SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » SOCAR İstiqrazlarının faydası çoxyönlüdür - MÜSAHİBƏ

SOCAR İstiqrazlarının faydası çoxyönlüdür - MÜSAHİBƏ

Tarix:

16-01-2017, 21:49

/ 2 073 dəfə oxundu.
SOCAR İstiqrazlarının faydası çoxyönlüdür - MÜSAHİBƏ

Yanvarın 17-də Azərbaycan tarixində istiqrazlar üzrə ən böyük faiz ödənişi həyata keçiriləcək. Ötən ilin sentyabrında buraxılan SOCAR istiqrazlarının sahibləri ilk gəlirlərini əldə edəcəklər. Day.Az bildirir ki, SOCAR İstiqrazları, onların hansı məqsədlə buraxılması və başqa yatırım üsullarından fərqi ilə bağlı suallara "SOCAR Capital" şirkətinin icraçı direktorunun müavini Tolqa Kotan cavab verir.

- Tolqa bəy, SOCAR bu istiqrazları nə məqsədlə buraxıb?

- SOCAR bu istiqrazları Azərbaycan Respublikası vətəndaşlarının SOCAR Qrupuna daxil olan şirkətlərin mənfəətlərindən birbaşa pay ala bilməsi, eyni zamanda, yeni alternativ investisiya imkanları ortaya çıxarmaqla, aktiv dövriyyədə olmayan vəsaitlərin iqtisadiyyatın gəlirli sahələrinə yönləndirilməsi məqsədilə buraxmışdır.

Mövzunu bir az daha konkretləşdirək. SOCAR son illərdə qlobal miqyasda böyük enerji layihələrinə başlamış və bu layihələrin maliyyələşməsi üçün xaricdən kredit cəlb etmişdir. Hal-hazırda SOCAR-ın 1,750 milyon USD məbləğində xaricdən cəlb etdiyi kredit mövcuddur və bu kredit üçün də illik təxminən 100 milyon USD faiz ödənməkdədir. SOCAR istəyir ki, bu kreditin tamamını ölkədaxili qaynaqlardan, yəni vətəndaşlarından təmin edə bilsin və xaricə ödədiyi illik 100 milyon Dollarlıq faizi də öz vətəndaşlarına ödəsin. SOCAR İstiqrazları ilə bu istiqamətdə mühüm bir addım atılmış və xaricə ödənən faizlərin bir qismi Azərbaycan vətəndaşlarına ödənməyə başlanmışdır. Bu şəkildə vətəndaşlarımızın kənarda tutduqları yığımlar ölkə iqtisadiyyatına qazandırılacaq, ödənən faiz vətəndaşlarımız üçün bir gəlir mənbəyi olacaq və beləliklə də, ümumi iqtisadiyyatın canlandırılması üçün bir dəyər yaradılacaq.

Qısacası, SOCAR İstiqrazlarının faydası çoxyönlüdür. İstiqrazlar vətəndaşlarımıza faiz gəliri təmin etməklə yanaşı, iqtisadiyyatımıza da dəstək verərək, xalqımıza əlavə fayda gətirəcəkdir.

- Bəs, niyə görə istiqrazlar dollarla buraxılıb?

- Vətəndaşlarımızın yığımlarının təhlilini etdiyimizdə çıxan nəticə həmin yığımların 80%-dən çoxunun Dollarda olmasıdır. Bunlar maliyyə sferası içində qalan yığımlar üçün aparılmış bir analizdir. Əlavə olaraq, "yastıq altında tutulan" önəmli miqdarda yığımlar da mövcuddur.

Vətəndaşlarımızın yığım seçiminin Dollar olduğunu və yastıq altındakı Dollar yığımlarının ölkə iqtisadiyyatına təkrar qazandırılmasını hədəfləyərək, SOCAR bu istiqrazların Dollarda buraxılmasına qərar vermişdir.

- SOCAR İstiqrazları nə qədər qazanc gətirir? İnvestora xeyri nədir?

- SOCAR İstiqrazları Dollarla buraxılıb, bir istiqrazın qiyməti 1000 Dollardır. Onun müddəti 5 il, illik gəliri 5%-dir. Yəni, istiqraz sahibləri ildə 5% qazanc əldə edəcək. Bunu nəzərə alanda hər bir istiqraz öz sahibinə ildə 50 dollar qazanc gətirir. Faiz ödənişi hər 3 aydan bir olduğuna görə, istiqraz sahibi hər dəfə 12,5 Dollar faiz alır. Faizlər hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödəniləcək. Yəni, istiqraz sahibləri qazanc əldə etmək üçün ilin sonunu gözləməli olmayacaqlar və hər 3 aydan bir pullarını götürəcəklər. Bu Azərbaycan vatandaşları üçün çox sərfəli bir haldır, çünki dünya istiqraz bazarında əsasən 6 aylıq və ya illik ödəmələr daha çox yayılmışdır.

Digər tərəfdən, istiqrazların sayı artdıqca, faiz gəlirləri də təbii olaraq artır. 10 istiqrazın sahibi ildə 500 dollar, 50 istiqrazın sahibi 2500 dollar, 100 istiqraz sahibi 5 min dollar, 1000 istiqraz sahibi isə ildə 50000 dollar qazanır.

- İllik 5% böyük gəlirdimi? Dünyada, ya da digər ölkələrdə istiqrazlar üzrə faiz dərəcələri nə qədər olur?

- Olduqca yüksək bir göstəricidir. Dünya istiqraz bazarları sıfır faizlərin, hətta neqativ faizlərin olduğu bir dövrdən keçir. Son zamanlarda faizlərdə yuxarıya doğru qalxma başlamış olsa da, ABŞ-da hələ ki 1%, Avropa Birliyində isə 0%-ə yaxındır.

Buna əlavə olaraq, daxili bazarlarda əsasən yerli pul vahidində olan istiqrazlar buraxılır. Bu baxımdan, SOCAR-ın Dollarda istiqraz buraxması Azərbaycan investorları üçün bir ayrıcalıqdır. Xarici pul vahidi ilə buraxılan Avrobond bazarlarında isə ciddi gəlir dalğalanmaları ola bildiyinə görə, investorlar üçün böyük bir risk yaranır. İnvestorların əleyhinə ola biləcək qiymət dalğalanmaları isə SOCAR İstiqrazlarında yoxdur. Tam tərsinə, SOCAR-ın minimum 1000 Dolardan geri alma zəmanəti ilə investorlar böyük bir zəmanət altındadırlar.

Faiz göstəricisi ilə əlaqəli duyduğum digər bir şərh isə, iş adamlarının öz işlərini görərək, daha çox qazana biləcəyi ilə bağlıdır. Burada iki şeyi dəqiqləşdirmək lazımdır. Bir işi görmək üçün çox böyük bir risk almaq, əmək sərf etmək və xeyli cəhd göstərmək lazımdır. Buna qısaca olaraq "Təşəbbüskarlıq" deyirik. Burada uğurlu olmaq da mümkündür, uğursuz olmaq da. Uğursuz olduğunuzda işə qoyduğunuz bütün yığımlarınızı, təəssüf ki, itirə bilərsiniz.

Yığımların dəyərləndirilməsi isə başqa bir mövzudur. Təşəbbüskarlıq və zəhmətdən sonra əldə edilən qazancların qorunması və daha aşağı risklər alaraq, dəyərləndirilməsi gərəkməkdədir. Bu şəkildə edilməzsə, Təşəbbüskar (iş adamı) qarşıdakı illərdə gördüyü işlərin zərərlə nəticələnməsi səbəbindən, o zamana qədər yığdığı bütün vəsaitini itirə bilər. Bu səbəbdən iş adamları və təşəbbüskarlar mütləq hər gördükləri işdən müəyyən bir məbləğə qənaət edərək, bunları maliyyə alətləri ilə dəyərləndirməlidirlər. İnkişaf etmiş ölkələr bu şəkildə irəliyə gediblər. Dünyada nəhəng bir sektor olan portfel və aktiv idarəçiliyi də bu səbəbdən mövcuddur.

- SOCAR İstiqrazları buraxılanda SOCAR elan etmişdi ki, istiqrazları minimum 1000 dollardan alacaq. Belə hal olub?

- Bəli, SOCAR verdiyi sözü tutdu və hər gün də tutmaqdadır. SOCAR İstiqrazına investisiya edənlər istədikləri zaman istiqrazlarını satıb, pullarını geri ala bilirlər. Satışa çıxarıldıqdan sonra SOCAR İstiqrazları Bakı Fond Birjasında 40 milyon Dollara yaxın tədavül həcmi ilə ən çox alğı-satqı əməliyyatı aparılan investisiya aləti oldu. Yəni, SOCAR İstiqrazlarından daha likvid bir yatırım aləti Azərbaycan bazarlarında yoxdur. Burada ən gözəl nüanslardan biri də əməliyyatları investorların öz aralarında icra etmələridir. Təkrar bazarda 1000 USD-dən alğı-satqı əməliyyatı heç baş tutmayıb, daim daha yuxarı qiymətlərdən baş tutub. Yəni, SOCAR İstiqrazlarını alan investorlar həmişə daha yüksək bir qiymətə istiqrazlarını satmağa imkan tapıblar. Faizlərin ödənişindən sonra məbləğ $1000-a düşsə də, gündəlik faiz qazancı ilə SOCAR İstiqrazlarının dəyəri artacaqdır.

- SOCAR İstiqrazlarının likvidlik, yəni istədiyin vaxt aldığın istiqrazları nağdlaşdırma qarantiyası var, belə qarantiya bütün istiqrazlara verilir, yoxsa bu yalnız SOCAR İstiqrazlarındadır? Məsələn, dünyadakı və ya Türkiyədəki istiqrazlara belə qarantiya verilirmi?

- Cavab çok konkretdir: Bu sadəcə SOCAR İstiqrazlarındadır. Türkiyə və dünya bazarlarında hər gün minimum buraxıldığı qiymətdən (SOCAR İstiqrazları üçün 1000 USD) geri alma zəmanəti başqa bir istiqrazda yoxdur. Dünyada bunun örnəkləri çox azdır. Çox nadir qurum belə bir öhdəlik götürür. İstiqraz müddətinin sonunda nominal qiyməti ödəyir, ancaq SOCAR burada maliyyə bazarına və investorlara çox böyük bir jest elədi. Bir öhdəlik olaraq hər an nominal qiymətdən geri almağı öz üzərinə götürdü. Bu da istiqraz investorlarına verilən nominal qiymətdən (1000 ABŞ dolları) likvidlik qarantiyası deməkdir.

İstiqrazı buraxan şirkət bəzi vaxtlar investorları likvidliklə təmin edə bilir. Ancaq hər gün üçün nə minimum qiymət, nə də minimum likvidlik təmin etmə sözü vermirlər. Bu xüsusiyyətləri ilə SOCAR İstiqrazları investorlar baxımından çox nadir tapılan bir yatırım alətidir.

- SOCAR İstiqrazlarının başqa yatırım alətlərinə nisbətən üstün cəhəti nədir?

- SOCAR İstiqrazları bir əvvəlki sualda bəhs etdiyim kimi, qlobal miqyasda yüksək faiz göstərcisi, hər gün geri alma zəmanəti və yüksək likvidliyi ilə investorlar üçün çox əlverişli bir yatırım vasitəsidir və bu xüsusiyyətləri ilə digər yatırım alətləri arasında önə çıxmaqdadır.

Nümunə olaraq, SOCAR İstiqrazlarına investisiya edən bir investor keçən həftənin Cümə günü istiqrazlarını 1012 USD qiymətdən sata bilirdi. Yəni, daha kupon ödənişini gözləməsinə belə gərək qalmır. Kupon ödənişi tarixindən əvvəl satdığı üçün də zərər etmir; hələ da xeyirdədir. Ayrıca, davamlı likvidlik var. Yəni, investor "Mən sata bilmədim, alıcı yox idi" demir. Bu çox, həm də çox mühüm bir xüsusiyyətdir. Eyni zamanda, istiqrazlar vergidən də azaddır və bu baxımdan da önəmli bir üstünlüyə sahibdir.

- SOCAR istiqrazlara necə təminat verir?

- SOCAR İstiqrazlarının təminatı bir dövlət şirkəti olan SOCAR-ın özüdür. SOCAR 40 milyard Manatlıq aktivləri və 13,5 milyard Manatlıq səhm kapitalı ilə Azərbaycanın ən böyük şirkətidir. SOCAR-ın xarici bazarlarda buraxdığı istiqrazlara xarici investorlardan gələn yüksək tələb və xarici investorların 2.250 milyard USD dəyərində istiqraz alması da SOCAR-ın maliyyə gücünə duyulan yüksək etibarın ifadəsidir. Bu baxımdan, ölkə daxilinə buraxılan 100 milyon USD-lik istiqrazın SOCAR üçün olduqca kiçik bir rəqəm olduğu açıqdır.

- Azərbaycan vətənaşlarından başqa, SOCAR İstiqrazlarını başqa ölkələrin vətəndaşları ala bilərmi?

- Bəli, təkrar bazardan ala bilərlər. İlkin bazarda satışa çıxarılan zaman yuxarıda bəhs etdiyim çox müsbət cəhətlərə sahib SOCAR İstiqrazlarına yatırım güzəşti sadəcə Azərbaycan vətəndaşlarına verilmişdi. Sonrasında isə xarici investorlar da Bakı Fond Birjasında SOCAR İstiqrazlarını ala bilərdilər və alırlar. Mən Bakıda yaşayan və xarici vətəndaş olan yoldaşlarımı bu baxımdan misal göstərə bilərəm. Ayrıca, ilk kupon ödənişindən sonra SOCAR İstiqrazlarını almaq üçün hazırlaşan xarici korporativ investorlarla da kontakdayıq.

- Bankdan əmanəti vaxtından əvvəl çıxaranda faizlər verilmir. Bəs, istiqrazlarda necədir - onları vaxtından əvvəl satanda gəlir götürmək olur?

- SOCAR İstiqrazlarını investorlar istədikləri gün sata bilir və qazandıqları faizin böyük bir qismini də ala bilirlər. Yenə konkret nümunə göstərim. İstiqrazların satışı zamanı eyni gün həm banka 1000 USD-ni 3 aylıq əmanət vermiş, həm də SOCAR İstiqrazlarına 1000 USD yatırım etmiş bir şəxs fikirləşək. Bu şəxs pula ehtiyacı olduğuna görə həm əmanətini, həm də SOCAR İstiqrazlarını satmaq məcburiyyətində qalsın. Vədəyə isə sadəcə 4 gün var, amma investor gözləyə bilmir, çünki pula ehtiyacı var. Bankda əmanətini vədəsindən əvvəl çəkir və əlinə keçən pul sadəcə banka qoymuş olduğu əsas məbləğdir, yəni 1000 Dollar. SOCAR İstiqrazlarında isə, məsələn, 1012 Dollardan sata bilir. Bu bir zənnetmə deyil, belə ki, keçən həftə Cümə günü gerçəkləşmiş əməliyyatlara əsaslanaraq bunu söyləyirəm. İnvestor bankdakı depozitinə toxunduğu zaman, onun bütün əmanət hesabı pozulur, amma SOCAR İstiqrazlarında belə deyil, yəni, investor istiqrazların bir hissəsini satdığı zaman, geridə qalan digər istiqrazları faiz qazanmağa davam edir. SOCAR İstiqrazlarının hər gün alınıb-satıla bilmə xüsusiyyəti və yüksək likvidliyi ilə məxsusi bir investisiya aləti olduğu çox açıqdır.

Şərhlər

XƏBƏR LENTİ