Qurban Qurbanov: "Son vaxtlar bu qədər məyus olmamışdım"
“Futbolçulara bəzi tapşırıqlar vermək üçün onları yanıma çağırdım. Gördüm ki, hamısı şokdadır”
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi”ni qəbul edən Ağdam klubu 0:4 hesabı ilə uduzub.
Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov qeydə alınan nəticəni şərh edib: “90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq”.
- “Qarabağ”ın qapısına ilk penalti təyin olunanda futbolçuları yanınıza çağırdınız. O anda nə baş vermişdi?
- Futbolçulara bəzi tapşırıqlar vermək üçün onları yanıma çağırdım. Gördüm ki, hamısı şokdadır. Birdən-birə hamısının ruhdan düşdüyünü hiss etdim. Çağırıb, motivasiya vermək istədim. Çünki o halda oynasaydılar, daha böyük hesab qeydə alına bilərdi.
- Penalti epizodları və qırmızı vərəqə haqda hansı fikirdəsiz? UEFA-ya məktub göndərməyi düşünürsüzmü?
- Elə bir fikrimiz yoxdur. Penalti epizodları haqda bir söz deyə bilmərəm. Amma onsuz da, qapımıza penalti təyin etmişdi. O anda qırmızı vərəqə həddindən artıq ağır qərar idi. Son vaxtlar bu məsələyə çox önəm verilir. Qırmızı vərəqəyə görə narazılığım var. Lakin biz hakimlərin qərarını heç vaxt dəyişə bilmərik. Sadəcə, mənə təsir edən odur ki, bizə, Azərbaycan futboluna, komandamıza, həqiqətən də, kiçik baxırlar? Ancaq “Çelsi”nin belə şeyə ehtiyacı yox idi. Onsuz da, onların gücü hər kəsə bəllidir.
- Hakim qərarları referilərin böyük klublara simpatiyasını göstərir, ya başqa məqamlar var?
- Gəlin, bu haqda çox danışmayaq. Biz ölkə olaraq, həmişə hər kəsə nümunə olmağa çalışmışıq. Öz davranışımız, əxlaqımızla hər kəsə göstərməliyik ki, idman prinsipləri belədir. Belə fikirlər söyləməsək, daha yaxşı olar. Bəlkə də, kiçik nüanslar var ki, biz onları görmürük. Oyunun epizodlarına baxdıqdan sonra daha dəqiq danışmaq olar. Özümüzü elə aparaq ki, bizə həmişə hörmətlə yanaşsınlar.
- Bu mövsüm son 11 oyunda futbolçularınız 6 qırmızı vərəqə alıblar. Bu haqda nə deyə bilərsiz?
- Bayaq da öz fikrimi bildirdim. Hər dəfə qırmızı vərəqə alanda öz fikirlərimi deyirəm. Komandamın yenə intizamlı olmasına çalışıram. Amma hamımız bilirik ki, futbol mübarizə oyunudur. Bu cür səviyyəli rəqiblərə ani məqamda uduzanda da sonu vərəqəyə gedib çıxır. Bu vərəqələrdən bəziləri şübhəli olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır