SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi - 13 il oldu

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi - 13 il oldu

Tarix:

14-08-2017, 15:30

/ 78 953 dəfə oxundu.
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi - 13 il oldu

Bu gün Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı - UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsinin 13 ili tamam olur.
Həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir.
M. Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə layiq görülüb.
Şübhəsiz, M. Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır.
Fond mütəmadi olaraq Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn tədbirlər həyata keçirir. Məsələn, hər il Fondun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar dünya musiqisinin ən möhtəşəm nümunələrini dinləməklə yanaşı, Azərbaycan musiqisinin gözəl inciləri ilə də tanış olur, xalqımızın musiqi mədəniyyəti barədə aydın təsəvvür əldə edirlər. Həmçinin Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən keçirilən respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğamımızı dünyaya tanıdıb.
Heydər Əliyev Fondunun prezidenti M. Əliyevanın təşkilatçılıq bacarığı sayəsində nüfuzlu "Eurovision-2012” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə təşkil edilib. Bakıda keçirilən bu tədbir müasir musiqi mədəniyyətimizin və müsabiqənin tarixinə parlaq səhifə kimi daxil olub.
Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib.
Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələr xüsusi yer tutur. Ölkəmizin UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq hazırda çox yüksək səviyyədədir.
UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əlaqələrinə və dünya mədəniyyətinə töhfələrini yüksək qiymətləndirib.
Bir sözlə, Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Məhz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Məhəmməd Füzulinin 500 illik, Kitabi-Dədə Qorqud dastanın 1300 illik, "Leyli və Məcnun” operasının ilk tamaşasının, dünya şöhrətli alim akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.
Mehriban Əliyevanın UNESCO-nun mənzil-qərargahında xoşməramlı səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, UNESCO-nun dünya mədəniyyətinin inkişafında rolu, təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanır. Fondun prezidenti həmin tədbirlərdə diqqəti həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, UNESCO-nun mötəbər tribunasından Azərbaycan həqiqətlərinin çatdırılması üçün bacarıqla istifadə edir

Şərhlər

XƏBƏR LENTİ