SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Ərim 400 manat maaş alır, mənim isə aylıq benzinim 400 manatdan çox edir"

"Ərim 400 manat maaş alır, mənim isə aylıq benzinim 400 manatdan çox edir"

Tarix:

15-03-2017, 14:04

/ 4 198 dəfə oxundu.
"Ərim 400 manat maaş alır, mənim isə aylıq benzinim 400 manatdan çox edir"

Müsahibimin artıq təqdimata ehtiyacı yoxdur. Qısacası məşhur şairə Nazilə Səfərli suallarımızı cavablayıb:

"Şərt qoydum ya o , ya mən ..."

- Sən Allah Əfruzə, müsahibədə qalmaqal olmasın. Elə sual verməzsən də ...

- (gülürük) Nazilə xanım, salam. Qalmaqaldan ehtiyat edirsiniz ki ?

- Ay artist ... Mən deyirəm müsahibədə bunu yazma, suala bax (gülür - red). Məni qoy şeirim, sözüm, meydangirliyim ilə tanısınlar. Qalmaqala nə gərək var? Mən niyə görə kiminsə bostanına daş atım? Özümün bostanı o qədər zəngindir ki, qoy camaat mənə daş atsın.

- Heç olub ki, atılan daşı cavabsız qoymusunuz?

- O qədər olub ki ... Birinə cavab vermək üçün 10 il belə gözləməyə səbrim var. Məqamını gözləməyi sevirəm.

- Məqamı gələndə bəs gec olmur ki?

-Yox, mənə yaxşılıq və pislik edənləri əsla unutmuram.

- Tərəziyə qoysaq yaxşılıq etdikləriniz çoxdur ya əksinə?

- Yaxşılıqlarım çox olub. Mən desəm ki, yaxşılıq etməyi sevirəm, bu lovğalıq kimi çıxar. Amma pislik etməklə aram yoxdur. Elə adamlar da var ki, onlara həddini bildirmək lazımdır.

- Bəs pislik etməyi bacarırsınız?

- Mən İmam övladı deyiləm, peyğəmbər qızı deyiləm. Mənim də səbrimin bir həddi var. Bir yerə kimi susa bilərəm, ondan sonra cəzalandırmaq lazımdır.

- Necə cəzalandırırsınız?

- Düşdüyüm vəziyyətə baxır. Əksər hallarda sözlə... Bir müğənni var idi, mənim quyumu qazırdı. Hansı məclisə gedirdisə məni ora çağıranlara deyirdi ki, ya o ya da ki mən ... Susurdum, səbr edirdim. O zaman belə məşhur da deyildim. Nə isə ... Neçə illər sonra, bir məclis oldu. O zaman da mənim tanışlarım idi və mən şərt qoydum ya o , ya mən. İkimizdən biri orda ola bilər, onlarda məni seçdilər. Eyni hadisəni 10 il bundan əvvəl o mənə etmişdi. Həmin vaxt mən gücsüz idim. Onda dost-tanışım, çevrəm başqa idi. İndi söz demək gücüm varsa, qoy həmin insan keçmişinə görə üzülsün. Səhvini başa düşsün.

"Bir gecədə məşhur oldum"

- Amma çox insandan eşitmişəm deyirlər Nazilə xanım mərd xanımdır, düz deyirlər ya şişirdirlər ?
(gülür-red)

- Doğurdan? Sağ olsunlar. Mərdlik adamın qanında olmalıdır. Mərdlik göstərişlə olmur. Həmişə deyirlər ki, kasıb mərd olur. Elə varlı insanın evinə qonaq gedirsən ki, çayın yanında mürəbbə gətirməyə belə canı çıxır. Amma elə kasıbın evinə gedirsən ki, iki toyuğu varsa, ikisini də sənə qurban edir. Ruzini verən Allahdır.

- Bəs siz kimə ruzi verirsiniz?

- Allah mənə kimi yönləndirsə ona... Allah verməyən ruzini mən necə paylaya bilərəm. Birmənalı olaraq, sənəti olmayan insanlara ruzi vermirəm. Bu bir az kobud çıxdı. Mən öz bacımı təzə işə götürəndə o tez-tez gecikirdi. Xoşuma gəlmədi onu danladım. Bir gün işdən atamgilə evə gələndə, qapını açdım. Hamı mənə gülməyə başladı. Bacım məndən qabaq xəbər çatdırmışdı. Dedim ona ki, sən işə gəlmə. Sonra atam buna görə məni danladı ki, o sənin bacındır. Dedim atama ki, mənim bacım, mənim üçün təmənnasız işləməlidir. Pul alırsa işini düzgün və zamanında təhvil versin. Mən bu cür insanam. Yanımda işləyən adam o işə layiqdir. Gecikən insanın maaşını verməyə bilərəm. O barədə sərtəm. Mən tanımadığım insanın qarşısında çıxış edirəm. Bilmirəm o səviyyə baxımından məndən yuxarıdadır ya aşağı. .. Nə olsun ki, pulu var. O nə üçün mənə kiməsə görə söz deyilməlidir. Pul almışam işi təhvil verməliyəm, qapıdan çıxan zaman da halallıq almalıyam.

- Səfərli təxəllüsündən danışaq ...

-Mən əslən Borçalıdanam. Səfərli isə mənim kəndimin adıdır. Ən gözəl kəndlərdən biridir. Həmin kəndi çox sevdiyim üçün təxəllüsüm də Səfərlidir.

"Həyat yoldaşım həlim adamdır, atamdan qorxuram"

- Nazilə xanımın ilham mənbəyi kimdir və ya nədir ?

- Mən ilk dəfə şeirimi 1993-cü ildə Zəlimxan Yaqubdan ilhamlanıb yazmışam. Sonradan məlum olub ki, mən onunla hətta qohumam. İkimizin babalarımızın atası qardaş imiş. 3-cü nəsil qohumuq, Əmizadələr nəslindən. Amma onu deyim ki , Zəlimxan Yaqub bu günə qədər mənə dəstək olmayıb. O güclü şair olub, həmişə də deyib ki, hamı öz yolu ilə irəli getsin.

- Ancaq mən eşitdiyimə görə , deyirlər ki, şou biznesdə kiminsə dəstəyi olmadan qabağa getmək olmur.

- Efirə çıxdım şansım gətirdi. Mənim hazırcavablığım o zaman efirdə tələb edilirdi. "Yağ kimi" verilişinə çıxdım. Elə bil ki, o veriliş qırmızı bir adama ehtiyac duyurmuş. Ondan qabaq 10 il "Aşıq Pəri" məclisinə getmişəm, məni heç kim tanımırdı. Bir gecədə məşhur oldum. Rühəngiz xanım bilmədən mənim yataq otağıma girib, ağlayıb. Mən danışıram ana haqqında, deyir ki, evdə milçək uçur. Mən də dedim ki, mənim anamdan danışılır. Sənə bu təsir etmir, sən həşarat haqqında fikirləşirsən. Sən demə bu da kövrək adam imiş, gedib girib yataq otağıma başlayıb ağlamağa. İndi anam da qalıb bir qırağa, milçək də uçub gedib. Bəs sən mənim yataq otağıma niyə girmisən, ora mənim özəlimdir. İstəsəmdə-istəməsəm də qalmaqalla bu sənətdə ilkin tanışlıq olub. Ancaq mən qorxaq qız deyiləm. Daha sonra anam o qədər yalvardı ki ... Efirdə görüb həyəcanlanmışdı. Bircə atamdan ehtiyat edirdim.

- Həyat yoldaşınızdan daha çox qorxursunuz ya atanızdan ?

- Həyat yoldaşım həlim adamdır. Sakit insandır. Hərdən dalaşıram ki, belə sakit olma. Bir az nəsə tələb et. Çox nazımla oynayır ay Əfruzə ...

- Əladır da Nazilə xanım (gülürük -red) Əl qabiliyyətiniz necədir bəs?

- Onu görmək üçün gərək, sən bizə qonaq gələsən.

- Eh ... dəvət edirsiniz ki ...

- Sənə qurbandı, nə zaman istəsən qapımız açıqdı üzünüzə ...

- Deyirlər kişinin ürəyinə gedən yol, mədəsindən keçir. Yəqin bu üsuldan istifadə edib aldadırsınız kişini ...

- Evlilikdə aldatmaq olmaz. Kişi üçün nə xidmət etsən, bu qabiliyyəti nümayiş etmiş olursan. O aldatmaq deyil. Əgər bir kişi yeməkdən xoşu gəlirsə, sən ona yeməklə zövq verirsən. Hüquqlar bərabərdir. Mənim yoldaşım çox gözəl çay dəmləyə bilir. Hərdən deyirəm ki, Elçin sənin əlindən çay içmək istəyirəm. O həvəslə mənim üçün çay dəmləyir, daha sonra bərabər çay içirik. Nadir hallarda o nəsə istəyər məndən... Qayınanam rus olubdur. Bunlar öyrəşib, yemək yedin, boşqabı özün aparmalısan, yumalısan. Təmizliyə önəm verirlər. Azərbaycan kişisi amma belə deyil. Bu cür ailəyə 17 yaşından gəlmişəm. Camaat ərə gedəndə əziyyətə düşür, mən də isə əksinə "kurort" a düşmüşəm. 21 ildir evliyəm.

"Camaat ərə gedəndə əziyyətə düşür, mən də isə əksinə "kurort" a düşmüşəm"

- Sizi şou adamları ilə tez-tez məclislərdə birgə görürük. Adətən şair, şairələrin ayrı dünyaları olur, onlar şou-biznesə qarışmırlar.

- Mən şou biznesdə yoxam, mən toy biznesindəyəm. Bu gün sevindirici haldır ki, xınayaxdı, toy məclislərinin aparıcılığını, təşkilini mənə tam güvənclə həvalə edirlər. Şouda mənim işim yoxdur, mənim ki, toydur. İnanırsınız mən bəzi insanları görürəm, məşhurlara yaltaqlanırlar, qabağına qaçırlar. Mən bu günə kimi belə hərəkət etməmişəm. Məni sevən özümə görə sevib. Nəyə lazım elə hərəkətlər ...

- Özünüzə nəyi yaraşdırmırsınız ?

- Birindən ağlayıb pul istəməyi ...

- Çox borc istəyirlər sizdən ?

- Hə, elə bilirlər ki, Sosial Müdafiə Nazirliyində çalışıram. Biri mənə yazıb ki, qonşum kirayə pulunu verə bilmir, qışın günü evindən çıxardırlar. Ona kömək edin. 6 qonşu yığışsanız bir evin pulunu ödəyə bilərsiniz. Bunu mənə niyə deyirsiniz ? Bir dəfə efirdə yardım elədim, başıma bəla oldu. Ona görə də nəsə yardım edən zaman gizli edirəm. Efirdə etdiyim yardımı heç kim bilmədi ki, mən uşağımın təhsil haqqını aparıb ora vermişəm. Qızın qulağı kar idi, müalicəsi üçün 20 min manat lazım idi. Mən iki min verdim. Hamı elə bildi ki, mən pulumun çoxluğundan o qədər məbləği verirəm. Sonra peşman oldum. Fikirləşdim ki, gizlincə versəydim daha yaxşı olardı. Məni görənlər, məni pul gözündə görürlər. Bu da məni qıcıqlandırır. Mən əlimdən gələni onsuzda edirəm, amma özüm də o qədər imkanlı deyiləm ki, külli miqdarda kiməsə borc verim və ya problemini həll edim.

"Ailədə pulu kim çox qazanırsa, son sözü də o deyir"

- Mövzunu bir az dəyişək. Ailədə son qərarı kim verir?

- Səmimi olacağam. Yazılmayan bir qanun var. Pulu kim çox qazanırsa, son sözü də o deyir. Düzdür hər ikimiz qazanırıq amma mən daha çox qazanıram. Və qərarı da mən verirəm. Ona görə yox ki, mən hegomonam. Sadəcə bu pulu mən qazanıramsa, mən bilməliyəm bu aldığın nəlbəki bizə lazımdır ya yox.

- Etiraf etdiniz ki, yoldaşınızdan daha çox pul qazanırsınız .

- Bunu hamı bilir. Yalan danışım ? Ya sizi aldadım ? Mənim yoldaşım Bakı Metropalitenində işləyir, maaşı isə 400 manatdır. Mənim isə aylıq benzinim 400 manatdır. Bununla mən kimi aldada bilərəm, uşaq başı qatıram?!

- Müsahibələrinizin birində demisiniz ki, ruhum çirklənəndə şeirim tükənir. Ruhunuzu nə çirkləndirir?

- Elə ruhumu pul da çirkləndirir... Bir də görürsən ki, yuxum qaçır ilham pərilərim gecə saat 3-4 arası gəlir. Mənim birinci oxuyucularım, fanatlarım var. Bir də görürsən elə saat 4-də yazıb, düzəliş etmədən onlara göndərirəm. Oxuyub onlar qərar versin. Mənim ən birinci oxuyucum Pünhan İsmayıllıdır. Amma toydan evə gələndə ,yorğun oluram. Yolda beynimə bir söz gəlir, başlayır səni narahat etməyə . Deyirsən evə gedim rahatlanım yazaram bu şeiri. Oturursan, şeytan səni başlayır aparır, fikirləşirsən yatım, səhər yazaram. Beləliklə madiyyata qurban verdim ilham pərimi. Onda da şeirlər səndən küsür, bir müddət heç nə yaza bilmirsən. Sən nə başa düşmüşdün, qurdlu-qurlu suallar verirsən (gülür).

- Neçə dəfə sevmisiniz? İlk sevdiyiniz insan həyat yoldaşınızmı olub?

- Desəm ki, heç sevməmişəm inanarsanmı? Mən əsl sevginin nə olduğunu bilmirəm. Elə bilirəm ki, sevgi bağlılıqdır. Amma onu da bilirəm ki, bağlılıqla sevgi fərqli hisslərdir. Sevgi fədakarlıq istəyir. Bir məsələni danışım. Yas yerində idim, rəfiqəmin həyat yoldaşı cavan dünyasını dəyişib. Orada ağı deyir ki, kaş sənin yerinə mən ölərdim. Qayıtdım ona dedim ki, zəlzələ olsa çölə birinci sən qaçacaqsan. Deməsəm, ürəyim partlayardı. Heç kim, heç kimin yerinə ölmək istəmir. Sevgi başqa şeydir. Mən bu vaxta kimi özümü kiməsə qurban verəcək dərəcədə sevməmişəm.

- Bəs, həyat yoldaşınızı ?

- Mən onunla müştərək həyat qurmuşam. Bizim övladlarımız var. Evlənmişik, ailə olmuşuq. 16 yaşlı qız necə sevə bilərsə, elə sevmişəm. 21 ildir bir yerdə sevgisiz yaşamaq olar?! Nə məcburdur mənə? Hər halda istəyirəm ki, onunla bir yerdə yaşayıram. Amma bu o Leyli Məcnun sevgisindən deyil.

"Xına məsxərə yeri deyil, artıq-əksik danışmaq olmaz"

- Son zamanlar hara gedirəm, xınayaxdılarda bir nömrə kimi sizin adınızı eşidirəm. Nə etmisiniz ki, camaat sizdən belə razılıq edir ?

- Çünki bu işdə çox məsuliyyətliyəm. Adətlərimiz sınaqdan keçib. İnanclara inanıram. Xınanı dul, sonsuz qadın dənləməz. Bu rişxənd deyil, onu da Allah yaradıb. Amma xoşbəxtlər varkən, bədliyi gətirmək olmaz. Xına məsxərə yeri deyil, artıq-əksik danışmaq olmaz. Qədim zamanlarda nənələrimiz bir gün qabaqdan xınanı hazırlayardılar. Amma indi mən elə toy gedişində anaları çağırıb, xınanı dəmlətdirirəm. Çəkinmədən deyirəm ki, qara geyinməsinlər. Sizin qara geyinən yaşınız deyil. Mənim də o qədər qara paltarlarım var ki ... Hər biri də bahalı, qəşəng libaslardır. Amma bahalıdır deyə camaatın balasının ən xoş gününəm geyinməliyəm ? Xeyr, olmaz.

Xına əslində nədir? Nə üçündür?

Xına qızın atası evindəki, sonuncu gecəsidir. Qanuna qalsa xına yaxılan qız nə atasını, nə də qardaşını görməməlidir. Əvvəl xına vaxtı qızın qaşı alınmalı idi. İndi isə belə deyil. Çox şey dəyişilib. Mən öz idarə etdiyim xına gecələrindəbütün adətlərimizi toplu halına salmışam. Rəqqasələr, ansambl və gəlin üçün xüsusi hazırlanan dəm-dəsgahlı xına mərasimlərini özüm təşkil edirəm.

big.az

Şərhlər

XƏBƏR LENTİ