XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Prezidentlərin növbəti görüşü baş tutmaya bilər

Prezidentlərin növbəti görüşü baş tutmaya bilər

Prezidentlərin növbəti görüşü baş tutmaya bilər
16-08-2017, 10:41

ABŞ-Rusiya konfrontasiyası Qarabağ konfliktinin də dinc yolla həllini qəlizə salacaq; Rusiya nəşri: “Moskvanın problemin həllində maraqlı olmadığı barədə qənaətlər çoxalıb...”

Dağlıq Qarabağda müharibə mövzusu öz aktuallığını saxlayır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin, xüsusən də amerikalı vasitəçi-diplomat Riçard Hoqlandın son nikbin açıqlamalarına rəğmən, konflikt zonasında böyük hərbi toqquşma riski qalır. Bu da ilk növbədə işğalçı Ermənistanın öz havadarlarına güvənərək, özünü hələ də cəzasız və arxayın hiss eləməsi ilə birbaşa bağlıdır.

Xatırladaq ki, ABŞ-dan olan həmsədr “Amerikanın səsi” radiosuna açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin sentyabrında BMT Baş Məclisi çərçivəsində bir araya gəlməsinin mümkünlüyündən danışaraq, həmin görüşdə sülh danışıqlarının irəli aparıla biləcəyinə işarə vurub. Ancaq buna necə nail olmağın yolunu o göstərməyib. Əksinə, R.Hoqland faktiki olaraq, işğalçı Ermənistanın mövqeyinə yaxın mövqe sərgiləyərək bildirib ki, öncə etimad mexanizmi yaradılmalı, yəni snayperləri ön xətdən çəkib atəşkəsə nəzarət üçün təmas xəttinin hər iki tərəfində müşahidə cihazları yerləşdirmək lazımdır.

Bu da elə işğal rejimini cəzasız şəkildə uzatmağa çalışan düşmən tərəfin maraqlarına tam cavab verir. Çünki o halda indiki təmas xətti üstəlik, legitim cəbhə xəttinə çevrilmiş olardı - yəni Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yeni bir arqument qazanardı. Odur ki, rəsmi Bakı çoxdan belə bir təklifi haqlı olaraq rədd edib və birmənalı şəkildə bildirib ki, müşahidə cihazları barədə yalnız İrəvan Qarabağ məsələsində konstruktiv mövqe tutub işğal altındakı əraziləri boşaltmağa başlayanda danışmaq olar.

***

“Amerikalı həmsədrin Dağlıq Qarabağla bağlı fikirlərindən hiss olunur ki, danışıqlar prosesində konkret irəliləyiş yoxdur”. Bu sözləri Hoqlandın Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə toxunması ilə bağlı danışarkən politoloq Elxan Şahinoğlu deyib (axar.az).

Siyasi təhlilçinin fikrincə, hələlik ortada real heç nə yoxdur: “Amerikalı həmsədrin Dağlıq Qarabağla bağlı fikirlərindən hiss olunur ki, danışıqlar prosesində konkret irəliləyiş yoxdur. O, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyi ilə bağlı açıq fikirlər səsləndirməyib. Buna görə də hesab edirəm ki, münaqişənin həllini və yaxın müddətdə prezidentlərin növbəti görüşünü proqnozlaşdırmaq çətindir. Çünki Azərbaycan dövlət başçısının yanaşması bundan ibarətdir ki, imitasiya xatirinə görüşlərə ehtiyac yoxdur”.

Politoloq Rusiya-ABŞ münasibətlərinin hazırkı durumu fonunda Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub: “İki ölkə arasında münasibətlər yaxşı olanda da bu, münaqişənin həllinə müsbət təsir etmədi, iki həmsədr ölkə məsləhətləşib Qarabağ məsələsinin həllini sürətləndirmədi. İndi isə Rusiya-ABŞ münasibətləri daha da korlanıb. Bu baxımdan bu iki dövlətin bir yerdə hansısa münaqişəni həll edəcəyini gözləmək mümkün deyil. Çünki Ukrayna, Suriya və bir çox digər məsələlərlə bağlı fikir ayrılıqları var. Üstəlik, ABŞ-ın Qarabağ məsələsinə dair hansısa təklifləri olsa belə, Rusiya bunun reallaşmasına imkan erməyəcək”.

***

Bu arada Rusiyanın SNQ Seqodnya saytında Qarabağda müharibə riski ilə bağlı analitik məqalə dərc edilib. Musavat.com-un verdiyi məlumata görə, məqalədə deyilir: “Rusiyanın fəal şəkildə iştirak elədiyi Minsk Qrupu azərbaycanlı siyasətçilər tərəfindən tez-tez tənqidə məruz qalır. Onlar hesab edir ki, 20 ildən çox müddətdə bu qurum Qarabağ ətrafındakı situasiyanın nizama salınmasında heç bir sanballı, praktik bir iş görə bilməyib. 2017-ci ilin ortalarından etibarən isə bu tənqidlərə getdikcə daha çox regiondan uzaq olan ölkələr qoşulmaqdadır. Artıq hərbi toqquşmalarla bağlı proqnozlar, ABŞ prezidenti Donald Trampın vəziyyətə müdaxilə etməsi zərurəti, hətta Moskvanın Bakıya təzyiqlərinin səbəblərini araşdırmaq zərurəti barədə bəyanatlar səslənməkdədir”.

Məqalədə daha sonra deyilir: “Xatırladaq ki, fransalı senator, Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini Natali Qule hesab edir ki, ABŞ Azərbaycanı qonşu dövlətin təcavüzündən qorumalıdır. İranın Ali dini lideri, ayətullah Əli Xomeneinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amuli isə məsələdə bir az da uzağa gedərək bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Rusiyaya sərf edir, çünki onun fikrincə, Moskva daim regionda qalmaq üçün konfliktin ”tüstülənməsində" maraqlıdır".

"SNQ Seqodnya" ardınca yazır: “Bu qəbildən fikirlərin məntiqi davamı ABŞ-ın ”The Hill" nəşrində dərc edilmiş Vaşinqtondakı Xarici Siyasət Şurasının baş elmi işçisi, Ordu Kollecinin professoru Stefan Blənkin məqaləsidir. O, vəziyyəti Amerika maraqları nöqteyi-nəzərindən şərh edib. Belə ki, müəllif hesab edir ki, münaqişə tərəfləri silahlanmaqda davam edir - hansı silahları ki, Rusiya onlara verir. Blənk eyni zamanda hərbi toqquşma riskinin mövcud olduğunu bildirir və xüsusi olaraq bunu vurğulayır ki, Kreml Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması üçün Bakıya təzyiq edir. Amerikalı əməkdaş bundan əlavə, hesab edir ki, Qarabağda hərbi toqquşmanın qarşısının alınması ABŞ üçün olduqca vacibdir. Onun fikrincə, Birləşmiş Ştatlar münaqişənin həllində aktiv vasitəçi olmalıdır. Qeyd edir ki, Azərbaycandan Avropa Birliyi ölkələrinə stabil karbohidrogen axınını dəstəkləmək də Vaşinqtonun marağındadır. Blənkə görə, uğurlu demokratikləşmə üçün Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ABŞ üçün vacibdir. “Azərbaycanla yanaşı, bu Gürcüstana da aiddir” - amerikalı analitik deyib".

***

Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində, xüsusən də şimaldan gələn təhdidlərə uğurlu dirəniş göstərilməsində sözsüz ki, Türkiyə amili də mühüm önəm daşıyır. Sevindiricidir ki, son illər iki qardaş ölkə arasında bütün sferalarda, o cümlədən hərbi əməkdaşlıq və hərbi müttəfiqlik sahəsində inteqrasiya güclənib. Hərbi əməkdaşlıq xüsusən də Naxçıvanın müdafiəsi məsələsində özünü göstərməkdədir.

Azərbaycan ordusu qardaş ölkə ilə həm də vaxtaşırı ortaq hərbi təlimlər keçirir, öz döyüş təcrübəsini artırır. Bundan başqa, Türkiyədən modern silahlar alırıq. Naxçıvanda yerləşdirilmiş və İrəvanı asanca hədəf almaq imkanında olan “Qasırğa” raket kompleksi bu qəbildəndir.

Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi işğalçı ölkəni ən çox narahat edən amillərdəndir. Ermənilər bu müttəfiqliyə hətta həsəd aparmağa başlayıblar.

“Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə Azərbaycana satır”. Bu sözləri Türkiyənin Azərbaycanı silahlandırması mövzusunu şərh edərkən “Azadlıq” radiosunun erməni xidmətinə Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan deyib.

“Türkiyə hələ çoxdan bəyan edib ki, onlar bir millət, iki dövlətdir. Bu mənada hər hansı dövlətin Ermənistanla belə yaxın olacağını gözləmək şişirtmə olardı” deyən Şavarş Köçəryan etiraf edib ki, Azərbaycanın Türkiyəsi olduğu kimi, Ermənistanın bu cür müttəfiqi yoxdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.