XalqXəbər.Az

Hüquq müdafiəçisi məhkəmə sədrinə açıq məktub yazdı: 40 fermer Qaxın icra başçısı Musa Şəkiliyevə qarşı

Hüquq müdafiəçisi məhkəmə sədrinə açıq məktub yazdı: 40 fermer Qaxın icra başçısı Musa Şəkiliyevə qarşı
27-03-2019, 01:40

Möhtərəm cənab hakim,

sizi narahat edib vaxtınızı almağımın səbəbi martın 30-da sizin sədrliyinizlə Şəki iqtisad məhkəməsində “40 fermer Qaxın icra başçısı Musa Şəkiliyevə qarşı” iddiasına baxılmasıdr.

Hüquq müdafiəçisi kimi məhkəmə mühakiməsinin kənar təsirlərdən azad olmasının əhəmiyyətini gözəl anlayıram, eyni zamanda sıravi bir vətəndaş kimi hər hansı təsir imkanlarından məhrum olduğumu da dəqiq bilirəm. Bununla belə, mücərrəd bir məkanda deyil, Azərbaycanda yaşadığımızı anladığımdan, diqqətinizi aşağıdakı məqamlara çəkməyi özümə borc bilirəm.

1.40 fermer təsərrüfatının iflasına və məhvinə gətirəcək inzibati təıdbirlərin doğuracağı labüd fəsadları dərk etmək qabiliyyəti, görünür ki, Qaxın icra başçısı cənab Musa Şəkiliyevin və onun hamilərinin anlaq və bəsirətinə yaddır. Əks halda cənab Musa Şəkiliyev Azərbaycan Respublikasının qanunlarını və təbiət elminin danılmaz və qaçılmaz qaydalarını böylə açıq və aşkar pozmağa cəsarət etməzdi.

2.Yalnız kor və kar insan görmür ki, dövlətimizin düşmənləri onu içəridən laxlatmaq və dağıtmaq məqsədilə “milli azlıqların hüquqlarının Azərbaycanda pozulması” kartından sui-istifadə etməyə çalışırlar. Azərbaycanın ali siyasi rəhbərliyi bu təhlükəni görür və bu səylərin iflası naminə gərgin iş aparır. Milli azlıqların nümayəndələrinə milli çoxluğun nümayəndələri qədər bərabər yanaşma dövlət siyasətinin dəmir qanunudur. Beynəlxalq müstəvidə milyonlar xərclənir, birinci şəxslərin bilavasitə iştirakı ilə çoxsaylı tədbirlər keçirilir və milli bərabərliyin, anlaşma və qanacağın Azərbaycan dövlətinin təməl meyarları olması fikri bütün dünyaya təbliq edilir.

Belə olan halda, hansı zərurət, hansı naməlum yırtıcı məmurun hədsiz tamahı cənab Musa Şəkiliyevi vadar edir ki, əksəriyyəti saxur milli azlığına mənsub olan fermerlərin otlaq sahələrini onlardan alıb onları müflis etsin və düşmənlərin əlinə “Azərbaycanda milli azlıqların hüquqları pozulur” demək üçün şəksiz dəlil versin?

“Dövlət maraqları” barədə demaqogiya üçün burada zərrə qədər əsas yoxdur, çünki bir neçə min hektar otlaq sahəsinin qanuni sahiblərdən alınıb qondarma və naməlum “MMC”-yə verilməsi və bu “MMC”-nin nə vaxtsa haradasa kimlər üçünsə gəlir gətirəcəyi iddiası bu xəbis tədbirin gerçəkləşməsi müqabilində dövlətimizə və xalqımıza labüd dəyəcək ağır ziyan müqabilində qara qəpik qədər dəyərsizdir.

3.Cənab hakim, mən ümid eirəm ki, məhkəmə mühakiməsi əsnasında qanun və milli mənafe meyarları zəfər çalacaq və cənab Musa Şəkiliyevin yırtıcı və anlaqsız tədbirlərindən şikayət edən fermerlərin iddia ərizəsi tam təmin ediləcək.

Fəqət məhkəmələrin gerçək vəziyyətini bildiyimdən sizə məlumat verməyi özümə borc bilirəm ki, fermerlərin qanuni hüquqları məhkəmədə müdafiə edilməzsə, iş Avropa İnsan Hüquqları məhkəməsinə çatmamış bu aşkar ədalətsizlik barədə məlumat Azərbaycan rəhbərliyinə, Avropanın bütün ictimaiyyətinə, ilk növbədə milli azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olan, ATƏT, Avropa Şurası və Avropa Birliyinin müvafiq qurumlarına çatdırılacaq.

Şübhə etməyin ki, düşmən dövlətin müvafiq təşkilatları cənab Musa Şəkiliyevin bu səxavətli hədiyyəsindən necə ki, lazımdır, istifadə edəcək. Bu zaman “kimdir müqəssir” sualının cavabı dərhal tapılacaq.

Sizə xoş işlərinizdə uğur diləyirəm,

Hörmətlə,

Arzu Abdullayeva,

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri,

Olof Palme adına Beynəlxalq Sülh mükafatı,

ABŞ və Avropa Birliyinin Marşall mükafatı,

Niderland Helsinki Komitəsinin mükafatı laureatı

Mənbə: Turan.azскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.