SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Kredit bumu” qayıdır: Problemli kreditlərin həcmi artacaq

“Kredit bumu” qayıdır: Problemli kreditlərin həcmi artacaq

Tarix:

20-11-2017, 15:04

/ 1 419 dəfə oxundu.
“Kredit bumu” qayıdır: Problemli kreditlərin həcmi artacaq

Bank Respublika kredit şərtlərini asanlaşdırıb.Belə ki, bank nağd kredit almaq istəyən müştərilər üçün minimum əmək haqqı tələbini ləğv edib.Bundan əlavə, kredit üzrə illik faiz dərəcəsi 2 faiz endirilərək artıq 26 faizdən başlayır.İndi 5 000 AZN-dək nağd kredit zaminsiz də verilə bilər.Kreditin maksimal məbləği 10 000 manat, müddəti isə 24 ay təşkil edir.Hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 857 min manat təşkil edir.
2017-ci ilin sonuna qədər bu göstəricinin 2 milyard manata çatacağı gözlənilir.Bank sektoru isə iki ildir üzləşdiyi maliyyə böhranından çıxa bilmir.Devalvasiyadan sonra yaranan işsizlik, gəlirlərin azalması və istehlak məhsullarının qiymətindəki artım kredit götürmüş müştərilərin borcları vaxtında ödəməsinə mane olur.Kreditlərin qaytarılması ilə bağlı hər hansı güzəşt mexanizminin olmaması vətəndaşlarla yanaşı, bankları da çətin vəziyyətə salıb.
Ekspertlər hesab edir ki, problemin yaranmasında bankların kifayət qədər bahalı kredit siyasəti, xüsusən, neft bumu dövründə ödəmə qabiliyyətini yoxlamadan kreditlər təklif etməsinin də təsiri var. Ehtimal olunur ki, Bank Respublikanın kredit şərtlərini asanlaşdırmaq adına minimum əmək haqqı tələbini ləğv edərək ödəmə qabiliyyətini yoxlamadan kredit təklif etməsi, problemli kredit riskini artırır. Analitiklər hesab edir ki, minimum əmək haqqı tələbinin ləğvi mənfi tendensiya yaradacaq.Bu şərtləri digər banklar da tətbiq edəcəyi təqdirdə problemli kreditlərin portfelinin artacağını qacılmaz edir.
İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, hər bir bank bazarda öz kredit siyasətini həyata keçirir:
“Ola bilsin ki, Bank Respublikada əlavə vəsait var və həmin vəsaitlərdən istifadə edə bilmir. Bu da bankın gəlirlərinə mənfi təsir göstərir.Digər məsələ ondan ibarətdir ki, hazırda banklar faktiki olaraq bazarlarda müştərilərinin böyük əksəriyyətini itirib. Çünki həmin müştərilər problemli müştəriyə çevriliblər, yaxud da müxtəlif səbəblərdən kredit istəmirlər və ya bank kredit verə bilmir. Belə bir vəziyyətdə bankların müştəri kontingenti kifayət qədər məhdudlaşır.Böyük ehtimalla hazırda yerli banklar bu kiçik çevrədə daha çevik manevr etməklə indiyə qədər problemli müştəriyə çevrilməmiş insanları özünə cəlb etməyə çalışır.Onların yanaşmasına görə, əgər son 2 ildə bu insanlar prosesdən problemsiz olaraq çıxıblarsa, demək, nisbətən etibarlı və müəyyən qədər məsuliyyətli müştəridir.Bu istiqamətdə də banklar təşviqedici addımlar atmaqla müştərini özlərinə cəlb etməlidir.Burada da kredit faizinin aşağı salınması, şərtlərin razılaşdırılması və sair məsələlər var. Düşünmürəm ki, hazırda banklar o qədər də asan kredit verir.Minimum əməkhaqqı tələbinin ləğv edilməsinə baxmayaraq, hər bir bank kredit götürənin qabiliyyətini qiymətləndirir.Həmçinin müştərinin krediti geri qaytarma imkanlarını ölçür.Hazırkı şərtlər daxilində qiymətləndirmə daha real və sərt formada həyata keçir.Bu proseslərin hər biri olacaq.Bu o demək deyil ki, Bank Respublika vətəndaşlara çox asan şəkildə kredit təklif edəcək”.

Ekspert hesab edir ki, son 3 ayda kredit təşkilatları müəyyən qədər aktivləşib:

“Onlar müştərilərə müxtəlif kredit paketləri təklif edir və bu istiqamətdə təbliğat-təşviqat kampaniyaları aparırlar. Amma faktiki olaraq əhalinin və biznesin indiki vəziyyəti kreditin özünə tələbatı da aşağı salıb.Bu səbəbdən də gündən-günə müəyyən qədər faizlərin aşağı düşməsi, əslində qalıqlarla uzlaşdırıla bilər.Manatın sabitliyi də bu prosesə öz təsirini göstərir.Manat nə qədər volatil olursa, bu zaman faizlər daha yüksək olur”.

Rəşad Həsənov problemli kreditlərin həcminin sürətlə artmasına diqqət çəkərək qeyd edib ki, bunun səbəbi hazırda həyata keçirilən kredit siyasəti deyil:
“Hazırkı problemli kreditlərin həcminin artması, 2005-2015-ci illərdə həyata keçirilən kredit siyasətilə daha çox bağlıdır. Həmin dövrdə banklar tərəfindən çox məsuliyyətsiz kredit siyasəti həyata keçirilirdi.Bunun nəticəsində problemli kreditlərin həcmi artır.Bu gün hansısa bir güzəştin edilməsinin prosesə təsiri çox aşağıdır.Eyni zamanda bu gün bankların verdiyi kreditin həcmi də çox aşağıdır.Çünki 2015-ci ilin əvvəli ilə müqayisədə son 10 ay ərzində kredit portfeli 4.5 milyard manat kiçilib. Bu da onu deməyə əsas verir ki, baxmayaraq banklar hansısa kredit paketi təklif edir, amma daha çox kiçik həcmli, xüsusilə də gəliri sabit olan müştərilərə kreditlər verir. Düşünmürəm ki, bu da gələcək üçün riskli olsun”.

Digər bankların da əməkhaqqı tələbini ləğv etməsinə gəlincə, iqtisadçı bunun rəqabət məsələsi olduğunu deyib:

“Əgər bazarda banklar sabitliyin və iqtisadiyyatın dinamikasının nisbətən dəyişdiyini hiss edərsə, o zaman onlar da bu prosesə qoşularaq daha genişləndirici kredit siyasəti həyata keçirərlər. Böyük bir müştəri bazasının itdiyini nəzərə alsaq, ola bilsin ki, bu cür şərtlər daxilində kiçik rəqabətdən kiçik güzəştlər yaransın”.

Şərhlər

XƏBƏR LENTİ