Dövlət başçısı: Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəklərini bildirib.
Dövlət başçısı bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib.
Prezident ekipaj üzvlərinin, xüsusilə də pilotların peşəkarlığını vurğulayıb:
"Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər".
Dövlət başçısı qeyd edib ki, ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər:
"Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi".
İ.Əliyev vurğulayıb ki, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib:
"Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür".
Prezident söyləyib ki, həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir:
"Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır