SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bank sektorunda QAYÇILAMA ƏMƏLİYYATI... - NƏ BAŞ VERİR?

Bank sektorunda QAYÇILAMA ƏMƏLİYYATI... - NƏ BAŞ VERİR?

Tarix:

7-04-2023, 12:57

/ 1 167 dəfə oxundu.
Bank sektorunda QAYÇILAMA ƏMƏLİYYATI... - NƏ BAŞ VERİR?

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi azalıb. Mərkəzi Bankın məlumatına görə, martın 1-də əhalinin banklardakı əmanəti 11 milyard 901 milyon manata düşüb. Fevralın 1-də bu rəqəm 11 milyard 928 milyon manat təşkil edib.

Xalqxeber.az xəbər verir ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə "Azadlıq Radiosu"na bildirib ki, əhalinin banklardakı əmanətlərində 27 milyon azalma var və bu, o qədər də böyük rəqəm deyil: "Amma hər bir halda əmanətlərin azalması gözləniləndir, çünki qiymətlərin artımı insanlara pul yığmağa imkan vermir, insanların xərcləri artır. Kimlərinsə banklarda əmanəti varsa, onlar bir hissəsini də olsa, çıxarırlar".

Ekspert də deyib ki, fevralın 1-dən əmanətlər üzrə faizlərdən vergi tutulur: "Hətta verginin tətbiq olunması belə prinsip etibarilə əmanətlərin kütləvi azalmasına gətirmədi. Əmanətlərin azalması da verginin tətbiq olunmasına görə deyil".

Onun fikrincə, əmanətlərin azalması tendensiyası davam edərsə, kiçik və orta banklarda problemlər yaranacaq: "Böyük inhisarçı bankların, - hansılar ki, bir əldən idarə olunur, - pulları çoxdur. Yəni, onların öz səhmdarlarının banka qoyduqları pulları çoxdur, həm də ucuz kreditləşmə mənbəyinə çıxışları var. Onlar Mərkəzi Bankdan və digər dövlət mənbələrindən asanlıqla ucuz kredit götürə bilirlər. Bunun hesabına da onlar kredit verə bilir. Buna görə də böyük banklar əmanətlərdən o qədər də asılı deyillər".

Hüquqşünas bildirib ki, böyük banklardan fərqli olaraq kiçik və orta banklar əmanətə çox bağlıdır: "Çünki onlar üçün Mərkəzi Bankdan, dövlət fondlardan kreditləri almaq çətindir, onlarda iri biznesmen gedib pulunu saxlamır. Ona görə də onlar gözünü dikiblər əhalinin əmanətlərinə. İndiki vəziyyət də kiçik və orta banklar üçün təhlükədir".

Həsənovun sözlərinə görə, maliyyə siyasəti hazırda bankların sayının azalmasına yönəlib: "Bankların sayını azaltmaq istəyirlər (hazırda Azərbaycanda 25 bank var). İnhisarçı banklar çalışır ki, orta və kiçik banklar ya bağlansın, ya da onlara birləşsin. Hazırkı vəziyyət də onlara sərf edir".



Şərhlər

XƏBƏR LENTİ