SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb - NƏ BAŞ VERİR?

Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb - NƏ BAŞ VERİR?

Tarix:

20-01-2021, 13:41

/ 889 dəfə oxundu.
Bakıda yumurta qiymətləri təkrar “ceyran belinə” qalxıb - NƏ BAŞ VERİR?

Bakıda pərakəndə şəbəkələrdə yumurta bahalaşdı. Əhalinin istehlak səbətinin əsas məhsulunda bahalaşma Yeni il tətilləri ərəfəsində başladı və yanvar ayının ortalarına qədər bir süfrə yumurtasının qiyməti 15 qəpikdən 20-25 qəpik aralığınadək qalxdı.

Bahalaşma ilə yanaşı, yumurta çatışmazlığı da var. “Kasıblar üçün” hesab edilən marketlər şəbəkələrində - “OBA” və “Al Market”də, yumurta paketinə görə qiymətlər 2 manat 30 qəpiyə (10 ədəd) yüksəldi. Bununla belə, oxşar qiymətlər digər pərakəndə satış şəbəkələrində də müşahidə edildi. Amma bir çox ərzaq mağazalarından yumurta yoxa çıxdı. Bazarlarda vəziyyət oxşardır - burada qiymətlər ağ yumurta üçün 17-18 qəpik, qəhvəyi (ya da qırmızı) yumurta üçün 19-20 qəpik arasında dəyişir. Broyler qiymətləri olduğu kimi qalır.

Yumurtanın əhalinin əsas qida məhsulları səbətində olmasına görə, gəlirlərin azalması və alıcılıq qabiliyyətinin aşağı düşməsi kontekstində qiymət artımı xüsusilə kəskin şəkildə qəbul edilir.

“İndi əvvəlki kimi yumurta ala bilmirəm. Axı, digər məhsullar da bahalaşdı. Pandemiya üzündən işimi itirdim. Pul kifayət etmir. Əvvəllər bir “kletka” yumurta alırdım, indi eyni qiymətə 15 ədədi götürürəm ki, digər qida məhsullarına pulum qalsın”, - deyə işsiz vətəndaş Elnur Hüseynov AYNA-ya gileylənir.

Onun dediyinə görə, əvvəllər ayaqqabı sexində işləyirmiş: “Amma əvvəl iri mağazalar bağlandı, onlardan sonra da kiçik sexlər. Əsas qida məhsulları üçün pul ancaq çatır.

Tək narazı vətəndaş Hüseynov deyil. Təqaüdçü Nataşa Dmitrova da eyni dərddədir: “Yayda nəvələrim üçün əldən, ədədi 20 qəpik olan ev istehsalı yumurta alırdım. Ancaq indi ədədi 30 qəpiyə qədər bahalaşdı. Eyni qiymətə broyler yumurtaları almaq məcburiyyətindəyik. Yumurta ailəmizin əsas qidasıdır. Onunla çox zaman hədsiz bahalaşmış əti əvəz etməyə çalışırıq”.

Dekabr ayında yumurta qiymətlərinin artması ənənəvi hal alsa da, heç kim pərakəndə satış şəbəkəsində qiymətlərin kəskin artımının səbəblərini izah edə bilmir. Quşçuluq komplekslərindən alınan məlumata görə, qiymətləri sabitdir.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun AYNA-ya dediyinə görə, qiymət artımının bazar və istehsal səbəbləri yoxdur: “Həm də gömrük rüsumları ilə əlaqəli deyil. Karantin səbəbindən yalnız təchizatçılar üçün logistik problemlərin olması mümkündür. Bu, defisitə səbəb ola bilər və inanıram ki, bir neçə gün ərzində hər şey qaydasına düşəcək. İstehsalçılar ilə danışmışam. Məhsullarının qiymətlərini qaldırmayıblar”.

Yumurta defisiti və bahalaşmasını AYNA-ya şərh edən “Azərbaycan Quşçuluq Cəmiyyəti”nin sədri Aydın Vəliyev quşçuluq təsərrüfatlarının qiymətləri qaldırmadığını deyir: “Satış qiymətlərimiz dəyişməyib. İstehsalçılar hələ qiymətləri qaldırmayıblar. Bazardakı qiymət öz qiymət siyasətini diktə edən pərakəndə şəbəkələrə görə yaranıb. Ancaq bu şəkildə davam edərsə, qiymətləri də qaldıracağıq. Çünki xaricdən, xüsusən də Rusiyadan, Ukraynadan və digər ölkələrdən idxal olunan yemin qiyməti xeyli bahalaşdı. Bunları quşçuluq təsərrüfatlarımız üçün bu qədər baha almaq sərfəli deyil. Qeyd etmək istərdim ki, bahalaşma avtomobil yanacağının bahalaşması ilə əlaqəli deyil, lakin son məhsulun qiyməti maya dəyərindəki yem və qatqı qiymətləri ilə formalaşır. Onların isə qiyməti dayanmadan artır”.

Cəmiyyət sədri yemin bahalaşmağa davam edəcəyini düşünür: “Rusiya rüsumları artırır və taxıl ixracatını azaldır. Beləliklə, 15 fevraldan buğda, çovdar, arpa və qarğıdalı ixracatı üçün 17,5 milyon tonluq kvota daxilində bir ton üçün 25 avro buğda vergisi qüvvəyə minəcək. Martın 1-dən bu rüsumun həcmi ton başına 50 avroya qaldırılacaq və 15 martdan etibarən qarğıdalı və arpa ixracatına görə rüsumlar müvafiq olaraq ton başına 25 və 10 avro səviyyəsində tətbiq ediləcək”.

“Gömrük rüsumunun tətbiqi baharda gözlənilsə də, indinin özündə də Rusiya taxılının ixracı daha bahalıdır. Qiymətlər müxtəlif yollarla artır - 25%, 30%, 50%. Yem və qatqılar Rusiyadan, Ukraynadan, Avropa ölkələrindən, Türkiyədən, Orta Asiyadan, Belarusdan idxal olunur. Ancaq istehsal dəyəri 70% yemdən asılı olduğundan, hər halda son məhsulun da qiymət dəyişikliyi başlayacaq”, - deyə bildirir Vəliyev.

Yerli istehsalın maya dəyərindəki artım, əsasən taxıl qiymətlərindəki artım tendensiyası ilə əlaqədardır. Həqiqətən, bir qayda olaraq, qarışıq yemlərin tərkibindəki bütün taxıl maddələri mübadilə əmtəələridir – birja məshullarıdır və qiymətləri bazar tendensiyalarına uyğun olaraq dəyişir. Neft fyuçersi müqavilələri yeni ən aşağı səviyyələrə düşərkən, dünya taxıl qiymətləri yüksəlməkdə davam edir.

Bu gün Azərbaycanda broyler ətinin istehsalı üçün böyük sənaye quşçuluq kompleksləri, istehsal strukturunun bir hissəsi olan öz yem zavodlarında broylerlər üçün yem istehsal edir. Qarışıq yem maddələri, adətən idxal olunur. Rusiya və Ukraynadan Azərbaycana buğda, qarğıdalı idxal olunur. Soya Braziliya və Ukraynadan çox miqdarda idxal olunur.

Yeri gəlmişkən, qarışıq yemin əsasını təşkil edən xaricdən gətirilən vitamin və mineral premikslər də bahalaşır. Quşların böyüməsi üçün demək olar ki, bütün baytarlıq dərmanları və peyvəndlər xaricdən gətirilir və mütəxəssislərin fikrincə, onların da qiymətləri artır.

Şərhlər

XƏBƏR LENTİ