SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Vəkildən ilginc açıqlamalar: “Rektor cibimə pul basdı... Lənkəranskini azadlığa buraxdırdıq...”

Vəkildən ilginc açıqlamalar: “Rektor cibimə pul basdı... Lənkəranskini azadlığa buraxdırdıq...”

Tarix:

18-01-2017, 15:04

/ 1 978 dəfə oxundu.
Vəkildən ilginc açıqlamalar: “Rektor cibimə pul basdı... Lənkəranskini azadlığa buraxdırdıq...”

Rövşən Lənkəranskini də müdafiə edib, dövlət məmurunu da. Hətta şou-biznes nümayəndələrini belə. Bir sözlə, onun üçün baryer yoxdur. Sonuncu səs-küylü məhkəməsi "Rabitə işi"dir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdəki aparat rəhbəri Vidadi Zeynalovun vəkili onun barəsində fərqli düşünür. Onu vəkilliyə gətirib çıxaran yollar isə sözün əsl mənasında çox əziyyətli olub. Özü demiş, uşaqlığı "əsir" qalan tanınmış vəkil Ceyhun Yusifov redaksiyamızın müsahibidir. Elə söhbətimizə də uşaqlıqdan başlayırıq:

- Hələ uşaq ikən, 7-8 yaşınızda ermənilər tərəfindən doğma torpaqlarınızdan köçürülmüsünüz. Həyatınızda bu hadisənin hansı izi qalıb?


- 1988-ci ildə biz də digər Qərbi Azərbaycanlılar kimi, doğma torpaqlarımızdan qaçqın düşdük. Əslim Pəmbək mahalındandır. Həmin günü saatına kimi xatırlayıram. 8 dekabr 1988-ci il. Bu tarixdən sonra həyatımda acınacaqlı günlər başladı. Çox çətinliklə Gəncəyə gəlib çıxdıq. Daha sonra Bakıya köçdük. 29 il keçib. Hər yadıma düşəndə elə bilirəm dünən olub bütün bunlar. İnanın ki, yadıma düşməyən gün olmur. Sanki uşaqlığımı "əsir" saxlayıblar orda. Hər yeni ildə arzum o olur ki, heç olmasa bu il həmin torpaqlara qayıdaq. Özü də Üzeyir bəyin “Koroğlu” uvertürasının sədası altında, 3 rəngli bayrağımızla.


- Hüquq təhsilini harada aldınız?

- 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Çox kasıb ailə idik. Atam müəllim, anam evdar qadındı. Həmin vaxt atam 40 manat məvacib alırdı. Bu isə o vaxt üçün təkcə Naxçıvana gediş-gəliş biletinin pulu demək idi. Təsəvvür edin ki, universitetə daxil olmuşam, amma getməyə pulum yoxdur. Qohum-əqrəba yığışıb mənə bilet aldı. Birtəhər getdim. Getdim, amma nə olsun? Necə dolanacaqdım? Gördüm, yox, oxuya bilməyəcəyəm. Bu vəziyyət də ailəmə ayrıca əzab verirdi. Çox pis psixoloji durum yaranmışdı. Ərizəmi yazıb, təhsildən imtina etdiyimi bildirdim. Universitetin rektoru İsa Həbibbəyli məni yanına çağırdı. Nə qədər desəm də ki, maddi imkanım yoxdur, oxuya bilməyəcəm, onu razı sala bilmədim. Ərizəmi cırdı, universitetin Həmkarlar İttifaqının sədrini çağırdı yanına. Dedilər, sənə yataqxanada yer veririk. Dedim, axı ac ola-ola necə oxuyum? Bu sözü eşidən kimi İsa müəllim cibindən bir dəstə pul çıxardıb verdi. Mənə də bərk təpindi ki, get dərsini oxu. Həmin gündən düz 5 il mən daim həmkarların yardımını aldım. Əgər o zaman qarşıma İsa Həbibbəyli kimi bir insan çıxmasaydı, indi mən, Allah bilir, haralarda idim. Uşaqlığım, gəncliyim, bax, bu cür gərginliklərlə, acılarla dolu olub. Amma Tanrı həmişə son anda bir qapını mənim üçün açıq saxlayır. İsa Həbibbəyli barəsində hamı görkəmli akademik, deputat, rektor kimi danışır. Mənim üçünsə o, həm də yetim yiyəsi olan birisidir.

Universiteti bitirəndən sonra da problemlər yaxamı buraxmırdı. İş üçün hara gedirdim, qapıdan qaytarırdılar. Artıq ümidsiz idim, fəhləlik etməyə hazırlaşırdım. Qohumların biri dedi ki, Qərib Məmmədov var, Torpaq Komitəsinin rəhbəridir, get onun yanına. Dərdimi ona danışdım, amma nə gizlədim, dedim ki, həm də Qərbi Azərbaycandanam. Bir ərizə ilə məni işə götürdü.


- Yerlinizə ərk etdiniz...


- Etdim. Komitədə hüquqşünas işlədim.


- Bəs vəkil olmağa nə zaman qərar verdiniz?

- Haqsızlığa uğrayanlara kömək olmağa həmişə can atmışam. Vəkil olmağımda mətbuatın böyük önəmi var. Mən hələ uşaqlıqdan "qəzet xəstəsi"ydim. Sevdiyim qəzetlərin eyni nömrəsindən beş dənə alırdım. Hələ də şəxsi arxivimdə durur. Bir neçə dövlət orqanlarında - Səhiyyə Nazirliyində, Torpaq Komitəsində, Nəqliyyat Nazirliyində hüquqşünas kimi işləmişəm. Düzü, işim də pis deyildi. Amma vəkilik mənim üçün hər zaman cazibədar gəlirdi. Bu, bir az da mənim xarakterimlə bağlı məsələdir. 2008-ci ildən vəkilliklə məşğulam.


- Elə bir məhbus olubmu ki, içinizdən "kaş, onun vəkili mən olaydım" deyə bir hiss keçsin?


- Olub. Əsas da media nümayəndələri üçün. Bir ara mətbuatın gərgin dövrləri var idi. Allah rəhmət eləsin, həmin vaxt məşhur vəkillərimiz Elton Quliyev, İsaxan Aşurov aktiv fəaliyyət göstərirdilər. İnanın ki, bütün düşüncəm odur ki, Elton müəllim vəkilliyin siması, bir obrazıdır. Təəssüf ki, tez dünyasını dəyişdi, gənclərimiz ondan bəhrələnə bilmədi. Onun bütün proseslərini diqqətlə izləyirdim. Çalışmışam ki, Elton müəllimdən nələrsə öyrənim. O, böyük məktəb idi. Elələri əsrdə bir gəlir

- Hazırda ölkədəki vəkillik institutu sizi qane edir?

- Hər bir sahədə neqativ hallar, yanlış şəxslər olur. Vəkil olaraq deyirəm ki, həmin institut lap ürəkaçan səviyyədə olmasa da, faciəli də deyil. Əsas problem peşəkarlıqla bağlıdır. İnanın ki, vəkil peşəkar olsa, onda onun heç dələduzluğa da ehtiyacı qalmayacaq.

- Bir xeyli prosesə çıxımsınız. Özü də xeyli populyar, imkanlı adamların işinə. Maraqlıdır, iş üçün qonorarları necə müəyyən edirsiniz? Müdafiə etdiyinizin cibinə görə, yoxsa işin həcmi ilə bağlı olur?

- Gəlin, sizə bir misal çəkim. Vaxtilə Ağcabədidə istintaq orqanında rəis olan birini tutmuşdular. İttiham da vermişdilər ki, yanacaq doldurma məntəqəsini partlatmaq istəyiblər. Doğrudan da hadisə olmuşdu. İstintaqı o vaxtkı MTN aparırdı. Həmin şəxsə bəraət hökmü almışam. O işə yarım il vaxtım getdi. Aldığım məvacibi indi deməyə utanıram. Bu cinayət işi mənim ilk vəkilik fəaliyyətim idi. Həmin müqavilənin qiyməti 50 manat idi. O vaxt mənə puldan çox, özümü təsdiq etmək vacib idi. İnanın, bir vəkil kimi tanına qədər illərlə qazanc üzünə həsrət olmuşam. Hazırda isə vəkillik sahəsində ən çox qonorar alanlardan biri mənəm. İndi vətəndaş gələndə əsasən işinin həcminə baxıram. Fikirləşirəm ki, bu iş mənim nə qədər vaxtımı alacaq? Daha sonra həmin insanın maddi durumuna da nəzər yetirirəm. Birmənalı olaraq, şəhid ailələrinə, Qarabağ əlillərinə təmənnasız hüquqi xidmət göstərirəm. Mən hər zaman imicimin sağlam qalması üçün vuruşmuşam. Xaraktersiz biri olsaydım, indikindən 10 dəfə çox zəngin olardım.


Amma bilin ki, yaxşı vəkil heç zaman ac qalmaz. Vəkillik dünyada ən çox gəlir gətirən sahələrdəndir.

- Bu işlə bağlı heç fiziki və ya psixoloji təzyiqlər almısız?


- Olub. Məhkəmə prosesindən sonra avtomobilim daş-qalaq olub, fiziki təzyiqə məruz qalmışıq. Bununla bağlı polisə müraciət etdik. Məhkəmə isə həmin adamları 50 manat cərimə edib, buraxdı. Psixoloji təzyiq Rövşən Lənkəranskinin işində oldu. Çox gərgin vəziyyətdə çalışırdıq.


- Necə oldu bu təzyiq?


- Detallara getmək istəmirəm.


- Rövşən Lənkəranskinin hansı işində vəkil olmusunuz?


- Allah rəhmət eləsin, sonuncu işi idi, 2011-ci il. Kiyevdə tutulub gəlmişdi, şükürlər olsun ki, o işdə də gücümüzü ortaya qoyduq. Rövşən Lənkəranski məhkəmə zalından azadlığa çıxdı. Detalları tam xatırlamıram, amma yadımda qalan odur ki, çox gərgin bir proses oldu.


- Özünüzə ən xoş gələn işiniz hansı olub?


- Bayram Niyazov adlı şəxsin işi. O, külli miqdarda narkotik maddə ilə bağlı təqsirli bilinirdi. Adi vətəndaş idi. Özü də ruhi xəstə. Bir gün bir dostumuz zəng elədi ki, xeyirxahlıq, yaxşılıq etmək istəyirsən? Dedim hə. Dedi, Balakəndə ruhi xəstə var, şərləyib tutublar. Evdə də 4 dənə birinci qrup əlil var, çörək ümidi odur. Vəkil həmkarım Elnurla gedib, işi Gəncədə təmənnasız götürdük. 3 ilə yaxın o prosesi aparmalı olduq. Sonunda 4 kq narkotik vasitə ilə bağlı ittiham olunan adama bəraət hökmü aldıq. Bu, Azərbaycan məhkəmə tarixində deyərdim ki, böyük sensasiya oldu.


- Xəbər yayılmışdı ki, siz sabiq MTN rəhbəri Eldar Mahmudovun vəkilisiniz...


- Düzgün məlumat deyil. Mənim Eldar Mahmudovla heç bir əlaqəm yoxdur. Düzdür, vəkil sirri deyilən bir şey var. Həmişə onu qoruyub saxlamağa çalışmışam. Amma sizə səmimi olaraq deyirəm ki, sabiq MTN rəhbərinin vəkili deyiləm.


- Dəyəsən, qalmaqalı sevirsiniz. Harada səs-küylü məhkəmə varsa siz də orda olursuz. İndi də "Rabitə işi"ndə Vidadi Zeynalovun vəkilisiniz...


- Özüm də bilmirəm ki, bu qalmaqallı işlər niyə məni gəlib tapır. Reallıq ondan ibarətdir ki, müdafiə etdiyim şəxslər tanınmış olduğundan, ictimaiyyətin də bu məhkəmələrə diqqəti artır. Əslində heç bir qalmaqalı yoxdur, normal işlərdir. Vidadi Zeynalovun işi də bunun kimi. Ümid edirəm ki, hüquq sonda öz sözünü deyəcək. Məhkəmə araşdırması gedir. Həmin işə çıxmağıma səbəb isə Zeynalovun qohumları ilə səmimi münasibətlərimdir. Ona görə həmin şəxsin müdafiəsini mənə həvalə ediblər.

- Bir müddət əvvəl Vəkillər Kollegiyası ilə problemləriniz yaranmışdı, nə məsələ idi?


- Az qala məni kollegiyadan çıxardırdılar. Daxili İşlər Nazirliyi bir işlə bağlı məndən şikayət etmişdi. Bütün hər yeri səs-küy bürümüşdü. Sonuna qədər vuruşdum. Problemi də aradan qaldırdıq.


- Hazırda icraatınızda nə qədər iş var?


- 60-dan çoxdur. Nailiyyətlərimiz çoxdur. Bir statistika deyim. 2015-ci ildə ölkədə 27 bəraət hökmü verildi. Onun 18-i mənim işim olub. Qəsdən adam öldürmə cinayətlərində cinayətin yenidən tövsif edilməsinə nail olmuşuq. Tutaq ki, adam öldürmə cinayətinə zəruri halı aşma kimi tövsif edilib, 15 il cəza alacaq adam 1 il cəza ilə qurtulub.


- Bu qədər iş arasında şəxsi həyatınıza vaxt qalır? Ümumiyyətlə, özünüzü romantik birisi hesab edirsiniz? Məsələn, heç şeir yazmısınız?


- Hə yazmışam, tələbəlik illərində yoxsulluq çətinliyin içində cızma-qara edirdim. Hamının həyatında bu cür vaxtlar olur. O zaman yazdığım bir şeiri sizə deyəcəm. Bir də görürsən qarşına bir qız çıxır, çox gözəl gözləri var. Həmin gözlər sanki səni dondurur, qalırsan onun qabağında. O zaman da buna aid şeir yazmışdım.


Görəsən nə güc var gözəl gözündə,

Bir baxış çıxarır səni yolundan

O gözlər, baxışlar çəkilməyincə

Quruyub qalarsan, donub qalarsan

O gözlər, baxışlar çəkilən zaman

Gözünün önünə gəlir o gözlər.

- Gələcək planlarınızla bağlı nə deyə bilərsiniz?

- Bir müddət sonra vəkillikdən ayrılmaq istəyirəm. Hər hansı bir QHT-də fəaliyyət göstərəcəm. Pedaqoji fəaliyyətə də marağım çoxdur. Dərs demək istəyirəm. Pedaqoq kimi də uğurlu olacağıma inanıram. Bunun bir çox səbəbi var. Birinci odur ki, ailədə artıq narazılıqlar yaranır. Günün 20 saatını işlə məşğul oluram. Ailəmə vaxt ayıra bilmirəm. Müəyyən vaxta qədər onlar səni başa düşə bilər, amma sonra hamısı səndən aralanacaq axı. İki övladım var. Valideynlərim də mənimlə yaşayır. Onlar üçün vaxt ayırmaq istəyirəm. İkinci bir səbəb odur ki, fikir verirsinizsə, yaxşı vəkillər çox yaşamır. O qədər əsəb, stress yaşayırıq ki, bu bizim sağlamlığımıza da ağır zərbələr vurur. Ona görə hesab edirəm ki, vəkillikdən getməyim lazımdı...

lent.az

Şərhlər

XƏBƏR LENTİ