SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Moskvadakı diaspora sədrinin fəaliyyəti ancaq qrant almaqdan, nar bayramı keçirməkdən ibarət olub" - İTTİHAM

"Moskvadakı diaspora sədrinin fəaliyyəti ancaq qrant almaqdan, nar bayramı keçirməkdən ibarət olub" - İTTİHAM

Tarix:

5-02-2021, 12:00

/ 2 032 dəfə oxundu.
"Moskvadakı diaspora sədrinin fəaliyyəti ancaq qrant almaqdan, nar bayramı keçirməkdən ibarət olub" - İTTİHAM

Dominant.az-ın budəfəki müsahibi Rusiyanın Moskva şəhərində məskunlaşmış azərbaycanlılardan ibarət Moskva Şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Milli Mədəni Muxtariyyatı adlı diaspora təşkilatının sədri, Rusiya Dövlət Dumasında deputat köməkçisi, hüquqşünas Əli Kazımovdur.

- Əli müəllim, yaxşı olardı ki, söhbətimizə təşkilatınız, gördüyünüz işlər barədə ümumi məlumatla başlayaq…

- Moskva Şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlıların Milli Mədəni Muxtariyyat təşkilatı 2017-ci ilin iyul ayında qeydiyyatdan keçib. Təşkilatımız 12 rayonu birləşdirir. Qeydiyyatdan keçən gündən bəri elə ay olmayıb ki, tədbirlərimiz, görüşlərimiz baş tutmasın. Tədbir deyəndə, bəzi keçmiş diaspora nümayəndələrimiz kimi, haradasa yığışıb yeyib-içməyi, şənlənməyi nəzərdə tutmuram. Azərbaycanın tarixini, haqq səsini, ədiblərini, ziyalılarını, sənətkarlarını tanıtdırmağı nəzərdə tuturam. Hər tədbirimizdə də Rusiya ictimaiyyətinin görkəmli, tanınmış, üzdə olan şəxsləri iştirak edir. İlk tədbirimizi iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanova həsr etdik və tədbirdə ilk dəfə olaraq Rusiya Dövlət Dumasında keçirilən tədbirdə Dumanın deputatları iştirak etdilər. Ona qədər belə bir tədbir keçirmək heç kimin yadına düşməmişdi, halbuki hər kəsin imkanı olardı.

- Səhv etmirəmsə, Rusiya Dumasına Rusiyadakı küçələrdən birinə Həzi Aslanovun adının verilməsi ilə bağlı bəyanat ünvanlamışdınız. Nəticə necə oldu?

- 2019-cu ildə burda Kərim Kərimovun adını daşıyan məktəbdə generalların və müharibə veteranlarının iştirakı ilə Həzi Aslanovun ikinci dəfə anım gününü keçirdik. Həmin tədbirdə belə bir bəyanat verdik və Dumaya ünvanladıq. Pandemiyaya düşdüyünə görə, hələ ki, nəticə yoxdur. Ancaq ümid edirik ki, pandemiyadan sonra istəyimiz nəzərə alınacaq.

Həmçinin İsrafil Məmmədov, Qafur Məmmədovla bağlı tədbirlər keçirmişik, oların adlarının əbədiləşdirilməsini təklif etmişik. 2019-cu ilin 9 mayında faşizm üzərində qələbə paradına qatılmışıq. Təxminən bir dəstədə 130 nəfər azərbaycanlı gedirdi, hər birinin də əlində müharibədə iştirak etmiş qohumlarının fotoları. Qeyd edim ki, təşkilatımızın əsas hədəflərindən biri Böyük Vətən Müharibəsi iştirakçılarına böyük diqqət göstərməkdir. Mənim hər iki babam Böyük Vətən Müharibəsi iştirakçısı olub, ona görə bu məsələ mənim üçün çox həssasdır.

Bacardığımız qədər xeyir işlərə də vəsilə olmağa çalışırıq, həbsxanadan çıxanlara, küçədə qalanlara yardımlar edirik. Pandemiya dönəmində öz şəxsi vəsaitimiz hesabına işlər gördük. Ötən il ərzində 3 dəfə bizim bölgədə yaşayan azərbaycanlılara ərzaq paketi payladıq. Həmçinin maddi yardım etmək istəyən başqa şəxsləri də yönləndirmişik, onların yardımlarını buradakı imkansız soydaşlarımıza paylamışıq.

Moskvada Risalət uşaq müsəlman məktəbi fəaliyyət göstərir, direktoru azərbaycanlıdır. Həmin məktəblə əməkdaşlıq edirik, orada tədbirlər keçiririk, onların tədbirində iştirak edirik. İndiyə qədər iki dəfə orada təhsil alan uşaqlara yardım etmişik. 2 dəfə də uşaq evinə yardım aparmışıq.

2018 və 2019-cu illərdə Rusiyadakı tatarların keçirdikləri Sabantuy bayramında Azərbaycanı layiqincə təmsil etmişik. Bayramda Azərbaycan bayraqlarını dalğalandırdıq, milli mətbəximizi, Azərbaycana aid kitablar, suvenirlər nümayiş etdirdik. Bizə qədər bir dəfə də olsun Azərbaycanı orda təmsil etməmişdilər.

Bundan sonra üçün də əsas hədəfimiz Azərbaycan-Rusiya arasında dostluq əlaqələri yaratmaqdır. Çünki Rusiya böyük qonşu dövlətdir, ümumi tariximiz var. Regionlararası, Azərbaycan və Rusiya arasında dostluq komitəsi də yaratmağa çalışırıq. Bu komitə yaranarsa, biz istəklərimizi daha asan reallaşdıra bilərik.

Gördüyümüz işlərə görə dəfələrlə təltif olunmuşuq. Dövlət Dumasının deputatından təşəkkürnamə almışam, müxtəlif təşkilatlar tərəfindən diplomlara, medallara layiq görülmüşük.

- Babalarınız Böyük Vətən Müharibəsi iştirakçıları olduğuna görə müharibə veteranlarına diqqətiniz böyükdür. Maraqlıdır, şəhid qardaşı olaraq Qarabağ müharibəsi və Vətən Müharibəsi qazilərinə nə kimi diqqət göstərirsiniz? Və ya bu barədə qarşıda hansı planlarınız var?

- Vətən müharibəsinə qədər mütəmadi olaraq işğal olunmuş rayonlarımızla bağlı anım günləri keçirmişik. Tədbirlərdə iştirak edən Rusiya ictimaiətinə Qarabağ həqiqətlərini çatdırmışıq. Bundan sonra isə işğaldan azad edilmə günlərini bayram kimi qeyd edəcəyik. Ötən il 8 mayda buradakı ermənilər restoranların birində Şuşanın işğalı gününü qələbə kimi qeyd etmək istəyirdilər. Bunu eşidən kimi həmin ünvana getdik, restoran sahiblərinə Azərbaycanla, Şuşayla bağlı məlumat verdik və xəbərdarlıq etdik ki, elə bir tədbir baş tutsa, 200-dən çox azərbaycanlı ora töküləcək və münaqişə yaşanacaq. Restoran sahiblərini məlumatlandıran kimi gerçəyi anladılar və tədbir təxirə salındı. Həmçinin Tovuz hadisələri zamanı da həyatını dəyişmiş şəhidlərimizi tanıtmağa, həqiqətləri çatdırmağa çalışdıq, pandemiya olmasına baxmayaraq, 120 nəfərin iştirakı ilə tədbir keçirdik.

Onu da qeyd edim ki, 2019-cu ilin noyabr ayında Rusiyada ilk dəfə olaraq Qarabağa Azadlıq Təşkilatının tədbirini təşkil etmişik. Tədbirdə Rusiyanın tanınmış ictimai xadimləri iştirak ediblər. Bu tip tədbirlərin, ictimai şəxslərlə qurulan dostluq münasibətlərinin sayəsində rus politoloqlarının üzünü yavaş-yavaş özümüzə tərəf çevirmişik. Onlardan biri də tanınmış politoloq, hərbi ekspert Aleksandr Nikolayeviç Perenciyevdir. O, indiyə qədər Azərbaycan naminə müsbət fikirlərini çatdırır.

Bundan sonrası üçün də arzumdur, Şuşaya gedəm, oradan videolar çəkib Rusiyadakı ictimai xadimlərə göstərəm və deyəm ki, şükür Allaha, Azərbaycan öz əzəli torpaqlarına, mədəniyyət mərkəzi olan Şuşasına qovuşdu.

- 2019-cu ildə təşkilatınızla Dünya Azərbaycanlıları Birliyinin prezidenti Fizuli Məmmədov arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdı. Əməkdaşlıq nəticəsi verdimi, yoxsa elə kağız üzərində qaldı?

- Əməkdaşıq memorandumunu Azərbaycan diasporunu bütün dünyada, habelə Rusiya və MDB ölkələrindəki həmvətənlərimizi vahid beynəlxalq ictimai təşkilat ətrafında birləşdirmək məqsədilə imzalamışdıq. Təəssüf ki, nəticəsi olmadı. Füzuli müəllim də nəsə etmək istədi, ancaq nəticə vermədi. Bir ay sonra hərəmiz öz yolumuza davam etdik. Ümumiyyətlə, o memorandum imzalanmamlıydı və ya başqa dost xalqların təşkilatları ilə imzalamaq olardı.

- İşğaldan azad olunmuş torpaqlarımızla bağlı nə kimi planlarınz var?

- Biz buradakı məktəblərlə Azərbaycan məktəblərini qardaşlaşdırmağa çalışırıq. Azərbaycandakı məktəblilər bura gəlsinlər, buranın məktəbliləri Azərbaycana getsinlər, ölkəmizi rayon-rayon gəzsinlər, xalqımızla, mədəniyyətimizlə, adət-ənənələrimizlə, mətbəximizlə tanış olsunlar. Əgər bu layihəmiz baş tutsa, gələcəkdə Şuşa şəhərinin buradakı hansısa vilayətlə qadaşlaşmasını həyata keçirə bilərik.

- Etiraf edək ki, Moskvadakı diasporamızın gördüyü müsbət işlərdənsə, daha çox qalmaqal, xoşagəlməz xəbərlərlə üzləşirik. Bu, nədən qaynaqlanır, işləməyə imkan vermirlər, yoxsa diasporada passiv şəxslər təmsil olunur?

- Təəssüflər olsun ki, belədir. 1996-cı ildə Rusiyada milli-mədəni muxtariyyətlə bağlı qanun çıxandan bəri Moskvada Azərbaycan diasporu mövcuddur. Ancaq neçə illərdi məlum şəxslər özləri özlərini diaspora sədri seçirlər. Xalq diasporanın fəaliyyəti ilə bağlı narazılıq etməkdə haqlıdır. Çünki 20 ildir Rusiyada fəaliyyət göstərən diaspora sədrinin fəaliyyəti ancaq qrant almaqdan, Novruz və nar bayramları keçirməkdən ibarət olub, Azərbaycan-Rusiya adına heç bir iş görməyib. Həmçinin iş görənə də imkan verməyib, güc strukturları vasitəsilə hər kəsin ağzından vurmağa çalışıb.

Digər bir məsələni də qeyd edim, Moskva böyük şəhərdir və burada qeydiyyatdan keçmiş bir çox diaspora təşkilatı var. Ancaq onların fəaliyyəti daha çox sosial media üzərində qurulub, xəbər paylaşmaqla, “WhatsApp”qruplarında hansısa məsələyə münasibət bildirməklə diasporanın işini bitmiş hesab edirlər. Bəzən yalan, Azərbaycanın imicinə xələl gətirəcək xəbərlər də yayırlar. Halbuki diaspora fəalı ictimaiyyət arasında olmalı, maskimum əlaqələrdən yararlanmalıdır. Heç olmaza, beş nəfər rusu başına yığıb, Azərbaycan həqiqətlərini çatdırmalı, Araik Arutunyanın, Balayanın, Sarkisyanın ölkəmizə qarşı etdiklərini danışmalıdır. Sosial şəbəkələrdə minlərlə izləyicisi olan elə ruslar var ki, onların sayəsində Azərbaycan həqiqətlərini milyonlara çatdırmaq mümkündür. Həmin şəxslərlə əlaqələr qurmaq lazımdır. İnanın, ruslar bizimlə bağlı çox məsələdən xəbərsizdilər, gerçəkləri onlara çatdırmaq lazımdır. Diaspora cəmiyyətləri fəaliyyətlərini sosial şəbəkələrlə məhdudlaşdırmasalar, çölə-bayıra çıxıb canlı ünsiyyətlərə keçsələr, daha səmərəli fəaliyyətləri olar. Bəzi “diaspora fəallarına” vətənpərvərlik ancaq sədr olandan sonra gəlir. Sədr olmasalar, Azərbaycan üçün daşı daş üstə qoymazlar. Ancaq kreslo davası edirlər, qabağa gedənin ayağından çəkirlər, yoluna daş qoyurlar.

- Son sualım, Vətən savaşından sonra oradakı ermənilərin soydaşlarımıza münasibəti necədir?

- Ermənilər burada çoxdur, hər zaman da mənfur siyasətlərini yürütməyə çalışıblar. Ancaq daima cavablarını vermişik, əzik, aciz, ac, zavallı, terrorçu millət olduqlarını, onları bir göz qırpımında məhv etməyə qadir olduğumuzu başa salmışıq. Vətən müharibəsində də bunu igid oğullarımız sübut etdi. Müharibədən sonra səsləri batıb, sanki qurbağa gölünə daş atmısan. Ermənistanın öz suverenliyini itirəcəyndən, hansısa ölkənin tərkibinə qatılacağından qorxurlar. Başa düşürlər ki, Azərbaycanla əməkdaşlığa məcburdurlar.

Qalib ölkə ilə artıq düşmən də hesablaşmağa borcludur. Allah dövlətimizi, xalqımızı qorusun! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

//dominant.az//

Şərhlər

XƏBƏR LENTİ