SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Bütün xəyanətkarların son ünvanı Cahangir Hacıyevin yanı olacaq!” – Deputatdan sillə kimi sözlər…

“Bütün xəyanətkarların son ünvanı Cahangir Hacıyevin yanı olacaq!” – Deputatdan sillə kimi sözlər…

Tarix:

26-10-2018, 13:28

/ 1 641 dəfə oxundu.
“Bütün xəyanətkarların son ünvanı Cahangir Hacıyevin yanı olacaq!” – Deputatdan sillə kimi sözlər…

Elşən Musayev: “İlqar Məmmədova tövsiyə edərdim ki…”

Son zamanlar daxili və xarici siyasətdə baş verən çox mühüm hadisələrlə bağlı suallarımıza cavab almaq üçün millət vəkili, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə müraciət etdik. Onunla “Yeni Müsavat”ın redaksiyasında gerçəkləşən müsahibənin ikinci - sonuncu hissəsini təqdim edirik.

(Əvvəli ötən sayımızda) http://musavat.com/news/bu-oyunlari-teskil-ve-tesviq-eden-kecmis-sefirimizdir-deputat-sensasion-faktlari-aciqlayir-musahibe_565631.html

- “Məmur ənənəsi” necə, odamı yoxdur? Əsas da sabiqləri, öz korrupsiya qalmaqalları ilə Avropa mediasının manşetlərini bəzəyənləri nəzərdə tuturam: Rüfət Aslanlı, Beynəlxalq Bankın keçmiş rəhbərinin xanımı Zamirə Hacıyeva və sair, ilaxır.

- Azərbaycan Prezidenti ləyaqətli insandır və onun etimadını da qarşılıqlı formada, ləyaqətlə doğrultmaq lazımdır. Burada “b”, “c”, “y” variantları yoxdur ki, alternativdən istifadə edəsən. Doğrultmalısan, vəssalam. Yox, əgər məmurun fəaliyyət kredosu başqa prinsiplərə, təkəbbürə, özündən müştəbehliyə, sui-istifadəyə, nəslinin, qohum-əqrəbasının kefinə, onların istirahət və pul təminatına yönəldisə, o zaman cəzasını da haqq elədiyi formada alacaq. Mütləq alacaq. Ola bilər, arada zaman getsin, vaxt uzansın, amma enində-sonunda alacaq. El dilində gözəl bir söz var: “Başını aşağı sal, işinlə məşğul ol”. Bax, bizdə bəzi status və səlahiyyət sahibləri var ki, həmin başın təyinatından və ümumən varlığından xəbərsizdirlər. Zamanında təqdimatlarınımı düz vermirlər, şansları, bəxtlərimi gətirib bir yerlərə çıxırlar yoxsa nə - bilmirəm. Amma həqiqətən belələri öz məsuliyyətlərindən, öhdəliklərindən uzun müddət xəbərsiz olurlar və axırda da həmin rabitəsiz baş hardasa daşa dəyib ovulur, özü də paralel şəkildə ayılır. Xəyanətkar hər zaman olub, bu gün də var, sabah da olacaq. Bir tək bizdə yox, dünyanın hər yerində. Savad və dünyagörüş önəmli faktordur. Fəqət səmimiyyət sütununun üzərinə yığılınca, kişiliyə, mərdliyə söykənincə. İnsanın mahiyyəti düzgün, sağlam olmalıdır. Ulu Öndər Heydər Əliyevin də zaman-zaman öz silahdaşlarından ilk tələbi, onlara verdiyi ilk tövsiyyə bu olub ki, mövqe sərgiləyin. Çünki mövqesiz, qərar tutduğu yer bəlli olmayan insan bu həyatda ən təhlükəli insandır. Belələri hətta savadlı olsalar belə, sahib olduqları elm və zəkanı uzağa daşıya, dövlətinə və mənsub olduqları siyasi komandanın işinə yararlı ola bilməzlər. Mövqesizlər həm də fürsətcillərdir və bütün fürsətcillərin, nankorların son ünvanı Cahangir Hacıyevin indi qərar tutduğu dayanacaq olacaq.

- Rüfət Aslanlı haqda bir şey demədiniz.

- Mən dolayısı ilə hər kəs haqda danışdım. Uzaq başı bir az öncə söylədiyim fikirlər içində təkəbbür sözünü iri hərflərlə yazarsız, ünvan daha rahat görünər.

- Zamirə Hacıyevanın sahib olduğu, daha dəqiq desək Cahangir Hacıyevin ölkədən çıxardığı pulları geri qaytarmaq mümkün olacaqmı? Bunun üçün hüquqi mexanizm, yol varmı?

- Zamirə Hacıyevanın özünü geri qaytarmaq lazımdır. O zaman pul da qayıdacaq. Və nəinki Hacıyevanı, eyni zamanda ekstradisiyası vacib olan digər şəxsləri. Məsələn, Fəxrəddin Abbasovu. Bu insanlar dövlətə, xalqa xəyanətin əlifbasını yazıblar. Layiq olduqları cəzanı da gec olmadan almalıdırlar.

- Hacıyevanın və Aslanlının xaricdəki xərcləri ilə bağlı Azərbaycan mediası təsbit edilmiş faktları, bank kartlarından çıxarışları tirajladı. Bir məmurda və bir məmur xanımında bu qədər pul haradandır?

- Bunu hüquq-mühafizə orqanları, təftiş səlahiyyəti olan aidiyyatlı qurumlar araşdırsınlar ki, haradandır. Araşdırsınlar və gərəkən tədbirləri görsünlər. Ayrıca, məmur və məmur xanımı deyil, eks məmur və eks məmur xanımı deyək, daha dəqiq olsun.

- Həmin araşdırmanın sonunda həbs görünə bilərmi?

- Mən ekstrasens deyiləm, siyasətçiyəm. Görünən nə olsa bərabər görəcəyik.

- Bəy, 90-cı illərdə belə bir tendensiya var idi, çətinə düşən məmur dərhal müxalifətlə təmasa keçirdi, onlara gizlin sponsorluq edirdi və bu minvalla da özünümüdafiə səngərini yaratdığını düşünürdü. Bu yaxınlarda da söz-söhbət yayıldı ki, xaricdən nifrinlər püskürən müxalif kəsimin pul ödəyicisi Hüseyn Abdullayevdir. Amma adamın həbsindən sonra iddialar səngidi, mövzu unuduldu. Hazırki durumda bu presidentin təkrarlanma ehtimalı varmı?

- İnandırıcı deyil. Ən azından indiki məqamda. Hə, ola bilər pul müqabilində nəyəsə razı olsunlar, ya da onları saxta hüquq müdafiəçiləri ilə əlaqələndirsinlər. Amma bizim müxalifətin iş yararlığı, faydalılıq əmsalı sıfıra bərabərdir. Məsələ burasındadır. Sponsor tapma işinin monopoliyası isə uzun illər Cəmil Həsənlidə olub. Paket almaq, redaksiyalara paket daşımaq, hələ imkan olanda həmin bükülü paketin içindən 3-4 dənə yüzlük götürmə icraatı bəyin kurasiyasındadır. Bildiyim qədər kimsəni də özünə şərik etmir. Güman ki, başları Erkin Qədirli və Qurban Məmmədovu təhqir etməkdən, onlarla haqq-hesab çəkməkdən ayılan kimi Həsənli yenə azuqə dalınca çıxacaq. Buna şübhəm yoxdur. Tilovuna hansısa xam düşəcəkmi, düşməyəcəkmi – daha orasını deyə bilmərəm. Amma dəqiq olan budur ki, hələ başları daha “ciddi” işlərə qarışıb.

- Erkin Qədirli məsələsini sanki çox şişirtdilər...

- Erkin Qədirli ədalətli insan deyil. Ovqat adamıdı. Amma oxumuş biridir. Hərdən də düz söz danışır. Son dediyini də təqdir edirəm. Müxalifətdə olub öz gücünün miqyasını, daha doğrusu gücsüzlüyünü etiraf etmək üçün böyük iradə lazımdır. Erkin bəyə təşəkkür edirəm ki, bu iradəni özündə tapa bilib. Hər halda realistdir və Arif Məmmədov kimi ətrafındakılara hakimiyyət vədi verib daldada “Uber taksi” sürmür. Bu söylədiyi həqiqətə görə onu və ailəsini ən pis halda təhqir edənlər isə müxalifətin üz qaralarıdır, siyasətin ridumentləridir, ömürləri boyunca da perspektiv sözünün “p” hərfindən belə yararlanası adamlar deyillər. Ayrıca, eyni yanaşma Qurban Məmmədovla da bağlı keçərlidir. Yəni, yanlışlıq baxımından keçərlidir və müxalifət adına ayıbdır. Düzdür, Məmmədov özlərinin başqa bir formasıdır, amma uzun illər onu təbliğ edən, “Yeni Azərbaycan”, “Səs”, “Palitra” qəzeti olmayıb, “Azadlıq” qəzeti olub. İndi Gülçatayların əli ilə adamın ünvanına nöqtəli söyüşlər yazdırırlar. Görün hara qədər eniblər. Barı bu işi qadına həvalə etməyin. Qadının həmin işi görmək üçün ürəyi getsə belə, yenə həvalə etməyin. Ayıbdır!

- Parlamentdə də çox ağır çıxış etdiniz. Söyüş müxalifəti ilə bağlı.

- Bu mənim ürəyimdən gələn səs idi. Başqa cür davrana bilmərəm. Mübarizəmiz də qəhrəmanlıq-filan deyil, adi bir normadır. Xaricdə oturaraq şizofrenik təfəkkürü ilə millətin layiqli övladlarını hədəfə alanların, təhqir edənlərin qarşısında hər kəs sipər olmalıdır. Çünki belələri tərəfindən bütün qırmızı xətlər, dəyərlər tapdalanıb. El dilində həmin həddə “axırıncı yol” deyirlər. Bu gün Orduxanın və o tip ünsürlərin elədikləri Qaşıqçıya qarşı ediləndən daha betərdir. Miqyas abstraktdır, mənəvi terror terrorların ən ağırı, ən ləyaqətsizidir, millətə, dövlətə qarşı yönələn cinayətlər fərdə qarşı yönəlmiş cinayətlərdən qat-qat daha təhlükəlidir – ona görə. Ümumbəşəri dəyərləri, Beynəlxalq Hüququn prinsiplərini özlərinə prioritet seçdiyini deyən avropalılar qoy bütün məsələlərə Zamirə Hacıyeva məsələsi kimi yanaşsınlar, reaksiya versinlər. Amma sadəcə özlərinə sərf edəndə yox, hər zaman. Qoy İlqar Məmmədov mövzusunda zaman-zaman hakimiyyətə qarşı yönəlmiş haqsız təpkini, iradı avropalılar bir dəfə də haqlı formaya çevirib həmin o xaricdə yaşayan irz düşmənlərimizə qarşı yönəltsinlər. Onda deyərik ki, ədalətlidirlər.

- Bir cavabdan iki sual meydana çıxdı. Hər ikisinə qısa da olsa cavabınız maraqlıdır: İlqar Məmmədovun həbsdən çıxması çoxmu şeyi dəyişdi və... Qaçıqçı məsələsi nəyə hesablanmışdı, cinayət niyə bu qədər kustar formada icra edildi?

- Başlayaq İlqar Məmmədovdan. Onun azadlığa çıxması ailəsinə, balasına qovuşmaqdan savayı heç nəyi dəyişməyib. Siyasi arenada isə ümumən heç nəyi dəyişməyib. Yəni biz deyən oldu. Fərqli təzahürat müşahidə etmədik. Amma İlqar bəyə kiçicik bir tövsiyəm var: sosial şəbəkələrdə yazı, status paylaşmazdan öncə Azərbaycan dilini heç mükəmməl demirəm, orta səviyyədə bilən birinə mütləq müraciət eləsin. Barı cümlədə mübtəda ilə xəbərin yeri məlum olsun, sözdən şəkilçilər ayrılsın – ona görə. Vəssalam. İlqar bəylə bağlı başqa deyəcəyim yoxdur.

O ki qaldı Qaşıqçı məsələsinə...razıyam, çox kustar icraatdır və dünyaya səs salıb. Düzdür, siyasi cinayətlərin xronologiyasında belə hallar da var ki, cinayətlər bəzən bilərəkdən bu cür primitiv icra olunur. Məhz elə hadisənin primitivliyindən dolayı şübhə yaranmasın deyə. Amma məncə burada gedişat fərqlidir və Qaçıqçının qanının batmamasına, cinayətin araşdırılmasına, mövzunun gündəmdən çıxmamasına görə ən böyük minnətdarlıq Türkiyə dövlətinə düşür. Öz ölkəsində belə bir qanlı hadisənin baş verməsinə göz yummadı, nəyin bahasına olursa olsun geri çəkilmədi, hətta Səudiyyə ilə gələcək əməkdaşlıq məhrumiyyətlərini belə gözə alaraq haqqı nahaqqa qurban vermədi. Özünə hörmət edən dövlət ləyaqətini bax bu cür qoruyur.

- İstintaq orqanları hələ 1 həftə öncədən bəzi şübhəli məqamları təyin etdiklərini bildiriblər. Türkiyə tərəfi məlum cinayətin baş verməsini əngəlləyə bilərdimi?

- Birmənalı şəkildə xeyr. Səfirlik və konsulluq binaları yerləşdiyi deyil, mənsub olduğu ölkənin əraziləri hesab olunur. Cinayət isə konsulluqda icra olunub. Türkiyə tərəfi həmin an artıq hadisədən məlumatlı idi, amma diqqət edin, konsulun axşam saatlarında səssiz-sakit gedişinə belə əngəl ola bilmədi. Çünki diplomatik protokolun qaydaları, diplomatik pasport daşıyan şəxsin öz imtiyazları var. İstintaq qrupu isə yalnız ərəb tərəfin müşayiəti ilə və bir neçə gün sonra diplomatik binaya giriş hüququ əldə etdi. Bu da Beynəlxalq Konvensiyalardan və dövlətlərarası ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikdir. Fəqət, kritik məqamda icra oluna da bilər, olunmaya da. Sadəcə məsələ çox “şişdi” və Səudiyyənin başqa yolu qalmadı deyə Türkiyə ilə istintaq kompromisinə getməyə razılıq verdi.

- Türkiyə tərəfinə susması üçün “siyasi rüşvət”in təklif edildiyi və rədd cavabının alındığı da iri çaplı media qurumlarının irəli sürdüyü iddialar arasındadır.

- Nəzəri cəhətdən hər şey mümkündür.

- Bəy, son sualımı verim. Parlamentlə bağlıdır: Ayın 30-da plenar iclasın gündəliyinə çıxarılacaq məsələlərdən bir neçəsi deputatın davranış qaydalarındakı sərtləşməni, daralmanı, eyni zamanda parlamentin buraxılması və mandatın ləğvi ilə bağlı yeni dəyişiklikləri özündə ehtiva edir. Bu zərurətin açıqlaması varmı?

- Var, təbii. Əvvəla, başlayım davranış haqda qanundan. Burada əsasən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (QREKO) tövsiyələri və beynəlxalq standartlar nəzərə alınıb. Yəni, özündənkəşf - filan yoxdur. Bəndlərin də çoxu preventiv xarakterlidir. Düzdür, ara-sıra “ad-hoc”, yəni, spontan halları da özündə ehtiva edir, amma dediyim kimi – yeni nəsə icad etməmişik, bu bir Beynəlxalq standartdır. Digər məsələlər isə əsasən Konstitusiyaya, Korrupsiya haqda qanuna uyğunlaşdırma xarakteri daşıyır. Sərtləşmə, daralma kimi ifadələrlə də qətiyyən razı deyiləm. Deputatın borcudur ki, etik çərçivəni ən yüksək səviyyədə gözləsin, hər kəsə örnək və nümunə olsun. Düzgün və işini bilən insanlar üçün məlum qanunun fayda və lazımlılıq tərəfi daha qabarıqdır, nəinki məhrumiyyət tərəfi. Ayrıca, son olaraq onu da qeyd edim ki, Azərbaycan parlamentinin qəbul etdiyi bütün qərarlar yaxşıya və daha müsbət dinamikaya doğru hesablanır. Buna kimsənin şübhəsi olmasın.

- Müsahibəyə görə təşəkkür edirəm.

- Mən təşəkkür edirəm və Rauf Arifoğlu başda olmaqla bütün “Yeni Müsavat” ailəsinə sonsuz uğurlar diləyirəm.

Şərhlər

XƏBƏR LENTİ