XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » "Azay Quliyev istefa verməlidir, ya da..." - Ələsgər Məmmədli ilə MÜSAHİBƏ

"Azay Quliyev istefa verməlidir, ya da..." - Ələsgər Məmmədli ilə MÜSAHİBƏ

"Azay Quliyev istefa verməlidir, ya da..." - Ələsgər Məmmədli ilə MÜSAHİBƏ
20-08-2020, 12:29

Azsiyasət.com" analitik informasiya portalı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədlidən müsahibə alıb. Müsahibəni olduğu kimi təqdim edirik:

"Necə ola bilər ki, siz bir dövlət qurumuna ayrılan vəsaitlə bağlı həm qərar verirsiniz, həm də gəlib onu icra edirsiniz"

- Ələsgər müəllim, əslində cəmiyyətdə bufer rolunu oynamalı olan vətəndaş cəmiyyəti institutlarının və QHT Şurasının fəaliyyətini indiki situasiyada necə qiymətləndirirsiniz?

- Vətəndaş cəmiyyəti institutları Azərbaycan müstəqillik qazanandan sonrakı ilk illərdə - təxminən 10-15 il ərzində regionda lider idi. Bizim vətəndaş cəmiyyəti institutları həm Qafqazda, həm də MDB ölkələri içərisində ən fəal və hesabatları, fəaliyyətləri beynəlxalq qurumlar tərəfindən ciddi şəkildə qiymətləndirilən bir durumda idi. Amma elə ki, hökumət bu sahəni tənzimləməyə qalxdı və QHT Şurasını yaratdı, məhz bundan sonra vətəndaş cəmiyyəti institutlarına ilk zərbə dəydi. 2012-ci ildə qanunvericilik tamamən dəyişdi. Bundan sonra Şuranın bayrağının altından keçən, Şuranın rəy verdiyi qurumlar vətəndaş cəmiyyəti kimi hökumətin maliyyələşdirdiyi instituta çevrildi. Bunun xaricində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları həm xarici, həm də yerli resurslardan qrant alıb ideyalarını reallaşdırmaq imkanından məhrum oldu. Yəni bu gün QHT Şurasının qrant verdiyi qurumların Azərbaycanda vətəndaş cəmiyyətini təmsil etdiyini demək absurd olar. Çünki bir-iki nəfərdən ibarət olan bu qurumların onlara ayrılan 8-10 min manat vəsaiti hansısa formada rəsmiləşdirərək sənəd təqdim etməkdən başqa heç bir funksiyası yoxdur. Həmin 300-400 QHT-nin hansısa hökumət qurumunun fəaliyyətindəki neqativləri göstərdiklərini, yaxud hansısa sferada problemləri araşdırıb cəmiyyətin diqqətinə çatıdırdığını, mövcud problemlərin həli üçün faydalı bir iş gördüyünü görmürəm, nə də ki, bunu görmək mümkün deyil.

Azərbaycanda az-çox fəaliyyət göstərən QHT-lər var idi ki, onlar həqiqətən də ciddi fəaliyyət ortaya qoymuşdu, maarifləndirici işlər həyata keçirirdilər. Onların da bir çoxunun maliyyəsi xarici mənbələrdən olduğuna görə, qrantlar kəsildi. İndi bu qurumlar fəaliyyətsiz bir vəziyyətə düşüb, ya da çox cüzi fəaliyyət götərirlər. Mən sizə bir rəqəm deyim. Məsələn, 2013-cü ildə Azərbaycan vətəndaş cəmiyyətinin xarici və yerli qrantlardan aldığı vəsait təxminən 89 milyon dollar idi. Bu vəsaitin də təxminən 29 milyon dolları birbaşa xarici mənbələrdən idi. Bu pullar Azərbaycanda vətəndaş cəmiyyətinin, o cümlədən, cəmiyyətin inkişafına xərclənirdi. Bu gün üçün hökumət bir dənə də olsun xarici qrant qeydə almır. Ədliyyə Nazirliyinin saytına girsəniz, görürəcəksiniz ki, bununla bağlı sonuncu məlumat 2013-cü ilə aiddir. Movcud olan qeyri-hökumət təşkilatları da QHT Şurasının özünün müəyyən elədiyi “özünə sədaqət” anlayışı çərçivəsində fəaliyyət gösətərən qurumlardır. Bu qurumların layihələri də absurddur, sadəcə kağızlar üzərində bir yazılmış şeylərdir. Bütün bunların hamısı dövlət büdcəsindən ayrılan 4-5 milyon manatın hansısa formada faydalı əllərə yox, nəzarətdə olan əllərə keçməsi məqsədini daşıyır. Ona görə də bütün məsələrdə ciddi nəticə görə bilməzsiniz.

- QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri kimi Azay Quliyevin hər hansı toxunulmazlığı varmı? Onun fəaliyyətini təftiş-tənqid etmək sanki qadağan olunub. Niyə?

- Azay Quliyevin eyni vaxtda həm deputat, həm də dövlətin vətəndaş cəmiyyəti institutları ilə həyata keçirdiyi siyasətin icraçısı olması hüquqi baxımdan konstitusiyaya ziddir. O, bu vəzifəyə təyin olunub. Vəzifəyə təyin olunan adam eyni anda qanunvericilik funksiyasını necə həyata keçirə bilər? Məsələn, A.Quliyev parlamentdə səs verir ki, QHT Şurasına bu qədər layihə ayrılsın. Bunun özü mənafelərin ciddi şəkildə toqquşmasıdır. Necə ola bilər ki, siz bir dövlət qurumuna ayrılan vəsaitlə bağlı həm qərar verirsiniz, həm də gəlib onu icra edirsiniz!? A.Quliyevi illərdir tanıyıram, o, bir insan və deputat kimi də faydalı ola bilər. Amma o, ya QHT Şurasından istefa verməlidir, ya da tam tərsi – deputat mandatından imtina edib Şurada işləməlidir. Əgər bu gün Azərbaycan vətəndaş cəmiyyəti institutları Qafqazda ən axırıncı yerə düşübsə, burda A.Quliyev də böyük “rolu” var. A.Quliyev həm də özünün son 10 illlik fəaliyyətini təftiş eləməlidir. Ki, görsün ondan əvvəl vətənda cəmiyyəti institutları hansı vəziyyətdə idi, indi hansı vəziyyətdədir. Bu məsələdə onun ciddi məsuliyyətin var, bunu dərk etməlidir.

- QHT Şurasından yazmaq az qala cinayət hesab olunur...

- Bilirsiniz niyə? Əgər 400 QHT-yə qrant verilirsə və bu layihələrin hər birində media aspekti varsa, deməli, məsələ aydın olur. Axı bu layihələr mediada işıqlandırılmalıdır. Hər kəs düşünür ki, mənim maliyyə məsələm burdan həll olunursa, mən ya susmalıyam, ya da tərifləməliyəm. Təəssf ki, bu tendensiya bizim ölkəmizdə ən böyük problemdir.

- Bəs QHT Şurasının fəaliyyəti ilə bağlı nə təklif edirsiniz? Əslində necə olmalıdır?

- Hökumət iki önəmli məqamı nəzər almalıdır. Birincisi, vətəndaş cəmiyyəti insitutlarının fəaliyyətini iflic edən qanunvericilik tamamilə kənara atılmalıdır. Yeni, dövlətin müdaxiləsi olmadan birləşmə azadlığını təmin eləyən hüquqi mühit yaradılmalıdır. QHT-lərlə bağlı qanuna, qrantlarla, ianələrlə və hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı qanunlara yenidən baxılmalıdır. Bu qanunlar Konstitusiyamızın ilkin versiyasına və Avropa standratlarına uyğun hala gətirilməlidir. İkincisi, dövlət vətəndaş cəmiyyəti institularını düzəltmə və tənzimləmə istəyindən vaz keçərək QHT Şurasını ləğv etməlidir. Bu Şura birbaşa dövlətin vətəndaş cəmiyyətinə müdaxiləsi hesab olunur. Əslində dövlətin bu və ya digər formada axsadığı sahələri vətəndaş cəmiyyəti institutları inkişaf etdirməlidir. İnsan hüquqları və idarəçilikdəki çatışmazlıqlarla bağlı problemləri görmək, onların aradan qaldırılması üçün kömək etməlidir. Bu çox geniş, çoxşaxəli, öz-özünü yaradan, inkişaf etdirən tərəfdir. Bura dövlətin müdaxiləsinə istənilən halda yol vermək olmaz. İki addım atılmalıdır: dövlətin qanunvericiliyi liberallaşdırması və bu sektordan əl çəkməsi vacibdir. Dövlət bu sektorda olan qurumları ləğv edib sərbəxt buraxmalıdır. Bu zaman vətəndaş cəmiyyəti institutları ən azından 2000-ci illərin əvvəllərindəki vəziyyətə qayıda bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.