Qəbələdə “Qış nağılı” Musiqi Festivalı başlayır
Fevralın 5-dən Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı başlayır.
Festival Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilir.
2009-cu ildən yay mövsümündə keçirilən Qəbələ Musiqi Festivalı artıq ikinci ildir ki, qışda da təşkil edilir.
Festivalın keçirildiyi 4 gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim ediləcək. Müxtəlif musiqi zövqlərinə uyğun konsertlər olacaq: vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz, Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri soyuq qış fəslini rəngləndirəcək.
“Qış nağılı”nın birinci günü dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunacaq. Səhnədə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.
Fevralın 6-da isə festivalın təntənəli açılışı olacaq. Çıxış edənlər: Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Əməkdar artist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton). Həmin gecə Cakomo Puççini, Coakino Rossini, Cüzeppe Verdi, Frans Leqar, Musa Mirzəyev və digər Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.
Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. Budəfəki festival da bu mənada istisna deyil. Belə ki, fevralın 7-də Qəbələdə Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi Körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcəklər.
Fevralın 8-də isə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının bağlanışı olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.
Beləliklə, 4 gün ərzində Qəbələ növbəti dəfə musiqisevərlərə unudulmaz “Qış nağılı” bəxş edəcək.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub