SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Mərkəzi Bankın fəaliyyətindən narazıyam” - “Paşa Sığorta”nın sabiq rəhbəri

"Mərkəzi Bankın fəaliyyətindən narazıyam” - “Paşa Sığorta”nın sabiq rəhbəri

Tarix:

22-12-2020, 12:23

/ 2 198 dəfə oxundu.
"Mərkəzi Bankın fəaliyyətindən narazıyam” - “Paşa Sığorta”nın sabiq rəhbəri

Son 17 il ərzində ölkənin sığorta bazarının aparıcı şirkətlərində rəhbər vəzifələrdə çalışmış, sonuncu iş yeri olaraq “Paşa Sığorta” şirkətinə rəhbərlik edən Əli Bayramov Mubahise.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Bir illik pandemiya və qapanmalardan sonra növbəti il üçün sığorta bazarı ilə bağlı proqnozlarınız nədir?

- Nə yazıq ki, proqnozlarım çox pozitiv deyil. Düşünürəm ki, ötən il və bu il yaşadıqlarından daha çətin bir il yaşa bilər. COVID-19 və müharibə artıq bunun üçün zəmin yaradıb. Müharibə ilə bağlı sığorta ödənişləri 2021-ci ilə təsadüf edəcək. Buna görə də sığorta şirkətləri qarşılarına qoyduqları strateji hədəflərə çatmayacaqlar. Şirkətlərdə ixtisarlar istisna deyil. Yeni yanaşma tətbiq etməyən şirkətlərini çox böyük zərbə gözləyir. Burada bazara nəzarət edən qurumun fəaliyyəti də əsas meyar ola bilər. Nəzarətedici orqan (Mərkəzi Bank-red.) aktiv olsa, problemlər daha dayaz ola bilər. Sığorta şirkətləri digitallaşma üzərində işləməli, satış kanallları, müştərilər üzrə diversifikasiya aparmalıdırlar. Fiziki agentlərin satışından asılı olan şirkətlər problemlərlə üzləşəcək. Çünki indi fiziki təmas mümkünsüzdür. Sığorta bazarını qətiyyən bu sükuta buraxmaq olmaz. Burada bir aqreqassiya lazımdır ki, bazarı qızışdırsın.

- Sığorta sektorunda hansı boşluqlar var, təklifləriniz nədir?

- Bu sektorda kifayət qədət boşluqlar var, amma ən böyük boşluq instutsionaldır. Sığorta bazarını formalaşdıran mütəxəssislərdir. Onların savad və bilik dərəcələri nə qədər dərin olsa, bazar bir o qədər çox inkişaf edər. Nəzarət edici qurum tələbləri daha da ciddiləşdirməlidir. Korporativ idarəetmənin illərdir ki tətbiqini tələb edən qanunvericiliyə çox sığorta şirkətlərində simvolik yanaşırlar. Sığorta şirkətinin bir çoxu həqiqi korporativ idarəetmə tətbiq etmirlər. Bu iki yanaşmanı tətbiq etməklə daha keyfiyyətli iş görmək və insanların etibarını qazanmaq mümkün olacaq. Korporativ Sosial Məsuliyyət yönümlü maarifləndirici tədbirlər həyata keçirilməlidir. Bütün sığorta şirkətləri yığışıb öz marketinq xərclərinin böyük bir hissəsini ortaya qoymalıdırlar. Bundan başqa, mövcud icbari sığortaların, əmlakın və sərnişinlərin icbari sığortasının sıfır səviyyədə olması narahatedici məqamdır. Ümumiyyətlə, əmlak sığortası ən gəlirli hesab edilir, bizim bazarda da mənfəətlilik çox yuxarıdır. Ona görə də buna fokuslanmaq lazımdır ki, həm əmlak bazarı, həm vətəndaşlar, həm də iqtisadiyyatımız bəhrələnməlidir. Amma sığorta şirkətləri sanki bir sükut içərisindədirlər.

- Sığorta bazarına nəzarətedici orqan olan Mərkəzi Bankın fəaliyyətindən razısınızmı?

- İllər boyu sığorta bazarının nəzarət ediciləri çox tez-tez dəyişib. Bu, təbii ki, yaxşı göstərici deyil. Nəzarət edicilin belə dəyişməsi sığortaçılara və bazara ciddi mənfi zərbə vurur. İllər boyu sığorta bazarına Maliyyə Nazirliyi nəzarət edib. Onların dövründə də çatışmazlıq var idi. Amma indiki ilə müqayisədə həmin zaman sığorta bazarı daha sürətli inkişaf edirdi. Ondan sonra üzü qara Maliyyə Bazarlarına Nəzarət Palatası təsis edildi. Sığorta bazarı bu dövrdə ən ağır günlərini yaşadı, şirkətlər həmin nəzarət edicinin dövründə aldığı zərbələrdən hələ ayılmayıb. Bu yaxınlarda Mərkəzi Bank sığorta bazarına nəzarət edici təyin edildi. Bu, məni çox sevindirdi, müasir dövrdə yanaşma belədir. Mərkəzi Bankın bazara qoşulması o qədər çətin dövrə təsadüf edib ki, hazırda bu qurumun qarşısında daha strateji məsələlər var və onlarla məşğuldurlar. Mərkəzi Bank hələ də sığorta bazarına lazımi diqqət göstərə bilmir. Ola bilsin bu insan resurslarının çatışmazlığı ilə bağlıdır. Bəlkə də daha vacib məsələlər olduğu üçün sığorta bazarı kənara qoyulub. Amma bank və sığorta sektorunun inkişafı paralel getməlidir, bunlar ayrılmaz hissələrdir. Ona görə sığorta sektoruna daha çox diqqət ayrılmalı və təxirəsalınmaz tədbirlər görülməlidir. Əks halda biz daha ciddi və daha neqativ nəticələrlə üzləşə bilərik. Mərkəzi Bankın fəaliyyətindan narazıyam ki, sığorta bazarına daha çox diqqət verilməlidir. Amma razılaşıram ki, onların lazım olan diqqəti verə bilməmələri üçün əsasları var.

Şərhlər

XƏBƏR LENTİ