SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İranda prezidentliyə namizədlərdən ən şanslısı kimdir? - TƏHLİL

İranda prezidentliyə namizədlərdən ən şanslısı kimdir? - TƏHLİL

Tarix:

10-06-2024, 16:27

/ 523 dəfə oxundu.
İranda prezidentliyə namizədlərdən ən şanslısı kimdir? - TƏHLİL

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması İranın siyasi həyatına yeni narahatlıq gətirib. HƏMAS-İsrail cəbhəsində savaşın davam etməsi, Suriyada, İraqda gərginlik, iqtisadi vəziyyətin ağırlığı, xarici sərmayənin azlığı, iqtisadiyyatın daha çox Çindən asılı hala düşməsi, ölkədə sosial vəziyyətin gərginliyi, hakimiyyətdaxili ziddiyyətlərin artması və başqa bu kimi problemlər fonunda İranda növbədənkənar və çox əhəmiyyətli siyasi kampaniya - prezident seçkisi keçiriləcək.
Bu tədbirlə hakimiyyət həm də özünü sınaqdan çıxarır. Çünki siyasi kampaniyada seçici fəallığı cəmiyyətin hakimiyyətə münasibətinin göstəricisi sayılır. Başqa sözlə, bu aksiyanı iqtidar keçirir, fəallığın dərəcəsi cəmiyyətin onun çağırışına münasibətinin göstəricisi də sayıla bilər. Əslində, hakimiyyətin o fəallığa heç ehtiyacı da yoxdur. Çünki İranda 20 milyona yaxın İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) döyüşçüsü və onun yarım-hərbi-könüllü dəstəsi sayılan bəsici var. Dövlət məmuru, polis və başqa bu kimi qüvvələri də əlavə etsək, onların ümumi sayı 30 milyon seçiciyə çatar. Bu baxımdan, Tehran seçkinin taleyini əlində olan bu elektoratla da həll edə bilər. Ancaq o da demokratik seçki keçirməklə legitim olduğunu nümayiş etdirmək istəyir və s.
İyunun 9-da prezidentliyə namizədlərin adları açıqlanıb. Məlumata görə, Nəzarət Şurası İran parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İslam Respublikasının Təhlükəsizlik Şurasında ali rəhbər ayətullah Seyid Əli Xaməneinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi, parlament sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə-Haşimi və parlament üzvü Məsud Pezeşkian prezidentliyə namizəd olaraq müəyyən edilib.
 

Bəzi tanınmış siyasi fiqurlar prezidentliyə namizəd olaraq qeydə alınmayıblar. Məsələn, keçmiş prezident Mahmud Əhmədinejat iddiaçı kimi qeydə alınsa da, prezidentliyə namizəd kimi təsdiqlənməyib. Bundan əvvəlki seçkidə o, iddiaçı olaraq belə qeydə alınmamışdı. Əhmədinejat mühafizəkarların nümayəndəsi sayılsa da, hakimiyyəti sosial vəziyyətlə bağlı daim tənqid edib. Ötən illərdə onun həbsinə dair iddialar belə qaldırılmışdı. Bu il martın 1-də parlament və Dini Ekspertlər Şurasına seçkilərdə seçicilər az iştirak etdiyinə görə o, hakimiyyəti tənqid edərək “utanın” demişdi. Bu və ötən illərdə atdığı bu kimi addımlara əsasən, Nəzarət Şurasının onun namizədliyini qeydə almadığı ehtimal edilir.
İran parlamentinin keçmiş sədri Əli Laricani də Nəzarət Şurasının “süzgəci”ndən keçməyib. O, Mahmud Əhmədinejata vaxtı ilə rəqib olmuşdu. Hakimiyyətin dini-liberal nümayəndəsi sayılırdı. Ə.Laricani növbətçi namizədlərdən sayılır. Onu bəzən islahatçı da hesab edirlər. Laricanilər ailəsi hakimiyyətdə yüksək vəzifələr tutub. Bununla belə, o, hakimiyyət üçün “sürüşkən siyasətçi” təsiri bağışlayır. İndiki vəziyyətdə onun namizədliyi məqbul sayılmaya bilər.
Həsən Ruhaninin 8 illik prezidentliyi dövründə vitse-prezident olmuş İshaq Cahangiri də qeydə alınmayan tanınmış siyasi fiqurlardandır. O, açıq şəkildə islahatçı olduğunu etiraf edir. Hakimiyyətdaxili islahatçı xəttin nümayəndəsidir. Keçmiş vitse-prezident prezidentliyə namizədliyinin qeydə alınmamasının səbəbinin açıqlanmasını istəyib.
 

Beləliklə, prezidentliyə namizədliyə 80 iddiaçı olub. Onlardan 12-si qadın idi. Bu qadınların arasında ən məşhuru Zöhrə İlahian sayılırdı. O da prezidentliyə namizədlərin adları açıqlanmazdan bir gün əvvəl iddiaçılıqdan imtina edib. Bildirib ki, inqilab qüvvələrinin xeyrinə iddiasından geri çəkilir.
İranda əvvəlki dövrlərdə də qadınlar iddiaçı kimi bu siyasi kampaniyada iştirak etmək istəyiblər. Ancaq din xadimləri buna icazə verməyiblər. Bildirilib ki, qadınların prezident olması dinlə yasaqdır. Builki tədbirdə isə əvvəlkilərdən fərqli olaraq qadınların iddiaçı kimi adları qeydə alınsa da, Nəzarət Şurası onların namizədliyini məqbul saymayıb. Onların iddiaçı sifəti ilə qeydə alınmasını hakimiyyətin qadınlara güzəşti kimi də qiymətləndirmək olar. Çünki 2022-ci ilin sentyabrından 2023-cü ilədək davam edən hicaba qarşı yürüş hakimiyyət üçün beynəlxalq aləmdə problem yaratmışdı. Ona görə Şura qadınların iddiaçı ərizəsini qəbul etməklə onların boynuna müəyyən mənada həm də minnət qoyub.
Açıqlamalardan da göründüyü kimi, seçki kampaniyası qrafikində bəzi məsələlərdə sanki tələskənlik müşahidə olunur. Çünki namizədlərin adlarının iyunun 11 və ya 12-də açıqlanması nəzərdə tutulmuşdu. Ancaq adlar iyunun 9-da açıqlandı. Namizədlərin seçkiqabağı təbliğat kampaniyasının isə iyunun 12-dən 27-dək keçirilməsi nəzərdə tutulub. İyunun 28-də isə növbədənkənar prezident seçkisi günüdür.
 

İndi isə əsas sual budur - adları açıqlanan 6 namizəddən kim İranın prezidenti olacaq?
Qəza nəticəsində həlak olmuş İbrahim Rəisinin hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışdığını nəzərə alsaq, yeni prezidentin onun keçmiş prokuror və ədliyyə naziri Mustafa Purməhəmmədin olması ehtimalı az deyil. Bununla belə, digər iki namizəd - Səid Cəlili və Məhəmməd Baqer Qalibaf da bu siyasi yarışda daha şanslı görünürlər.
Əvvəla, qeyd edək ki, namizədlərin hamısı mövcud siyasi rejimə sadiq insanlar, siyasi fiqurlardır.
S.Cəlili hakimiyyətdaxili xəttin növbədənkənar seçkidə “kölgə” nümayəndəsi sayılır. 59 yaşlı bu siyasi fiqur Seyid Əli Xaməneinin etibarlı adamı və “altılıq” ölkələri ilə nüvə danışıqları aparan qrupun başçısı olub. Yeri gəlmişkən, Səid Cəlili Əhmədinejatın prezidentliyi dövründə bu prosesə rəhbərlik edib. Məhəmməd Xatəminin prezidentliyi dövründə qərblə məlum sahə üzrə razılıq əldə edilmişdi. Son anda prosesin prezident seçkisindən sonra davam etdirilməsinə dair tərəflər razılaşmışdılar. Ancaq islahatçıların nümayəndəsi deyil, Əhmədinejat qalib gəldiyindən nüvə danışıqları az qala sıfırdan başladı.
 

O, Həsən Ruhani hökumətinə özünün “kölgə kabineti” ilə maneələr yaradıb. 2015-ci ilin yayında “altılıq”la əldə olunan razılığa görə, onun hökuməti tənqid edilir. Elə bu səbəbdən Dini Ekspertlər Şurasına seçkilərdə Ruhaninin namizədliyi qeyd alınmayıb. Cəlili Ruhani hökumətinə problem yaradandan sonra Rəisi hökumətinə adamlarını yerləşdirə bilib. Onun doktorluq işi üzrə elmi rəhbəri isə Rəisinin qaynatası, Məşhədin cümə imamı Əhməd Ələmi əl-Huda olub. O, sonuncu prezident seçkisində İbrahim Rəisinin xeyrinə namizədlikdən imtina etmişdi.
Bununla belə, Rəisi kabinetində də onun "kölgə hökuməti" yaratdığı iddia olunur. Odur ki, Səid Cəlilinin prezident olması şansı daha çoxdur.
Məhəmməd Baqer Qalibaf da hakimiyyət üçün şanslı namizədlərdən sayılır. Əvvəlki prezident seçkilərində namizəd olaraq iştirak edib. 2004-cü i keçirilən siyasi kampaniyada 4-cü, 2013-cü ildə isə Həsən Ruhanidən sonra ikinci yerdə olub. 2016-cı ildə namizədliyi qeydə alınsa da, İbrahim Rəisinin xeyrinə siyasi yarışmadan geri çəkilmişdi. O, İran İnqilab Keşikçiləri Qvardiyasında müxtəlif yüksək vəzifələrdə işləyib. Karyerasını bəsic sıralarından qurmağa başlayıb. Bu baxımdan, qvardiyada onun nüfuzunun az olmadığı ehtimal edilir. O, ikinci dəfə parlamentə sədr seçilib. Bu ilin mayında yenidən parlamentə sədr seçilməsi onun prezident seçkisinə qatılmayacağı ehtimalını çoxaltmışdı. Ancaq son anda Qalibafın iddiaçı kimi ərizə ilə müraciət etməsi bir sıra suallar yaratdı.
Əsas məsələ isə odur ki, hakimiyyət iddiaçılar arasında öz namizədlərini gücləndirməklə siyasi kampaniyada risk etməyib.
Yeri gəlmişkən, Səid Cəlili farsdır, M.Qalibaf isə kürd və fars qarışığıdır. Parlament sədrinin bu özəlliyindən də istifadə oluna bilər.
Namizədlərdən biri də daha çox islahatçı sayılan azərbaycanlı Məsud Pezeşkiandır. Onun namizədliyinin qeydə alınmasını seçkilərdə seçici fəallığına nail olmaq cəhdi kimi də qiymətləndirmək olar. Çünki Güney Azərbaycan seçiciləri əvvəlki seçkilərdə çox zəif iştirak ediblər. Hakimiyyət milli təəssübkeşliyə arxalanaraq onun namizədliyini təsdiqləyib. Bundan başqa, Məsud Pezeşkian deputat olarkən parlamentdəki çıxışlarında hakimiyyətin xarici və daxili siyasətini daim tənqid edib.
Xaricdəki müxalifət isə seçkiləri boykot etməyə, hakimiyyətin siyasi kampaniyasında iştirak etməməyə çağırıb. Məhəmmədrza şah Pəhləvinin oğlu Rza Pəhləvi bu siyasi kampaniyanı sirk adlandırıb.
Keçmiş prezident Məhəmməd Xatəmi isə bildirib ki, islahatçıların şərtləri həyata keçməzsə, səsverməyə qatılmayacaq. O, sonuncu parlament seçkilərində də iştirak etməyərək bildirmişdi ki, bununla ölkədəki etiraz aksiyalarını dəstəkləyir.
Beləliklə, Tehran hakimiyyəti bu il daha bir böyük siyasi kampaniya keçirir. Lakin İrandakı vəziyyət əvvəlki illərdən fərqlənir. Xarici və daxili şərtlər onu çalxalayır. Prezident birmənalı olaraq ali rəhbərin tapşırıqlarının baş icraçısı olsa da, əsas məqsəd bu ziddiyyətlər, toqquşmalar fonunda uğurlu seçki keçirib yola davam etməkdir.(Report)

Şərhlər

XƏBƏR LENTİ