxınlaşdıqca işğalçı ölkədə siyasi ehtiraslar daha da qızışır, rəqib qüvvələr və namizədlər arasında qarşılıqlı ittiham və hədələr, kompromat savaşı güclənir, hətta silah səsləri eşidilir. Hakimiyyət isə öz növbəsində ölkədə repressiya ab-havasını gücləndirməkdədir. Bu da səbəbsiz deyil.

Əvvəla, budəfəki parlament seçkiləri əvvəlkilərdən prinsipial və mahiyyət etibarilə fərqlənir. Çünki məhz bu seçkilərdən sonra Ermənistan parlamentli üsul-idarəyə keçəcək. Yəni ölkənin ictimai-siyasi həyatında yeni parlamentin rolu önə keçəcək. Odur ki, əsas siyasi qüvvələr, həmçinin terroru rəqabət vasitəsi sayan qüvvələr nəyin bahasına olur-olsun, növbəti qanunverici orqanda təmsil olunmağa çalışır. Seçkiöncəsi atmosferin kəskinləşməsinin mühüm bir motivi sözsüz ki, budur.

İkinci səbəb 20 ilə yaxındır Ermənistanda hakimiyyəti zəbt eləmiş və Rusiyapərəst mövqeyi ilə tanınan Qarabağ klanı ilə mötədil qərbyönlü kursu da mümkün sayan yerli Ermənistan klanı arasında rəqabətin pik həddə çatması ilə əlaqədardır. Sirr deyil ki, Qarabağ konfliktinin bu günədək həll olunmamış qalmasının əsas səbəbi Qarabağdan olan “səhra komandirləri”nin 19 ildir Ermənistanda hakimiyyəti öz nəzarətində saxlamasıdır..

2 aprel seçkilərinin keçən ilki 4 günlük müharibənin ildönümü gününə təsadüf eləməsi də seçkilərə və siyasi rəqabətə özünün məxsusi möhürünü vurmaqdadır. Erməni cəmiyyətində yaşanan gərginlik seçkilərlə yanaşı, şübhə yox ki, həm də bu faktordan qaynaqlanır. Yəni cəmiyyətdə təlaş var ki, Azərbaycan aprel seçkiləri ilə Ermənistanın daxilən daha zəif və parçalanmış duruma düşməsindən faydalana və ötən ilki aprel hərbi uğurunu daha geniş miqyasda təkrarlaya bilər.
Belə bir təlaş üçün əsaslar ciddidir. Hər halda, proqnozlar və müşahidələr Ermənistanda “müharibə partiyası”nın bu dəfə də parlamentdə üstünlük təşkil edəcəyini göstərir - legitim və ya qeyri-legitim yolla, bu, artıq önəmli deyil. Belə olacağı təqdirdə isə, əlbəttə ki, erməni xalqının iztirabları, iqtisadi və başqa sıxıntıları ilə birgə, müharibə riskləri də artmış olacaq.

***

“Köçəryan-Sərkisyan hakimiyyəti dövründə Ermənistan və işğal altında saxladıqları Qarabağ əhalisinin iqtisadi və sosial vəziyyəti ağırlaşıb. Ermənistanda kütləvi narazılıq var. Parlament seçkisi yaxınlaşdıqca güllə səslərinin və həbslərin sayı artır”.

Bu fikri politoloq Elxan Şahinoğlu Ermənistandakı seçkiönəsi durumu və baş verən son prosesləri təhlil edərkən deyib. Onun sözlərinə görə, işğalçı ölkədə hakimiyyət uğrunda siyasi mübarizə ilə yanaşı, klanlararası mübarizə də gedir.
“Vaxtilə Ermənistanda doğulan siyasətçilər Qarabağdan gələnləri sevməsələr də, onların artan rolunu qəbul etmək məcburiyyətində qaldılar. Buna görə də 2 aprel seçkisində mübarizənin yenə də Ermənistan və Qarabağ klanı arasında gedəcəyini söyləmək mümkündür”, - deyə ekspert ehtimal edib.

Lakin o hesab edir ki, Ermənistan əbədi olaraq, Qarabağ klanının şıltaqlıqlarına görə kasıbçılıq içində, miqrasiya girdabında, müharibə qorxusu altında yaşamaq istəmir.

“Qarabağdan Ermənistana gətirilən əsgər meyitləri də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Füzulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amillər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir. Ancaq Qarabağ klanı, başda Serj Sərkisyan olmaqla, əlindən gələn hər şeyi edəcək ki, iqtidar ”yadların" nəzarətinə keçməsin" - politoloq bildirib.

Buna baxmayaraq, o, Ermənistan klanının asanlıqla təslim olacağını da düşünmür: “Seçkidən bir gün sonra İrəvanda, Ermənistanın digər şəhərlərində kütləvi etirazların baş qaldıracağı istisna olunmur, silah səsləri də eşidiləcək”.

Ekspert Kremlin Ermənistandakı klanlararası mübarizədə kimə üstünlük verdiyinə də münasibət bildirib: “Rusiya Qarabağ klanını dəstəkləyir. Ermənistan klanı Rusiya ilə yanaşı, Qərblə də yaxınlaşma tərəfdarıdır. Bu faktor isə Kremli qorxudur. Ona görə Moskva Levon Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa, Serj Sərkisyan-Karen Karapetyan cütlüyünə üstünlük verəcək. Kremldə hər ikisini yaxşı tanıyırlar, Rusiyanın bütün istəklərini yerinə yetirirlər, digərlərinin isə Moskvanın əmrlərini yerinə yetirəcəyinə təminat yoxdur. Öz növbəsində Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır”.

***

Məsələ də ondadır ki, Sərkisyan rejimi seçkilərə məhz Kremlə arxayınçılıqla, ondan “dobro” alıbmış kimi gedir. Seçki ərəfəsində radikal (hərbi) müxalifət liderlərindən olan Samvel Babayanın həbsi bu qənaəti daha da gücləndirir. Bu həbs həm də siyasi rəqiblərə və xalqa aydın bir mesajdır ki, seçkisonrası bütün kataklizmlər zamanı hakimiyyət ən radikal vasitələrə belə əl atmaqdan çəkinməyəcək. Hakim rejim qorxutmaqla bahəm, eyni zamanda qorxur.

Prezident Serj Sərkisyanın seçki ərəfəsində - srağagün yenidən işğal altındakı Dağlıq Qarabağa baş çəkməsi həm də daxili təlaşın təzahürü hesab edilə bilər.

Beləliklə, 2 aprellə bağlı bir mühüm gözlənti erməni seçicilərinin “müharibə partiyası”nı dəstəkləyib-dəstəkləməməsi ilə birbaşa bağlıdır. Bu, “hərb, yoxsa sülh yolu” dilemmasına da cavab olacaq. İkinci mühüm gözlənti seçkisonrası siyasi kolliziyaların nələrlə sonuclanacağı ilə ilgilidir. İstənilən halda Ermənistan kritik bir həftəyə girib və bu durum Azərbaycan üçün işğal altındakı ərazilər məsələsində hərbi və diplomatik xarakterli yeni fürsət(lər) də aça bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.