XalqXəbər.Az

Əbülfəz Elçibəysiz 19 il - ANIM

yüklənir...
Əbülfəz Elçibəysiz 19 il - ANIM
22-08-2019, 11:15
yüklənir...

Bu gün Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin vəfatından 19 il ötür.

24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olan Əbülfəz Elçibəy 8 iyun 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti seçilib. 1993-cü il 4 iyun qiyamı ilə hakimiyyətdən uzaqlaşdıqdan sonra doğma Kələki kəndinə yollanıb və burada 4 il 4 ay yaşayıb.

1997-ci ilin 30 oktyabrında Bakıya dönən Elçibəy yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib. 1997-ci ildə Demokratik Konqresə sədr seçilən AXCP sədri həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini də yaradıb və ona başçılığı öz üzərinə götürüb. Elçibəy 22 avqust 2000-ci ildə 62 yaşında Ankarada xərçəng xəstəliyindən vəfat edib. Mərhum prezident I Fəxri Xiyabanda dəfn edilib.

Hər il olduğu kimi, siyasi partiyalar, Elçibəyin davamçıları gün ərzində müxtəlif saatlarda onun məzarını ziyarət edəcəklər.

AĞ Partiya başqanı Tural Abbaslı Fəxri Xiyabanda Ə.Elçibəyin məzarını ziyarət edəcəklərini, ruhuna dualar oxuyacaqlarını bildirdi.

Müsavat Partiyası saat 12:00-da ziyarət təşkil edəcək.

Klassik Xalq Cəbhəsi Partiyası saat 11-də Fəxri Xiyabanda olacaq. Bu barədə “Yeni Müsavat”a qurumun idarə heyətinin üzvü Xəzər Teyyublu məlumat verdi: “Elçibəyin vəfat günü Savalanı ziyarət günü kimi qeyd edilir. Bu günlə bağlı partiyamız saat 11:00-da Fəxri Xiyabanda anım tədbiri keçirəcək. Daha sonra fəallar partiya ofisində tədbirin davamı olaraq toplanacaqlar”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da edəcəkləri ziyarətdən danışdı: “Saat 10:00-da partiyamızın lideri Qüdrət Həsənquliyev və partiya rəhbərliyə daxil olunan şəxslər, İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri və Ali Məclis üzvləri Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü münasibəti ilə onun məzarını ziyarət edəcək. Əbülfəz Elçibəy dünyasını dəyişəndən bu günə qədər hər il Fəxri Xiyabanda onun vəfatının ildönümü BAXCP rəhbərliyi tərəfindən qeyd olunur. Yenə də Qüdrət bəyin rəhbərliyi ilə Əbülfəz bəyin qəbrini ziyarət edəcəyik və öz ehtiramımızı bildirəcəyik. Əbülfəz Elçibəy xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən türk kişisi idi. Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Bunu biz bir mənəvi borc sayırıq. Allah Azərbaycanın müstəqilliyi uğrunda çalışmış və dünyasını dəyişmiş hər kəsə rəhmət eləsin”.
“Yeni Müsavat”

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.