"Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş "Sonuncu” adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib.
Kinorejissor Fariz Əhmədovun "Sonuncu” sənədli filmi festivalın "Qısa və orta metraj” (Short & Mid-length) bölməsində iştirak edəcək.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı... 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.
Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. "A” kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir.
2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. "Sonuncu” filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq.
Film haqqında qısa məlumat, treyler və fotolar artıq festivalın rəsmi saytında da yerləşdirilib.
Link: //iffr.com/nl/2021/films/the-last-one
Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.
Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.
//www.thelastonethemovie.com/






XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır