SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “SOCAR istiqrazlarına 4 təşkilat nəzarət edir” - Müsahibə

“SOCAR istiqrazlarına 4 təşkilat nəzarət edir” - Müsahibə

Tarix:

26-01-2017, 15:32

/ 2 175 dəfə oxundu.
“SOCAR istiqrazlarına 4 təşkilat nəzarət edir” - Müsahibə

“AzFinans” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyevin verdiyi müsahibəni təqdim edirik:

- İstiqrazın digər qiymətli kağızlardan fərqi nədir?

- İstiqrazı səhmlə və bank depoziti ilə müqayisə edə bilərəm. İstiqrazın səhmdən fərqi ondadır ki, investisiya etdiyimiz əsas məbləğ bir müddət sonra dəqiq bir vaxtda geri qaytarılır. İkinci əsas fərq isə əsas məbləğdən sabit faiz əldə edirik. Bank depoziti ilə müqayisə edək. Məzmun etibarı ilə istiqraz faiz gətirən borc müqaviləsidir. Əsas fərq ondan ibarətdir ki, istiqraz üzrə faizləri əldə etmək üçün müddətin sonunadək gözləməli deyilik. Borclunun, yəni istiqrazı buraxan şirkətin hərəkətlərini və maliyyə hesabatlarını nəzarətdə saxlayırıq. Risk görəndə istiqrazları satırıq və həmin günədək toplanmış faizləri də alırıq. Ümumiyyətlə, istənilən investisiya zamanı istər bank depoziti olsun, istər mənzil olsun daim vəziyyəti nəzarətdə saxlamalıyıq. Risk yaranan kimi növbəti addımımızı düşünməliyik. İstiqrazlar geniş investor kütləsinə satıldığı üçün burada qərarımızı yerinə yetirmək bir və ya iki gün ərzində baş verir. Əmlak bazarında satmaq aylar çəkə bilər, depozit üzrə isə biz bankın vəziyyətindən asılı olaraq vəsaitimizi geri görürə bilərik.

- SOCAR istiqrazlarının öz analoqlarından fərqi nədədir? Daha əvvəllər buraxılmış borc kağızlarından fərqi nədədir?

- SOCAR istiqrazlarının bizim üçün 5 əsas xüsusi fərqi var:

1. Dollarda investisiya edib dollarda qazanmaq imkanı, həm də 5%. indi elə dövrdür ki, xarici banklara depozit yerləşdirəndə nəinki qazanırıq hətta 0.1% itiririk.

2. Əlçatanlıq və vəziyyətə nəzarət. Ölkə daxilində bir investisiya olduğu üçün onu əldə etmək, satmaq və SOCAR barəsində məlumat əldə etmək bizə çox asandır. Risk yaranan kimi bu barədə bizə məlumat çatacaqdır.

3. Likvidlik. SOCAR istiqrazlarını pula çevirmək bir saatlıq işdir. Ümumiyyətlə, bu xüsusiyyətinə görə deyə bilərəm ki, bu yeganə istiqrazdır. Dünyada heç bir istiqraz buraxan şirkət onu hər gün geri alacağı barədə öhdəlik götürmür.

4. Böyük həcm. Bu bazarda sayca çox olan iştirakçı deməkdir ki, nəticə etibarı ilə bizə pul lazım olan kimi onu istənilən digər iştirakçıya sata bilək.

5. Qiymət nominaldan, yəni 1000 dollardan aşağı heç vaxt keçə bilməz. Bu SOCAR-ın öhdəliyidir. Bu istiqrazları hər zaman ən azı min dollara alacaqlar. Bu investisiya zamanı əsas məbləği qorumaq üçün çox vacibdir.

Bu sadaladığım 5 fərqin son üçü sizin sualın cavabıdır. Təkrarlayım. Likvidlik, böyük həcm və nominal dəyərdən hər zaman satmaq imkanı.

- SOCAR istiqrazlarını alarkən insanlar, əsasən, nələrlə maraqlanırlar, ən çox maraqlandıran məqamlar hansılardır, hansı tələbləri irəli sürürlər?

- Ən çox nə qədər komissiya ödəyəcəkləri barədə maraqlanırlar. Bu, istiqrazın net gəlirini bank depoziti ilə müqayisə etmək üçün investorları maraqlandırır. Komissiyaları çıxdıqda net gəlirlik azalır və təxmini 4.5%-ə bərabər olur. İnvestorlar isə təmiz 5% gəlir istəyir. Elə ona görə də biz 2 həftəlik kompaniya elan etmişik ki, bütün komissiyaları biz ödəyirik. Bu, şirkət olaraq müştəri qazanmaq üçün bizə dəyər qatır. Amma kompaniya 3 fevraladək davam edəcək. Məncə SOCAR istiqrazları üzrə aparılmış PR kompaniyası öz işini görüb. İnsanlar istiqrazlar üzrə bütün vacib məqamları bilir və investisiya etmək üçün müraciət edirlər. Prosesi ilk dəfə həyata keçirən şəxslər ikinci dəfə daha böyük məbləğlə müraciət edirlər.

Sadəcə klassik bank depoziti yerləşdirmək nisbətən sadə prosesdir. Burada isə prosesdə ən azı 4 təşkilat iştirak etdiyinə görə insanlar ilk dəfə çətinlik çəkirlər. Məsələn, borc alan SOCAR-dır, əməliyyat Bakı Fond Birjasında baş verir, istiqraz sahiblərinin qeydiyyatı və istiqrazların saxlanması Milli Depozit Mərkəzində baş verir. İstiqrazları yalnız investisiya şirkətləri vasitəsilə almaq mümkündür. Müştərilər yalnız investisiya şirkəti ilə müqavilə bağlamaqla bütün prosesi bir neçə dəqiqəyə həll edə bilərlər. Lakin bütün bu təşkilatların prosesdə iştirakı nəzarət deməkdir və investorun aldanmaq riskini minimuma endirir. Yəni, bir təşkilat istədiyini edə bilməz. Burada ciddi nəzarət var və əlavə olaraq nəzarətedici orqan vardır ki, prosesə ciddi nəzarət edir və kiçik bir texniki səhvə belə dərhal reaksiya verir.

Mən sonda demək istəyirəm ki, investisiya etmək gələcəyi fikirləşməkdir. Gələcəyi yaratmaqdır, gələcəyi maliyyələşdirməkdir. İnsanları vəsaitlərini investisiya etməyə çağırıram.

Şərhlər

XƏBƏR LENTİ