SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı - Əməllərinin cəzasını çəkir

Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı - Əməllərinin cəzasını çəkir

Tarix:

6-12-2019, 15:55

/ 1 947 dəfə oxundu.
Serbiyalı legioner klubunu şikayət etdiyi Cahangir Hacıyevdən danışdı - Əməllərinin cəzasını çəkir

2013-2015-ci illərdə hazırda fəaliyyətini dayandırmış Zaqatalanın “Simurq” klubunda çıxış etmiş serbiyalı hücumçu Draqan Çeranın “Yeni Sabah” saytına müsahibəsi:

- Hazırda Özbəkistanın “Paxtakor” klubunda çıxış edirsiniz. Həmin klubdakı karyeranızla bağlınə deyə bilərsiniz? Orada olmaqdan məmnunsunuz?

- Bəli. Mən ötən mövsüm ərzində 33 qol vurdum. Buna bütün yarışlarda nail oldum. Bu mövsüm mənim üçün ən yaxşı oldu.

- Ümumiyyətlə, Özbəkistan çempionatı ilə bağlı fikirləriniz necədir. Bu ölkənin futbol, çempionatı ilə Azərbaycan arasında hansı fərqlər var?

- Bu ölkənin keyfiyyətli, yaxşı səviyyəli çempionatı, futbolu var. Hər iki ölkənin çempionatı arasındakı fərq budur ki, Özbəkistan Futbol Federasiyası əsas şansı gənc oyunçulara verir. Bu işlərinə görə də Özbəkistan Asiyada ən yaxşı ölkədir.

- “Simurq”sakı karyeranızla bağlı da fikirlərinizi öyrənmək istərdik. Həmin komandada birgə oynadığınız yoldaşlarınız üçün darıxırsınız?

- Bəli, onların hamısı üçün darıxıram. Komanda yoldaşlarım, azarkeşlər üçün darıxıram. Zaqatalada 2 gözəl il keçirdim.

- “Simurq”da çıxış edərkən ən yaddaqalan oyununuz və qolunuz hansı oldu?

- “Qarabağ”, “Qəbələ”, “İnter” kimi güclü komandalara qarşı oyunumuz unudulmaz oldu. Onlarla ciddi və yüksək səviyyəli futbol oynanılırdı. Zaqataladakı oyunda “Xəzər Lənkəran”a vurduğum qol da mənim üçün unudulmaz oldu. Bundan sonra da qırmızı vərəqə ilə cəzalandırıldım.

- Nə vaxtsa futbolçu, ya da məşçi kimi Azərbaycana qayıtmaq planınız var? Klublarımızdan hansısa təklif almısınız?

- 4-5 il əvvəl təkliflər almışdım. Amma düşünürəm ki, indi bu, mümkün deyil. Lakin mən yenidən Azərbaycan futboluna qayıtmaq istəyərdim. Məşqçi kimi də qayıda bilərəm. Niyə də olmasın?

- Azərbaycanla bağlı sizdə hansı təəsüsüratlar qalıb?

- Azərbaycan xalqı yaxşı və mehriban idi. Orada özümü evdəki kimi hiss edirdim. Sizin yeməklərdən plov və kababı çox xoşlayırdım. Qara çayınız da super idi. Paytaxt Bakı da möhtəşəm şəhərdir.

- Azərbaycan çempionatı ilə bağlı da fikirləriniz maraqlıdır. Hazırda Premyer Liqamızda ancaq 8 klub qalıb. Bunu ölkə futbolu üçün problem hesab edirsiniz, ya necə?



- Bəli, bu, çox böyük problemdir. Belə böyük ölkənin yüksək liqasında 8 komandanın mübarizə aparması ölkə futbolu üçün çox pis haldır.

- Bəs futbol üzrə Azərbaycan milli komandası ilə bağlı nə deyə bilərdiniz? Komandamızın uğursuz nəticələrini nə ilə əlaqələndirərdiniz?

- Məncə, ən böyük problem milli komandaya əcnəbi oyunçuların gətirilməsidir. Bu səbəbdən də Azərbaycan millisi illərdir yerində sayır.

- Siz orada çıxış etdiyiniz vaxt “Simurq”un prezidenti Anar Bəkirov olsa da, klubun sahibi Cahangir Hacıyev idi. Bunu hamı bilirdi. Hətta C. Hacıyevin digər klubu “İnter”lə “Simurq”u “qardaş klub” adlandırırdılar. C. Hacıyevlə bağlı korrupsiya faktı ortaya çıxandan sonra klub dağıldı və Siz də pulunuzu ala bilmədiyiniz üçün FİFA-ya şikayət ünvanlamışdınız. C. Hacıyev hazırda həbsdədir. Onunla heç görüşünüz, söhbətiniz olmuşdu?

- Açığı, onu heç vaxt görməmişdim. Ciddi deyirəm, onu heç görməmişdim, onunla söhbətim, danışığım olmamışdı. Biz ancaq öz prezidentimizi tanıyırdıq. Bilirdik ki, bank sahəsinə aid şəxsdir. Hamısı bu qədər. Pulumuzu da onlar ödəyirdi. Amma kimisə ittiham edə bilmərik. Bu, həyatdır. O indi tutduğu əməllərin cəzasını çəkir. Ola bilsin, bu da onun qisməti imiş.

- “Simurq”da oynayarkən bu klubun yaxın vaxtlarda dağılacağını, fəaliyyətini dayandıracağını deyən olsaydı, inanardınız?

- Yox, heç vaxt. Düşünürdüm ki, 5 il burada oynayaram. Sabit klub idi, orada hər şey qaydasında gedirdi. Amma anidən hər şey dəyişdi. Bir gecədə hər şey pisə doğru dəyişdi. Və mən buna görə şoka düşdüm. “Simurq” azarkeşlərinə demək istəyirəm ki, özlərinə yaxşı baxsınlar və futbolu sevməyə, dəstəkləməyə davam etsindlər. Onları çox sevirəm.

Şərhlər

XƏBƏR LENTİ