XalqXəbər.Az

XalqXeber.Az » Köşə » 28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs- YUNUS OĞUZ yazır

28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs- YUNUS OĞUZ yazır

28 illik hazırlıq və ermənilərə verilən 44 günlük dərs- YUNUS OĞUZ yazır
28-01-2021, 12:50

.44 günlük Vətən müharibəsi dövründə, 1990-cı il 20-22 yanvardakı kimi xalqın vəhdətinin və birliyinin şahidi olduq, amma bu dəfə bu hüzn birliyi deyildi. Bu birlik torpaqları işğaldan azad etmək istəyi, coşqusu idi, hətta Ali Baş Komandanın tvitlərini görməyəndə hərənin ağlına bir fikir gəlirdi. Əsas o idi ki, hamı torpaqlar geri alınanadək müharibənin davam edilməsini istəyirdi.


Hər şey Paşinyanın, ermənilərin və aparıcı dövlətlərin gözlədiklərinin əksinə oldu. Heç kim inana bilmirdi ki, 28 il öncə torpaqlarının on yeddi faizi işğal olunan Azərbaycan Ordusu XXI əsrdə dünyanın (Amerika, İngiltərə və başqa dövlətlərin hərbçiləri bunu dilə gətiriblər) öyrənəcəyi yeni döyüş taktikasını seçəcək və aparıcı dövlətlərin öyündüyü və təriflədiyi ən müasir silahları vurub sıradan çıxaracaq. Bunu heç kim gözləmirdi. Azərbaycan dünyaya yeni döyüş taktikasını nümayiş etdirdi.

Təbiidir ki, buna səbəb yuxarıda qeyd etdiyim dörd komponentin vəhdətdə olması idi, əks təqdirdə Azərbaycan tərəfi hamıya nümunə olacaq yeni döyüş üsulunu tətbiq edə bilməyəcəkdi.

Məhz davamlı iqtisadiyyatımızın olması bizə imkan verdi ki, ordunun büdcəsini az qala Ermənistanın dövlət büdcəsinə bərabər etsin, ən müasir silahlarla təchiz olunsun. Orduda kadr islahatları və davamlı təlimlər (təkcə müharibəyə qədər son bir ildə Azərbaycan Ordusu Türkiyə ordusu ilə on iki dəfə hərbi təlim keçib) ordumuzun döyüş səviyyəsini ən yüksək həddə qaldırdı. Üstəgəl, 1994-cü ildən üzü bəri, ta Vətən müharibəsinə qədər cəmiyyətin bütün təbəqələri arasında Qarabağın geri qaytarılması üçün müharibəyə başlamaq təbliği bir an belə səngimədi. Azərbaycan dövləti üçün yaxın hədəf bəlli idi. Ermənilərin Qalib sindromunu sındırmaq və işğal olunan torpaqları geri qaytarmaq.

Prezidentin xarici siyasətdə apardığı uğurlu fəaliyyətinə bizim xarici siyasət idarəmiz adekvat cavab verə bilmir, çox zaman xarici işlər naziri hansı dövləti təmsil etdiyini unudurdu. Nazirin ətalət siyasəti bir çox xarici ölkələrdə fəaliyyət göstərən səfirlərimizə də təsirsiz ötüşmürdü. Onların da ləngliyi başa düşüləndir və düşünürəm ki, bundan sonra da səfirliklərimizdə köklü islahatlar aparılacaq. Baxmayaraq ki, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi fikirlərə açıqdır, dinamik və kreativdır. 44 günlük Vətən müharibəsində onun da müstəsna xidmətləri oldu.

Tovuz döyüşündən dərhal sonra prezidentin xarici işlər nazirini tutduğu vəzifədən azad etməsi və yerinə dinamik bir şəxsin təyin olunması düzgün addım idi, çünki əski nazir dövlət maraqlarını ya təmsil edə bilmir, ya da etmək istəmirdi, hər halda böyük səhvləri olmasa idi, vəzifəsindən azad edilməzdi.

Yeri gəlmişkən müharibə dövründə heç bir səfirimiz fəaliyyət göstərdiyi dövlətdə, nə digər dövlətlərin səfirləri ilə görüşlər keçirib haqq işimizi, Prezidentin fəaliyyətini, müharibənin gedişi haqqında məlumatlar verdilər, nə də bir dəfə olsun mətbuat konfransı keçirdilər. Hər halda bu heç də yaxşı əlamət deyildi. Onların əvəzinə Azərbaycanda Prezident və onun köməkçiləri çoxsaylı brifinqlər və görüşlər keçirirdilər.

Xalq - Ordu birliyi bu ərəfədə özünün ən yüksək və ən ideal səviyyəsinə çatdı. Təsadüfi deyil ki, ictimai təşkilatlar, mətbuat, blogerlər, saytlar, bir partiya istisna olmaqla əlli iki siyasi partiya, ən müxtəlif sosial təbəqələr dövlətə və onun Prezidentinə tam etimad göstərdi. Bu sahədə Prezident Aparatının bir neçə şöbəsinin, o cümlədən siyasi partiyalar və qanunvericiliklə iş şöbəsinin xidməti danılmazdır. Bu Azərbaycan tarixində görünməmiş bir hal idi. Azərbaycan xalqı belə döyüş birliyi görməmişdi. Xalq özü Orduya çevrilmişdi, Ordunun mükəmməl təchizatına baxmayaraq, hər cürə yardımlar edirdi. Hətta yüz səksən manat təqaüd alan Hikmət kişi, özü çox kasıb yaşamasına baxmayaraq aldığı bir aylıq təqaüdü yardım fonduna köçürtdü. Yardımların ardı-arası kəsilmirdi. Hər kəs hansı yollasa Vətən müharibəsinə öz töhfəsini vermək istəyirdi ki, ürəyi sakit olsun,hansı yollasa Vətənə, Dövlətə beləcə vicdan borcunu ödəsin.

Bu birliyin bir təcəssümü də xaricdə yaşayan azərbaycanlılar idi. Onlar müxtəlif saytlarda aparılan uğurlu müharibəni təbliğ edir, erməni və başqa saytlarda əleyhimizə yazanlara tutarlı cavablar verir, həm də yardım fonduna (kimin imkanı olurdusa) ianələr edirdilər.

Bu müharibədə Türkiyə dövlətinin danılmaz dəstəyini də qeyd etmək yerinə düşərdi. Təsəvvür edin ki, səksən üç milyonluq Türkiyə xalqının ürəyi Azərbaycanla döyünürdü. Türkiyə dövləti bütün sahələrdə (siyasi, iqtisadi, informasiya, mənəvi və başqa sahələrdə) Azərbaycanın yanında idi. Bu müharibə dövründə sözün əsl mənasında "Bir millət, iki dövlət" olduq.

Türkiyə dövləti və onun xarizmatik (Ərdoğan, Çavuşoğlu, Akar) liderləri Azərbaycana təkcə ölkədaxili deyil, həm də beynəlxalq aləmdə dəstək verir, dövlətimizə qarşı olan təhdidlərin qarşısını alırdı. Bu müharibədə qardaş nəfəsini, dirəyini, köməyini çox yaxından hiss etdik və çiyinlərimizi qardaş çiyinlərinə söykəyə bildik.

44 günlük müharibənin özəlliyi nədən ibarət idi? Ermənistan tərəfi Rusiya və Fransaya o qədər arxayın idi ki, "Dəmir yumruq" əməliyyatına əvvəl-əvvəl o qədər də fikir vermirdi, çünki ən müasir hərbi texnika ilə silahlanmış düşmən ordusu özünü Qafqazın ən güclü ordusu hesab edirdi bir tərəfdən, digər tərəfdən erməni diasporasının fəaliyyətinə arxayınlaşmışdı, üçüncü tərəfdən isə hesab edilirdi ki, dünyanın aparıcı dövlətləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan (ABŞ, Rusiya, Fransa) dövlətlər Ermənistan tərəfində duracaqlar. Amma, bu belə olmadı. Azərbaycan tərəfi Ermənistanın müharibənin aparılması taktikasında bu "klassik düşüncə"ni darmadağın etdi.

Azərbaycan dünyaya yeni müharibə taktikasını təqdim etdi. Bu tərəfimdən ilk dəfə adlanan "hibrid müharibə"dir, yəni klassik döyüş üsulu və döyüş texnikaları, üstəgəl indiyə qədər belə fikirləşirdilər ki, pilotsuz uçan aparatlardan (Bayrakdar, Harop, Zərbə və s.) yalnız kəşfiyyat xarakterli əməliyyatlarda istifadə etmək olar, amma bu fikirləri əvvəlcə Türkiyə, sonra isə Azərbaycan Ordusu darmadağın etdi. Düzdür, Türkiyənin istifadə etdiyi (Suriya, PKK, Liviya və s.) ərazilərdə hərbi hava qüvvələrinin sistemləri yox, yaxud da yox dərəcəsində idi. Amma Azərbaycan Ordusu PUA-ları məhz ən mükəmməl HHQ-si (hərbi hava qüvvələri) və radar sistemi olan Ermənistan ordusuna tətbiq etdi. Bu XXI əsrin yeni döyüş taktikası idi. Bunu artıq dünya hərb elmində "təmassız döyüş" adlandırırlar və ilk dəfə olaraq geniş anlamda Azərbaycan tətbiq etdi.

"Hibrid müharibə"nin daha iki kompanenti var. Üçüncü komponent eyni zamanda informasiya müharibəsi aparır. Bu informasiya müharibəsinin ən uğurlusunu elə Ali Baş Komandan İlham Əliyev apardı. Paşinyandan fərqli olaraq bizim Preziden tdünyanın otuzdan artıq ən aparıcı Kütləvi İnformasiya Vasitələrinə müsahibə verdi. İ.Əliyev təmkinini itirmədən ən sərt suallara belə, səmimi cavab verir, Azərbaycan dövlətinin haqq və ədalət mövqeyini dünyaya çatdırırdı. Açıq deyək ki, müsahibə alan bir çox televiziya kanalları, müxbirləri (əsasən Avropa TV-ləri) Ermənistanın lobbisi tərəfindən hazırlanmış suallar verir, Prezidenti çaşdırmaq, dilindən yanlış söz alıb dünyaya tirajlamaq məqsədilə canfəşanlıq edirdilər. Tam əminliklə demək olar ki, hec bir müxbir istəyinə çata bilmədi. Cənab Prezident müharibə dövründə nə gərəkdirsə onu deyir, onların təxribat suallarını qulaqardına vururdu.

Yeri gəlmişkən, Prezidentin xalqa müraciətində, bir növ hesabatında adi və folklor dilində danışması onun populyarlığını və reytinqini daha da yüksəltdi. Bu isə tamam ayrı bir mövzudur.

Dördüncü komponent isə Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və diplomatlarla işdir. Bunun da öhdəsindən Prezidentin köməkçisi Hikmət Hacıyev və vitse-prezidentin köməkçisi E.Əmirbəyov uğurla gəldilər. Belə ki, bu iki köməkçi Bakıda fəaliyyət göstərən diplomatların, xarici qonaqların bombalanmış şəhərlərimizə (Gəncə, Tərtər, Bərdə və s.) işğaldan azad olunmuş ərazilərə, rayon mərkəzlərinə səfərlərini təşkil edir, erməni vəhşiliyini, vandalizmini, varvarlığını əyani onlara və onları müşayiət edən kütləvi informaya vasitəsilə dünyaya çatdırırdılar.

Bütün bunlardan sonra dünya yavaş-yavaş başa düşürdü ki, əsl erməni xisləti nə deməkdir. Bu xislət, sən demə dünyanı caşdırmaq gücündə imiş. Sonda iş elə gətirdi ki, Şuşa şəhərini ermənilər özlərinin mədəniyyət beşiyi adlandıranda bu sərsəmləməyə Paşinyan dözə bilmədi və etiraz etdi ki, Şuşada doxsan faiz azərbaycanlılar yaşayırdılar. Yaxud Xudavəng alban kilsəsini az qalmışdı özəlləşdirsinlər...

Ardı var...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.