SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » LGBT hüquq müdafiəçisi: Seksual azlıq kimi yaşamaq çox çətindir

LGBT hüquq müdafiəçisi: Seksual azlıq kimi yaşamaq çox çətindir

Tarix:

14-09-2017, 14:40

/ 91 301 dəfə oxundu.
LGBT hüquq müdafiəçisi: Seksual azlıq kimi yaşamaq çox çətindir

Homofobix və seksist insanların ən çox müdafiə etdiyi fikirlərdən bəziləri budur ki, ictimai yerlərdə homoseksual cütlüklər əl-ələ tutmamalıdırlar, təhsil, tərbiyə müəssissələrində işləməməlidirlər, yaxud da “bu tip” insanlar TV məkanlarına buraxılmamalıdır. Çünki bunların hamısı “təbliğatdır” və homoseksualların sayını artırır. Bu düşüncə, əslində, insanların mövzu haqqında savadsız olmalarının göstəricisidir. Əgər seksuallıq bu faktorlardan asılı olsaydı, Azərbaycan kimi bir ölkədə doğulduğumuz andan heteroseksual münasibətlərin addımbaşı təbliğ olunduğu “sosial – milli dəyərlər” portreti ilə böyüyərdim.

Bunu Nəfəs LGBT – (Lezbiyan, Gey, Biseksual və Transseksual) Alyansının prezidenti, LGBT hüquq müdafiəçisi Atilla Cavid (Cavid Nəbiyev ) Modern.az-a deyib.

Onun sözlərinə görə, bəzi insanlar çoxluq tərəfindən yaradılmış portretə sığmaq istəmir, alınmır: "Nədənsə dolğun, əsaslı cavab tapmaq əvəzinə, kütlə bu cavabı kişi dominantlığı ilə yazılmış dində, eynilə kişi dominantlığı ilə müəyyənləşdirilmiş sosial münasibətlər şkalasında axtarır. Təbii ki, nəticədə təcridedilmə, sosial-hüquqi ədalətsizlik yaranır. Bu ədalətsizlikdən də əzilən qrupun öz hüquqları uğrunda mübarizə aparmaq zərurəti yaranır. Günümüz artıq sekulyar, hər bir üzvünün bərabər hüquqla təmin olunduğu bir cəmiyyət tələb edir. Bundan başqa yol yoxdur. Amma bu mübarizə zərurəti patriarxal dominantlığın dağılmasına təhlükə yaradırsa, o zaman, təbii ki, deyəcəklər, “LGBT-lərin, feministlərin sayı günü-gündən artır və onların hamısı bizim dini, milli, ailə dəyərlərimizə ziddir”. Nə indiyə qədər hansısa heteroseksual dostumla qucaqlaşıb-salamlaşdıqdan, bir yerdə vaxt keçirdikdən, eyni qabdan yemək yedikdən sonra onun homoseksuala çevrilməsinin şahidi olmuşam, nə də mən heteroseksual olmuşam.

Nəinki Azərbaycanda, ümumilikdə LGBT fərdlərinin sayını müəyyənləşdirmək çətin olar. Çünki çoxlu sayda insan anonim sorğularda belə seksual orientasiyasını, gender kimliyini müxtəlif səbəblərdən gizlədir. 5 il öncə kimsə soruşsaydı, təbii ki, mən də gizlədərdim. Amma hesablamalara görə, kişilərin 1-2%-dən 5-6%-ə qədəri (ortalama 4%-i), qadınların isə 1%-dən 3-4%-ə qədəri homoseksual oriyentasiyaya malikdir. Kişi əhalisinin ən azı üçdə biri isə öz həyatında epizodik və ya müvəqqəti eynicinsli əlaqə yaşamışdır.

Qısaca olaraq onu deyə bilərəm ki, insanlar, sadəcə, məlumatsızdır. Amma nədənsə kimsə nifrət etdiyi, “xəstəlik” adlandırdığı bir obyekt haqqında məlumat əldə etməyə çalışmır. Öncəki sualda da qeyd etmişdim ki, kütlə öz konfort dairəsinə, patriarxal və heteronormativ dəyərlərinə, formalaşmış tabularına qarşı olan hər bir obyektə təhlükə kimi yanaşır. Bizi pedofil, seks işçisi, qadın kimi olmaqla da “təhqir” edirlər. Sonuncu ifadə, həqiqətən, qəribədir. Sanki qadın olmaq təhqiramiz bir şeydir. Azərbaycanda homoseksual olmaq valideyinlərin tərəfindən evdən atılmaq, övladlıqdan silinmək ya da öldürülmək təhlükəsi, iş tapa bilməmək, səhiyyə, təhsil xidmətindən istifadə edə bilməmək, fiziki, seksual, psixoloji zorakılığa məruz qalmaq, sevdiyin insanla, hisslərinlə xoşbəxt ola bilməmək və s.-dir. Əgər bu seçim olsa idi, kim bilərəkdən bunları seçmək istəyər?!

Azərbaycanda seksual azlıq kimi yaşamağın necə hiss olduğunu sözlə ifadə etmək çox çətin olar. Digər tərəfdən də, LGBT fərdləri arasında buna baxış müxtəlifdir. Kimisi düşünür ki, seksual kimliyi aşkar etmək lazımsız hərəkətdir. Bunu gizləyərək də Azərbaycanda yaşamaq mümkündür. Açıq yaşamaq isə çox çətindir. Sosial tabular buna imkan vermir. Özünü sığortalamaq üçün istəyərəkdən, yaxud da məcburi şəkildə çoxlu sayda lezbiyan, gey fərdlər meyli olmadığı cinslə evlənir. Valideyinlərdən asılı olmaq, onların xəbər tutması, evdən atılmaq qorxusu intihar kimi bir şeydir. Buna görə də bəzən düşdüyü mühitdə özü homoseksual olduğu halda, homoseksuallara qarşı nifrət püskürənlər də var aramızda. Homoseksual olduğu bilindikdən sonra ailəsi tərəfində çoxlu fiziki, psixoloji, iqtisadi zorakılığa məruz qalan, "sağaltmaq" adı altında həkimlərə, psixoloqlara aparılanlar da çoxdur. Evdən atılan və öz həyatını, gündəlik ehtiyaclarını ödəmək üçün seks işçisi olan da, dözməyib intihar edən də var. Gizlilik problemin müvəqqəti həll yoludur. Hər kəs anlamalıdır ki, azadlıq, hüquqlar bizə qırmızı təpsidə təqdim edilməyəcək. İkili həyata dur deyib, özünü olduğu kimi qəbul edən, bu addımı atmaqdan ötrü özündə o gücü tapdığı üçün şəxsiyyəti ilə fəxr edən, mübarizə aparmaq qərarına gələn insanlar da var. Amma onların sayı azdır və təəssüf ki, onlar da acımasız dəyərlər üzərində qurulmuş cəmiyyətin basqısına tab gətirməkdə çətinlik çəkirlər. Kimisi çıxış yolunu ikili həyatda, kimisi intiharda, kimisi də ölkəni tərk etməkdə görür.

Dünyanın hər bir nöqtəsində homofobiya mövcuddur. Çünki ortada insan amili var. Lakin fərq bundan ibarətdir ki, burda dövlət, sistem, hüquq-mühafizə orqanları, qanun, vətəndaşın cinsi, gender kimliyinə görə ayrı-seçkiliyə məruz qalmasına, təhqir edilməsinə qarşıdır, həm qanunla, həm əməldə. Qanun deyir ki, LGBT hüquqları deyirsən? Ya da digər fərdə, sən klassik ailə dəyərləri deyirsən? Hər ikiniz öz həyatınızda, düşüncənizdə, etriaz etməyinizdə, ifadə azadlığınızda azadsınız. Sadəcə bir-birinizin şərəf ləyaqətinə toxunmamaq, digərinin toxunulmazlıq hüququnu, özünü ifadə etmək hüququnu əlindən ala bilməzsiniz. Azərbaycanda isə bu belə deyil. Hamı sevir digər insan həyatına müdaxilə etməyə, təhqir etməyə və s. Kimsə düşünmür ki, sizin kimi mənim də özümü sərbəst ifadə etmək, hərəkət etmək, geyinmək, davranmaq, istədiyim insanla yaşamaq hüququm var.

Ata və ya ana olmaq üçün cinsi əlaqə mütləq deyil. Hazırda LG (lezbiyan və gey) fərdlər üçün klassik formadan savayı, digər mümkün üsullar da var ki, valideyn olmağı mümkün edir. Çoxlu sayda gey və lezbiyan cütlüklər qərarlaşıb sperm donorluqla ortaq övlad dünyaya gətirirlər. Yaxud da övladlığa götürürlər. Mən və gələcək həyat yoldaşım da övlad sahibi olmağı düşünürük. Bunun üçün isə həmin uşağın bizim öz genimizdən gəlməsi önəmli deyil. Övladlığa götürüb, həmin uşağın öz bioloji valideyinlərindən görə bilmədiyi sevgi, sosial-iqtisadi imkanlar və gələcəyini təmin etmək üçün ona hər bir şərait yaratmaq istəyirik. LGBT ailələrində böyüyən uşaqlarla bağlı istifadə olunan "mənfi təsir" ifadəsi isə artıq öz gücünü itirib. O fikirdə olanlar, sadəcə, araşdırma aparıb, internet üzərindən çoxlu sayda məlumat əldə edə bilərlər. Yəni heteroseksual valideyinlərin dünyaya gətirdiyi, böyütdüyü övlad gey, lezbiyan olursa, yaxud özləri kimi heteroseksual olmaya da bilirsə, o zaman həmin şərh LGBT ailələrə də aiddir".

Şərhlər

XƏBƏR LENTİ