SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezident İlham Əliyev: “Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək”

Prezident İlham Əliyev: “Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək”

Tarix:

1-05-2017, 14:29

/ 61 403 dəfə oxundu.
Prezident İlham Əliyev: “Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək”

“Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılması, təmizlənməsi bir daha onu göstərir ki, biz qara qızıl kapitalını insan kapitalına qoyuruq. Çünki siz gənclərin bəlkə də yadında deyil, on il bundan əvvəl Bakının havası tam fərqli idi. Bir tərəfdən bax bu ərazidə buxarlanan neft, digər tərəfdən isə indiki “Ağ şəhər” ərazisindəki neft tullantıları havanı çirkəndirirdi. Həmin ərazinin də neftlə çirklənmiş torpaqları təmizləndi. İndi “Ağ şəhər” müasir ekoloji layihəyə çevrilib”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında çıxışı zamanı deyib.
“Balaxanı zibilxanası da fəlakət zonası idi. Orada yandırılan zibil şəhərimizin səmasına zəhərli tüstü buraxırdı. Həmin ərazi də təmizləndi. Sonra Böyükşor gölü. Bu göldən İkinci Dünya müharibəsi zamanı açıq rezervuar kimi istifadə olunurdu, onun kənarında neft qoxusundan dayanmaq mümkün deyildi. İndi bu gölə quşlar qonur. Budur bugünkü Azərbaycan. Biz neftlə çirklənmiş bütün əraziləri təmizləyirik və təmizləyəcəyik. Bakı bu gün parklar, bağlar şəhəridir, təmiz hava şəhəridir. Eyni sözləri Sumqayıta da aid etmək olar.
Mən bu gün SOCAR-ın fəaliyyətini qeyd etmək istəyirəm. Həm ölkə daxilində xarici tərəfdaşlarla icra edilən layihələrdə, eyni zamanda, xaricdə böyük sərmayə qoyurlar. Türkiyədə təqribən 20 milyard dollara yaxın sərmayə qoyulur. Azərbaycanda polimer, azot gübrələri, neftayırma zavodları, özəlləşdirmə və digər layihələr artıq SOCAR-ı dünya miqyaslı enerji şirkətinə çeviribdir. Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək, qeyri-neft sektoru isə ölkə iqtisadiyyatını şaxələndirəcək. Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər. Beləliklə, Azərbaycan dövləti yaşayacaq, güclənəcək və xalqımız qürur hissi ilə bunu görərək daha da böyük həvəslə ümumi işimizə töhfə verəcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm və sizə uğurlar arzulayıram”, - dövlət başçısı əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ