SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanda fransız mallarının boykotu hansı iqtisadi nəticələr verə bilər? - TƏHLİL

Azərbaycanda fransız mallarının boykotu hansı iqtisadi nəticələr verə bilər? - TƏHLİL

Tarix:

27-11-2020, 10:10

/ 1 116 dəfə oxundu.
Azərbaycanda fransız mallarının boykotu hansı iqtisadi nəticələr verə bilər? - TƏHLİL

Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquq normalarını, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozan Fransaya qarşı ölkəmizdə etirazlar davam edir.

Həmçinin Milli Məclisin bu gün keçirilən iclasında bu məsələ müzakirəyə çıxarılıb və Fransanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən geri çağırılması üçün ATƏT rəhbərliyinə müraciət etmək məqsədilə Azərbaycan hökumətinə çağırış edilib.

Artıq sosial mediada da Fransa mallarına boykot çağırışları ilə bağlı kampaniyalar başladılıb.

Onu da qeyd edək ki, Azərbaycanın xarici ticarət dövriyyəsində Fransa ilk on beşlikdə yer alan ölkədir. Belə ki, bu ölkə ilə ticarət əməliyyatları ixracdan daha çox idxal üzərində qurulub. Cari ilin yanvar-oktyabr aylarında Fransadan idxal edilən məhsulların həcmi 344 milyon 618 min ABŞ dolları, Fransaya ixracın həcmi isə 83 mln. 351 min dollar olub. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin eyni dövründə Fransa ilə ticarət dövriyyəsi 1,75 dəfə azalaraq 427 mln. 968 min dollara düşüb. Ümumilikdə, isə Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi oktyabrın sonuna ümumi dövriyyədə 2,04% paya malikdir.

Azərbaycan və Fransa ticarət əlaqələri isə son 5 ildə belə dəyişib:

Qeyd edək ki, Azərbaycanda Fransaya məxsus “Danone”, “Lacoste”, “Givenchy”, “Pierre Cardin”, “ Louis Vuitton”, “L'Oreal”, “ Lancome”, “Christian Dior”, “Avon”, “Chanel”, “Tefal”, “Alcatel”, “Renault”, “Peugeot”, “Citroen” kimi brendlərinin məhsulları ticarət olunur.

Bəs Fransa ilə münasibətlərin yenidən gözdən keçirilməsi və bu ölkədən idxal olunan məhsulların boykot çağırışları Azərbaycan-Fransa iqtisadi əlaqələrinə, ümumilikdə ölkə iqtisadiyyatına hansı təsirləri ola bilər?

İqtisadçı ekspert Rəşad Həsənov "MediaPost"a açıqlamasında bildirib ki, Fransa Azərbaycanın əsas iqtisadi tərəfdaşları sırasında deyil. Fransadan Azərbaycana əsasən lüks kateqoriyalı məhsullar idxal olunur ki, bura əsasən ətriyyat, kosmetik və geyim məhsulları aiddir:

“Azərbaycandan Fransaya isə müəyyən qədər enerji məhsulları və bir sıra qida sənayesi məhsulları ixrac olunur. Ümumiyyətlə, bu da çox limitli miqdarda olduğu üçün Fransa və Azərbaycan arasında iqtisadi əlaqələrin pozulması nə Fransa, nə də Azərbaycan üçün çox ciddi problem yaratmır. Lakin ölkə ictimaiyyəti olaraq Fransanın Qarabağla bağlı həqiqətlərə reaksiyasına müəyyən qədər mövqenin ortaya qoyulmasına ehtiyac var və Fransa mənşəli məhsullara boykot çağırışları indiki halda başadüşüləndir. Düşünmürəm ki, uzunmüddətli dövrdə bu çağırışlar effekt verəcək. Lakin orta və qısamüddətli dövrdə müəyyən qədər fransız məhsullarının Azərbaycanda istehlakı azala bilər. O cümlədən, bu ölkə ilə əməkdaşlıq edən sahibkarlıq subyektləri prinsipial mövqe ortaya qoyarsa, Fransadan məhsulların idxalı müəyyən dövr üçün məhdudlaşa bilər. Dolayısı ilə bütün bu proseslərin sonunda qərar verən tərəf istehlakçı olacaq. Biznes əsasən istehlakı izləyir və vətəndaş olaraq mövqemizi daha adekvat ortaya qoyub həmin məhsulları istehlak etməsək, idxalçılar buna uyğun olaraq idxal bazarını dəyişə bilərlər”.

Ekspert əlavə edib ki, bu qərarın qəbul edilməsi, yaxın gələcəkdə müəyyən qədər Fransa hökumətinin əlini gücləndirən alətlərdən birinə çevriləcək: “Fransa hökuməti çalışacaq ki, Azərbaycanla danışıqlarda, müzakirələrdə və əməkdaşlıqda bu alətdən istifadə etsin, Azərbaycandan daha çox nə isə qoparmağa çalışsın. Guya çox ciddi səylər göstərərək bu təşəbbüslərin neytrallaşdırılmasına çalışır. Lakin Azərbaycan Fransa ilə orta və uzunmüddətli dövrdə ciddi iqtisadi əməkdaşlıqda maraqlı olmamalı, hökumət bu istiqamətdə hər hansı güzəştə getməməlidir”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə “MediaPost”a açıqlamasında bildirib ki, Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyələrinin müqayisəsi göstərir ki, Fransa şirkətləri Azərbaycanla ticarətdə maraqlıdır:

“Sərmayə qoyuluşlarında da Azərbaycan Fransa üçün regionda uzun müddət prioritet ölkə olub. Biz Fransanın ümumi ixracatı ilə Azərbaycana olan ixracatını müqayisə etsək, bəlkə də bu, ümumi ixracatın böyük hissəsini təşkil etmir. Məsələ burasındadır ki, ticari əlaqələrdə bu tip müqayisələr aparılmır. Çünki ticari əlaqələrdə hər bir yerli şirkətin ixrac imkanları və onun ixrac etdiyi ölkələr prioritetdir. Ona görə də, bu, Azərbaycanla ticarət dövriyyəsi olan fransız şirkətlərinə mənfi təsir göstərəcək. Çünki qısa zamanda bazarı dəyişmək şirkətlər üçün heç də asan deyil".

Millət vəkilinin sözlərinə görə, bu, Azərbaycanla işləyən fransız şirkətləri üçün heç də müsbət nəyisə vəd etmir: "Senatın bu qərəzli mövqeyindən itirən tərəf Azərbaycanla ticarət əlaqələri quran fransız şirkətləri olacaq. Fransa ilə iqtisadi əlaqələrin minimumlaşdırılması Azərbaycan iqtisadiyyatına təsir etməyəcək. Çünki biz Fransadan əsasən idxal edirik, idxal edən ölkənin alternativ seçim və bazar tapmaq imkanları olur. İnvestisiya qoyuluşlarında və xarici sərmayənin cəlb edilməsi baxmından elə Avropa Birliyi ölkələrində də alternativ çoxdur”.

Şərhlər

XƏBƏR LENTİ