XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » Heydər Oğuz: "Hamısı eyni bezin qırağıdırlar"

Heydər Oğuz: "Hamısı eyni bezin qırağıdırlar"

Heydər Oğuz: "Hamısı eyni bezin qırağıdırlar"
9-08-2020, 00:19

"Naxçıvan Vasif Talıbovun özəl təsərrüfatına çevrildiyi kimi, SOCAR da Rövnəq Abdullayevin ixtiyarındadır”

İyulun 6-da Prezident İlham Əliyev keçirdiyi koronavirus müşavirəsində dövlət şirkətlərinin ölkə iqtisadiyyatına vurduğu zərərdən danışdı. Ölkə başçısı xüsusilə SOCAR, AZAL, Azərenerji və Azərsu kimi şirkətlərin səmərəsiz fəaliyyətini sərt tənqid etdi. Prezidentin bu çıxışından sonra həmin şirkətlərin rəhbərlərini hansı tale gözləyir?
Tanınmış siyasi şərhçi, Ədalət partiyasının sədr müavini Heydər Oğuz “Hürriyyət” qəzetinə müsahibəsində əsasən bu suala aydınlıq gətirməyə çalışıb.

-Heydər bəy, Prezident İlham Əliyevin dövlət şirkətləri barədə fikirlərini necə qiymətləndirirsiniz?

-Açığını desəm, Prezident İlham Əliyev əslində yeni fikir səsləndirmədi. Onun dedikləri son illər ərzində ən müxtəlif partiya liderləri, analitiklər, ekspertlər tərəfindən dilə gətirilib. Ölkə başçısı sadəcə bu fikirləri daha gözəl sistemləşdirirək ifadə etdi. Doğrusu, Prezidentin bu etirafları həm sevindiricidir, həm də üzücü.
Sevindiricidir ona görə ki, ölkəmizin nə qədər çətin vəziyyətlə qarşı-qarşıya qaldığı və problemin əsasən nədən qaynaqlandığı ən yüksək səviyyədə bilindiyi ortaya çıxdı. Bu isə uğurun yarısıdır. Çünki istənilən bəlanı ortadan qaldırmaq üçün ilk növbədə onun düzgün diaqnozunu qoymalısan. Ölkə başçısı da məhz bunu etdi. İndi növbə diaqnoza uyğun olaraq, müvafiq addımların atılmasındadır.
Kədərlidir ona görə ki, Azərbaycan SSRİ adlı imperializmin caynağından guya 30 ildir canını qurtarıb. Prezidentin özü də həmin müşavirədə ölkəmizdə hələ də sosialist təsərrüfatçılığının hökmran olduğunu bildirdi. Halbuki, bu təsərrüfat sistemi ilə mübarizə 30 il bundan əvvəl başlamalı idi. Nədən ki, 70 il xalqlar həbsxanasına çevrilən SSRİ məhz bu iqtisadi sistemin səhv nəzəriyyəsi nəticəsində çökdü. SSRİ qurulmamışdan əvvəl dünyanın 3-cü böyük sənaye dövləti olan Rusiya imperiyası 70 ildən sonra tənəzzülə uğrayaraq dağıldı. Dağılış dövründə məlum oldu ki, onun əksər sənaye müəssisələri xeyli geridə qalıb, bəziləri hətta 1917-ci ildən əvvəlki texnologiya ilə işləyir. Başqa sözlə desək, əslində dövlət kapitalizmi olan sosialist iqtisadiyyatının özü-özünü inkişaf etdirməkdən mərhum olduğu anlaşıldı. Ona görə də sual ortaya çıxır: bəs elədirsə, 30 ildir həmin anlayış niyə qorunub saxlanılır?
Sözsüz ki, bunun obyektiv səbəbləri də var. Bütün günahları indiki iqtidarın üzərinə yükləmək istəmirəm. Amma hər halda 30 il yeniləşmə üçün böyük müddətdir və Azərbaycan uzun illər əvvəl bu sosialist təsərrüfatçılıqdan imtina etməli idi.

-İstərdim ki, fikrinizi bir qədər açasınız. Obyektiv səbəblər” deyəndə nəyi nəzərdə tutursunuz?

-Bir çox səbəbləri sıralamaq olar. Bunlardan ən başlıcası kadr yetərsizliyi idi. Bilirsiniz ki, SSRİ zamanı iqtisadçılara yalnız sosialist iqtisadi nəzəriyyəsi öyrədilirdi. Dünyanın qabaqçıl nəzəriyyələri ümumiyyətlə gizli saxlanılır və müzakirəyə çıxarılmırdı. Həmin dövrdə yetişən iqtisadçılar bu anlayışla yetişmişdilər və onlardan Amerikanın yenidən kəşfini gözləmək olmazdı.
Düzdür, əslində Amerikanın yenidən kəşfinə də ehtiyac yox idi. Həmin dövrlərdə bizə yaxın xarici dövlətlərdən, məsələn, Türkiyədən yaxşı mütəxəssislər dəvət edib mühüm layihələr həyata keçirmək olardı. Buna isə maliyyə durumumuz imkan vermirdi. İnsafən, Azərbaycan o vaxt yerli kadr kontingenti formalaşdırmaq üçün bəzi xarici ölkələrə tələbə göndərmişdi. Amma Azərbaycanda Rusiyanın 5-ci kolonu deyilən qüvvələr həmin yeni kadrların da dövlət orqanlarında fəaliyyətinə imkan vermədilər. Həmin tələbələr mütəxəssis kimi yetişib ölkəyə qayıtdıqdan sonra bir çoxu bazarlarda tərəvəz, “talkuçka”larda paltar satmalı oldular. Ölkənin taleyi isə Ramiz Mehdiyev kimi kiflənmiş düşüncə sahibinin və onun Əli Həsənov, Siyavuş Novruzov, Zahid Oruc və s. kimi əlalltılarının ümidinə qaldı. Bu adamların Azərbaycanı hara gətirib çıxardığı göz qabağındadır. Şükür Allaha, indi Ramiz Mehdiyev də, Əli Həsənov da vurulub tarixin zibilxanasına atılıb. Amma hakimiyyətdə hələ də onların əlaltıları qalır. Onlardan biri Siyavuş Novruzov o gün Milli Məclisdə deyib ki, Naxçıvana əlavə maliyyə ayırmaq lazımdır. Bu adam hələ anlamır ki, artıq o dövrlər bitdi. İndi yerli hakimiyyətlər öz təsərrüfatını qurmalı, dövlətə ödədiyi vergilər hesabına mərkəzi idarəetməni gücləndirməlidirlər. Bunlar isə “bəlkə də qaytardılar” xəyalı ilə mərkəzi hakimiyyətdən pul umurlar. Mən Siyavuş Novruzu qınamıram. Ona 20 ildən çoxdur mandatı verən var. Görünür, həmin adam Siyavuş Novruzovu danışdırır. Axı o, danışmasa, mandatı əlindən alına bilər. Belə görünür ki, bu adama mandat verib MM-ə göndərən Vasif Talıbov ötən il prezidentin danlağından nəticə çıxarmayıb. Hələ də anlamaq istəmir ki, Azərbaycana əvvəlki kimi neft və qaz dollarları gəlmir, rəsmi Bakı istəsə belə, Naxçıvana onun istədiyi maliyyəni ayıra bilməz. Alternativ yollar axtarılmalı, Muxtar Respublika əhalisi iqtisadi fəaliyyətə cəlb olunmalıdır. Bunun yolu isə bölgədəki inhisarçılığa son qoymaq, azad rəqabət mühiti yaratmaqdır. Sən əgər bunu bacarmırsansa, nə səbəbə 25 ildir ki, həmin vəzifəni tutursan? Naxçıvana ayrılan dotasiya hesabına öz qohumlarının iqtisadi imperiyasını qurursan?
Nə isə, bu dərin söhbətdir. Bir də Naxçıvana diqqət ayırmaqla əsl mövzudan yayınırıq. Prezidentin bəhs etdiyi SOCAR, AZAL, Azərişıq, Azərsu və s. kimi şirkətlərin faəliyyəti də mahiyyət etibarilə Muxtar Respublikadakı vəziyyətdən fərqlənmir. Naxçıvan Vasif Talıbovun özəl təsərrüfatına çevrildiyi kimi, SOCAR da Rövnəq Abdullayevin ixtiyarındadır. Adamın bir dayısı oğlu var. Adını səsləndirmirəm ki, yazsanız, saytınız hücuma məruz qalar. Təsəvvür edin, bu ölkədə prezidenti tənqid edə bilirsən, amma Rövnəq Abdullayevin həmin qohumu barədə bir kəlmə söz deyə bilmərsən. Dərhal dünyanın ən müxtəlif yerlərindən saytına virtual hücumlar başlayar və o, işləməz hala gələr. Bir dəfə bununla bağlı Prezidentə müraciət etmişdim. Sağ olsun, görünür, bu adamlara qulaqburması verdiyindən saytımız fəaliyyəti bərpa olundu. Amma qulaqvurmasının ağrısı keçəndən sonra adam yenidən öz fəaliyyətinə qayıdıb. Yenə onun adı keçən heç nəyi ictimailəşdirə bilmirsən. Özlərini ölkənin Allahı kimi görən bu adamların iqtisadi fəaliyyətlərinə Prezidentin özü ən layiqli qiymətini verdi. Azərbaycan bütün ümidlərini SOCAR kimi enerji şirkətlərinin mənfəət gəlirlərinə göz dikdiyi halda bunlar dövlət subsidiyaları hesabına yaşayır. Rayonlara qazı kəmərini dövlət çəkir, SOCAR həmin kəndlərə verdiyi qazın puluyla Yaponiyada cudo yarışlarını maliyyələşdirir, Gürcüstanda erməni kilsəsinə müftə qaz verir. Şəhid övladlarının, qaçqınların min bir zəhmətlə tikdiyi evləri isə “bura bizim ərazidir” deyib ya uçurur, ya da rüşvət alıb cibini doldurur. Budurmu bunların Azərbaycan iqtisadiyyatına xeyirləri? Adamın Allahı olar, çox insafsızlıq edərsən, Allah basıb gözünü çıxarar. Neftdən, qazdan oğurladığınız azdır, kasıb-kusubun boğazına da göz tikirsiniz?
Yaxud AZAL-ı götürək, dünyanın bəlkə də ən bahalı aviasiya kampaniyasıdır. Təsəvvür edin ki, Azərbaycan vətəndaşları başqa yerə uçmaq istəyəndə burdan Gürcüstanda gedib onların hava yollarından istifadə edirdilər. Di gəl ki, AZAL-a təyyarəni dövlət almalı, aeroport salmalıdır. Hətta Naxçıvana satılan biletlərə də həm dövlət, həm də sərnişinlər pul ödəməlidir. Halbuki, Türkiyədə eyni məsafəyə uçuş qiyməti AZAL-ın sərnişinlərə satdığı qiymətdən belə ucuzdur. Əvəzində isə AZAL-ın rəhbəri burdan qazandığı pulları xaricə daşımalı, özünün və ailəsinin adına böyük təsərrüfatlar qurmalıdır. Prezidentin həmin çıxışından sonra tanınmış jurnalist Cavanşir Həsənli maraqlı status paylaşmışdı. Statusda Cahangir Əsgərovun xaricdəki mülkiyyətinin siyahısı gəstərilirdi. Adam baxdıqca dəhşətə gəlir. Heçmi bu adamın nəfsinin “dur” nöqtəsi yoxdur? Bilirsinizmi, bu nəyə bənzəyir? Türklərin bir atalar sözü var: “Dövlətin malı dənizdir, yeməyən kərizdir”. Yəni, axmaqdır. Bunlar da dövlət malına elə baxırlar. Yaxud “Metropoliten”i, “Azərişıq”ı, “Azərsu”yu, Azərbaycan Dəmiryolları İdarəsini, digər iri məmurları, xüsusilə ən çox subsidiyaların ayrıldığı Kənd Təsərrüfatı Nazirliyini götürək. Hamısı dövlət malına eyni gözlə baxırlar. Loru dillə desək, eyni bezin qırağıdırlar.

-Necə fikirləşirsiniz, Prezidentin məlum iradlarından sonra “dövlətin malı dənizdir, yeməyən kərizdir” prinsipləriylə işləyən bu adamlar cəzalandırılacaqlarmı?

-Yəqin ki, cəzalandırılacaqlar. Bəlkə də onların hər birini Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin taleyi gözləyir. Amma elə Cahangir Hacıyev təcrübəsi göstərdi ki, sonradan atılan daş topuğa dəyər. Beynəlxalq Bankın rəhbəri türmələrdə çürüməyə məhkum edilsə də, onun dövründə havaya sovrulan pulları geri qaytarmaq mümkün olmadı. Bu mənada mən kiminsə cəzalandırılmasının tərəfdarı deyiləm. Çünki sistem dəyişilməsə, cəzalandırılan iri məmurların yerinə gətirilənlər həmin təsərrüfatı onlardan pis dağıdacaqlar. Məncə, ən uğurlu yol həmin müəssisələrin özəlləşdirilməsidir. Özü də bir neçə yerə bölərək özəlləşdirmə. Çünki indiki böyüklükdə saxlanılsalar inhisarçılığın qarşısı alınmayacaq. Azərbaycanda ilk növbədə inhisarçılığın qarşısı alınmalıdır. Məsələn, niyə Naxçıvana yalnız AZAL sərnişin daşımalıdır? Olmazmı ki, ölkədə xeyli sayda hava şirkətləri yaradılsın və onlar arasında rəqabət başlasın? Bu zaman həm qiymətlər xeyli aşağı düşər, həm insanlara xidmət yaxşılaşar, həm də şirkətlər arasındakı rəqabət bir-biriləri üzərində nəzarət sistemi yaradar. Nəticədə heç kim dövlətdən vergi də qaçırmaz. Ən əsası isə dövlət nəinki AZAL-ın bitib-tükənməyən məsrəflərini qarşılamaq yükündən azad olar, əksinə büdcə qaynaqları artar. Eyni sözü SOCAR haqqında da demək olar. Bu şirkət bir neçə yerə bölünməli və eyni təyinatlı yeni şirkətlər yaradılmalıdır. Kim bu rəqabətə dayana bilərsə işləsin, kim dayana bilmərsə, gedib özünə başqa sahələrdə çörək pulu axtarsın. Bundan əvvəl isə SOCAR rəhbərinin bütün qohumlarının adına yaradılan treydinq şirkətlərinin fəaliyyəti yoxlanılmalı, hamısının mülkiyyəti əllərindən alınmalı və yenidən özəlləşdirməyə çıxarılmalıdır. Özü də onların əvvəlki korrupsioner rəhbərləri bu hərraclarda iştirak etməmək şərtilə. Çünki onlar korrupsiyaya bulaşdıqlarına görə ilk növbədə həbsxana divarları arasında cəzalarını çəkməlidirlər. Əllərindəki kapital isə müsadirə olunmalıdır.

-Sizcə, bu islahat həyata keçirilərsə, Azərbaycanın bütün iqtisadi problemləri öz həllini tapa bilər? Məsələ bu qədər asandırsa, hakimiyyət niyə indiyədək heç bir addım atmırdı?

-İqtisadiyyat mürəkkəb sistemdir. Sadəcə bir-iki islahatla bütün problemi həll edə bilməzsən. Bir çox islahatlar bərabər aparılmalıdır. Azərbaycanda isə hələ də kompleks tədbirlər görülmür. Daha çox dövrün və xarici maliyyə qurumlarının tələbləri ilə bəzi addımlar atılır. Yeni iqtisadi sistemin formalaşması üçün məhkəmə-hüquq sistemi tamamilə dəyişdirilməli, xalqın təmsilçilik hüququnu möhkəmləndirən demokratik islahatlar aparılmalıdır. Bunlar olmadan təkəm-seyrək dəyişikliklər böyük fayda verməyəcək. İndiyədək bu islahatların aparılmamasının səbəbi isə Rusiyanın Azərbaycandakı uzantılarının maneələriylə bağlıydı. Ümumiyyətlə, Rusiya öz keçmiş müstəmləkələrinin qlobal iqtisadiyyatla tam bütünləşməsini istəmir, çünki bu təsisatların yaranacağı təqdirdə həmin ölkələrin əldən çıxmasından ehtiyatlanır. Prezident İlham Əliyevin dövlət şirkətlərini özəlləşdirməyə başlamamışdan əvvəl Rusiyaya bağlı qüvvələri zərərsizləşdirməsi bu mənada təsadüfi deyil. Ötən ildən başlayaraq davam edən kadr islahatları olmasaydı, ölkə başçısı böyük özəlləşdirmənin siqnalı sayılan məlum çıxışı da edə bilməzdi. Dərhal maneələrlə, qarşı çıxışılarla üzləşərdi. Necə ki, ötən il kadr və struktur islahatları ilə bağlı vədini səsləndirəndə bu cür maneəlıər ortaya çıxdı. Maraqlıdır ki, keçmiş komandanın dirənişinə bizim ənənəvi müxalifət də dəstək verdi. Bu gün də verə bilər.
Bilirsinizmi, iqtisadi qloballaşma prosesi bir neçə mərhələdən keçib. Avropada 18-ci əsrdə başlayan sənayeləşmə prosesiylə ticari qloballaşmaya, II Dünya müharibəsindən sonra istehsalda qloballaşmaya start verilib. 1970-ci ildən sonra isə 3-cü mərhələ - finansal qloballaşma başlayıb. Rusiya kimi milli iqtisadiyyata üstünlük verən dövlətlər bunu özləri üçün təhlükə olaraq gördükləri üçün dünyadan təcrid siyasətinə üstünlük veriblər. Dünyadan təcrid oluna-oluna çöküblər və indi məcburən qlobal iqtisadiyyata inteqrasiya yolunu tutublar. SSRİ-nin dağılması da bu çöküşün nəticəsi idi və müstəqillik qazanan respublikalar, o cümlədən Azərbaycan qlobal iqtisadiyyata da eyni mərhələlərlə qədəm qoyur. Yadınızdadırsa, müstəqillikdən sonra ticari inteqrasiya yaşadıq. Sonra əsas gəlir mənbəyimiz olan enerji resurslarımızı transmilli şirkətlərlə bərabər istismar etdik. Yəni istehsal sahəsində də qloballaşdıq. İndi finansal qloballaşmaya gedirik. Finansal qloballaşmada mərkəzi hakimiyyətin dövlət müəssisələri olmur. Dövlətlər yalnız özəl şirkətlərin vergiləri hesabına maliyyələşir. Özəl şirkətlər isə beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə fəaliyyət göstərirlər. Beynəlxalq maliyyə qurumları perspektiv vəd etməyən layihələrə pul ayırmır. Beləcə, özəl şirkətlər bir növ beynəlxalq qurumların bölgələrdəki tərəfdaşına çevrilirlər. Aldıqları krediti faiziylə geri qaytardıqlar üçün həm də onların gəlir mənbəyi, uzantısı kimi fəaliyyət göstərirlər. Finansal inteqrasiya iqtisadi qloballaşmanın hələlik son mərhələsidir və Azərbaycan istəsə də, istəməsə də bu mərhələləri bir-bir keçir. Hesab edirəm ki, bu prosesin uğurla tamamlanması həm də demokratikləşməyə yol açacaq. Özü də Azərbaycandakı demokratikləşmə prosesi iqtisadi təməllərə söykəndiyindən daha da möhkəm olacaq. Çünki ölkənin finansal gücünün yalnız bir neçə insanın əlinə toplanması ənənəsinə son qoyulacaq. Pul iri məmurlarda deyil, iş dünyasının əlində cəmləşəcək və onlar dəstəklədikləri siyasi partiyalar vasitəsilə siyasi proseslərə təsir göstərməyə çalışacaqlar. Rusiyanın da qorxduğu məhz budur. Azərbaycana nəzarətin Ramiz Mehdiyevlərin, Əli Həsənovların, Siyavuş Novruzovların nəzarətindən çıxmasını istəmir. Amma artıq Azərbaycanın da köhnə “ağsaqqalları” dəfn etməkdən başqa çarəsi qalmayıb. Qüsura baxmasınlar, hər kəsin bir ömrü var. Allah onlara maddi həyatda uzun ömür versin ki, bu millətin başına gətirdiklərini həbsxana divarlarında yata-yata ödəsinlər. Siyasi həyatda isə onlar artıq çoxdan qalmış meyit kimi üfunət iyi verirlər. Biz də məcburən cəmiyyətimizin sağlamlığını düşünüb, onları siyasi məzarlıqda basdırmalıyıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.