SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Banklar faizlərlə əhalini soyur... - Parlamentin qəbul edəcəyi qanun isə birmənalı qarşılanmır

Banklar faizlərlə əhalini soyur... - Parlamentin qəbul edəcəyi qanun isə birmənalı qarşılanmır

Tarix:

29-05-2021, 22:59

/ 1 031 dəfə oxundu.
Banklar faizlərlə əhalini soyur... - Parlamentin qəbul edəcəyi qanun isə birmənalı qarşılanmır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycanda krediti 3 mənbədən almaq mümkündür, digər mənbələrdən alınan kreditlərin heç bir qanuni əsası yoxdur: “Milli Məclisdə “Lombardlar haqqında” Qanunu 2-ci oxunuşdan keçirmişik.

3-cü oxunuş üçün layihə razılaşdırılma mərhələsindədir. Bu qanun komitənin iş planına da daxil edilib. Sənəddə sələmçiliklə bağlı məsələlər də öz həllini tapacaq.

Banklarla bağlı böyük qanun layihəsi paketi hazırlanıb. Bununla bağlı hökumət və Mərkəzi Bank arasında müzakirələr aparılır. Biz də komitə olaraq müzakirələrin yekunlaşmasını gözləyirik. Qanunlara edilən dəyişikliklərin əsas məqsədi son nəticədə faizlərin aşağı salınmasına nail olmaqdır”.

Ölkəmizdə kreditlərin faiz dərəcələrinin yüksək olması hər zaman müzakirə mövzusu olsa da, ötən müddət ərazində azalmada ciddi irəliləyişə nail olunmayıb. Bu da bir faktdır ki, Azərbaycanda kreditlər dünyanın əksər ölkələrindən dəfələrlə bahadir.

Bəs qanunlara edilən dəyişiklik faizlərin aşağı salınmasına imkan verəcəkmi?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirdi ki, ümumiyyətlə, bank haqqında kifayət qədər qanunlar var:

"Ancaq faiz dərəcələrinin aşağı salınması ilə bağlı qanun hazırlanırsa, bu, heç bir normativlərə, standartalara cavab vermir. Bunun tənzimlənmə qaydaları ondan ibarətdir ki, Mərkəzi Bank əgər uçot dərəcələrini azaldırsa, banklar da ona reaksiya verib, müəyyən qədər özlərinə gəlir dəhlizi saxlamaqla faizləri aşağı salmalıdır. Ancaq çox təəssüf ki, Azərbaycanda bu yoxdur. Baxmayaraq ki, ardıcıl devalvasiyadan sonra pandemiya dövrünü əhatə edən zamanlarda Mərkəzi Bank kifayət qədər uçot dərəcələrini aşağı salır, ancaq banklar yenə də kredit dərəcələrini aşağı salmır. Düzdür, bəzi banklar var ki, hər hansısa layihə ilə bağlı kredit faizlərini nisəbətən az verir, xüsusi maliyyə fondlarının təşəbbüsü ilə ayrılmış vəsaitlər əlverişli faizlərlə verilir, ancaq ümumi biznes, istehlak kreditlərinin faizi ölkədə çox yüksəkdir. Mərkəzi Bankın siyasəti ilə bugünkü bankların apardığı iş, fəaliyyətlə uyğunlaşmır. Bu nöqteyi-nəzərdən uyğunsuzluq var. Ancaq bunun üçün qanun qəbul edilməsinə heç ehtiyac da yoxdur. Əslində bazar münasibətlərinə, bank siyasətinə heç cavab da vermir ki, bu, qanunla tənzimlənməlidir. Ancaq sahədə liberallaşma, sağlam rəqabət olmalı, bank sektorunun özündə şəffalıq yaranmalı. Görünür ki, bankların əksəriyyətinin tarixçəsi müəyyən yerlərlə bağlıdır ki, uçot dərəcələrində azalma baş verir, kredit faizlərində baş vermir. Bu da Mərkəzi Bankın özünün “siyasəti”nin günün tələblərinə cavab verməməsi ilə bağlıdır. Mərkəzi Bankın təşəbbüsü ilə valyuta satışının azalması, məhdudlaşması baş verir. Bu da qara bazarın formalaşmasına şərait yaradır. Yəni Mərkəzi Bankın fəaliyyəti hərtərəfli qənaətbəxş deyil".

Ekspert onu da vurğulayıb ki, bu gün Azərbaycan investisiya cazibədarlığı nöqteyi-nəzərdən çox yüksək reytinqə malikdir:

"Azərbaycanın istər maliyyə yatırımı, istər banklara kredit verilməsi istiqamətində həm dövlət, həm özəl sektorda kifayət qədər reytinqi var. Xarici banklardan istifadə etmək olar, ancaq buna ehtiyac da yoxdur, özünün kifayət qədər valyuta ehtiyatları, bu nöqteyi-nəzərdən də dayanıqlığı da var. Biz öz vəsaitlərimizi səməli şəkildə daxildə istifadə etsək, kifayətdir. Kənardan vəsait cəlb etməyə heç ehtiyac da yoxdur".

Şərhlər

XƏBƏR LENTİ