SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Əsas anamdan narahat idim..." - Müsahibə

"Əsas anamdan narahat idim..." - Müsahibə

Tarix:

9-02-2018, 10:24

/ 1 682 dəfə oxundu.
"Əsas anamdan narahat idim..." - Müsahibə

Faciəvi şəkildə dünyasını dəyişmiş yaxınlarının yasında iştirak etmək üçün iki-üç günlüyə istintaq təcridxanasından azadlığa buraxılmış jurnalist Əfqan Muxtarlı Azadlıq Radiosuna müsahibə verib

Həmin müsahibəni oxucularına təqdim edir:

– Əfqan bəy, yasda iştirak edəcəyinizi gözləyirdinizmi? Dəfn mərasimində iştirakınızla bağlı vəkilinizin müraciətinə rədd cavabı verilmişdi.

– Dünənə qədər buraxılacağımı gözləmirdim. Dünən məlumat verdilər ki, buraxacaqlar. Gözlənilməz oldu.

– Sizcə, niyə qərar dəyişdirildi?

– Mən hazırda istintaq təcridxanasındayam. Qanunvericilikdə istintaq təcridxanasında olan adamların məzuniyyətə buraxılması nəzərdə tutulmayıb. Çox güman, məni həm beynəlxalq təşkilatların, həm də ölkədəki təşkilatların tələbləri nəticəsində buraxıblar. İstənilən halda buraxdılar… Sözün açığı, istintaq təcridxanasında mənim kənar aləmlə təmasımı çox məhdudlaşdırıblar. Telefon zəngləri və görüşləri. Ona görə də bütün hadisələri dəqiqliyi ilə bilmirəm. Amma bilirəm ki, qanun bu məsələdə birmənalı deyil. Qanun cəzaçəkmə müəssisələrindən məzuniyyətə buraxılmağa icazə verir, istintaq təcridxanalarından yox. Hərçənd, belə bir qadağa da mövcud deyil.

– Qısa müddətə də olsanız, evdəsiniz. Üç əzizini bir anda itirən doğmalarınıza təsəlli ola bilirsinizmi?

– Bu bizim ailəmiz üçün, mənim üçün sözlə ifadə edilə biləcək faciə deyil… Hər halda, anam məni gördü. Əsas anamdan narahat idim. Yaşlı qadındır. Birdən-birə belə böyük itki ilə üzləşib. İstənilən halda anam üçün təsəllidir mənim bura gəlməyim.

– Həbsinizdən sonra ananızla görüşməmişdiniz?

– Anamla bir dəfə, bu hadisədən əvvəl istintaq təcridxanasında görüşmüşdüm. Ancaq o da şüşə arxasından, telefonla danışmışdıq.

– İndi isə yanındasınız…

– Sözlərlə bunu ifadə etmək mümkün deyil (Susur). Belə… Söz tapa bilmirik bir-birimizə deməyə…

– Yəqin, bu qələbəlikdə, doğmalar arasında gözünüz daha iki adamı axtarır- indi mühacirətdə olan ömür-gün yoldaşınız Leyla xanımı və balaca qızınızı.

– Gözüm üç nəfəri axtarır, Leyla xanımı və iki qızımı. Hər halda, onların indi orda olmağı… Böyük qızımı özüm göndərmişdim ora, oğurlanmamışdan əvvəl. Leyla xanımla kiçik qızım mənim xahişimlə Gürcüstanı tərk etdilər. Leyla xanım özü də Azərbaycanda yetərincə tanınmış, müstəqil fikri olan jurnalistlərdəndir. Bizdə olan dəqiq məlumata görə, ona qarşı da cinayət işi qaldırılması və saxlanılması barədə qərar verilmişdi. Bir də, Gürcüstandakı vəziyyət həddindən artıq mürəkkəbdir. Ona görə xahiş etdim ki, Gürcüstanı tərk edərək Avropa ölkələrindən birinə getsinlər. Orda müvəqqəti yaşayırlar. Hələlik siyasi sığınacaq üçün müraciət etməyib. Gələcəkdə onların orda qalıb-qalmamağı hadisələrin gedişindən asılı olacaq.

– Yaxın müddətdə azadlığa çıxsanız, siz də onların yanına yollanacaqsınız?

– Ora gedib-getməyəcəyim haqda dəqiq söz deyə bilmərəm. Düşünürəm ki, ölkəni hamı tərk etməməlidir. O cümlədən mən də ölkəni tərk etməməliyəm. Bu ölkə bizim ölkəmizdir. Mən bu ölkə üçün vuruşmuşam, azadlıq hərəkatında iştirak etmişəm. İndi hakimiyyətdə olanlara nisbətən mənim bu ölkədə yaşamağa daha çox haqqım var.

– Amma siz Gürcüstanda yaşamaq üçün izn almışdınız.

– Mənim oğurlanmağım onu göstərdi ki, bizim özümüzü sığortalamağımız o qədər də effektiv deyil. Ölkədə olmaq, mübarizə aparmaq lazımdır.

– Yeri gəlmişkən, sizin həbsinizdən sonra Gürcüstan hökumətinin ünvanına xeyli tənqid səsləndi. Siz bu haqda nə düşünürsünüz?

– Biz Gürcüstana gedəndə ölkəni koalision hökumət idarə edirdi. Həmin dövrdə Azərbaycan hakimiyyəti mənim, Daşqın Ağalarlının və başqa mühacirlərin həbs edilərək Azərbaycana təhvil verilməsini tələb edirdilər. Ancaq koalision hökumət buna icazə vermədi. «Gürcü arzusu» təkbaşına hakimiyyətə gəldikdən sonrasa bizim həbsimiz, Azərbaycana təhvil veriləcəyimiz gözlənilən idi. Bu korrupsiyalaşmış iki hakimiyyət bir-biri ilə daha tez dil tapa bildi. Ona görə oğurlanmamışdan qabaq da mən mətbuata müsahibələrimdə həbs ediləcəyimizi demişdim. Davranışları belə deməyə əsas verirdi. Bundan bir az əvvəl Leyla xanıma oturma izni vermədilər və səbəb olaraq dedilər ki, Leyla xanım, ümumiyyətlə, bizim ailəmiz Gürcüstanın milli təhlükəsizliyi üçün təhdiddir. Amma bu təhdidin nədən ibarət olduğunu deməmişdilər. Bilirdim ki, məni Azərbaycana verəcəklər, ancaq belə oğurlanmağımı gözləmirdim. Gözləyirdim ki, məni tutacaqlar, məhkəmə qərarı ilə sivil qaydada təhvil verəcəklər. Belə cinayətkar yola əl atacaqlarını, sözün açığı, mən də gözləmirdim.

– Əfqan bəy, bu gün – fevralın 8-də Gürcüstanda məhkəmə həkim Fərman Ceyranlını 6 il azadlıqdan məhrum etdi. Düzdür, klinika rəhbəri olan azərbaycanlı həkim rəsmən dələduzluqda ittiham olunur, amma onun Bakının istəyi ilə həbs edildiyini iddia edənlər də var. Siz nə deyə bilərsiniz?

– Bu həbs birbaşa Azərbaycan hakimiyyətinin sifarişi ilə baş verib. Mən Fərman Ceyranlını siyasi məhbus hesab edirəm. Onun həbsinin səbəbi həm Azərbaycanda yaşadığı, həm də sonrakı dövrdə demokratik hərəkatda iştirak edən ayrı-ayrı şəxslərlə xoş münasibət saxlaması olub. Azərbaycan hakimiyyəti hesab edirdi ki, orda azərbaycanlıların yığışmasının səbəbi Fərman Ceyranlıdır. Amma yanlış məlumatdır. Şəxsən mən orda yaşadığım müddətdə Ceyranlını cəmi iki dəfə görmüşəm. Ancaq Gözəl Bayramlının işində təhlükəsizlik xidmətinin arayışlarından görünürdü ki, Fərman Ceyranlının də hərəkətini izləyiblər. Onun həbsinin də sifarişçisi Azərbaycan hakimiyyətidir.

– Gürcüstanda baş verən son həbslərdən sonra bura «demokratik ada» kimi baxan bəzi azərbaycanlıların bu ölkəylə bağlı ümidləri qırıldı. Yenə bu ölkədə yaşamaq istərdinizmi?

– Gürcüstandakı indiki hakimiyyətin siyasi rəngini mən son parlament seçkilərində gördüm. Total saxtakarlıq edildi, xüsusən də azərbaycanlılar yaşayan bölgələrdə. Müxalifətdən olan namizədlərin seçki kampaniyaları dağıdıldı, «Gürcü arzusu»nun seçkiləri udduğu məntəqələrə hücumlar təşkil edildi. Gürcüstanda uzun müddət əl-ayağı yığışdırılmış kriminal elementlərin fəallaşması onu göstərdi ki, indiki hakimiyyət Gürcüstanı demokratiya yolundan sapındırmağa çalışacaq. Bir sıra məsələlərdə avtoritarizmə meyllənəcək.

– 6 il azadlıqdan məhrum edildiniz, bu cəza müddəti sizin üçün gözlənilən idi?

– Buna məhkəmə demək olmazdı, teatr idi, məzhəkə idi. Açığı, bir az artıq cəza gözləyirdim. Bizim ölkədə prokurorluq, məhkəmə heç nə həll etmir. Hər şeyi bir nəfər həll edir, onun göstərişi ilə həbs edilirsən, onun göstərişiylə azadlığa çıxırsan. İstintaq, məhkəmə don geyindirmək üçündür. Mənimlə bağlı heç bir istintaq hərəkəti olmayıb, bizim təqdim etdiyimiz faktlar, sübutlar məhkəmə və ya istintaq tərəfindən qəbul edilməyib. Mənim oğurlanaraq gətirilməyim hamıya məlumdur, prokurorluğa da, istintaqa da, məhkəməyə də. Bu, açıq sifariş idi.

– Amma hakimiyyət rəsmiləri, hüquq-mühafizə orqanları sizin oğurlanmanız barədə iddiaları təkzib edirlər. Bundan başqa, sizin jurnalist kimi təqdim edilməyinizə qarşı çıxanları da oldu.

– Azərbaycan hakimiyyəti «o, jurnalist deyil» fikrindən Rasim Əliyevin (2015-ci ildə döyülərək öldürülmüş fotoreportyor) qətlindən sonra istifadə etməyə çalışıb. Elə bilirlər, mənim jurnalist olmamağımla bağlı rəy yaratmaqla ictimai dəstəkdən məhrum edəcəklər. Bu da Azərbaycanda ideologiya sahəsinə rəhbərlik edənlərin həddən artıq qocalmasını göstərir, indiki dövrlə ayaqlaşa bilmirlər. Daha ciddi, daha ağıllı bəhanə tapmaq olardı. Mənimlə bağlı söylənilənlər müzakirə obyekti ola bilməz, boş şeylərdir. Bunlar istəyirlər məni dəmirçi, cəllad kimi, küçə süpürən kimi təqdim etsinlər. Nə cür istəyirlər təqdim etsinlər, amma mən heç kiməmsə oğurlanmağım üçün niyə bu qədər pullar xərcləndi, niyə bu qədər rüşvət verdilər?

– Mayda amnistiya aktının qəbul ediləcəyi gözlənir, əfv sərəncamından da danışılır. Yaxın müddətdə azadlığa çıxmanızı gözləyirsinizmi?

– Bizim ölkədə heç nəyi proqnozlaşdırmaq olmur. Şəxsən mən gözləmirəm. Bəli, ola bilər, növbəti əfv sərəncamı, ya amnistiya ilə mənim buraxılmağım reallaşsın. Bu hakimiyyəti proqnozlaşdırmaq olmur. Heç kim gözləmədiyi halda prezident seçkiləri elan olundu…

Şərhlər

XƏBƏR LENTİ