XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Rusiya təklənir, İrəvan səksənir, Bakıya şans qapısı açılır

Rusiya təklənir, İrəvan səksənir, Bakıya şans qapısı açılır

Rusiya təklənir, İrəvan səksənir, Bakıya şans qapısı açılır
5-08-2017, 09:40

Qərbin yeni Qafqaz strategiyası: kimə uduş, kimə fiasko...; Ermənistan işğal sponsorunun aqibətini bölüşmək istəmir, ancaq mümkünmü?; Azərbaycanın isə Qərb üçün dəyəri artır, çünki...; ekspert: “Ox artıq yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb...”
Dünya gündəminin 1 nömrəli mövzusu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul eləməsi və onun dərhal prezident D.Tramp tərəfindən imzalanmasıdır. Siyasi təhlilçilər, hətta Rusiyanın baş naziri Dmitri Medvedyev etiraf edirlər ki, bu, SSRİ-nin çöküşündən üzü bəri Moskvaya qarşı ən sərt sanksiyalar paketidir.
Medvedyev qanunu ən əvvəl Rusiyaya qarşı iqtisadi müharibə elan eləmək kimi qiymətləndirib. Onu da təəssüflə bildirib ki, bu sanksiyalar vaxtilə ABŞ Konqresi tərəfindən SSRİ əleyhinə qəbul edilmiş (Sovet İttifaqının süqutunu tezləşdirmiş - A.X.) Cekson-Venik düzəlişinin oxşarıdır. Yəni bundan sonra ABŞ-da kimin prezident olmasından asılı olmayaraq həmin sanksiyalar qanununu ləğv eləmək çox çətin olacaq, faktiki surətdə mümkün olmayacaq.
Beləcə, Vaşinqton-Moskva münasibətləri uzun müddətə pozulmuş sayıla bilər. Ekspert dairələri və geosiyasət adamları da vəziyyətin kritikliyinin fərqindədir və həm dünya, həm də region, o cümlədən postsovet məkanı üçün yeni situasiyanın nələr vəd etdiyini hesablamağa çalışırlar.
“ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar Rusiyanın artilleriya damarı olan neft və qaz sənayesinə güclü zərbə vuracaq”. Bu fikri axar.az -a açıqlamasında politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də Abxaziyaya səfəri ABŞ-ın sanksiyalarına qarşı cavab reaksiyasıdır.
“Yəqin ki, Putin Abxaziyada nəinki ABŞ-la, eyni zamanda bölgə ilə bağlı sərt mövqeyini ortaya qoyacaq. Moskva tərəfindən ən ağrılı qarşılanan məsələ Rusiyaya yönəlik sanksiyalardır. Yeni sanksiyalar əhatəliliyi ilə fərqlənir. Faktiki olaraq Rusiyanın bir çox, xüsusən də ciddi valyuta gətirən neft və qazçıxarma sahələrindəki planlarına ciddi zərbə dəyəcək. Rusiya Arktikada ABŞ-a məxsus müasir texnologiyaların köməyi ilə geoloji kəşfiyyat işləri aparır. İndi həmin şirkətlərin fəaliyyətinə qadağa qoyulacaq. Hətta ”Türk axını" layihəsi də həyata keçməyə bilər", - deyə politoloq qeyd edib.
Ekspertin qənaətincə, Vaşinqtonun güddüyü əsas hədəflərdən biri də odur ki, Rusiya ya Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəql edəcək, ya da Avropa bazarına Azərbaycan, Əlcəzair və lazım gəlsə, İsrail qazı çıxarılacaq: “Sıxılmış qaz ehtiyatlarını isə ABŞ özü daha çox istehsal edir və bu da Avropa bazarlarına kifayət edir. Belə görünür, bu sanksiyalar Rusiyanın artilleriya damarı olan neft və qaz sənayesinə güclü zərbə vuracaq”.
Sabiq dövlət müşaviri digər yandan, Rusiyanın cəmi 100 kilometrliyində NATO-nun hərbi təlimlər keçirməsi və bu təlimlərdə bir çox alyans ölkələrinin hərbi qüvvələrinin iştirak etməsini Kremlə qarşı ciddi təhdid sayır: “Diqqəti çəkən bir məqam isə nə qədər gülməli görünsə belə, təlimlərdə KTMT-nin üzvü olan Ermənistanın da məhdud saylı hərbi kontingentlə iştirakıdır. Belə təsəvvür yaranır ki, ya İrəvan Moskvaya meydan oxuyur, ya da Rusiyanın razılığı ilə təlimlərə kəşfiyyatçı kimi göndərilib. Hər halda, Cənubi Qafqazda NATO və ABŞ-ın daha da fəallaşdığının şahidi olmaqdayıq. Xüsusən də ABŞ-ın Gürcüstanın simasında göstərdiyi fəallıq və dəstək zənnimcə, çox şirnikləndiricidir və çox güman ki, region ölkələri bu vədə xüsusi diqqət yetirəcək. Açığı, Rusiyanı bütün sərhədləri boyu mühasirəyə almağı hədəfləyən ABŞ Cənubi Qafqazda fəallığını bundan sonra da artıracaq. Çünki ABŞ-ın strategiyasında Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılmaq, burada öz təsirini bərqərar etmək ön planda durur”.
Qabil Hüseynli hazırda Rusiyanın NATO ölkələri və ABŞ üçün bir nömrəli düşmən hesab edildiyini də deyib: “ABŞ-ın Rusiyanı öz qabığına çəkilməyə vadar etmək istəməsi ciddi düşünülmüş bir strategiyadır. Bu strategiya artıq sanksiyalarla işə düşüb. Ox yaydan çıxıb, Rusiyanın çökdürülməsi prosesinə başlanılıb. ABŞ Rusiyanı Yeltsin dövrünə qaytarmaq istəyir. İstisna deyil ki, buna maraqlı olan dövlətlər içərisində Çin də var. Çin Uzaq Şərqə olan böyük iddialarını gizlətmir. Bir sözlə, Rusiya təklənib və bu cür təcrid vəziyyətində Rusiyanın Gürcüstan və ya regionun başqa bir ölkəsinə qarşı müəyyən xoşagəlməz niyyətlərini həyata keçirmə imkanı yox dərəcəsindədir”.
*****
Rusiyanın təklənməsinə və çökdürülməsinə kurs götürülməsi sözsüz ki, Güney Qafqazda da yeni bir situasiya demək olacaq. Güney Qafqaz dedikdə isə göz önünə ilk növbədə Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Ermənistan münaqişəsi, müharibə vəziyyətində olan bu iki ölkə gəlir.
Şəksiz ki, Rusiyanın təklənməsinin bölgədə ən çox satellit Ermənistana, deməli, həm də Qarabağ məsələsinə təsiri olacaq. Ona görə ki, Kreml Dağlıq Qarabağ konfliktinin nizamlanması önündə əsas maneə, işğalçının əsas sponsoru olaraq qalır. İrəvanı ürküdən, narahat edən, alternativ çıxış yolu aramağa vadar edən əsas motiv də elə budur.
Son vaxtlar Ermənistanın altdan-altdan Qərbə yaxınlaşmağın mümkünlüyü barədə xəfif siqnallar verməsinin, ard-arda NATO təlimlərinə qatılmasının, noyabrda isə Avropa Birliyi ilə anlaşma sazişi imzalamağa hazırlaşmasının qayəsində də, bizcə, bu imperativ dayanır: fors-major vəziyyətdə tez Rusiyanı satıb, Qərbi qazanmaq.
Ancaq Moskva buna imkan verərmi? Məsələ həm də bundadır, çünki Rusiya nə qədər təklənib zəifləsə belə, Ermənistanın ona qarşı duruş gətirməsi mümkün deyil, sonuncunu cəzalandırmağa Kremlin vaxtı və imkanı çatar. Üstəlik, Rusiyanın bölgədə yeganə legitim hərbi bazası məhz Gümrüdə, Ermənistandadır. Moskva istəsə, İrəvanı Qarabağ məsələsi ilə - Azərbaycan vasitəsi ilə də cəzalandırar. Əslində Rusiyanın təklənməsi və başının özünə qarışması Bakıya onsuz da belə bir fürsəti yaradır.

*****
O da var ki, Moskvanın təklənməsi paralel surətdə Qərblə münasibətləri sərinləmiş Türkiyəyə Rusiyanın ehtiyacını artıracaq - bütün sferalarda: siyasi-diplomatik, iqtisadi-ticari, humanitar, hətta hərbi (S-400 raket kompleksləri ilə bağlı anlaşma buna sübutdur. Unutmayaq ki, Türkiyə indiyədək Rusiya əleyhinə sanksiyaların heç birinə qoşulmayıb).
Bu kimi gəlişmələr isə Güney Qafqaz bölgəsində Ankara ilə Moskvanın ortaq diplomatiya yürütməsi, Moskva-Ankara-Bakı üçbucağının real məzmun alması üçün təzə imkanlar aça bilər. Söhbət öncəliklə Dağlıq Qarabağ probleminin həllindən gedir. Ermənistan həm də bundan yana narahatdır.
Yəni İrəvan bir yandan, Rusiya timsalında 1 nömrəli müttəfiqinin Qərbin, ABŞ-ın qəzəbinə gəlməsinə görə səksəkə içindədirsə, - çünki bu halda əsas havadarının zəifləməsi və çökməsi onun arxasız qalması deməkdir, - digər yandan, regionda Türkiyə amili və Ankara-Moskva tandeminin güclənməsinə görə təlaşdadır.

"YM"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.