SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Manat ... bahalaşa bilər - Proqnoz

Manat ... bahalaşa bilər - Proqnoz

Tarix:

2-02-2017, 10:15

/ 1 594 dəfə oxundu.
Manat ... bahalaşa bilər - Proqnoz

Milli valyutanın hər hərracda ucuzlaşması narahatedici məqam kimi vurğulanır. Ekspertlər bildirirlər ki, manatla bağlı əslində “üzən məzənnə” siyasətinə keçilməməsi ciddi problemlər yaradır. Üstəlik, manatla bağlı ucuzlaşmanın hara qədər davam edəcəyi də dəqiq deyil, ehtimallar isə bir-birini tamamlamır.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, manatın məzənnəsi ilə bağlı qısamüddətli proqnoz vermək çox çətindir: “Çünki burada inzibati amil, yəni Mərkəzi Bankın istəyi həlledicidir. Buna görə də ən yaxşı halda 6 aylıq proqnoz, normal halda isə azı 1 illik proqnoz vermək olar. Uzunmüddətli perspektivdə isə Mərkəzi Bankın inzibati resursu çox məhduddur və hər şeyi bazar həll edir. Qeyd edilənləri nəzərə alaraq, bilin ki, ilin sonunadək manat hələ xeyli ucuzlaşacaq. Səbəbi də bəllidir: valyuta gəlirlərimiz azalır. Azalan əmtəənin qiyməti isə bahalaşmağa məhkumdur. Neftin qiymətinin artmaması və neft hasilatımızın azalması, üstəgəl, yaşadığımız iqtisadi böhran valyuta gəlirlərimizi azaldır və azaldacaq. İstehlak etdiyimiz əksər malları xaricdən dollarla əldə etdiyimiz üçün qiymət artımının davamı da qaçılmazdır. Ucuzlaşma yalnız daşınmaz əmlak bazarında olacaq, özü də kəskin şəkildə, çünki həmin bazardakı yüksək qiymətlər dollar bolluğu nəticəsində şişmənin nəticəsidir. Buna görə də hazırda daşınmaz əmlak almaq məsləhət deyil, hətta qiymət sizə əlverişli görünsə də. Bəli, dünənki qiymətlə müqayisədə indi qiymətlər ucuzdur, amma sabahkı qiymətlərlə müqayisədə hələ də xeyli bahadır”.

Ekspert bildirib ki, əhalinin uzunmüddətli pul ehtiyatını xarici valyutada saxlaması məsləhətdir: “Amma azı 1-2 aylıq xərcinizi manatda saxlayın. Son manatınızı xarici valyutaya çevirməyin. Çünki böyük ehtimalla sürətlə davam edən cari devalvasiya yaxında bir müddət, bir neçə aylıq dayanacaq və hətta ola bilsin ki, manat bir az bahalaşacaq da. Nəticədə vətəndaşa manat lazım olanda, onu daha baha alacaq. Qısamüddətli, 1-6 aylıq perspektivdə hər şey ola bilər. Uzunmüddətli perspektivi rəhbər tutmaq lazımdır”.

Ə.Həsənov dollar krediti olanlara bildirib ki, tövsiyəsi dəyişməzdir: “Məhkəmələrdə mübarizə aparmalı, bankları çərlədərək güzəştlərə getməyə məcbur etməlisiz. Başqa yolunuz yoxdur! 2015-ci ildən bəri yazıram: vaxt bankların əleyhinə, borcluların lehinə işləyir. Ən azı ona görə ki, banklar zəifləyir və tam məhv olmamaq üçün kompromisə getməyə məcbur olur”.

Ekspert Vüqar Bayramov isə bildirib ki, ABŞ prezidenti Donald Trampın dollarla bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb: “Yanvarın 31-də dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib. Avro dollara nisbətən dünən 1,08 dollaradək bahalaşa da bilib. Doğrudur, sonrakı gün yenidən birjalarda stabillik yaranıb və hətta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib. Trampın istəyi sadədir: ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Bununla həmçinin Birləşmiş Ştatlar əzəli iqtisadş rəqiblərini, o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir. Amma reallıq budur ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil. ”İki ölkə" modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Amma Tramp və onun komandası bu məsələdə israrlı olarsa, o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil".

Ekspertin fikrincə, dolların aparıcı valyutalara, xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəblərdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil: “Trampın ”Amerika məhsulları ABŞ-da istehsal olunsun" şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlərşt ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı. Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da Trampın mühafizikar siyasəti “qara qızıl"ın qiymətində kəskin artımlara imkan verməyəcək. Tramp seçkiqabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadıq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür. Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklə edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək".

Şərhlər

XƏBƏR LENTİ