XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » Ölkə başçısının siyasətini, həyata keçirdiyi sosial-iqtisadi strategiyanı, islahatları hər zaman dəstəkləyəcəyəm

Ölkə başçısının siyasətini, həyata keçirdiyi sosial-iqtisadi strategiyanı, islahatları hər zaman dəstəkləyəcəyəm

Ölkə başçısının siyasətini, həyata keçirdiyi sosial-iqtisadi strategiyanı, islahatları hər zaman  dəstəkləyəcəyəm
3-02-2020, 15:41

Müsahibim 17 saylı Yasamal 3-cü seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Emil Nəsirlidir
–Emil müəllim, namizəd olaraq ölkədə seçki mühitini necə dəyərləndirirsiniz?
– Ölkəmiz ötən 16 il ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib. Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Respublikamızın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların dövlət başçısının ətrafında sıx birləşməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə gerçəkləşdirilən mükəmməl sosial-iqtisadi strategiya nəticəsində islahatların davamlılığı reallaşıb, iqtisadi inkişaf sürətlənib, əhalinin rifafı yaxşılaşıb. Hazırda respublikada sosial-iqtisadi və kadr islahatlarının həyata keçirilməsi prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Bütün sferalarda idarəedici funksiyalar yeni təfəkkürlü, müasir dünyagörüşlü, dövrün tələbələrinə cavab verən təhsilli şəxslərə həvalə edilir və bu proses uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, hazırda bütün idarəçilik sahələrində bir canlanma, şəffaflaşma nəzərə çarpır. Əvvəlki müsahibələrimdə bu haqda bildirmişəm, etiraf edim ki, belə bir mühit məni parlament seçkilərinə qoşulmağa, namizədliyimi verməyə vadar edib. Əminliklə bildirmək istəyirəm ki, ölkədə seçkilərin ədalətli, şəffaf və tam demokratik şəraitdə keçirilməsi üçün dövlət əlindən gələni edir. Namizəd olaraq heç bir ayrı-seçkilik halları, qanun pozuntusu qarşıma çıxmayıb və inanıram ki, bu davamlı olacaq. Hamı üçün bərabər şərait yaradılıb.
–Bəs Yasamal rayonunda seçki təşviqatınızı necə qurmusunuz?
– Yasamal mənə doğmadır, 46 ildir ki, bu ərazidə yaşayıram. Burada təhsil almışam, insanlarla təmasım, ünsiyyətim buradan başlayıb. Həyatımın böyük bir hissəsi Yasamalla bağlı olduğundan ərazinin problemlərinə, rayonun sosial-iqtisadi vəziyyətinə dərindən bələdəm. Bu səbəbdən də əhalinin mənim kimi insanlara necə reaksiya verə biləcəyini yaxşı bilirəm. Burada çox sayda tərəfdarım var, yaxınlarım, dostlarım və məni kifayət qədər tanıyan insanlar yaşayır. Ona görə də bu dairəni seçdim. Bu dairə qələbə qazanmağım, insanlarla ünsiyyət qurmağım, işləməyim üçün çox əlverişlidir. Bir sözlə, 17 saylı Yasamal 3-cü seçki dairəsində mənə ehtiyacı olan, kömək edə biləcəyim yüzlərlə insan var ki, deputat seçiləcəyim təqdirdə onların səsi olacağam, ümidlərini doğruldacağam. Qaldı təbliğat və təşviqatıma, komandamızla çox ciddi ğörüşlər keçirmişik və keçirməkdə davam edirik. Qapı-qapı, ev-ev gəzməklə seçicilərin istək və arzuları ilə yaxından tanış oluruq.
–Siz beynəlxalq jurnalın rəhbəri kimi tez-tez xarici ölkələrdə olursunuz, müstəqil Azərbaycan oradan necə görünür?
–Tam səmimi deyirəm, xaricdə olarkən, Azərbaycan haqqında eşitdiklərimlə qürur duyuram, ölkəmizin, paytaxt Bakının, prezident İlham Əliyevin beynəlxalq aləmdə çox böyük nüfuza sahib oduğunu görəndə sevinir, fərəhlənirəm. Bir söz deyim, xarici ölkələrdə istər adi insanlarla, istərsə də dövlət məmurları ilə görüşlərimdə Azərbaycandan gəldiyimi bildikdə mənə qarşı xoş münasibət yarandığını hiss edirəm. Bir dəfə Avropa ölkələrininin birində əcnəni politoloqlardan biri mənə dedi ki, azərbaycanlılar xoşbəxt xalqdır. Çünki sizin İlham Əliyev kimi xarizmatik keyfiyyətlərə məxsus lideriniz var. Onlarda ölkəmiz, paytaxt Bakı, mədəniyyətimiz, mətbəximiz, tariximiz, bir sözlə, bütövlükdə bir Azərbaycan sevgisi duyuram.
Yeri gəlmişkən, bir həqiqəti də diqqətə çatdırmaq istərdim. Müstəqil Azərbaycanın həm ulu öndər Heydər Əliyev, həm də cənab İlham Əliyev dövründə respublikamız çox böyük inkişaf, təşəkkül yolu keçib. Ölkəmiz, sözün tam mənasında, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlət kimi tanınıb. Yəni, dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr əsasən yerinə yetirilib və Azərbaycanın qarşısında gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb. Ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilən və bundan sonra da gerçəkləşdiriləcək mühüm proqramlar var.
Azərbaycanda aparılan sosial-iqtisadi, kadr və struktur islahatları da vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Bu, xalqın Prezidentə olan inam və etimadını daha da gücləndirir.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bir müddət bundan əvvəl aparılan monitorinqin nəticələri də göstərir ki, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadın daha da artdığını, 18,1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib.
İslahatların nəticələri beynəlxalq hesabatlarda da öz ifadəsini tapıb. Məsələn, “Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə olub.
Seçkilərdə qələbə qazanacağınız təqdirdə seçicilərə nə kimi töhfələriniz olacaq? Başqa sözlə, deputat seçilsəniz, hansı məsələlərin həllinə çalışacaqsınız?
–Bu gün Azərbaycanın, necə deyərlər, ən yaralı yeri, ən ağrılı problemi Dağlıq Qarabağ və ətraf rayonlarımızın düşmən işğalında olmasıdır. Parlament seçkilərində qələbə qazanaramsa, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə, beynəlхalq təşkilatlara daha geniş miqyasda çatdırmağa çalışacağam. Xarici ölkələrdə Azərbaycançılıq məfkurəsinin təbliğini genişləndirəcəyəm. Xaricdə təhsil alan gənclərimizin himayədarına çevriləcəyəm. Respublikamızda isə gənclər siyasətinin reallaşmasına öz töhfəmi verməyə səy göstərəcəyəm. Ali məktəb tələbələri üçün yeni təqaüd proqramının hazırlanması və onun gerçəkləşməsi təşəbbüsü ilə çıxış edib, bu prosesdə fəal iştirak edəcəyəm. Eyni zamanda, təmsil olduğum dairənin seçicilərinin ümidlərini doğrultmağı qarşıma mühüm vəzifə kimi qoyacağam, problemlərini müvafiq dövlət qurumlarının diqqətinə yönəldəcəyəm.
Sonuncu fikri bir qədər də konkretləşdirib deyim ki, Milli Məclis üzvü dövlətlə vətəndaş arasında ünsiyyəti gücləndirməlidir. Təbi ki, bu da insanların dərd-sərini özününkü kimi görən, onu həll etməyə can atan peşəkar, aydın düşüncəli şəxslərin fəaliyyəti ilə sıx bağlı məsələdir. Millət vəkili seçilərəmsə, şübhəsiz ki, bu amili daim önə çəkəcəyəm, hər zaman insanların arasında olacağam, telefonlarımı, ev ünvanımı bəziləri kimi dəyişməyəcəyəm.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Azərbaycanın şərəfli tarixi ilə öyünən, bugünkü inkişafından qürur hissi keçirən, sabahkı uğurlarını görən bir Azərbaycan vətəndaşı olaraq, indiyədək olduğu kimi, bundan sonra da xarici ölkələrə səfərlərim zamanı fəaliyyətimin əsas xəttini qədim və zəngin mədəniyyətimizi, adət-ənənələrimizi, multikulturalizmə, dini tolerantlığa sadiqliyimizi təbliğ etmək olacaq. Əlbəttə, bu məsələdə yenə də Baş redaktoru olduğum “Azərbaycanım” beynəlxaq jurnalı önəmli rol oynayacaq.
Emil müəllim, seçkilərdə uduzsanız, ruhdan düşməyəcəksiniz ki?
–Bu suala cavab olaraq onu deyim ki, indiki demokratik seçkilərin nəticələrini kimin qalib gəlməsindən asılı olmayaraq qəbul edəcəyəm. Çünki imzatoplama, təbliğat-təşviqat prosesinin, eyni zamanda, ümumiyyətlə, seçki marafonunun qanunvericiliyə uyğun keçrildiyinin şahidi olmuşam. Bu yarışmada elə bir ciddi qanun pozuntusu ilə qarşılaşmamışam. Ona görə də səsvermədə qalib gələni təbrik edəcəyəm. Bu, seçki mədəniyyətidir, nümunəvi addımdır. Bir sözlə, “Mən uduzsam, küsməyəcəyəm” prinsipini rəhbər tutacağam. Yenə də möhtərəm Prezidentimizin tutduğu yolu, dövlətin yeritdiyi siyasəti, həyata keçirilən sosial-iqtisadi strategiyanı, islahatları dəstəkləyəcəyəm. Çünki yaxşı bilirəm ki, ölkəmizin varlığı, rifahı, vətəndaşların normal və rahat yaşayışı idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda xalqımızın mənafeinə uyğun siyasət yeridilməsindən çox asılıdır. Bütün bunları isə cənab Prezidentin 16 illik fəaliyyətində aydın görür və insanların öz Prezidentinə dərin inam nümayiş etdirmələrindən qürur hissi keçirirəm.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.