Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO
Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər-Laçın tunelində törədilən qətliamdan 33 il ötür.
1993-cü il martın 31-də Kəlbəcər-Laçın tunelində qırğın Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolunu ələ keçirmək, Kəlbəcəri mühasirədə saxlamaq məqsədilə törədilib. Qadınlar, yaşlılar, uşaqlar da daxil olmaqla, ümumilikdə 52 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.
Kəlbəcər rayonunun işğalı zamanı dinc sakinlər yeganə çıxış yolu olan tunel istiqamətində hərəkət ediblər. Lakin erməni hərbçiləri tunelin hər iki tərəfini nəzarətə götürərək, silahsız insanları pusquya salıblar.
Hadisənin canlı şahidi, Kəlbəcər rayonunun Günəşli kənd sakini Qoşqar Quluyev deyib ki, martın 31-də kəndlərini məcburən tərk ediblər: "Tuneli keçdikdən sonra dağın döşündən bizi atəşə tutmağa başladılar. Qadınların, uşaqların qışqırtısından qulaq tutulurdu. Bizim olduğumuz maşında 5 nəfər yerindəcə öldü. Qarşıda gedən "Kamaz"ı qumbaraatanla vurdular, orada 20-dən çox adam həlak oldu”.
Şahidlərin bildirdiyinə görə, 12 yaşlı Ramin Hüseynov atəş altından qaçaraq özünü çaya atıb və çayboyu geri qayıdaraq digər maşınların pusquya düşməsinin qarşısını alıb.
Digər şahid Bəxtiyar Quluyev isə ailəlikcə yaşadıqları faciə, itkin bacısı barədə danışıb: “Bizim ailəmizin 8 üzvünün hamısı yaralanmışdıq. Qardaşım İslam aldığı yaradan dünyasını dəyişdi. Ermənilər onu Heyvalıda basdırdı. Yeri naməlumdur. 11 yaşlı bacım Şahnaz isə gülləbaran edilən maşında qalmışdı. Ondan indiyə qədər heç bir xəbər yoxdur.”
Tunel yaxınlığında sağ qalanlar və yaralılar erməni hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə, oradan isə Şuşa həbsxanasına aparılıblar. Şahidlər bildiriblər ki, yaraları sağalmamış hər gün ağır işgəncələrə və təhqirlərə məruz qalıblar. Qoşqar Quluyev 6 ay, Bəxtiyar Quluyev isə 7 ay davam edən əsirlikdən sonra azad ediliblər.
44 günlük Vətən müharibəsi, Kəlbəcərin işğaldan azad edilməsi ilə faciə qurbanlarının qisası alınıb. Bu gün Azərbaycan dövləti Kəlbəcərdə sürətli bərpa işləri apararaq dinc sakinlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin edir. Lakin 31 mart "tunel faciəsi" və itkin düşən Şahnaz kimi yüzlərlə insanın taleyi yaddaşlarda silinməz yara kimi qalacaq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub