SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İrəvanın xain planı puç oldu - Bakı yeni silahlar alır

İrəvanın xain planı puç oldu - Bakı yeni silahlar alır

Tarix:

26-08-2017, 11:12

/ 86 437 dəfə oxundu.
İrəvanın xain planı puç oldu - Bakı yeni silahlar alır

Azərbaycanın silahlanma məsələsinə Ermənistanın həmişə böyük həssaslıqla yanaşdığı sirr deyil. Düşmən ölkə öncəliklə də Bakının Rusiya və İsraillə hərbi, hərbi-texniki sahədə əməkdaşlığının davam etməsindən daim təlaş keçirir. Motiv aydındır. Çünki söhbət öncəliklə İrəvanın əsas müttəfiqi Rusiyadan gedir. Eyni zamanda dünyanın iki qabaqcıl silah satıcısı sayılan Rusiya və İsraillin Azərbaycanı hərbi cəhətcə gücləndirməsindən gedir - təbii ki, kommersiya maraqları qarşılığında.

Başqa yandan, işğalçı tərəf müasir silah sistemlərinə yiyələnmək, Azərbaycanla silahlanma yarışına qoşulmaq üçün yetərli maliyyə resurslarına malik deyil. Hətta bu cür imkanlar olsa belə, Ermənistanın ağası Rusiya buna isti baxmaz. Üstəlik, Azərbaycan Rusiyanın özünün də əsas silah alıcılarından biridir. Elə bu günlərdə Rusiya hərbi qaynaqları məlumat yaydı ki, Bakı bu ölkədən növbəti partiya modern döyüş sistemləri almağa əsas namizədlərdən biridir.

***

Təbii ki, Azərbaycan bu silahları vitrinə qoymaq üçün almır. Doğrudur, müharibə üçün, uğurlu (lokal) hərbi əməliyyatlar üçün zəruri siyasi, regional şərtlər, ələlxüsus da Rusiya faktorunu neytrallaşdırmaq məsələsi var. Ancaq Azərbaycanın quruca hərbi üstünlüyünün özü belə, Ermənistan üzərində, danışıqlar prosesində psixoloji üstünlük deməkdir.

Düşmən bunu yaxşı bilir və o üzdən haqqına narahatdır. Hər necə olmasa, enində-sonunda Qarabağ məsələsi güclünün xeyrinə çözüləcək. İsrail və Rusiya ilə hərbi əməkdaşlıq isə istər-istəməz bu iki dövlətin Azərbaycanla siyasi münasibətlərinə də pozitiv elementlər gətirə bilən reallıqdır. Bakının xüsusən də İsrail dövləti ilə son illər güclənən strateji tərəfdaşlığı paralel surətdə güclü beynəlxalq yəhudi lobbisinin Azərbaycana artan simpatiyası deməkdir.

Bu və digər səbəblərdən son zamanlar Ermənistan, erməni lobbisi Bakı ilə yəhudi dövlətinin arasını vurmaq üçün az qala bütün resurslarını, təbliğat və əks-təbliğat rıçaqlarını, dezinformasiya üsullarını işə salıb. Azərbaycan əleyhinə bəzi aztirajlı İsrail KİV-lərinə son vaxtlar dərc edilən məqalələr, o sırada keçən ilki aprel döyüşlərində israilli zabitlərin Azərbaycana kömək eləməsi haqda iddialar bu qəbildəndir. Amma yaxşı ki, İsrail rəsmiləri də durumun yaxşı fərqindədirlər və ermənilərin əlinə heç bir dəlil-sübut verməyiblər. Əksinə.

***

Yeri gəlmişkən, bu arada Azərbaycanın İsraildən yeni nəsil silah almağa hazırlaşdığı haqda informasiya yayılıb. Musavat.com Minval.az-a istinadla bildirir ki, bu haqda News.ru məlumat verib. Belə ki, İsrail KİV-ləri ölkə müdafiə nazirliyinə istinadla xəbər verib ki, silahlı qüvvələrinin sərəncamına “Hermes 900" yeni və modernləşdirilımiş pilotsuz uçan aparatlar (kamikadze-dron - PUA) daxil olub. İsrail mənbələri ”Elbit Systems" şirkətinin hazırladığı bu silahların ilk alıcılarından birinin məhz Azərbaycan olacağını yazıb.

Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına 12 ədəd “Hermes 450" PUA, 2016-cı ildə isə 15 ”Hermes 900" daxil olub. Bu haqda Stokholmdakı Sülh Problemlərinin Tədqiqi İnstitutunun (SİPRİ) keçən il üçün yaydığı hesabatda deyilir. İsrail mənbələrinin bildirdiyinə görə, modernləşdirilmiş “Hermes 900" daha üstün hərbi göstəricilərə malikdir. Belə ki, bu PUA ilə işləmiş yəhudi zabitlərin sözlərinə görə, bundan əvvəlki modifikasiya ilə müqayisədə ”Hermes 900"ün son variantı döyüş imkanları daha genişdir.

Bu silahlar peyk rabitə və optik-elektron müşahidə sistemləri və digər müasir elektron sistemləri və aparatlarla təchiz edilib. Onlar modul konstruksiyaya malikdir ki, bu da onun əsas komponentlərini və sensorlarını operativ dəyişmək imkanı yaradır. Yeni nəsil “Hermes 900"un idarə edilməsi peyk rabitəsi vasitəsi ilə yerdə, idarəetmə məntəqəsindəki operator vasitəsilə həyata keçirilir. Aparat uzaq uçuşludur və müşahidə, havadan patrul nəzarəti və kəşfiyyat işləri üçün nəzərdə tutulub, eyni zamanda zərbə kompleksləri ilə təchiz oluna bilər. O da bildirilir ki, unifikasiya olunmuş ”Hermes 900" eyni dərəcədə uğurla quru sərhədlərinin və dəniz hövzələrinə patrul nəzarətini reallaşdırmaq, 9 km yüksəklikdə uçmaq və 350 kq-a yaxın faydalı yük daşınmaq qabiliyyətinə malikdir.

***

Yada salaq ki, Ermənistan belə PUA-ların önəmini xüsusən də ötən ilin aprelindəki 4 günlük müharibə zamanı görüb. Bu, gerçəkdən də düşmənin qorxulu röyası hesab edilir. İşğalçı ölkə həm də bu üzdən İsrailə Azərbaycan arasında hərbi əməkdaşlığı pozmaq, iki ölkə arasına etimadsızlıq yaratmaq üçün əlindən gələni edir.

Amma belə görünür ki, onun xain planları fiasko olmağa məhkumdur. Bunun bir səbəbi də yəhudi dövlətinin Azərbaycanla bütün sferalar üzrə əlaqələri saxlamaq və inkişaf etdirməkdə maraqlı olmasıdır. Səbəblər artıq ayrı yazının mövzusudur.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ