SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » “Əməkdar artist küçədə 20 manat borc axtarır” - “Azdrama”da söz-söhbət bitmir...

“Əməkdar artist küçədə 20 manat borc axtarır” - “Azdrama”da söz-söhbət bitmir...

Tarix:

5-04-2018, 15:47

/ 2 096 dəfə oxundu.
“Əməkdar artist küçədə 20 manat borc axtarır” - “Azdrama”da söz-söhbət bitmir...

Son günlər Akademik Milli Dram Teatrı yenidən gündəmə gəlib. Mətbuatda müxtəlif yazılar dərc olunur və hər bir müəllif baş verənlərə görə teatrın direktoru və baş rejissoru, xalq artisti Azər Paşa Nemətovu ittiham edir.
Teatrın aktyoru Elçin Əfəndi AzNews.az-a müsahibəsində bildirib ki, yıxılan, haqqı tapdanan sənət adamlarını müdafiə etmək aktyorların borcudur:
- Teatr haqqında çox yazırlar. Hər bir fikrə hörmətlə yanaşıram, amma yazanda bir az ədalətə söykənmək lazımdır. Mən içimdəki vicdana söykənəcəm. Yıxılanı baltalamaq asandır. Amma bir adamı baltalayanda azca düşünmək lazımdır. Teatrın direktoru Azər Paşa Nemətov sənətini bilən, insanı başa düşən adamdır, elə həmin tənqid edənlərə yaxşılıqları da az olmayıb. Bundan əvvəlki rejissorlar, direktorlar kimi kobud deyil. Yıxılanı müdafiə etmək də biz aktyorların borcudur. Bəlkə Azər Paşa Nemətovun mənim müdafiəmə ehtiyacı yoxdur, amma yenə də həqiqəti deməliyik.
- Teatrın adla tanınan aktyorları var, hansı ki, tamaşalarda böyük obrazların müəllifidirlər. Bəs onların niyə səsi çıxmır?
- Yoxdurlar! Susurlar... yeri gəlmişkən, burdan onlara səslənirəm: Bu susqunluq nədir? Azər Paşa Nemətov dəhlizdə gələndə onun qarşısında 3 qat əyilirsiniz, arxasınca qaçırsınız. İndi nə oldu? Azər Paşa Nemətovun qarşısında 7-8 qat olanlar var. Mənə çatmır, hanı onlar? Aktyor kimi məni 10 adam tanıyırsa, onları 1000 adam tanıyır. Biri çıxsın o yazanların qarşısına, desin ki, sən böyük səhv edirsən... yoxdur... heç gözləməyək də. “Axırıncı aşırım”da deyir ey, “Kərbalayı, hamı qırılıb, tək qalmışıq”. Bax, hazırda teatr o gündədir. Azər Paşa Nemətovla birlikdə gülənlər, təəsüflənənlər, az qalsın siqaretini belə yandıranlar hanı?
- Azər Paşa Nemətovu nədə ittiham edirlər?
- Düzdür, Azər Paşa Nemətovun da çatışmayan səhv cəhətləri var. O, bizim rəhbərimizdir. Onun əsas çatışmayan çəhətlərindən biri özündən başqa teatra başqa rejissor dəvət etməməsidir. Teatrda iki gənc rejissor var, onlar da öyrənməli, püxtələşməlidir. Direktor teatra başqa rejissor dəvət edib onlarla işləməlidir. Birlik olanda qeybət deyil, iş olur. Yoxsa “burda mənəm Bağdadda kör xəlifə”... olmur belə.
- Azər Paşa Nemətov “Azdrama”ya gələndən ora başqa rejissor dəvət olunmayıb?
- Xalq artisti Mərahim Fərzəlibəyov bir tamaşaya quruluş verib. O, da gözün açandan bu teatrın işçisi olub, indi də gəlib-gedir. İkinci tamaşa quran rejissor da Firuddin Məhərrəmov olub, vəssalam. Bununla olmaz, kənardan yenə rejissorlar gəlməlidir, tamaşalar qurulmalıdır. Azər müəllim həm rəhbərdir, həm də rejissor, çatdıra da bilmir. Sözün əsl mənasında tək qalıb. Ona görə kənardan gələcək rejissorlara çox ehtiyac var. Teatr bir xətlə gedə bilməz. Çətindir.
- Azər Paşa Nemətov hansı rejissorları dəvət edə bilər?
- Namiq Ağayev, Əsgər Əsgərov, Bəhram Osmanov, Rövşən Almuradlı... niyə bunlara səhnə verməyək? Gəlsinlər, tamaşa qursunlar, işləsinlər... biz azərbaycanlıyıq. Bakı balaca şəhərdir. Kimi dəvət etsə gəlməz ki? Canla-başla gələrlər. Niyə bu rejissorlar teatrdan kənarda qalsınlar ki? Bunlardan birinə deyirəm ki, niyə gəlib tamaşa qurmursan? Cavab verir ki, “birdən gələrəm, Azər Paşa qəbul eləməz”. Nə qədər deyirəm mənasız... Teatrda başqa rejissorlar da olmalıdır. Heç kəs inciməsin.
- Akademik Milli Dram Teatrında ən böyük haqsızlığa uğrayan əməkdar artist Əli Nurdur. Amma bununla belə, o, Azər Paşa Nemətovu müdafiə edir...
- Əli Nur talantlı aktyordur, özü də haqqın yanındadır. Bu gün cəmiyyət dəyişib, kim haqqını müdafiə edirsə sənə dəli adı verirlər. Bu, bizim bədbəxtliyimizdir. Belə düşünə-düşünə qabağa gedə bilmərik. O, xalq artisti fəxri adına layiqdir. O, gəlib bizim qarşımızda böynunu büküb oturanda mənim ürəyim ağrıyır. Elə şeylər var ki, Azər müəllimlik deyil.
- Əməkdar artist İlham Hüseynovun teatrdan çıxarılması ona qarşı haqsızlıq idi?
- Düşmənim də olsa, aktyorun teatrdan çıxarılmasına pis baxıram. Bu, aktyoru evindən çıxatmaqdır. Olmaz. Teatr aktyorun evidir. Onu evindən çıxatmaq - məhv etməkdir. İlham xəstədir. Gərək Azər müəllim İlhamı teatrdan çıxartmayaydı. Bəlkə də bu, onun səhvi oldu. Aktyora səhnə və maaş lazımdır. Bir 10 gün bundan əvvəl, əməkdar artist adını daşıyan aktyor küçədə 20 manat borc pul axtarırdı. Elə ad mənim nəyimə lazım?
- İndi İlham Hüseynovu teatra qaytarmaq mümkün deyil?
- Əlbəttə, mümkündü. Bunun üçün böyüklər yığılıb müzakirə etməli və qərar verməlidirlər. Mən deyə bilmərəm ki, İlham hardasa səhv edib. Bilmirəm. Bir-birini başa düşüb, əl-ələ verib işləsinlər. Buna görə Azər müəllimi ittiham eləmək olmaz. O, aktyora olan diqqətini əsirgəməyib. İsrafil müəllimin adamlarına deyirəm ki, heç nəyə nail ola bilməyəcəksiz.

Şərhlər

XƏBƏR LENTİ