SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Nazirdən “Artıq vergi ödəmələri” etirafı - niyə yığılırdı, niyə dayandırılır?

Nazirdən “Artıq vergi ödəmələri” etirafı - niyə yığılırdı, niyə dayandırılır?

Tarix:

2-02-2017, 10:10

/ 1 650 dəfə oxundu.
Nazirdən “Artıq vergi ödəmələri” etirafı - niyə yığılırdı, niyə dayandırılır?

“Tezliklə artıq vergi ödəmələri ləğv oluna bilər”. Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda vergilər naziri Fazil Məmmədov deyib.

“Cənab prezidentin verdiyi qanunvericilik aktlarına və mənə verdiyi şifahi göstərişlərə əsasən artıq ödəmələr sistemi tezliklə ləğv olunacaq. Amma qanunvericilikdə nəzərdə tutulanlar istisna olmaqla”, - deyə nazir bildirib.

Fazil Məmmədovun bu açıqlaması mətbuatda birmənalı qarşılanmayıb. Ekspertlər hesab edir ki, nazir əlavə ödənişlər deyərkən qeyri-rəsmi ödənişləri, rüşvəti nəzərdə tutur. Bir nazirin bu cür etiraf etməsi isə əslində bu günə qədər vergi sistemindəki real vəziyyəti göstərir.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov açıqlamasında bildirdi ki, “Artıq vergi ödəmələri” adlı məfhum nə qanunvericilikdə, nə də Vergi Məcəlləsində var: “Buna görə də nazirin nəyi ehtiva etdiyi aydın deyil. Ağla gələn yeganə şey qeyri-rəsmi ödənişlər, yəni vergi işçilərinin faktiki rüşvət kimi yığdığı pullardır. Gizli deyil ki, bu hallar əvvəllər çox idi. İndi azalıb, amma var, xüsusilə orta və iri sahibkarlara münasibətdə. Amma söhbət bundan gedirsə, çox təəccüblüdür. Belə çıxır ki, nazir rəhbərlik etdiyi qurumda qeyri-rəsmi ödənişlərin olduğunu etiraf edir. Halbuki həmin ödənişlər xeyriyyəçiliyə sərf olunubsa (yəni kiminsə cibinə getməyibsə) belə, yenə qanunsuzdur, korrupsiyadır. Korrupsiya isə cinayətdir. Belə əməllərə yol verənlər məsuliyyətə cəlb edilməlidir. Hüquqi tərəfi budur ki, Baş Prokurorluq dərhal istintaqa başlamalıdır və nazirdən izahat almalıdır ki, son qoyulası bu əməli əvvəllər kimlər edib, nə vaxt, hansı həcmdə və s. Bunu kim bilib və ört-basdır edib? Həmin şəxslərin hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əlbəttə, əgər nazir məhz bunu ehtiva edibsə və sözlərinin başqa mənası yoxdursa...”

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, iqtisadi vəziyyət çətinləşdikcə hökumət etiraflara başlayıb: “Çox şəffaf şəkildə bəzi məsələlər etiraf olunur. Gömrüklə bağlı da bu cür etiraflar edildi, idxal-ixrac əməliyyatlarının kifayət qədər azalmasına baxmayaraq, gömrük orqanlarının vergi ödəmələri 40 faizə yaxın artıb. Bu da dolayısı ilə sübut edir ki, əvvəllər qeyri-qanuni yollarla ölkəyə mal gətirənlər azalıb. Son dövrlərdə leqal ödənişlərin həcmi artıb. Vergilər nazirinin də belə bir bəyanat verməsi də o deməkdir ki, biznesdən qeyri-qanuni şəkildə ödənişlərin alınmasına son qoyulacaq. Burada bir önəmli məqam ondan ibarət ola bilər ki, bəzən kommersiya qurumlarından vergilərin əvvəlcə ödənilməsi, sonradan əvəzləşdirilməsi xahiş olunurdu. Bəzən büdcədə kəsirlər olanda vergi orqanları xahiş edirdilər ki, şirkətlər öncədən ödəmələr etsinlər. Sonradan il sonunda və ya rüb sonunda əvəzləşmələr aparılırdı. Ola bilər ki, nazir bu məsələyə də toxunaraq belə bir açıqlama verib. Çünki qanunvericilikdə əlavə vergi ödənişləri deyilən bir anlayış yoxdur. Əgər belə bir vergi yığılıbsa, bu, qeyri-qanunidir”.

Şərhlər

XƏBƏR LENTİ