XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » “Şəhidlərin qırx mərasiminin gözlənilməməsi ictimai qınağın sərtliyinə səbəb oldu” - Ülvi Quliyev

“Şəhidlərin qırx mərasiminin gözlənilməməsi ictimai qınağın sərtliyinə səbəb oldu” - Ülvi Quliyev

“Şəhidlərin qırx mərasiminin gözlənilməməsi ictimai qınağın sərtliyinə səbəb oldu” - Ülvi Quliyev
24-08-2020, 19:06

Milli Məclisin deputatı Ülvi Quliyev Modern.az-a verdiyi qısa açıqlamada bəzi KİV-lərdə məqsədli şəkildə qabardılan zərərli mövzudan və məlum toy qalmaqalından danışıb.

- Ülvi müəllim, son vaxtlar mediada, internet məkanında bölgə mənsubiyyəti ilə bağlı mövzular sanki məqsədli şəkildə qabardılır. Sizin bununla bağlı mövqeyiniz necədir?

- Bu, çox ziyanlı mövzudur. Cəmiyyətimizi parçalamaq, dövlətimizin sütunlarını sarsıtmaq, qarşıdurma yaratmaq niyyəti ilə məqsədli şəkildə qabardılan, zaman - zaman qəsdən ortalığa atılan mövzudur. Son dərəcə təhlükəli olan və yalnız ictimai – siyasi mühiti süni şəkildə gərginləşdirmək məqsədi güdən bu cür mövzu və sualları qüsurlu və ayıb bilirəm. Onlara xüsusi diqqət ayrılmasını cəmiyyətimiz, insan beyni və sağlam düşüncə ücün zərərli hesab edirəm.

Birdəfəlik anlamaq lazımdır ki, inzibati - ərazi bölgüsü dövlətlərin, cəmiyyətlərin idarə olunmasını asanlaşdırmaq, çevik idarəetməni təmin etmək ücün düşünülüb. İnzibati - ərazi vahidinin, bölgənin milli mənsubiyyətimizə hec bir aidiyyatı yoxdur. Hamımızın mənsub olduğumuz və hamımıza mənsub olan bir Azərbaycan var!

Mənim ücün əhəmiyyət kəsb edən və maraqlı olan ünsiyyət qurduğum şəxslərin mənəvi saflığı, dürüstlüyü, etibarlılığı, səmimiyyəti, məsuliyyət hissi, qısası insani keyfiyyətləlidir, onun Azərbaycanın hansı ərazi vahidliyində anadan olması yox. Çalışdığım sahədə isə bütün bu cəhətlərlə yanaşı, diqqət yetirdiyim məsələ insanın peşəkarlıq səviyyəsidir. İnanın ki, internet məkanında, sosial mediada məqsədli şəkildə qabardılan bu nadan mövzudan cəmiyyətimiz çox-çox yüksəkdə dayanır, bədniyyətlilərin düşündüyündən qat-qat saf və ayıqdır. Özlərini boş yerə yormasınlar.

- Artıq ictimailəşmiş məlum toy-büsat mərasimində iştirak etmiş vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılmasının səbəbi nədir?

- Tovuz rayonunda verdiyimiz şəhidlərin qırx mərasiminin gözlənilməməsi, adət-ənənələrimizə, milli dəyərlərimizə göstərilən sayğısızlıq ictimai qınağın sərtliyinə səbəb oldu. Hüquq normalarının tətbiqindəki sərtlik həm də vəzifəli şəxslərin, imtiyaz sahiblərinin qayda-qanunla yanaşı, dəyərlərimizə göstərdikləri sayğısızlıqla bağlıdır. Siyasi hakimiyyət cəmiyyətimizə göstərdi ki, onun qayda-qanuna münasibətdə ayrı-seçkiliyə yol verməyəcəyi ilə bağlı mövqe və bəyanatları birmənalıdır, şübhəyə yer qoymur. Dövlət və Qanun, onu icra edən Hakimiyyət vətəndaşları arasında, kimliyindən asılı olmayaraq, ayrı-seçkilik etmir. Hər kəs müvafiq nəticə çıxarmalıdır, Qanunun və Hakimiyyətin sərt üzü ilə üzləşəcəyinə əmin olmalıdır. Yaşadığımız reallıq budur ki, vətəndaş görmək istədiyini əyani şəkildə görə bilir. Dövlətə və Hakimiyyətə olan Vətəndaş inamına kölgə salmaq cəhdi isə iflasa, ictimai qınağa və sərt qanuni təqibə məhkumdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.