XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » “İNDİKİ MƏQAMDA RUSİYA İLƏ KONFLİKTƏ GİRMƏYƏ LÜZUM YOXDUR”

“İNDİKİ MƏQAMDA RUSİYA İLƏ KONFLİKTƏ GİRMƏYƏ LÜZUM YOXDUR”

“İNDİKİ MƏQAMDA RUSİYA İLƏ KONFLİKTƏ GİRMƏYƏ LÜZUM YOXDUR”
19-09-2017, 16:44

Pənah Hüseyn: “Amma Azərbaycanın müstəqilliyi, suverenliyi ilə bağlı qırmızı xətlərimiz var”
“Qərbin Azərbaycanın yanında olduğunu iddia etmək sadəlövhlükdür. Qərb dövlətlərinin öz maraqları var. Qarabağ məsələsində Qərb Rusiyadan fərqli mövqe tutmur”

Moskvada keçirilən Azərbaycan-Rusiya münasibətlərinə dair beynəlxalq konfransda çıxış edən rusiyalı deputatlar, siyasi ekspertlər və ictimai xadimlər Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayırıblar. Tədbirdə həmçinin, iki ölkə arasındakı əməkdaşlıq, Moskva-Bakı əlaqələri, diasporanın fəaliyyəti və s. məsələlərə toxunulub.

Rusiyalı ekspertlər Moskvanın "vəkil və ya prokuror” olmadığını, tərəflərin özlərinin güzəştli həll yolu tapmasını məsləhət görüblər. Konfransda deyilənlər və Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən digər proseslərlə bağlı "Şərq”ə müsahibə verən sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn maraqlı məqamlara toxunub.


Partiya sədri bildirib ki, xarici siyasətdə balansı qoruyub saxlamaq zəruri amildir...

- Moskva konfransında münaqişə ilə bağlı səsləndirilən fikirlərə münasibətiniz necədir?

- Konfransda ekspertlər tərəfindən səslənən fikirlər Rusiyanın rəsmi mövqeyini ifadə etməyən fikirlərdir. Buna baxmayaraq, belə söz-söhbət ictimai rəyə müəyyən dərəcədə təsir göstərir. Nəzərə almaq lazımdır ki, müxtəlif rus ekspertlər düşüncələrindən irəli gələn fikirləri sərbəst səsləndirə bilərlər. Məncə, tədbirdə iştirak edən siyasilər Rusiyanın imperiya revanşının tərəfdarları və ideoloqlarıdır. Onlar üçün ilk növbədə Rusiya imperiyasının maraq və mənafeləri ön plandadır. Bu da təbiidir.

Belə iclasları şərh edərkən bir məqamı nəzərə almalıyıq. Hazırkı situasiya SSRİ-nin süqutu və Dağlıq Qarabağ məsələsinin yenicə ortaya çıxdığı həmin dövrdə də müşahidə olunurdu. Təcrübə göstərir ki, sadəcə bu cür fikirlərə aludə olmaq Azərbaycan cəmiyyətinin ictimai şüurunda milli hədəflərin, o cümlədən "Qarabağ məsələsinin həlli Azərbaycanın öz potensialından asılıdır” düşüncəsinin üstündən xətt çəkir. Bundan istifadə edən bəzi dairələr Rusiya imperiyasının bərpasının labüdlüyünü yenidən gündəmə gətirməyə çalışırlar. Bu da nəticə etibarı ilə dövlətimizin mövcudluğu və müstəqilliyi üçün təhlükəli fəsadlara gətirib çıxarır.

- Bu cür tədbirləri təhlükəli hesab edirsiz?

- Birbaşa belə konfransların əleyhinə çıxış etmək də doğru deyil. Çünki hər istənilən tədbirdə Qarabağın gündəmə gəlməsi mühüm məsələdir. Bu münaqişə dünyada mövcud olan ciddi geosiyasi toqquşmalardan biridir. Amma sözün açığı, mən belə tədbirlərdə Rusiyanın daha çox uduş əldə etdiyini düşünürəm. Ona görə də bu cür toplantılara ehtiyatla yanaşmağın tərəfdarıyam. Cəmiyyətdə yenidən Rusiyapərəst meyillərin üzə çıxması faktiki olaraq Azərbaycanın müstəqilliyinin dönməz olmasını və Rusiyanın regiondan birdəfəlik çəkilməsini şübhə altına almaq məqsədi daşıyır. Bu cür təbliğatın ictimaiyyətimizə strateji olaraq daha çox zərbə vuracağı qənaətindəyəm.

- "Azərbaycan Avrasiya Birliyinə və ya Gömrük İttifaqına girərsə, Rusiya münaqişəni rəsmi Bakının xeyrinə həll edər” kimi iddiaları necə dəyərləndirirsiniz?

- Bu iddialar uşaq nağılıdır. Kimsə bilərəkdən belə nağılları Azərbaycan cəmiyyətində təbliğ edirsə, niyyətlərindən asılı olmayaraq, ölkənin milli maraqlarına zərbə vururlar. Regionda, o cümlədən Azərbaycanda mövcud olan erməni məsələsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi birbaşa Rusiya tərəfindən yaradılıb. Hazırda da Qarabağ konflikti Rusiyanın Cənubi Qafqazda öz maraqlarını qoruyub saxlamaq üçün istifadə etdiyi əsas vasitədir. Çətin ki, Rusiya öz təsirini həm Azərbaycanda, həm də Ermənistanda saxlamağa imkan verən münaqişənin həllində maraqlı olsun. Digər tərəfdən ortada Rusiyanın rəsmi mövqeyi var. Moskva İrəvanın hərbi-strateji müttəfiqidir. Kreml Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək hüququnu tanımayan bir mövqe sərgiləyir. Əgər Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlarımızı işğal altında saxlaya bilirsə, bunu məhz Rusiyanın sayəsində edir. Bir daha təkrar edirəm, Azərbaycanın Avrasiya və ya Gömrük ittifaqlarına girməsi ilə Qarabağ münaqişəsinin həllinə nail olmaq qeyri-mümkündür. Bu, bizə əlavə problemlər yaratmaqdan başqa bir şey verməyəcək.

- Rusiya ilə açıq düşmənçilik bizə zərər verməzmi?

- Söhbət Rusiya ilə düşmənçilik siyasəti yürütməkdən getmir. Rusiya nəhəng dövlətdir və çox təhlükəli gücə malikdir. Əlbəttə, Azərbaycanın milli maraqları tələb edir ki, Rusiya kimi bir gücün dövlətimizə vura biləcəyi zərər maksimum dərəcədə zərərsizləşdirilsin. İndiki məqamda Rusiya ilə konfliktə girməyə lüzum yoxdur. Amma Azərbaycanın müstəqilliyi, suverenliyi ilə bağlı qırmızı xətlərimiz var. Bu məsələlərdə hansısa güzəştə getmək imkanımız yoxdur.

- Rusiyanın mövqeyinə rəğmən, Qərbi prosesə cəlb etməklə Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq mümkündürmü?

- Qarabağ münaqişəsini yalnız Azərbaycan cəmiyyətinin müqavimət gücü həll edə bilər. Bu da Azərbaycan dövlətinin istər iqtisadi-siyasi, istərsə də hərbi gücünü artırması və geopolitik baxımdan təhdidləri aradan qaldırması ilə mümkündür. Fikrimcə, Qərbin Azərbaycanın yanında olduğunu iddia etmək sadəlövhlükdür. Qərb dövlətlərinin öz maraqları var. Qarabağ məsələsində Qərb Rusiyadan fərqli mövqe tutmur. Lakin ABŞ və digər Avropa ölkələri işğalçı Ermənistanın hərbi müttəfiqi deyil. Ermənistanda bu ölkənin maraqlarını qoruyan qoşunlar yerləşdirməyiblər. Həm də coğrafi baxımdan Qərb dünyası bizə uzaqdır. O baxımdan ancaq özümüzə istinad edərək, beynəlxalq siyasətdə doğru istiqamət götürərək və dəyişən şərtlərə uyğun davranaraq vəziyyətdən çıxmaq, torpaqlarımızı azad etmək mümkündür. Rusiya ilə Azərbaycanın təminatsız yaxınlaşması Qarabağ məsələsi ətrafında diplomatik mövqelərimizi zəiflədə bilər. Bunu nəzərdən qaçırmaq olmaz. Hər halda Rusiya ilə Qərb arasında gedən geopolitik savaşın verdiyi müəyyən imkanlar var və onları itirmək olmaz.

- Moskvada Azərbaycan, Ermənistan və Rusiya dini liderləri arasında görüş keçirildi. Sizcə, bu cür təmasların prosesə müsbət təsiri varmı?

- Mütəmadi olaraq dini liderlər səviyyəsində görüşlər keçirilir. Dünyamız elədir ki, coğrafi olaraq bir-birimizə yaxınıq, iç-içə yaşayırıq. Mən belə görüşlərin əleyhinə deyiləm və bu cür təmasların təhlükəli olacağını düşünmürəm. Hətta hesab edirəm ki, bu səpkili görüşlər davam etdirilməlidir. Lakin unutmayaq ki, dini liderlərin görüşü həlledici olmayacaq.

- Sentyabr ayının 20-də Ümumrusiya Azərbaycan Konqresinin taleyi ilə bağlı yekun qərar veriləcək. Uzun zamandır müzakirəsi gedən qurumla bağlı düşüncələriniz nədir?

- Sözün açığı, mən ÜAK ətrafında gedən söz-söhbətin məzmununu başa düşmürəm. Daha doğrusu, bu barədə ətraflı məlumatım azdır. Qurumun ləğv edilməsinin Azərbaycanın milli maraqlarına uyğun olub-olmadığını da bilmirəm. Hər halda rəsmi və qeyri-rəsmi dairələr çalışırlar ki, ÜAK-ın ləğvinin qarşısını alsınlar. Deməli, burada başqa məsələlər var. Ancaq qapadılan istənilən təşkilatın yerinə yenisi açıla bilər. Etiraf etmək lazımdır ki, diaspora fəaliyyətimiz obyektiv və subyektiv səbəblərdən arzuolunan səviyyədə deyil. Təəssüflər olsun ki, tarixən düşmən lobbisi daha aktiv və təsirli fəaliyyət göstərməyə nail olub. Çalışmalıyıq ki, ermənilərin diaspora fəaliyyətini neytrallaşdıraq və işimizi gücləndirək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.