XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Mənzil tikintisi bazarı çökür - bahalaşma gözlənilir

Mənzil tikintisi bazarı çökür - bahalaşma gözlənilir

Mənzil tikintisi bazarı çökür - bahalaşma gözlənilir
28-08-2020, 11:45

Pandemiyanın təsiri ilə Azərbaycanda bir çox sahədə olduğu kimi, mənzil tikintisi bazarı da faktiki olaraq çöküb. İlk 7 ayda azalmanın 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,8% olmasına baxmayaraq, artım tempi baxımından geriləmə əhəmiyyətli dərəcədədir. Belə ki, 2019-cu ildə tikinti 2018 ilə müqayisədə 3,9 dəfə artıb. Onda 8 mln. 747,3 min kv metr yaşayış sahəsi tikilib. Tikinti sektoruna kapital yatırımının 10,4% artaraq 737,7 mln. dollar təşkil etməsinə baxmayaraq, 2020-ci ilin yanvar-iyul aylarında 2 mln.780,5 min kv metr tikilib. Bu azalmanın növbəti mərhələdə, karantindən sonra bahalaşmaya gətirib çıxaracağı istisna edilmir. Hazırda tələbatın olmaması qiymətləri sabit saxlasa da, postpandemiya dövrü üçün eyni proqnozu vermək mümkün deyil.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə də bildirdi ki, pandemiya həm daşınmaz əmlak bazarına, həm də yeni tikintiləri həyata keçirən sahibkarlara mənfi təsir etdi: “Gələcəkdə bunun təsiri, yəqin ki, alıcılara da dəyəcək. Pandemiya ilk növbədə alqı-satqının azalmasına təsir göstərdi. Həmçinin də tikinti işlərinin yubanmasına təsir etdi. Tikinti işləri yubanırsa, xərclər atır. Tikintidə fəhlələrin işləyə bilməməsi, əlavə xərclərin yaranması sahibkarları məcbur edəcək ki, mənzillərin maya dəyərinə əlavə etsinlər. Bu da ilk növbədə qiymətlərin artmasına səbəb ola bilər. Ötən 7 aylıq dövrdə alqı-satqı əvvəlki illərlə müqayisədə az olsa da, gələcəkdə bunun xərcləri tikintinin maya dəyərinə təsir etməklə qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bu gün qiymətlər sabitdir, bahalaşma yoxdur. Cüzu olaraq müəyyən qiymət dəyişiklikləri müşahidə olunur. Burada söhbət yeni tikililərdən gedir. Bəzi şirkətlər xərclərini qarşılamaq üçün kampaniyalar keçirir, müəyyən endirimlər edirlər”.

Ekspertin sözlərinə görə, xüsusilə də pilot layihə çərçivəsində tikilən yeni tikililərdə sahibkarların xərcləri daha çoxdur: “Bildiyimiz kimi, pilot layihələr müəyyən köhnə binaların sökülməsi ilə həyata keçirilir, sakinlər kirayəyə köçürülür, onlara aybaay kirayə haqları ödənilir. Tikintinin davam etmədiyi bu aylarda kirayə haqlarının ödənilməsi birbaşa sahibkarın mənfəətinə təsir göstərən amillərdəndir. Yəqin ki, pandemiyadan sonra qiymət dəyişikliyinin şahidi olacağıq. Təxminən 10-15 faiz ətrafında bahalaşma ola bilər. Sahibkarlar hələ ki, karantinin bitməsinə və ondan sonra əvvəlki dövrə qayıdacaqlarına ümid edirlər. Onların xərclərini örtmək üçün müəyyən addımların atılmasını gözləyirlər. Təbii ki, dövlət tərəfindən də olara müəyyən güzəştlərin edilməsinə ehtiyac var. Bu gün saibkarların xərci çox , satışları isə məhduddur. O mənada tikinti şirkətlərinə dövlət dəstəyi olacaqsa, gələcəkdə bu itkilər alıcıların qarşısına qiymət artımı olacaq çıxacaq”.

R.Qasımzadə vurğuladı ki, təkrar mənzil bazarında da qiymətlərdə hələki ciddi dəyişiklik yoxdur: “Bunun səbəbi isə odur ki, karantin dövründə də ipotek kreditləşməsi dayanmadı. Pandemiya davam etsə də, vətəndaşlara ipoteka kreditləri verilirdi, vətəndaşlar təkrar mənzil bazarından ev ala bilirdilər. Ona görə də, təkrar mənzil bazarında qiymətlər stabil qaldı. Əhalinin təkrar mənzil bazarına tələbatı böyükdür. Böyük kütlə həmin mənzillərdən faydalanmaq istəyir. Təkrar mənzil bazarı ilkin bazardan fərqli olaraq təmirli olur, onu alan insanlar birbaşa yaşayışa başlayırlar. Ona görə də, bu gün həmin mənzil bazarında olan evlərə ehtiyac çox böyükdür. Həm tələbin böyük olması, həm də təklifin əvvəlki dövrlə müqayisədə dəyişməməsi ona gətirib çıxarıb ki, qiymətlər dəyişməyib”.

Ekspertin fikrincə, gələcəkdə ilkin mənzil bazarında qiymət artımı təkrar bazarda da qiymət artımına gətirib çıxara bilər: “Pandemiya bitəndən sonra gözləntilər var ki, təkrar bazarda qiymət dəyişə bilər. Bu gün təkrar mənzil bazarında birotaqlı evlərin qiyməti 45 min manatdır, ikiotaqlılar 65 min, üçotaqlılar isə 80 min civarındadır. Bunlar minimum qiymətlərdir və bu rəqəmlərdən başlayaraq yüksəlir. Gələcəkdə bu qiymətlərin artaraq 2014-cü il qiymətlərinə çatması gözləniləndir. 2014-cü ildə birotaqlı evlərin qiyməti 50 min manata idi, sonradan aşağı düşdü. Qiymətlərin aşağı düşməsi gözlənilən deyil. Kəskin qiymət azalması üçün böyük amillər olmalıdır, məsələn, müharibə amili və sair qiymətləri aşağı çəkə bilər. Ona görə də, ən yaxşı halda qiymətlərin stabil qalacağını, daha pis halda isə artacağını deyə bilərik. Hazırda toyların olmaması da mənzilə tələbatı azaldır. Azərbaycanda hər il 60-65 min ailə qurulurdu, ancaq yeni tikilən evlərin sayı onun yarısı qədər deyildi. Bu da ilbəil ökədə mənzilə olan tələbi artırırdı. Hər il vəziyyət daha da ağırlaşırdı deyə, daşınmaz əmlakın qiyməti də qalxırdı”.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.