SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » İmişlidə yol polisinin qanunsuz əməlləri - ADP İmişli RT sədri Vilayət Eyvazova müraciət etdi

İmişlidə yol polisinin qanunsuz əməlləri - ADP İmişli RT sədri Vilayət Eyvazova müraciət etdi

Tarix:

26-09-2019, 15:09

/ 1 031 dəfə oxundu.
İmişlidə yol polisinin qanunsuz əməlləri - ADP İmişli RT sədri Vilayət Eyvazova müraciət etdi

ADP İmişli Rayon Təşkilatının sədri, jurnalist Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edən M.Zülfüqarlı yazır:

“Cənab nazir!

İmişli avtomobil müfəttişlərinin vəzifələrindən sui-istifadə hallarına yol vermələrinin, özbaşınalığının şahidi çox olmuşam. Ötən ay qardaşım Siracəddinlə oğlu Ayxanın avtomobili ilə mal bazarına getmişdik. Qayıdanda Ayxanın telefonuna mesaj gəldi ki, BMW 90-CN-749 avtomaşınla cərimə olunmusuz.

Səhəri gün yol polisi idarəsinə getdik. Rəis müavini Əzim müəllim və cərimələri kompyuterləşdirən çavuşla görüşdük. Çavuş avtomobilin boş şəklini göstərdi. Hər ikisi etiraf etdi ki, cərimə qanunsuzdur.

Əzim müəllim rəisin - Eldəniz İmamyarovun otaq telefonuna zəng edib bildirdi ki, jurnalist Məhbub Zülfüqarlı qəbulunuza gəlib. Qəbul zamanı rəisə bildirdim ki, mal bazarına gedən yolda işıqfor, hər hansı işarə lövhəsi yoxdur, deməli, “planı” doldurmaq üçün yetəni cərimə etmək olar.

Rəis cərimə yazan şəxsin Vüsal adlı çavuş olduğunu öyrəndi. Qeyd etdi, problem həll olunacaq və sizə məlumat veriləcək.

Həmin vaxtdan bir ay ötdü. Bu bir ayda 3 dəfə yenidən qəbula getdim. Rəis yerində yox idi, yalnız Əzim müəllim, onunla bir otaqda oturan çavuş yerində idi. Odur ki, deyilən problem həll olunmadı...

Yeri gəlmişkən, qonşularımdan Vəliyev Orxan Əli oğluna da səbəbsiz yerə 150 manat cərimə yazıblar. Orxanın atası qocaman təcili yardım sürücüsüdür. Ümumiyyətlə, İmişli təcili yardım personalı nümunəvi xidmət göstərir, həm də Əli bəy Qarabağ müharibə veteranıdır. Orxan isə avtomaşından istifadə etdiyini şəxsən mən görməmişəm. Evlərinin yaxınlığında Heydər Əliyev prospektində Nicat adlı müfəttiş 07 markalı, 90-MG-087 nömrəli “juqili”ni saxladıb, sənədləri istəyir. Sənədlər üstündə olmadığı üçün tanıdığı halda avtomaşını polisə aparır, bildirir ki, narahat olma cərimə yazmayacağam. Müfəttiş deyir ki, Orxan mağaza işlədir, əlinə yaxşı düşüb. İki saatdan sonra Orxanı çağırıb, 150 manat cərimə edildiyini bildirir. Orxan ona əvvəlcədən haqq versəydi, cərimə də yazılmazdı.

Eləcə də qonşum Abbasov Ruslan Rasim oğluna 60 manat cərimə yazıblar. Hazırda 360 manatadək artıb. Ruslan da “hesab” vermirmiş. Cəriməni Xalidlə Əzizalı yazıbmış.

Qeyd edim ki, Ruslanın üç azyaşlı övladının biri əlildir, əslində dövlət ona ailəsini dolandırmağa kömək etməlidir. Ehtiyac içindədir, çörək pulunu çıxartmaq üçün çapalayır.

Çox nümunələr çəkə bilərəm. Bu yaxınlarda, baş redaktorumuz Daşqın bəy (Turan İ.A) Ağcabədi rayonuna hüzür yerinə gedirmiş. Saatlı–İmişli ərazisində DAM müfəttişlərinin hündür avtomaşınların arxasında gizlənib, sürücüləri cərimələməklə məşğul olduqlarının şahidi olur. Həm də Saatlı-İmişli ərazisində surətin niyə saatda 50 kilometr olmağı ilə maraqlanır. Amma bunun səbəbini açıqlaya bilmirlər...

Məsələ ilə bağlı yenidən RPŞ-nə DAM rəisinin qəbuluna iki dəfə getdim. Əzim müəllim məzuniyyətdə imiş, çavuş isə bildirdi ki, rəis hələ gəlməyib.

Sakinlər isə bildirir ki, varlı avtomobil sahibləri hesablarını “ödəyib” istədikləri kimi, işıqforu qırmızı işıqda keçsələr də, onlara müfəttişlər toxunmaz, cərimə yazmazlar. İmkansızları isə “oblava” edib, polisə “aparıb” buraxırlar. Özüm dəfələrlə şahid olmuşam ki, imkanlı şəxslərin azyaşlı övladları xarici avtomobillərini uçururlar. Yol polisləri isə onlara ““molodest”, əla sürürsən” işarələri verir. Post-Patrul polisləri nümunəvi xidmət göstərir. Amma avtomobil müfəttişləri haqqında bunu demək olmaz. Əlbəttə, onların da içərisində yaxşı insanlar, polislər var. Təzələr isə, özlərini göstərməlidir.

Cənab nazir!

Piyadaların cərimə edilməsini, ədalətli olaraq ləğv etdiniz. İmişli yol polislərinin qanunsuz hərəkətləri barədə də tədbir görməyinizi xahiş edirəm”.

Şərhlər

XƏBƏR LENTİ