SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Azərbaycanda qadın avtoçilingər: "Sənin kimilərə ağız açmayım deyə bura gəlmişəm"

Azərbaycanda qadın avtoçilingər: "Sənin kimilərə ağız açmayım deyə bura gəlmişəm"

Tarix:

27-03-2018, 12:35

/ 2 398 dəfə oxundu.
Azərbaycanda qadın avtoçilingər: "Sənin kimilərə ağız açmayım deyə bura gəlmişəm"

Biləcəridə yerləşən "Məmmədoğlu servisi"ni demək olar ki, bütün avtosürücülər tanıyır. Bura kişilərin məkanıdır.

Qarajlara bənzər dəmir qapılı iri anqarlar küçəyə baxır, üzərində anqarın nömrəsi və ustanın adı yazılır.

Geniş dəmir darvazanın arxasında böyük sahə açılır, burada da anqarlar var. Bizim yolumuz 47 nömrəli anqaradır. Burada Bakıda, demək olar ki, yeganə qadın avtoçilingər işləyir.

Nüşabə xanımın başı qarışıqdır - həm müştərilər, həm də "uçenikləri" (şagirdləri) başına yığılıb.

Bu gün işi də çoxdur: yeni mal gəlib, qarajın müdiri ehtiyat hissələrini anbara yığmağa gedib.

"Axır vaxtlar məndən müsahibə istəyənlərə imtina etmişdim", - Nüşabə Ağayeva deyir. Onun haqqında bir neçə media orqanı video-süjet hazırlayıb.

"Bir də, görüsən, kimsə gəlib mənə salam verir: "Biz sizinlə Facebook-da dostluqdayıq". Bəs mən nə bilim, mənim dostluğumda üç mindən çox dostum var, mən haradan sizi tanıyım?"

Qaraj
Geniş qarajın sahəsi dəmir-dümür, avtohissələr, alətlərlə dolu olsa da, səliqəlidir. Hər bir əşyanın öz yeri var.

"Buranı özünüz səhmanlayırsınız?" - Nüşabə xanımdan soruşuram. "Yox, bəs şagirdlər nə üçündür? - gülümsəyərək cavab verir və gənc oğlana işarə edir, - Bunun, bax, 18 yaşı var.

Şagirdlər də fərqli olur, eləsi var ki, əlində açarı tutmağı öyrənir, deyir: "Ustayam", çıxır, gedir. Qalanları ilə mən, mənim ustalarım mənimlə necə ciddi olub, bir o qədər də mən ciddiyəm."

"Ərimin qazandığı pulu xərcləməyə heyfim gəlmir. İçim o qədər yanıb ki... " - Sumqayıtdan olan hicablı qadının hekayəti
Əlilliyi olan insanlardan kitab yazan yeganə şəxs
Buradakı hər anqarda ustalar hərə avtomobilin öz hissəsinə baxır. Nüşabə xanım isə sürətlər qutusu üzrə ustadır.

"O günləri Belarusla danışmışam, avadanlıq almaq istəyirdik. - Nüşabə xanım maşının içinə baxa-baxa danışır, - Dedim ki, ustayam, dedilər: "Maraqlıdır!" Heç onların özündə də qadın usta yoxdur. Hə, qurtardım, get, maşını xoda ver!" - sifarışçiyə deyir.

Ortaboylu, gülərüzdür, onun incə cizgilərini fəhlə kombinezonu da gizlədə bilmir.

Geyimi ilə təzadda qulaqlarındakı sırğalar, barmaqlarındakı üzüklərdir; deyir, işində heç mane olmur.

Qarajın uzaq divarında masa arxasında söhbət edirik. Müşəmbənin üstündə şəkər-qənd qabı, şirniyyatlar var, soyuq havada isə ayaq altındakı spirallı qızdırıcı və qaynar çay ilə isinmək olar: Bu da işığı çox yazır, daha neynəyək, yer betondur, qızışmalıyıq axı.

Yayda yox, yaxşı, sərindir buralar, qışda isə bir az işləyib qaçıram qızdırıcının yanına" - Nüşabə xanımın əynində fəhlə kombinezonunun üstündən hələ isti jilet də var, başında isə toxunma papaq ("Bunun üstünü özüm kəsmişəm ki, saçımı oradan çıxarım").

Həvəs və öyrənmə
"Öz maşınım var idi, "Ford" markalı. İçində problem var idi, amma heç bir usta təmir edə bilmirdi. Əslində çox cüzi bir problem idi, indi onu mənim yanıma gətirsəydilər, o, mənim üçün 2 vur 2 idi.

Həkimə gedirdim, maşında radioda 106.3, Azad Azərbaycan dalğasına qoşulmuşdum. Aparıcılar maşın və ustalar haqqında danışırdı. Ustalara da sual verirdilər.

Ustaların biri, Vüsal usta danışırdı. Gördüm ki, kim nə sual verir, o, çox məntiqlə, savadla cavab verir.

Verilişdən sonra ustanın telefon nömrəsini götürdüm. Zəng vurdum, dedi "Gəlin!".

Beş saat gözlədim. Həm usta özü məşğul idi, müştəriləri çox idi, həm də mənim səbrimi sınayırdı - bu qədər dözərəmmi?

Maşınımı düzəltdi, sağ olsun. Uşaqlıqdan özümün həvəsim var idi texnika ilə oynamaq, oğlan xasiyyətim də var idi.

Vüsal ustaya dedim: "İcazə ver, gəlim yanında "uçenik" kimi durum".

Dedi: "Yox". Düz 10 gün yalvardım ki, mənə mühərriki öyrətsin. Nəhayət, mənim inadkarlığımdan bezib razılaşdı: "Get, özünə paltar al, sabah gələrsən."

Sədərəkdən özümə kombinezon aldım, səhəri işə çıxdım. Başıma da yaylıq örtdüm ki, saçım yağa kirlənməsin, benzin iyi gəlməsin, təzə-təzə. İndi heç vecimə də deyil, evə qayıdıb yuyuram.

İl yarım onun yanında şagird qaldım.

İlk günüm yadımdadır: bütün işində lazım olan qayka-boltlar dəmir, başı kəsilmiş yağ qablarına yığılmışdı. Usta yaxınlaşdı, əlini həmin qabların arxasına keçirib, hamısını yerə aşırtdı. "Yığ - dedi, - bunları, hərəsini nömrələrinə uyğun öz qablarına."

Getdim, bir-iki qayka açarını gətirib qayka-boltları uyğunlaşdırmağa və qablarına yığmağa başladım. Usta mənə boltu göstərib "Bunun açarını gətir, açım" deyirdi. Hünərim nə idi mən səhv açar gətirim!

İndi işimdə də faydalıdır - heç görməyə, əlimi masanın altına atıram və lazım olan açarı götürürəm.

"İş tapmaq üçün mən teatrların qapısında yatmalıyam" - Gənc azərbaycanlı aktyorlar şəkillərdə
Gözdən əlil qadın: Ən dəhşətlisi, üç ildir ki, qızımın üzünü görə bilmirəm. O dəyişibmi? Necə dəyişib?
Uşaqlıqda babamın "Zaporojets" markalı maşını var idi, atamın da, mən gözümü açandan, "nol on bir" maşını, ondan sonra da "Qaz-21". O vaxtı maşınlar indikindən daha sadə idi.

Atam maşını təmir edəndə, mən həsrət içində idim ki, mən də qatılım.

Təmir vaxtı məni sükanın arxasında otuzdururdu, deyirdi: :"Hə, qızım, mən deyəndə, filan düyməni bas, pedalı bas". Birinci-ikinci sinifdə oxuyurdum.

Babamın "Zaporojets"inə də marağım var idi. Baxırdım, hansı boltu aça bilirdim, barmaqlarımla açırdım, babamı da izləyirdim: gəlirsə, tez boltu geriyə bağlayırdım.

"Atam mənim bu işdə işləməyimi qəbul etməzdi"
Atamı çox tez itirdim - 37 yaşında rəhmətə getdi. Deyirdi: "Qızım təyyarəçi olacaq". Amma qismət olmadı, Rusiyada Tibb elmi üzrə oxudum. Bilirəm ki, atam mənim bu işdə işləməyimi qəbul etməzdi.

Bir il hamıdan gizləndim. Heç kim mən nə işlə məşğul olduğumu bilmirdi. Hətta bir dəfə bir qohumum həmin sexə gəldi. Darvazanın bir tayını bağlayıb, içəri keçdim, dedim: "Mənim adımı çəkməyin, məni çağırmayın!"

İndi utanmıram. O vaxt hazır deyildim, özümü usta hiss etmirdim. İndi isə özümə daha əminəm. Mühərrik təmirinə dair sertifikatlarım da var - Moskvadan "Bosch" şirkətinin nümayəndələri gəlib Bakıda seminar keçirmişdi, orada iştirak etmişəm. İndi usta olduğumu fəxrlə deyirəm.

İndi qohumlarım da bilir, heç etiraz etmirlər. Olur, özləri mənə müraciət edir. Hərdən anam deyir: "Ay bala, getdin, özünə iş tapdın!" O da bir ana kimi bütün günü soyuq betonun üstündə dayanıb işləyəcəyim üçün narahatdır.

Sonra sürətlər qutusuna keçdim. O da təsadüfən olub. Vüsaldan ayrılandan sonra bütün servisləri gəzirdim ki, məni işə götürsünlər.

Axırı tanışlıqla biri mənə dedi: "Dizel motorist işləmək istəyirsən?" Dedim: "Hə, istəyirəm!" Səhər isə mənimlə danışan usta yox idi, telefonunu da söndürmüşdü. Sən demə, müdiriyyət onu danlayıb ki, nəyə görə o qızı işə götürmüsən, o, burada işləyə bilməz.

Həmin qaraj şəraitsiz idi, Dərnəgüldə "Elit"lə üzbəüz yerləşirdi. Nə edim, əlacsız qalıb keçdim onun böyründəki servisə, bu da Sərdar ustanın servisi idi.

Gördüm ki, bu ustanın şagirdi maşın sürgününə düşüb maşın sökür. Ustaya "Olar, mən də düşüm, baxım?" dedim. İcazə verdi.

"Qadın nədir, bu iş nədir?"
Düşüb gördüm ki, oğlan əli ilə maşını açmağa calışır.

Dedim: "Kompressorunuz yoxdur, pistoletlə işləmirsiniz?" "Hə, gətirin, qoşun kompressoru!". Gətirdilər, verdilər mənə.

Dedim: "16 başlığı gətir mənə!" - boltun başına baxıb o saat ölçüsünü bilirəm, ustam çox tələbkar idi.

"Necə yəni rəhmətə gedib, axı söz vermişdi gələcəm?" Valideynlərini erkən itirən gənc aktrisanın hekayəsi
Azərbaycanda qadın məhbusların gigiyenik "vasitə çatışmazlığı"
Mən maşını sökəndə gördüm ki, Sərdar usta çöməlib yuxarıdan mənə baxır. Gördü ki, bu işləri bacarıram. Dedi: "Gəl, mənimlə işlə!"

Dedim, "Mənə sürətlər qutusunu öyrət, bir-iki ay yanında qalıb öyrənərəm". Amma artıq dörd ildir ki, burada işləyirəm. İndi də şərikik.

Sərdar Allahverdiyev, deyə bilərəm ki, onun kimi sürətlər qutusunu bilən adam çətin ki tapılar. Çox güclü ustadır. Həm də ki, Qarabağ müharibəsinin veteranıdır.

İki dəfə güllə yarası alıb. Bir qardaşı isə müharibədə şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır.

Sərdar ustanın da ustası Azərbaycanda ilk dəfə avtomat sürətlər qutusunu açan Mərdəkandakı rəhmətlik Məşədi usta olub. Sərdar da onun yetirməsidir. Mən də Sərdar ustanın şagirdi olanda Məşədi ustanın da şagirdi oluram.

Sonradan müdiriyyət Sərdar ustanın da yanına gəldi ki, mən burada işləməyim. Mənə bəhanələr tapıb işimdən yayındırmağa çalışdılar. Mənə görə Sərdar usta "Burada mənim sözüm keçmir" sözü ilə həmin sexdən çıxdı.

Mənim işdən qorxmağım yoxdur, Vüsal usta məni belə öyrədib. Sərdar usta da məni öyrədir. Deyir: "Filan maşını çəkərsən?" Deyirəm: "Niyə çəkmirəm, canını da alaram! Ötür içəri!" Ağır maşınları, avtohissələri qaldırmaq üçün həm texnikamız var, həm şagirdlər kömək edir.

Şagird həm öyrənməyə gəlir, həm ustanın əlinin altında köməkçidir.

Mən deyirəm: "Şagirdin günü səhər əlində süpürgə ilə başlamalıdır".

Sürətlər qutusu maşının mühərrikindən qat-qat çətindir, onun xırdalıqları zərgər işi kimi çoxdur. Dörd il keçib, amma mən yenə də deyirəm ki, heç nə bilmirəm.

Söhbətin arasında Nüşabə xanım fikrini gənc şagirdə yayındırır: "Gəl, sənə çay süzüm! Gəl, utanma!".

Sonra yenə söhbətə qayıdır.

"Müştərilər olur ki, məni birmənalı qəbul etmirlər. Ölkədən kənarda, çox yerlərdə olmuş adamlar normal qəbul edirlər.

Kişi işləri ilə məşğul olan qadınlar da var.

Elələri də var, "Qadın nədir, bu iş nədir?" deyənlər də olur.

"Get, evdə bozbaşını bişir", "Qazanını qarışdır" da deyənlər olub.

"Sənin kimilərə ağız açmayıb, öz qazanımı qarışdırmaq imkanlarım olsun deyə bura gəlmişəm" deyirəm.

Ustalar da müxtəlif olur. Olub ki, servisə gələn maşın sürücüləri mənim seximi soruşublar, başqa ustalar da "Bilmirəm!" cavabı verib.

Mənim qadın olduğumu bəzi kişi ustaların gözləri götürmür.

"Dırnaq qaynağı"
Mənim dırnaq qaynağı üzrə Moskva diplomum var, nə qədər şagirdim olub, bu işi onlara öyrətmişəm. Bir il gözəllik salonu saxladım, amma gördüm - yox e, qadınlarla işləmək mənimki deyil.

Bütün alətlərimi payladım. Düzdür, bu yaxınlarda hələ qohumuma dırnaq qaynağı eləmişəm.

Çox yalvardı, toya gedirdi, dedim, yaxşı, işdən çıxıb gələrəm.

Mən bu sənəti öyrənəndə, gəlirli idi. İndi baxıram: iki-üç saat ərzində dırnaq üstündə əlləşirsən, 20-25 manat alırsan. Dəyməz zəhmətinə.

Amma özüm neçə ildir ki manikür etmirəm, yazıq əllərim artıq qayğını xatırlamır.

Maşını on altı il sürürəm. İmtahanımı da özüm vermişəm.

Fevralın soyuq qarlı günündə sürmə üzrə imtahanımı verdim.

Maşın sürməyi "nol-altıda" qardaşım öyrətmişdi, tez qavradım. Uşaqlıqdan kişi xasiyyətli idim, anam mənə "evin kişisi" deyir.

İndi də, evdə nə problem oldu, mənə müraciət edirlər".

İnanırsınız ki, bu iş məni elə formalaşdırıb ki, evdə də eləyəm. Evə gedən kimi, anama aşağıdan zəng edirəm ki, qapını açsınlar.

Çay-çörək də artıq masanın üstündədir, "kişi" gəldi.

Nüşabə xanım evli olub, iki uşağı var.

"Oğlum İngiltərədə oxuyub gəldi, indi atasının yanında işləyir, qızım isə hələ oxuyur, o da İngiltərədə. Uşaqlarım müasir fikirlidir, mənim işimi qəbul edirlər".

"Mənim yaşımda qadına iş tapmaq bir az çətindir"
Həm də, bilirsən, işimin üstünlüyü nədir? Mənim yaşımda qadına iş tapmaq bir az çətindir. İş elanları varsa, oradakı tələblər çox ciddi olur: 25 yaşından artıq olmasın, gözəl xarıcı görünüşlü olsun.

Ay kişinin qızı, deyir, restorana və ya otelə süpürgəçi lazımdır, deyir, "ingilis dilini bilsə, yaxşı olar". Daha ingilis dilini bilirsə, niyə getsin süpürgəçi işləsin?

İşimi sevirəm, özümü burada tapmışam. Elə "karobkanın içində də öləcəm".

Çox kobudam, tərs xasiyyətim var.

Belə olmağa məcburam. Bilirsən, tək yaşayıram, kişilərin içində tək işləyirəm. Mən kobud olmasam, acı cavab verməyi bacarmasam, gəlib, mənim boynumda oturarlar.

Belə davranışla özümə hasar düzəldirəm ki, mənim üzərimdən heç kəs keçib məni əzməsin.

Hər qadın belə kişilərin arasında dözə bilməz. Təsirlərə dözən bir kəs lazımdır.

Hamı ilə zərif qadın kimi davransam, gülərüz olsam, mənim bu işdə işləməyim çox çəkməz.

İş yoldaşlarım mənimlə yaxşıdır, məni çox istəyirlər. Məsələn, bu yaxınlarda alətlər mağazasına getmişdim, satıcılardan biri digərinə "Hə, bu, bizim qardaşımızdır" dedi.

Özüm yolda maşın sürəndə, harada qadın və ya yaşlı sürücü görəndə, o yerdən uzaqlaşmağa çalışıram, arxasıyla düşməyim.

Peşəkar sürücü qadınlarımız da çoxdur, amma qeyri-peşəkarların sayı onlardan artıqdır. Biri var, işini aşırtmaqdan ötrü, zəruriyyət olduğu yerdə maşın sürmək, biri də var ki, "mənim maşınım var" xətirinə maşın alanlar.

"Kişi ustanın yanına getməyə çəkinən qadınlar çoxdur"

Bilirsiniz, Allah ağlımızı başımızdan almasın. Çox böyük bir arzum var, təəssüf ki, maddiyyatım buna hələ ki imkan vermir. İstərdim ki, qadınlar üçün maşın servisi açım.

Bizdə kişi ustanın yanına getməyə çəkinən qadınlar çoxdur.

Ya taksi şoferinə, ya həyat yoldaşlarına, qardaşlarına müraciət edirlər ki, onlara kömək etsinlər, maşını təmirə apasınlar.

İstəyirəm, qadınlar əminliklə yanıma gəlsin, maşınlarını təmir edim.

İstək, maraq olandan sonra insan hər bir işə qadirdir.

Mənə deyəndə ki, bu kişi işidir, deyirəm: "Bəs bu yaxşı ustanı da qadın dünyaya gətirib, nəyə görə özü öyrənə bilməsin?"

İstək insanın içindən gəlməlidir, həvəsi olmalıdır, işindən həzz almalıdır.

Qadın kişi işi ilə məşğul olmaq istəyirsə, bu, təkcə onun istəyindən asılıdır. Bizim qadınlar çox güclüdür, həm də ki dözümlü.
Azərbaycanda qadın avtoçilingər: "Sənin kimilərə ağız açmayım deyə bura gəlmişəm"
Azərbaycanda qadın avtoçilingər: "Sənin kimilərə ağız açmayım deyə bura gəlmişəm"
Azərbaycanda qadın avtoçilingər: "Sənin kimilərə ağız açmayım deyə bura gəlmişəm"

Şərhlər

XƏBƏR LENTİ